Səməd Vurğun- "Ceyran"

Səməd Vurğun-Ceyran

 

(“Muğan” poemasından)

 

De, yolun düşdümü Muğan düzünə?
Piyada gəzdinmi çölləri sən də’?
Söz qoşub ceyranın qara gözünə,
Dincini aldınmı bir göy çəməndə?

Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?

Əzəldən meylini salıb çöllərə,
Bəxtini tapşırdın bizim ellərə,
O qara gözlərin düşdü dillərə.
Dişlərin oxşayır mərcana, ceyran!

Bir məsəl qalmışdır ata-babadan:
Uçarda turacdır, qaçarda ceyran
Bir mən deyiləm ki, hüsnünə heyran,
Şöhrətin yayılıb hər yana, ceyran!

Sükuta qərq olmuş ürəyimlə mən
Keçirəm yenə də Muğan çölündən.
Yanında balası, yağış gölündən
Əyilib su içir bir ana ceyran!

Elə ki, son bahar min büsat qurur,
Kolları-kosları yıxıb uçurur,
Sıxlaşıb bir yerə baş-başa durur
Düşəndə çovğuna, borana ceyran.

On addım kənarda yatmayır təkə,
Gəzinir, oylağa baş çəkə-çəkə.
Gələn qaraltıdır, yoxsa təhlükə?
Bir özünə baxır, bir ona ceyran!

Ovçu, insaf elə, keçmə bu düzdən!
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən, -
Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!

 

 

25 şərh

kurdamir
Həqiqətən maraqlidir.Biz aşaği sinifdə Bunlardan bəzi bəndlərini keçmişdik. Əla şeirdir.
Ferbara
Məktəb illərini xatırlatdı...
Şeir əzbərləməyi sevməsəm də bu şeiri həvəslə əzbərləmişdim. :)
beautiful
Səməd Vurğunun yazdığı şeiri hər kəs böyük həvəslə əzbərləyir :)
pascal
On addım kənarda yatmayır təkə,
Gəzinir, oylağa baş çəkə-çəkə.
Gələn qaraltıdır, yoxsa təhlükə?
Bir özünə baxır, bir ona ceyran!

Şeirdə təsvirə baxın… Şeirilə göz önünüdə mənzərə yaradan şairlər çox azdır. Əhməd Cəmilin «Can nənə, bir nağıl da de!» şeirin oxuyanda da, qarlı-şaxtalı bir qışda, çöldə tufan qoparan çovgunun səsini dinləyərək, isti sobanın yanında yatan nəvənin nənəsiylə etdiyi o dioloq da gözümüzün qarşısında içimizi isidən xoş bir mənzərə açır.
Sadə insanların anyacağı dillə yazan şair, sadə xalqın sevimlisi olur həmişə.
beautiful
Həmin şeiri mən oxumuşam. Fikirlərinizlə tam razıyam…
istorik_c
Deyəsən Səməd Vurğun Muğanda bütöv bir ceyran sürüsünü kabab eləyib yeyəndən sonra peşman olub.
beautiful
Niyə elə düşünürsünüz ki?
pascal
istorik_c, bir vaxtlar Azərbaycanın kommunist olan şairlərilə heç düz gəlmir də. :)) Onu daha çox maraqlandıran, onların yaradıcılıqları yox, şəxsiyyətləridir. Düzdür, sənətkarı əsl sənətkar edən istedadıyla yanaşı əsl xarakterinin də olması, bu 2 amilin — şəxsiyyət və talantın — üst-üstə düşməsidir. Amma Səməd Vurğun elə də pis insan olmayıb. Öz dövrünün, zəmanəsinin tələblərinə uyğun hərəkət edib, yazıb-yaradıbsa, bunu onun boynuna böyük günah kimi yazmaq düzgün olmaz. 
istorik_c
Vaqif kimi əxlaqsızı dağ başına qaldırıb, Qacar kimi vətənpərvəri vampir kimi təqdim edən şairə münasibətim bu cür ola bilər.
Ferbara
Məncə ürək bulandırmağa gərək yoxdu. 
istorik_c
Çünki onun ceyran ovuna çıxdığı haqqında çox oxumuşam.
beautiful
Bu haqda mən də eşitmişəm...bildiyim qədərilə yaralı ceyranın ona baxmasından mütəəssir olaraq bu şeiri yazmışdı…
pascal
Ferbara, ürək bulandırmaq yox, tarixi olduğu kimi yeni nəslə çatdırmaqda fayda var. Razıyam bu fikirlə ki, Ağa Məhəmməd şah Qacar ağıllı siyasi xadim, cəsur sərkərdə, torpaqlarının bütövlüyü uğrunda mübarizə aparan, Səfəvilər dövlətini davam etdirəcək niyyətində olan tək şah olub.
Onu biz, tarix kitablarından daha çox S.Vurgunun «Vaqif» dramından tanımışıq. Və təəssüf ki, səhv tanımışıq. Oxuyanlar bilir, bu əsərdə şah Qacar bizə işğalçı, azərbaycanlıları qıran cəllad kimi təqdim olunub. Tarix isə belə demir. Bura qədər istork_c-nin fikirləriylə tam razıyam. Yuxarıdakı şərhimdə də bunu çatdırmaq istədim ki, Səməd Vurğunu bu əsəri yazmağa vadar edən qüvvələr — o dövrün despot rejimi, diktator quruluşu olub. Düzdür e, nə qədər olursa-olsun, bu heç kimə haqq vermir ki, tarixi dəyişə biləcək əsər yaratsın. Amma inanın, bizim də bir istedadımız olsaydı və həmən dövürdə yaşasaydıq (adi bir sözdən baş kəsilən sovet rejimində, əsas da repressiya dövründə) bəlkə biz də nələrisə o dövrə qurban verərdik. İndi burda, belə sakit şəraitdə oturub, o dövrün insanlarını, onların yanlış əməllərini ittiham etmək heç də düzgün deyil. 
Ancaq onun sənətindən söz gedirsə, yenə də deyirəm, S.Vurgun yaxşı şairlərimizdəndir.
pascal
istori_c, mən sizin geniş məlumatlı, savadlı biri olmanıza şübhə etmirəm. Amma şərhləri yazanda bir az ehtiyatlı olmaq lazımdı. Birbaşa ünvanlanmış, təhqiredici sözlərdən az istifadə etsək daha yaxşıdır. Çünki şərhlərimizdən nəsə götürə biləcək yeniyetmələr ola bilər. :)

Vagif zamanəsinin siyasi xadimi, həm də şairi olub. Bunu da bilirik ki, o zaman şairin yaşadığı Qarabağ xanlığı daha çox Rusiyanın nəzarətində «müstəqil» xanlıq olub. Eləcə də onun başnda duran siyasi xadimlər, həmçini Molla Pənah Vaqif də rusyönümlü olmaqla, əslində, Azərbaycan dövləti olan, amma bizə rusların diktəsiylə yazılan tarixdə guya İran dövlətinin hökmdarları kimi tanıdılan Qacara qarşı olub. Bu faktdır.
Nə qədər pis olsa da, Vaqif Azərbaycan ədəbiyyatında tanınan, öz yerini tutan şairlərdəndir. Pis olsa da bizimdir, yaxşı olsa da. Mənə maraqlıdır, nəyə əsasən, hansı faktlara görə siz Vaqifə əxlaqsız deyirsiz? Yazdığı bəzi açıq-saçıq şeirlərinə görəmi, ya bizim bilmədiyimiz, sizin bildiyiniz məlumatlara görəmi?
istorik_c
Deyə bilərsiz Vaqif niyə Qacarın əmrilə yox onun ölümündən sonra öldürülür?
pascal
İmtahan olunuruq, deyəsən? :))

istorik, ədəbiyyat və tarix mənim sevdiyim sahələrdir. Amma tarixçi olmadığımdan və bu haqda daha çox ədəbiyyatdan öyrəndiyimdən, çoxunun da bildiyi məlumatı deyəcəyəm:
Qacar 18-ci əsrin sonlarında Qafqaza yürüşü zamanı Şuşanı ələ keçirdikdən sonra Vaqifin də edam olunmasının əmrin verir. Ancaq bir gün qabaq Qacara olunan sui-qəsddən sonra (deyilənə görə bu sui-qəsdin təşkilatçılarından biri də Vaqif olur) Vaqif həbsdən azad olunsa da, Qacar Şuşanı ələ keçirdikdən sonra qaçan İbrahimxəlil xanın yerinə keçən Məhəmməd bəy Cavanşir Vaqifi və oğlunu edam etdirir. Fərziyyələrə görə Məhəmməd bəy bu edam qərarını Rusiyayla olan siyasi initraqalara, bəzi mənbəələrə görə isə, Məhəmməd bəyin Vaqifin xanımına gözü düşdüyünə görə veribmiş. 
Əlbəttə, mən bəzi tarixi faktların pərdəarxası sirrlərini dəqiqliklə bilə bilmərəm. Bunu heç əsl tarixçilər özləri belə bilmir. Vaqifin ölümü haqqında bildiyim bu qədərdi.

Bu sualı mənə niyə verdiniz ki? Bir öncəki şərhimdə mənim sizə verdiyim sualın cavabımı var burda?
azadmamedov90
Çəkilin! Çəkilin!!! indi Pascal ilə İstorik Tarix edəcəylər-
 Yalan Yazan Tarix Utansın!
p.s. Yekun nəticəni səbirsizliklə gözləyirəm!)
pascal
))
azadmammadov90, istorik_c olduqca mədəni, qabiliyyətli, intellektual insan, saytda öz yerini, sözünü bilən səviyyəli istifadəçi və kiminlə necə danışmasını da bilən oğlandır. Az da olsa onu saytdan tanıyıram. Mən onunla həmişə debata hazıram. Səviyyəli şəkildə hər hansı bir məsləni sevə-sevə müzakirə edərəm onunla. Çünki bilirəm, belə insanlarla müzakirə mütləq səmərəli olur — həm özümə, həm də məlumatlanmaq istəyən userlərə. :)
azadmamedov90
ZƏnn etmirəm ki, nəsə nəzakətsizlik edilsin burada, ən azından müzakirə olunan tarixdir, və məncə son nəticə hər zaman sizlər kimi çox kitab oxuyan və düzgün sonluq və yekun nəticə axtaran insanlar üçün müsbət olur. sadəcə quru tərif etmirəm, mənim kimilər isə heç zaman belə şeyləri mənalı saymır bəzən ) 
 ama həqiqətən də son nəticə maraqlıdır mənə )
pascal
Yaşadığımız dövrümüzdə belə tarixi saxtlaşdıranları gözümüzlə gördükdən, şahidi olduqdan sonra, (sovet imperiyasında millətlərin tarixlərini saxtalşadırmaq, elə öz olkəmizdə də, dəqiq tarixi faktların üzə çıxmağından qorxan siyasətçilərin əsl tarixçiləri öldürtməsi və s. kimi faktları bildikdən sonra) əsrlər öncə olmuş hadisələrin səhvliyi-düzlüyünə görə heç vaxt kiminləsə inadla mübahisə etmərəm.
Mənə maraqlı da deyil tarixi hərənin bir cür yazması. Bir tarix ki, o ölkənin başında duran siyasi xadimin diktəsi və qorxusuyla dəyişdirilib və illər sonra hərənin ağzından bir avaz gəlir kimi yazıla, onun dəqiqliyinə necə inanasan? Və inanın ki, bu təkcə bizim dövrümüzdə yox, keçmişdə də belə olub çox vaxt — tarixi hakimiyyətin başında duranların, tiranların diktəsiylə yazmaq.

Mənə, istorikin Vaqif haqqında dediyi sözün hansı dəqiqliyə əsalanıb deməyi maraqlıdır, sadəcə.  
istorik_c
Pascal, sizə mənbə göstərə bilmərəm. Qarabağnamələr var amma mən inanmıram onu original formada versinlər. Çünki xanlıqlar dövründə elə biabırçı hadisələr baş veribki, onları açıqlamaq məqbul sayılmır. Bildiklərimin əksəriyyətini mənbəşünaslıqdan öyrənmişəm. Vaqif əslən Qazaxdandır. Onun saraya gəlməsinin özünəməxsus tarixçəsi var. Onu burada yazmaq mənimçün ədəbsizlik olardı. Bu adam Qarabağda baş vəzir olanda əsasən gözü gözəl qadın və qızlarda olub. Sarıcalı Məhəmməd bəy Cavanşir(Cəlil Məmmədquluzadənin  həyat yoldaşı Həmidə xanım Cavanşirin babasıdır) İbrahimxəlil xanın qardaşı oğlu olmasına baxmayaraq sarayda əsas söz sahibi Vaqifin idi.Bundan başqa Vaqifdən qat-qat cavan arvadı Qızxanım Məhəmməd bəylə əlaqəyə girmişdi. Məhəmməd bəy Qızxanımla özü evlənmək istəmişdir. amma Vaqif mənsəbindən istifadə edərək Qızxanımı özünə almışdır. Vaqifin öldürülməsinin kökündə bu iki məsələ olmuşdur.
P.S. Qızxanım da maşallah düz 5-6 dəfə ərdə olmuşdur. Vaqifdən sonra Məhəmməd bəylə. Sonra Şamaxı xanı ilə, daha sonra rus ordusunda xidmət edən azərbaycanlı bir bəylə ondan sonra kimlə evlənib yadımda deyil…
istorik_c
Pascal, sizə mənbə göstərə bilmərəm. Qarabağnamələr var amma mən inanmıram onu original formada versinlər. Çünki xanlıqlar dövründə elə biabırçı hadisələr baş veribki, onları açıqlamaq məqbul sayılmır. Bildiklərimin əksəriyyətini mənbəşünaslıqdan öyrənmişəm. Vaqif əslən Qazaxdandır. Onun saraya gəlməsinin özünəməxsus tarixçəsi var. Onu burada yazmaq mənimçün ədəbsizlik olardı. Bu adam Qarabağda baş vəzir olanda əsasən gözü gözəl qadın və qızlarda olub. Sarıcalı Məhəmməd bəy Cavanşir(Cəlil Məmmədquluzadənin  həyat yoldaşı Həmidə xanım Cavanşirin babasıdır) İbrahimxəlil xanın qardaşı oğlu olmasına baxmayaraq sarayda əsas söz sahibi Vaqifin idi.Bundan başqa Vaqifdən qat-qat cavan arvadı Qızxanım Məhəmməd bəylə əlaqəyə girmişdi. Məhəmməd bəy Qızxanımla özü evlənmək istəmişdir. amma Vaqif mənsəbindən istifadə edərək Qızxanımı özünə almışdır. Vaqifin öldürülməsinin kökündə bu iki məsələ olmuşdur.
P.S. Qızxanım da maşallah düz 5-6 dəfə ərdə olmuşdur. Vaqifdən sonra Məhəmməd bəylə. Sonra Şamaxı xanı ilə, daha sonra rus ordusunda xidmət edən azərbaycanlı bir bəylə ondan sonra kimlə evlənib yadımda deyil…
pascal
Əksi olacaq bir söz demirəm. Amma bu, hər zaman, hər dövürdə belə olub — vəzifəsindən sui-istifadə edən yüksək çinli məmurların əxlaqsızlığı. 

fatos2001
məncə çox gözəl şeirdir