Vaxtında yet köməyə/Şiringül Musayeva

Günəş, qəlbimizə  nur  payla,
 gəl  vaxtında.
Ağ  buludlar, yağış göndər
 Insanlara vaxtında.
Vaxtında  coşdur qanımızı,
gözəl bahar.
Vaxtında  kədər  gətir,
 kədərli qış.
Vaxtında kömək edin
dara  düşənlərə  ,insanlar.
Vaxtında çatın harayına
 əli hər yerdən üzülənin.
Vaxtında sev məni,əzizim,
Yoxsa  qəlbim  sevməz səni
heç zaman.
Nifrətə layiqdir bilin hər zaman
Gecikmiş haraylar,
 gecikmiş səslər.
Sonradan saf-  çürük  edib
hər  şeyi,
xeyirini güdüb,
şərini güdüb,
Köməyə gəlməyin heç vaxt,
Insanlar.
Nifrətə layiqdir onda  işiniz ,
onda gülüşünüz ,
təbəssümünüz...
Onda insanlıqdan uzaqsınız siz.
Saxtasız, sünisiz ,
alçaqsınız siz.

6 şərh

pascal
Son iki nəşriniz — şeirləriniz sərbəst vəzndə yazılmış şeirlərdir. Bir dəfə sərbəst şeir haqqında fikirlərimi yazmışam, təkrarlamaq istəmirəm. Mənalı, ürəyəyatımlı şeirləri çox sevirəm. Daha çox bəyəndiyim isə bu özəllikləri özündə ehtiva edib, bir də standartlara (qafiyə uyumu, düzgün heca bölümü və s) uyğun şeirlərdir. Bu o demək deyil ki, sərbəst şeirləri xoşlamıram. Xoşlayıram. Lakin sərbəst şeir demək bütün qaydalardan azad olmaq deyil. Onun da müəyyən nizamı, ölçüsü, ahəngi, ritmi var. Bu xüsusiyyətlər və bir də dərin məna, konkret məzmun o sərbəst şeirdə varsa, o şeiri sevərək oxuyuram. Rəsul Rzanın bu sərbəst şeiri kimi:

Od nə çəkdi,
                     küldən soruş
Baş nə çəkdi,
                     dildən soruş.
…Nəğmələrin həsrətini,
                     bir qırılmış teldən soruş.
 Omrün çətin yollannda
                    daşa ləpir salsa ayaq,
 gün nə çəkdi,
                       ildən soruş.
 Zülmətlərin möhnətini
                       kor söyləsin.
Bəm xalların fəryadını
                      Zildən soruş.


Sizin şeirlərinizin ikisində də fikir və məna, çatdırmaq istədiyiniz mesaj gözəldir. Hisslərinizi oxucuya çatdıra bilirsiniz. Amma kaş ki, bir də bunları müəyyən çərçivəyə, qafiyəyə sığışdıra bilsəydiniz…
ShiringulMusayeva
  Düz deyirsiniz  ,mənim  şeir dilim elə bil kobuddur.Elə bilməyin  mən tənqidi o dəqiqə qəbul edirəm. Bu iki şeirdə və «Məcra» hekayəsində siz deyəndir. Mən heç vaxt şeirlərimi çapa verməmişəm (onları bəyənməmişəm).«Məcra»nı isə zorən o cünə salıblar.Başqa yazılarım isə( sizdə gedən ) elə necə yazmışam elə də   " Azərbaycan " «Ulduz » jurnallarında  cap olunub. «Koroğlunun qocalığı » isə elə birinci dəfə sizdə gedib.Nə isə, başınızı ağrıtmayım. Amma  siz savadlı adama oxşayirsınız. Və mənə diqqət göstərdiyiniz üçün təşəkkür edirəm.
pascal
Şərhlərimi tənqid kimi anlamayın da. Tənqidçi deyiləm ki. Sadəcə, fikirlərimi bildirirəm, o qədər. Mən təşəkkür edirəm.
ShiringulMusayeva
Hörmətli,Ferbara, " Düzdü" -deyəndə nəyi nəzərdə tutursunuz?
Ferbara
Bu şeirə şərh yazan vaxt əhvalıma uyğun olan sətir

«Vaxtında sev məni,əzizim,
Yoxsa  qəlbim  sevməz səni
heç zaman.»

idi. Bu fikri əsas tutaraq bütün şeirdəki fikirlərlə razılaşdım. :)