Bilə bildiyin qədər

Çal dünyadan xoş günü,
Çala bildiyin qədər.
Verəcəksən, unutma,
Ala bildiyin qədər.

Quzu kimi mələrsən,
Min-min arzu dilərsən.
Sən boşala bilərsən
Dola bildiyin qədər.

İdrak yolu qorxulu,
Gülündən çoxdur kolu.
Gedəcəksən bu yolu,
Gələ bildiyin qədər.

Nəyə gərək gileylər?
Bu çabalar, bu səylər?
Bildiklərin bəs eylər,
Elə bildiyin qədər.

Bu dünyanın min donu,
Min rəngi, min oyunu...
Dərk edərsən sən onu,
Bilə bildiyin qədər.

Sevinc dağına çıxsan,
Sanma dərddən uzaqsan.
Bir gün ağlayacaqsan,
Gülə bildiyin qədər.

4 şərh

azadmamedov90
İdrak yolu qorxulu,
Gülnüdən çoxdur kolu.
Gedəcəksən bu yolu,
Gələ bildiyin qədər.
Gülnüdən* nə sözüdür? çox güman ki səhv yoxdur yazıda.
pascal
Gülündən* olmalıdır. Hərflərin yeri dəyişik düşüb. Düzəltdim. Təşəkkür edirəm.
azadmamedov90
Quzu kimi mələrsən,
Min-min arzu dilərsən.
Çox gözəl misaldır, mələyib istəyirsən arzuların həyata keçsin.
pascal
Bəxtiyar Vahabzadənin əksər şeirləri kimi bu şeiri də dərin mənalı, fəlsəfi yüklüdür. Şeirin hər bəndini oxucu özü üçün açdıqda bu hikmətin mənasını anlayır. Şeirin ilk bəndindəki iki misra tövsiyyə xarakterli, sonrakı beyt isə anlam doludur:

...Verəcəksən, unutma,
Ala bildiyin qədər.

Doğulduğu gündən insan ətraf aləmdən hər şeyi görüb, əxz edir. Yıxılıb-qalxaraq, təcrübələrlərdən, sınaqlardan, çətinliklərdən, məktəbdən, kitablardan… ümumiyyətlə, bizi əhatə edən hər şeydən, hər kəsdən damla-damla yığaraq, öyrənərək həyatı anlayır, bəşəriyyəti, kainatı, dünyanı dərk edir. Bu yaşam müddətində insan potensialı, gücü (kapasitesi) nə qədər tuta bilirsə, nəyə yetirsə o qədər öyrənə bilir ancaq. Və özündən sonrakılara, ətrafındakı, həyatındakı insanlara da ancaq o qədərini paylaşa, verə bilir — ala bildiyi qədərin.

Bəxtiyar poeziyası dəraydı. Dərk etdikcə o dəryada həzz alaraq "üzürsən".