Gecikmiş məhəbbət

Sən gizli gəlmisən ömrümə, inan
Bu gizli eşq ilə yaşayacağam.
Dünyanın ən böyük yükü sayılan,
Gecikmiş məhəbbət daşıyacağam.

Sən mənim ömrümdə açan çiçəksən
Onu ürəyimdə bəsləyəcəyəm
Sən məni heç zaman görməyəcəksən,
Mən səni hər zaman gözləyəcəyəm.

Uzaqdan göz qoyub gözünə sənin,
Sanki görəcəyam Allahımı mən.
Düşüb qarış-qarış izinə sənin
Əzbərləyəcəyəm yollarını mən.

Səni zərrə-zərrə kəşf edəcəyəm
Səni milyon kərə kəşf edəcəyəm
Ərini, oğlunu öyrənəcəyəm,
Rəngini, qoxunu öyrənəcəyəm.

Hər günü adınla başlayacağam,
Hər günü adınla bitirəcəyəm.
Səni röyalarda axtaracağam
Səni xəyallarda itirəcəyəm.

Sən məni heç zaman duymayacaqsan
Mən bütün ömrünü izləyəcəyəm.
Sən mənə məhəl də qoymayacaqsan,
Mən səni həmişə səsləyəcəyəm.

Hər gün mənim üçün doğulacaqsan...
Hər gün mənim üçün yox olacaqsan.
Mənim sevincim də sən olacaqsan,
Mənim kədərim də sən olacaqsan.

Mən sənin adına hər saat, hər an
Qəlbimdə məktublar yollayacağam.
Sən heç vaxt fikrimdən çıxmayacaqsan
Mən heç vaxt yadında qalmayacağam.

Beləcə...həsrətlə qocalacağam,
Belə enəcəyəm, ucalacağam.

Keçib hər alovdan, keçib hər oddan,
Böyük əzabımdan şad olacağam.
Sən mənə həyatda ən doğma adam
Mən sənə yaddan da yad olacağam.

Sən ömr edəcəksən ayrı adamla
Mən kiməm, nəçiyəm bilməyəcəksən.
Bir gün bu dünyadan sənin adınla
Köçüb gedəcəyəm, bilməyəcəksən.

(Cabir Novruz)

0 şərh