Qoşulub qaçan qıza | Fəxrəddin Ziya

Daş doğaydı anan səni doğan yerdə, qaçan qız,
gəlməyəydi bu dünyaya səndən bir də, qaçan qız.

Bu nə müdhiş xəbər idi yayıldı el-obaya,
bu nə acı zəhər idi içirtdin dost-doğmaya.
Öz evinə, ocağına dönük çıxdın, olmaya?
Atan çəkən ağrıları biləydin, kaş qaçan qız,
bu addımı atanacan öləydin, kaş qaçan qız.

Necə qıydın xar etməyə qardaşını, atanı,
kim bağışlar atasını yad oğluna satanı?
Səndən ötrü bütöv bir el xəcil olub utanır.
Nəyə görə atdın bizi bu alova, oda, qız,
qovrulasan iztirabda, görəsən yüz qada, qız.

Bu sayaqmı anladın sən öz övladlıq haqqını,
övladın da varmış pisi, nanəcibi, satqını.
Qara gəldi gözümüzə, qara gəlsin ağ günün,
ömrün boyu gözü yaşlı görünəsən, qaçan qız,
ağ duvaq yox, ağ kəfənə bürünəsən, qaçan qız.

Sevinirdik böyüyürsən, boya-başa çatırsan,
sənli keçən ömrümüzə şirin qayğı qatırsan.
Nə biləydik, qəfil bizə ləkə vurub atarsan,
bu ləkəli əməlindən xəcalət çək, utan qız,
namus, qeyrət günahının çirkabına batan qız.

Xeyir görməz, atasından xeyir-dua almayan,
valideynin ürəyində məhəbbətlə qalmayan.
Böyüdüyü od-ocağa sədaqəti olmayan
sədaqətli ola bilməz ər evində, qaçan qız,
bir qəpiklik dəyəri yox bu sevginin, qaçan qız.

Gör, nə qədər arzuları, ümidləri puç etdin,
ruhumuzu yaraladın, duyğumuzu heç etdin.
Sən bizimçün harasa yox, məzarlığa köç etdin,
hamımızın qürurunu sındırmaqla sınan qız,
gəlib sənin qəbrin üstə saç yolaydı anan, qız.

Daha bizdən qayğı umma, ya məhəbbət gözləmə,
uçurtdun o körpüləri, hörmət-izzət gözləmə.
Unut ata ocağını, ordan diqqət gözləmə,
birdəfəlik silinibdi sənin orda yerin, qız,
gözdən, könüldən uzaq ol, bizə əzab verən qız.

Daş doğaydı anan səni doğan yerdə, qaçan qız,
gəlməyəydi bu dünyaya səndən bir də, qaçan qız.

Avqust, 2006
Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008

7 şərh

peqasus

məncə də heç bir oğlan, heç bir sevgi atadan, onun şərəfinden artıq deyildir!

MaksiMuS
Şeir gözəl alınıb ama çox sərt formada yzılıb. Hətta oxuyarkən belə adamın həmin qıza yazığı gəlib.Düzdü, qaçırılma faktına haqq qazandırmıram, ama qaçmış qıza belə münasibəti də dəstəkləmirəm.Sual olunur: Onu buna nə vadar etdi?
cahandar
Topikinizə sayğı duyub uğurlar diləyirəm Ancaq şer baxmayaraq ki gözəl qafiyə üzərində yazılıb düşünürəm ki,burada sırf duyğusallıq düşünülüb .Yəni ilk öncə İslamda qarqış etmək olmaz.Hətta günahdır.Bir nüans da var ki,kimisə qınamaq olmaz.Yəni sırf İslami cəhətdən yanaşsaq qismət,qədər var.Qaçan qızın da taleyinə,alnına doğulan gündən bu qismət yazılıb.Daha digər nüansı da qeyd edim ki,hər halda heç bir qız istəməz ki,həyatı qaçmaqla qurulsun.Hər bir qadın duvaqla atası evindən çıxıb getdiyi yerdə hörmətli olmaq istər.Hər bir qız sevinclə toy hazırliğı etmək,gəlinlik seçib,makiyaj danışmaq istər.Qismət olmayanda nə etsin?? Daha bu o demək deyil ki,küçədən keçənə qız qoşulub qaçıb 1-2 aya bədbəxt olub qayıtsın.Amma hər halda bu da qismətlə bağlıdır.Bu mənim subyektiv fikrimdir.Hər kəsin fikrinə hörmətlə yanaşır və mənimlə razı olmayanı anlaram.Ancaq bu belədir!Təşəkkür
soni_memmedzade
əgər onun alın yazısı belə yazılıbsa heç kim qınamamalıdı.mən şahidi olmuşam 2 sevən var idi.elçi gəldilər qızın atası vermədi.leyli məcnun tək sevirdilər.qiz ingilis dili müəlliməsi idi.atası həkim.ziyalı,tanınmış ailə...qız həmin oğlana qoşulub qaçdı.atası qarğış tökdü.3 cü uşağı qucqğında 4 aylıq idi əri öldü.atası ilk dəfə meyidin üstə gəldi.nəyə dəydi?sonra barışdılar.qız oldu bədbəxt.mən onda 6cı sinifdə oxuyurdum.uşaqlqr da böyüdu.indi nəvəsi var.amma ata xeyir duası almadı deyə belə oldu.onsuz da 2 sevən qovuşsa belə xoşbəxtliyi az sürüb.heç kimə ata qarğışı qazanmağı arzulamıram.allah hamının axırını xeyir etsin inşəllah.
soni_memmedzade

mənim öz fikirimdi, əziyyət çəkib yazıb qoluna qüvvət.amma şerdə heç də gözəllik görmədim


 

ayxansevda
deyirem her şeyi şişirtməyə, panika salmağa nə var?! övladlıq borcu deyilən bir amil var, bunu çoxları dərk edir, amma insan dünyaya bir dəfə gəlir və xoşbəxt olmağa layiqdir. Valideyn həmişə haqlıdır, amma valideynlərinin məcbur etdiyi qızla, ya oğlanla  övladlıq borcu naminə evlənmək olmur. Kamil, düşüncəli atalar var, anlayir ki, qızı, ya oğlu öz haqqını müdafiə edib, öz həyatını qurur. övladlıq borcu da öz yerində ömür boyu bədbəxt yaşamaqdansa, istəmədiyin biri ilə, alınmayanda qaçmaq da olar, qaçırmaaq da. sadəcə əvvəl valideynləri yola gətirmək üçün çalışmaq lazımdı, alınmayanda nə eləmək olar. balasına qarqış edən, öz qürurunu balasının xoşbəxtliyindən artıq tutanı da anlamıram, səhv anlaşılmasın qaçırmağaın, ya qaçmağaın tam əlehinəyəm. amma el qınağa, ya qürur məsələsinə görə qaçırırlmış qızlara da bu münasibətin də əlehinəyəm. mürtəce fikir aşılanır bu şeirdə. yenə də şeirdəki məzmunla həmfikir olmasam da,  formaya görə əladır
Old_Baku_
Şəxsən mən qaçan qıza heç bir bəraət qazandırammaram heç-cürədə razılaşammaram...Bu atılan addım necə olursa olsun nə səbəbə atılırsa atılsın qıza bəraət qazandırıla bilməz.Bu addım inanın ATA və Qardaşa ən böyük zərbədir.....Yenədə ATA və QArdaş bir neçə müddəttən sonra düzdür qızı əff edəcəkdir....Yenədə qəlbinin dərinliklərində qıza qarşı kin-küdrət bəsləyirlər…