Meksika inqilabı

XX əsrin əvvəllərində dünyanın təlatümlü bölgələrindən biri də Latın Amerikası idi. Bu dövrdə Latın Amerikası ölkələrində azadlıq hərəkatında yeni mərhələ başlamışdı. Bu mərhələdə başlıca səciyyəvi cəhət azadlıq hərəkatında xalqın bütün zümrələrinin iştirak etməsi idi. Azadlıq hərəkatı siyasi hakimiyyətdə və iqtisadiyyatda hakim mövqe tutan mülkədar latifundiyaçılarla xalqın ağır istismarında iştirak edən xarici inhisarların ittifaqına qarşı çevrilmişdi. Bu mübarizədə milli iqtisadiyyatın inkişafında marağı olan yerli burjuaziya və daha çox istismara məruz qalan fəhlə və kəndlilər aparıcı rol oynayırdılar.
XX əsrin əvvəllərində Latın Amerikasında başlanmış azadlıq hərəkatında 1910-1917-ci illər Meksika inqilabının özünəməxsus yeri olmuşdur.
Bu dövrdə hələ aqrar ölkə olaraq qalan Meksikada əhalinin dörddə üçü kənd təsərrüfatında çalışırdı. Ölkə ərazisinin dörddə birinə qədəri xarici şirkətlərin əlində cəmləşmişdi. Kəndlilərin 96 faizinin torpaq payı yox idi. Onlar iri torpaq sahiblərinin -¬latifundiyaçıların mülklərində işləyirdilər. Ölkənin bütün sərvətlərinin 70 faizi əcnəbilərin əlində idi. Prezident Porfırqo Diasın diktatura rejimi də bir tərəfdən əhalinin sosial-iqtisadi vəziyyətini ağırlaşdırmış, dözülməz siyasi şərait yaratmışdı.
Beləliklə, aqrar məsələdə gərginlik, ölkənin xarici kapitaldan asılı vəziyyətə düşməsi, xalqm hüquqlarının tapdalanması Meksikada burjua-demokratik inqilabın başlanmasını günün zəruri vəzifəsinə çevirmişdi. İnqilabın əsas qüvvəsini kəndlilər, fəhlələr, şəhərlərin xırda burjuaziyası, vətənpərvər ziyalılar, tələbələr, diktatura və xarici inhisarlarla bağlı olmayan milli burjuaziya və torpaq sahibləri təşkil edirdi. Mübarizənin başında məşhur siyasi xadim, iri torpaq sahibi və fabrikant Fransisko Madero dururdu. Ölkədə başlamış kəndli hərəkatına cənubda E. Sapata, Şimalda F.Vilya başçılıq edirdilər.
E.Sapata ölkənin cənubunda partizan dəstəsi, sonra isə kəndli azadlıq ordusu yaratmışdı. Onun 1911-ci ildə hazırladığı «Ayyola planı» adlı aqrar proqramda kəndlilərin əlindən alınmış torpaqların geri qaytarılması, gunahkarların cəzalandırması, latifundiyaçıların mülklərinin üçdə birinin müsadirə edilməsi və kəndlilərə paylanması, inqilab düşmənlərinin mülküyyətinin milliləşdirilməsi tələbləri irəli sürülürdü. Torpaq uğrunda mübarizənin əsas vasitəsi silahlı üsyan hesab olunurdu.
Torpaqsız kəndli (peon) oğlu olan F.Vilya ölkənin şimal hissəsində əvvəl partizan dəstəsi, sonra azadlıq ordusu yaratmışdı. O, 1912-ci ildə general rütbəsi almışdı. F.Vilya Meksikanı yaxşı hökumət tərəfindən idarə olunan ölkəyə çevirmək uğrunda mübarizə aparırdı. Razılaşmaya əsasən Dias diktaturasına qarşı üsyan 1910-cu il noyabrın 10-a təyin edilmişdi.
1911-ci ilin mayına kimi P.Diasın orduları darmadağın edildi. Diktator P.Dias hakimiyyətdən əl çəkərək, gizlincə ölkədən qaçdı. F.Madero prezident seçildi.
Lakin Dias diktaturasının tərəfdarları Madero hakimiyyətinə qarşı qiyamlar təşkil etdilər. ABŞ da qiyamçılara kömək edirdi. Bu qiyamlar nəticəsində F.Madero hakimiyyətdən salınıb öldürüldü. Hakimiyyətə əksinqilabı qüvvələr gəldilər.
Əksinqilaba qarşı general V.Karransa başda olmaqla milli burjuaziyanın mübarizəsi başlandı. Lakin inqilabı mübarizədə Y.Sapata və F.Vilyanın azadlıq orduları əsas qüvvə olaraq qalmaqda idi. Onlar V.Karransa ilə birgə əksinqilabı qüvvələrə qarşı hücuma keçdilər.
İnqilabı qüvvələrin nailiyyətlərindən narahat olan ABŞ-ın hərbi-dəniz orduları 1914-cü ilin aprelində Meksikanın Verakruz limanını işğal etdilər. ABŞ-m silahlı müdaxiləsi ölkənin vətənpərvər qüvvələrinin böyük narazılığına səbəb oldu. Azadlıq hərəkatı yenidən yüksəldi. ABŞ silahlı qüvvələrini Meksikadan çıxarmağa məcbur oldu.
Əksinqilabçılar əlacsız qalıb 1914-cü ilin noyabrında təslim oldular. İrtica hökuməti süqut etdi. Bundan sonra inqilabı qüvvələrin sıralarında parçalanma başladı. Karransa, Sapata və Vilya başqa-başqa yollar tutdular.
Karransa milli burjuaziya və liberal mülkədarlar birliyinin mənafeyini müdafiə edirdi. 1914-cü ilin noyabrında Karransa öz siyasi rəqiblərinə — Sapata və Vilyaya qarşı silahlı mübarizəyə başladı. Ölkədə vətəndaş müharibəsi başlandı. Bu müharibədə Karransa qalib gəldi: 1916-cı ilin axırında Müəssislər Məclisi Konstitusiya qəbul etdi. O, 1917-ci ilin mayında qüvvəyə mindi. Konstitusiyada latifundiyaların və xaricilərin mülkiyyətinin ləğv olunması, fəhlələrin sosial vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər görülməsi nəzərdə tutulurdu. Lakin hakimiyyətdə möhkəmlənmiş milli burjuaziya və liberal mülkədarlar bloku Konstitusiyanın həyata keçirilməsini ləngidirdilər.
Bunlara baxmayaraq 1910-1917-ci illər Meksika burjua demokratik inqilabı ölkənin həyatında əhəmiyyətli hadisə kimi qalmışdı. O, ölkənin süverenliyinin möhkəmləndirilməsində və kapitalist münasibətlərinin inkişafı üçün əlverişli şəraitin yaradılmasında çox mühüm rol oynamışdı.

Digər ölkələrdə hərəkatlar. XX əsrin əvvəllərində Hindistanda, Koreyada, Əfqanıstanda, Vyetnamda, Afrika və Ərəb ölkələrində də milli-azadlıq hərəkatı baş vermişdi.

Hindistanda müstəmləkə zülmünə qarşı ən kütləvi mübarizə formalarından biri boykot hərəkatı olmuşdu. Bu, Hindistan tarixində ilk ümumxalq hərəkatı idi. Bu hərəkat zamanı müstəmləkəçilərin özbaşınalığına etiraz əlaməti olaraq ingilis malları boykot edilirdi. Bu hərəkat kütlələrin siyasi mübarizə ruhunda maarifləndirilməsində mühüm rol oynamışdı. 1907-ci ildə Şərqi Benqaliyada, Pəncab əyalətinin Layalpur-Ravalpindi bölgələrində, Amritsar və Lahorda kütləvi iğtişaşlar və kəndli üsyanları baş vermişdi. Üsyançılar Ravalpindi şəhərini tutaraq onu bir neçə gün əllərində saxlamışdılar. Ingilislər böyük çətinliklə üsyanı yatıra bilmişdilər.

1908-ci ilin yayında Hindistan Milli Konqres partiyasının sol cinahının başçısı, ifrat inqilabçı B.Tilakın həbs edilib mühakimə olunması Bombey fəhlələrinin kütləvi etiraz çıxışlarına səbəb olmuşdu. 100 mindən çox fəhlə 6 günlük siyasi tətilə başlamışdı. Hətta onların polis ilə toqquşmaları da baş vermişdi. Kütləvi etiraz hərəkatı Punu, Mədrəs və başqa şəhərləri də əhatə etmişdi. Lakin bu hərəkatlar ingilis müstəmləkəçiləri tərəfindən amansızlıqla yatırılmışdı.

XX əsrin əvvəllərində Hollandiyanın müstəmləkəsi olan İndoneziyada da milli-azadlıq hərəkatı baş qaldırmışdı. İlk dəfə 1908-ci ilin may ayında həkim Vaxidin, Sudiro Xusornun təbliğatı ilə Yava adasında «Budi Utemo (Yüksək məqsəd) mədəni-maarif cəmiyyəti təşkil edilmişdi. Bu dövrdə İndoneziyada yaradılmış „Sarekat islam (“İslam ittifaqı»), «Hindistan partiyası» kimi təşkilatlar müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizə ideyalarını yayırdılar.

XX əsrin əvvəllərində Cənub-Qərbi Afrikada, Şərqi Afrikanın cənubunda (Tanqanikada) və mərkəzi hissəsində, Misirdə, Əlcəzairdə, Tunisdə, Sudanda, Suriyada, İraqda, Mərakeşdə və b. bölgələrdə müstəmləkə zülmünə qarşı etiraz çıxışları və üsyanlar baş vermişdi. Bu çıxışlara yeni formalaşmağa başlayan milli burjuaziya nümayəndələri, onların yaratdıqları təşkilat və cəmiyyətlər başçılıq edirdilər. Onlardan, 1905 — 1906-cı illərdə Əlcəzairdə yaradılmış «Gənc əlcəzairlilər», 1907-ci ildə Misirdə yaradılan «Hizbul Vətən» (Vətən partiyası) partiyasını, Tunisdə Əbdüləziz Səalibinin başçılığı ilə yaradılan «Tunis» partiyasını, 1911-ci ildə Suriyada Şükrü Qüvvətlinin başçılığı ilə yaradılmış «Gənc ərəblər cəmiyyəti»ni, 1912-ci ildə İraqda yaradılan «Vətənpərvər cəmiyyət» və b. göstərmək olar.
Bunlar göstərdi ki, XX əsrin əvvəllərində Afrika və ərəb ölkələrində də milli-azadlıq hərəkatı mütəşəkkil hal almışdı.

 

0 şərh