Uşağa xərcliyi hansı yaşda və nə qədər verək?

Böyük yaşlarda puldan doğru istifadə etmək həmin şəxsə kiçik yaşlarından öyrədilən vərdişdən çox asılıdır. Ailələr uşaqlarına xərclik verərkən özünü nəzarətdə saxlamalı və konkret mövqeləri olmalıdır.

Xərclik yaxşı bir hərəkətə mükafat və ya öhdəliyində olan hər hansı işinə ödəmə deyil, uşağa seçməyi, məsuliyyət hissi daşımağı öyrətmək üçün vasitə olmalıdır.

Ümumiyyətlə, uşaqlara 3-cü sinfin sonlarından sonra, yəni 9-10 yaşlarında pul verilməlidir. Az yaşda uşağa pul vermək uşağın ondan (pulu tanımadığına görə) doğru istifadə edə bilməməsi, aldığı hər hansı şeyin qalığını geri istəməməsi, lazımsız «fast food»a xərcləməsinə gətirib çıxarır ki, bu da özünü müəyyən problemlərlə göstərir.

Bəs xərclik necə verilməlidir?
Uşağa qədərindən çox xərclik vermək ona xoşbəxtlik deyil, bədbəxtlik və doyumsuzluq gətirir. Uşaq gərəkdiyindən çox xərcliyi doğru formada istifadə etmir. Olan dəftər və qələmlərinin yanına yenilərini də əlavə edir. Zamanla israf və doyumsuzluq formalaşır.

Uşağa çox xərclik verməyin sadəcə ona deyil, dostlarına da zərəri var. Xüsusilə müxtəlif gəlir sahibi olan ailələrdən gələn uşaqlar onlara pul verilmirsə və ya az verilirsə, bəzi yoldaşlarının çox pul xərcləməsindən təsirlənir. İlk öncə ruh düşkünlüyü, sonra isə məmnuniyyətsizlik kompleksi özünü göstərir və bu hal yoldaşlararası münasibətlərin pozulmasına gətirib çıxarır.

Uşağa normadan az xərclik vermək də düzgün deyil. Yoldaşları ilə özününkünü müqayisə edib, məyus olaraq özünə güvəni azalır. Ən doğrusu, uşağın yaşına və sinfinə uyğun olaraq, ehtiyaclarını qarşılayacaq qədər sistemli xərclik verməkdir.

Bu pulun miqdarının nə qədər olacağına uşaq və valideyn birlikdə qərar verməli, alınan qərar vaxtaşırı nəzərdən keçirilməlidir. Uşaq xərcliyin az olduğunu görürsə, ona uyğun və sakit tonla “sənə çox pul vermək istəyərdim, amma büdcəmiz məhduddu”, — deyə bilməliyik.

Sonda isə qeyd edim ki, xərclik uşağa yalnız pulu doğru istifadə etməyi öyrətmir, onda həm də məsuliyyət və sahiblənmə hissini inkişaf etdirir. Anlıq və keçici istəklərini təxirə sala bilməyi və ehtiyaclarını vacibliyinə əsasən sıralamağı, qənaətcil olmağı və əldə etdiklərinin dəyərini bilməyi öyrədir. Ən əsası, ailəsinin ona dəyər verdiyi, onu bir şəxsiyyət kimi qəbul etdiyi mesajını verir.

Narınc Rüstəmova

0 şərh