Stendal sindromu

«Stendal sindromu»na oxşar iki sindrom mövcuddur: Paris və Yerusəlim sindromları. «Paris sindromu»ndan ilk dəfə yaponlar əziyyət çəkib. Gündoğar ölkənin turistləri Parisdə çirkli küçə və məhəllələr görən kimi sindroma yoluxublar. Bura səyahət etməzdən əvvəl onlara elə gəlib ki, Paris başdan-başa təmizlik içindədir. Lakin acınacaqlı mənzərə görəndə dəhşətə gəliblər. Bu da sindrom yaradıb: «Paris sindromu». «Yerusəlim sindromu» isə çox qəribə psixoloji xəstəlikdir. Qüdsə ziyarətə gələnlərin bəzilərinin qəlbini qəribə fikirlər çuğlayır. Ziyarətçiyə elə gəlir ki, onda İlahi qüvvə var. Üçüncü isə «Stendal sindromu» adlanır. Tibbi elmdə bu sindrom ətrafında müxtəlif mübahisələr mövcuddur. Həkimlər ümumi səbəbləri axtarıb tapıblar. Həmin səbəblər adıçəkilən sindromun güclənməsi ilə nəticələnir.

1. İnsan uzun müddət səfərə çıxmaq istəyini özünə təlqin edir.
2. Səfərin individual xarakteri.
3. Həyatda ilk dəfə möhtəşəm sənət əsərləri ilə yaxından tanışlıq.
4. Həmin sənət əsərləri barədə alt şüurda hüdudsuz təəssürat.
5. Hüdudsuz emotivlik. Buna hiper həssaslıq da deyilir.
6. İnsanın yüksək mədəni və təhsil səviyyəsi.



«Stendal sindromu»ndan əsasən 25-40 yaş arası qadınlar əziyyət çəkir. Uzun müddət hansısa sənət əsəri ilə yaxından tanışlığı özünə təlqin edərək bunu gözləyən insanların sindroma tutulma riski 80-90 faizdir. Müalicəsi isə belədir: sindroma tutulan adam həmin sənət əsərindən təcili uzaqlaşdırılmalıdır. Emosional gərginliyi azaltmaq üçün insanı maşınların şütüdüyü və adamların gur olduğu məkanlara aparmaq lazımdır. Yalnız belə yerdə sindrom daşıyıcısı gerçək həyatı hiss edir. Əgər Stendal sindromu ağır keçirsə, yoluxan şəxsə psixiatriya ocaqlarında stasionar qaydada müalicə təyin edilməlidir. Kimsə belə sindroma tutulmayacağını deməsin. O savadlı insanların hamısını yoluxdurar.

Belə bir sindromun yazıçının adı ilə bağlanması hamını təəccübləndirmişdi. Qısa arayış: Sindrom Fransa ədəbiyyatının klassiki Mari-Henri Beylyü, Stendal kimi tanıdığımız yazıçının adı ilə bağlıdır. O, 1783-cü ildə anadan olub. Onun əsərləri özündə ironiyanı, psixoloji və tarixi təsvirləri birləşdirir. Stendal roman və novellalar müəllifidir. Bununla yanaşı, «Napoleonun həyatı» adlı bioqrafik və avtobioqrafik əsərləri də var. «Roma, Neapol, Florensiya», «Məhəbbət haqqında», «Rasin və Şekspir», «Armans» əsərləri dünyada tanınb-sevilib.

«Stendal sindromu» xüsusən yaradıcı adamlara aid edilir. Bu sindrom zamanı ürəyin döyüntüsü artır, hallüsinasiya hökm sürür. Əsas mahiyyəti belədir: bəzi yaradıcı adamlar hansısa sənət əsəri ilə rabitəyə girir. Burda söhbət ədəbi nümunədən, rəsm əsərindən, hətta musiqidən də gedə bilər. İnsan obrazların həyatını yaşayanda da «Stendal sindromu» yaranır.

Məlum oldu ki, sindrom təkcə ürək döyüntüsü və hallüsinasiya ilə qurtarmır. Baş fırlanır, taxikardiya yaranır, fikir yürütmək ehtimalı tükənir. Bu həm də təkcə hansısa əsərin daxilinə girməklə bitmir. Bir insan qısa müddət ərzində yüzlərlə sənət əsərinə baxanda da sözügedən sindromla üzləşir. Əsərlərə baxış ötəri olarsa, xəstəlikdən qurtulmaq mümkündür. Amma diqqətlə baxdıqda, sindrom orqanizmə yeriyir. Əvvəlcə bəziləri bunun nə olduğunu anlamayıb. Həkimlərin psixoloqlara bəzi məlumatları işin üstünü açıb. Məlum olub ki, muzey və qalereyalara tez-tez baş çəkən, eləcə də qədim ibadət ocaqlarında, arxitektura ilə zəngin şəhərlərlə tanış olan adamlarda adıçəkilən hallar müşahidə edilir. Sonra bu sindroma əlavələr edilib. Hətta ayrı-ayrı heyvanlara, o cümlədən gözəl qadınlara diqqətli baxış da «Stendal sindromu» yarada bilər.

Sindromun ilk açılışı dahi yazıçının 1817-ci ildə Florensiyaya səfərindən başlayıb. Şəhərin qədim arxitektura nümunələri yazıçıda güclü təsir bağışlayıb. O, Müqəddəs Xaç kilsəsində Makiavelli, Mikelancelo və Qalileyin məzarlarını ziyarət edərkən emosiyası güclənib. Sonralar «Neapol və Florensiya: Milandan Recioya səyahət» əsərində yazacaqdı: «Mən həmin kilsədən çıxanda ürəyim bərk döyünürdü. Qorxurdum ki, torpaq aralanar və ora yıxılaram». Yazıçı bilməzdi ki, onun keçirdiyi hisslərin üzərinə bir əsrdən sonra qayıdılacaq.

160 il sonra — 1970-ci ildə doktor Qratsiella Maqerini qəribə hadisələrlə üzləşdi. Maqerininin zənni heç vaxt yanılmayıb. O, Florensiyadakı Santa Mariya Nova hospitalının psixiatriya şöbəsinə rəhbərlik edib. Doktor görüb ki, Florensiyanı, eləcə də Müqəddəs Xaç kilsəsini ziyarət edən turistlərdə qəribə hallar müşahidə edilir: ürəkləri döyünür, başları fırlanır, neçə gün özlərinə gələ bilmirlər". Yadına məşhur yazıçının keçirdiyi sarsıntı düşüb: «Stendalda da məhz belə simptom yaranmışdı. Mən onu belə adlandırdım: „Stendal sindromu“. Əlbəttə, Stendal ilk adam deyildi ki, Florensiyanın renessans dövrü şəhərinin gözəlliyindən, əfsanə danışılan hər daşından, hər tinindən vəcdə gəlməsin. İstər Stendala qədər, istərsə də ondan sonra Florensiya çoxunun yuxusunu ərşə çəkib, çoxunun ürəyi döyünüb başı fırlanıb.

Doktor Maqerini yüzlərlə turistlə üzbəüz söhbət edib. Onların fikirlərini dərindən öyrənəndən sonra bu sindrom barədə kitab yazıb. Çıxardığı nəticə isə çoxlarını düşündürüb.

1. Şimali Amerika və Asiyadan olan insanlar bu sindroma yoluxmur.
2. İtalyan turistlərdə isə immunitet yaranıb. Bu onların doğuluşdan burada yaşamaları ilə bağlıdır.

Bəs, „Stendal sindromu“na kimlər tutulur? Sindromun avam adamlara, hissiyyatı olmayan şəxslərə aidiyyəti yoxdur. Onlar sənət əsərlərinə sadəcə baxıb keçirlər. Amma yaradıcı adamlar, xüsusilə incəsənətlə az-çox məşğul olan insanlar asanlıqla „Stendel sindromu“na yoluxurlar. Bəzi adamlar isə ümumiyyətlə gerçəkliklə əlaqəni itirib sindromun daxilinə varır, affekt vəziyyətinə düşərək sənət əsərinə zərər vururlar: heykəli döşəməyə çırpır, rəsm əsərini cırıb tullayırlar.

Doktor Maqerininin „Stendal sindromu“nu kəşf etməsi çoxunu düşündürdü. Bu barədə geniş müzakirələr açıldı. Hətta italyan rejissoru Dario Arcento „Stendal sindromu“ adlı film çəkdi. Filmdəki hadisələr Florensiyada cərəyan edir. Bir manyak sindromdan əziyyət çəkən polis-detektiv Anna ilə siçan-pişik oyunu oynayır. Annanın zəif cəhətini bilən manyak onunla görüşü rəsm qaleresında təyin edir. Bəstəkar Ennio Marikoneninin musiqilərinin sədası altında tamaşaçı filmdən doymur. Ekran işinin nümayişindən sonra qəribə hadisə davam edib. İncəsənətdən anlayışı olan şəxslər filmdəki gözəl arxitekturalı binaları, rəsm əsərlərini, heykəltəraşlıq nümunələrini görəndə də ürək döyüntüləri artıb.

Beləliklə, məşhur fransız yazıçının „Neapol və Florensiya: Milandan Recioya səyahət“dəki qeydləri sindrom barədə ilkin təsəvvür yaratdı. Bu sindrom üzərində ilk dəfə Maqerini işlədi, elmi şəkildə təqdimatı isə 1982-ci ilə təsadüf etdi. Stendalın qeydi heç də təsirsiz ötüşmədi. Florensiyadakı Ufitsi qalereyasına baş çəkən turistlər də Stendalın təsvir etdiyi hadisə ilə üzləşdiklərini dedilər. Muzey və qalereya rəhbərləri vəziyyətdən çıxış yolu tapdılar. Onlar gidlərə, qalereya işçilərinə tapşırdılar ki, kimsə əsər qarşısında çox dayanıb diqqətlə baxarsa, həmin şəxsləri söhbətə tutub başını qarışdırsınlar, ortaya nəsə başqa mövzu atsınlar. Müxtəlif tədbirlərə də əl atıldı. Bəzi muzeylərin girişində sindrom barədə məlumat asıldı. Orada yazılmışdı: „Başınızın fırlanmasını, ürəyinizin döyünməsini istəmirsinizsə, əsərlərə diqqətlə baxmayın“. Əlbəttə ki, belə tədbirlər heç bir effekt vermədi. İnsana nəyisə qadağan edəndə o daha da həvəslənir. Bəzi ziyarətçilər elanı oxuyandan sonra incəsənət əsərlərinə qəsdən diqqətlə baxdılar ki, sindroma yoluxsunlar.

Azər Qismət

0 şərh