Adel sindromu

Hamımız platonik sevgi yaşayan insanlarla qarşılaşmışıq. Bu sevgi realda var olmayan, xəyalda qalan, həyata keçməyən sevgidir. Platonik sevgidə hər şey romantik və ruhi müstəvidə olur. Bu sevgi fiziki doyum üçün deyil, hisslərin doyumu üçündür.

Çox zaman platonik sevgilər zamanla keçsə də, bəzən keçməyib xəstəliyə çevrilir. Tibb aləmində platonik sevginin yaratdığı xəstəliyə Adel sindromu deyilir. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, Adel sindromu tibbdə geniş tanınmır. Lakin tez-tez platonik, dəlicəsinə sevgi hadisələrindən danışılarkən istifadə edilən termindir.

Müsahibimiz bildirir ki, Adel sindromu yaşayanlar gecələri narahat yatır, sevdikləri insanı ən azı 2 dəfə yuxuda görürlər. Adel sindromlular telefonlara cavab vermir, məktubları cavabsız qoyur, zamanla əmək qabiliyyətləri zəifləyir. Sindrom qurbanının hər kəlməsində sevdiyi insanın adı olur, hər yerdə onun haqqında danışır:«Bir müddət sonra xəstə eyforiyaya qapılır. „O, məni sevir, belə sevgiyə cavabsız qalmaq olarmı“ deyə düşünməyə başlayır. Sevdiyi insana aid olan hər şeyi yığıb saxlamağa başlayır, məktubları, e-mailləri, biletləri, aldığı hədiyyələri. Adel sindromlular sevgidə aktiv partnyor sayılırlar».

Xəstə sevgiyə o qədər qapılır ki, zamanla özünə baxmağı da yaddan çıxarır.

Adel sindromuna çirkin qadınların tutulmasını düşünmək yanlış fikirdir. Belə ki, seksuallıq və gözəllik simvolu sayılıan Merilin Monro Robert Kennediyə dəlicəsinə aşiq olur. Onu əlində saxlamaq üçün Monro hər bir qalmaqala da hazır idi. O, hər zaman Kennedini təhdid edirdi ki, əgər onunla görüşməsə, o, mətbuat konfransı keçirərək, öz münasibətləri barədə danışacaq.

Adel sindromlu xəstə özünü toplamaq üçün bir neçə məsləhətə əməl etməli, alınmadığı təqdirdə isə həkimə müraciət etməlidir: «Vaxtınızı elə idarə edin ki, sevgiliniz haqqında düşünməyə az zamanınız qalsın. Özünüzə velosiped alın və ya yoqa ilə məşğul olmağa çalışın. Və ya Çin dili kursuna yazılın. Əgər siz yatağınıza uzanıb, tavana baxanda onun haqqında düşünürsünüzə, uzanmaq formasını dəyişin. Əgər siz pəncərə qarşısında durub ətrafa baxanda onu düşünürsünüzsə, pəncərəyə yaxın getməyin. Onu xatırladan insanlarla ünsiyyət qurmayın. Bir yerdə getdiyiniz və ya onun getdiyi kafeyə getməyin, sevgi musiqilərinə qulaq asmayın. Özünüzə bloknot alıb, onun pis vərdişlərini, qüsurlarını yazın. Əgər sizdə alınmırsa, yeni tanışlıqlara açılın».

Psixoloq deyir ki, Adel sindromu illər boyu sürə bilən bir xəstəlikdir. Bu sindromun əlamətləri, demək olar ki, 100 adamdan 90-da özünü müəyyən formalarda ortaya çıxarır. Xəstəliyin qarşısını zamanında almaq üçün ilk simptomları hiss edilən kimi psixoloqa müraciət etmək lazımdır.

0 şərh