Temperament və xarakter

El arasında belə bir deyim var. Soruşanda qardaşın necə adamdır, ağıllı adamlar cavab verir ki, yol yoldaşı olmamışam. 
Psixoloqlar isə insanı daha yaxından tanımaq üçün ilk növbədə onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görürlər. Bir sözlə, insanın xarakterini, xasiyyətini onun hansı temperamentə malik olması müəyyənləşdirir. Nəzərinizə çatdıraq ki, temperament sözünün latıncadan tərcüməsi "hisslərin lazımi qarşılıqlı nisbəti" deməkdir.

Temperament insana irsən xas olan, davamlı xüsusiyyətlər toplusudur. Psixoloqlar temperamentə belə tərif vermələrinə baxmayaraq, özləri də etiraf edirlər ki, bunu birmənalı şəkildə qəbul eləmək olmaz. Temperamentin formalaşmasına ətraf mühit, həyat tərzi, tərbiyə ciddi təsir göstərir. Xüsusən də uşaq və yeniyetməlik çağlarında bu təsirə daha çox məruz qalırıq. Elə ona görə də bəzən qaraqabaq, həmişə özünə qapanan bir uşağın böyüdükcə tədricən dəyişdiyinin şahidi oluruq. Belə ki, həmin uşaq məktəb illərindən fərqli olaraq, institut illərində və yaxud iş yerində istiqanlı, söhbətcil insan kimi tanınır.

Ümumiyyətlə, psixoloqların fikrincə, istənilən insanda müxtəlif temperament tiplərinin xüsusiyyətləri cəmləşir. Ona görə də psixoloqlar insanın hansı tipə mənsubluğunu müəyyənləşdirərkən, bir qayda olaraq, o insanda hansı tipin xüsusiyyətlərinin daha qabarıq və çox olduğunu nəzərə alırlar. Ən maraqlısı isə budur ki, insanın aid olduğu əsas tipi nəzərə almasaq, yerdə qalan tiplərin xüsusiyyətlərinin dərəcəsini müəyyənləşdirmək qeyri-mümkündr. Hər bir insanda bu fərdidir.

İndi isə temperamentin tipləri ilə tanış olaq. Psixoloqların fikrincə, dörd temperament tipi var: sanqvinik, xolerik, fleqmatik, melanxolik. Düzdür, son illər bəzi psixoloqlar bu bölgü ilə razılaşmırlar. Nəticədə psixologiya elmində tiplərin bölgüsü ən aktual və mübahisəli mövzuya çevrilməkdədir. Daha dəqiq desək, tiplər barədə təsəvvürlər getdikcə daha da mürəkkəbləşir. Bu fikri dəstəkləyən psixoloqlar yaşlı və gənc insanlara diqqət yetirməyi məsləhət görürlər. Yaşlı və gənc nəslin dünyagörüşü arasında fərq olmasını labüd sayan psixoloqlar hesab edirlər ki, heç bir zaman fərq bu qədər ciddi və köklü olmayıb. Bir sözlə, bu fərqin tiplərə sirayət edə biləcək səviyyədə olduğunu vurğulayırlar. Psixoloqlar bu zaman ilk növbədə tiplərin bölgüsünə diqqət yetirirlər. Məsələn, bəzi psixoloqlar dörd deyil, altı, yeddi, hətta səkkiz temperament tipinin mövcud olduğunu bildirirlər. Bəziləri isə dörd bölgü ilə razılaşaraq, sadəcə, bu bölgünün özünün şaxələndiyini vurğulayırlar. Hesab edirlər ki, bu bölgülərin hər birinin ayrı-ayrılıqda bir neçə növü var. Psixologiya elmində tez-tez səslənən bu fikirlərin tərəfdarlarının sayı isə durmadan artır. Biz isə hələlik psixologiya elmində tam təsdiqini tapmamış bu fikirləri bir kənara qoyub, dörd tiplə yaxından tanış olaq.

Sanqvinik adamlar

Bu tipə aid insanlar emosional, zirək və diribaş olurlar. O qədər zirəkdirlər ki, onları bir dəqiqə bir yerdə saxlamaq qeyri-mümkündür. Həmişə hara isə tələsirlər, gedirlər, gəlirlər. Oturaq iş onlarlıq deyil. Ətrafda olan heç nə onların diqqətindən kənarda qalmır. Hər şeyə maraq göstərirlər. Və onların maraq obyektləri tez-tez dəyişir. Psixoloqların təbirincə desək, sanqviniklərin maraqları davamsız və qeyri-sabitdir. Elə ona görə də, böyük həvəslə, coşğunluqla başladıqları işdən son dərəcə süstlüklə də əl çəkirlər. Heç bir tip sanqvinik qədər istənilən şəraitə, vəziyyətə tez uyğunlaşa bilmir. Sanqviniklərin bu xüsusiyyətini qeyd edən psixoloqlar bir qədər mübağiləyə yol verərək, söyləyirlər ki, "sanqvinik yadplanetlilərin arasına düşsə belə, onun üçün vəziyyət elə də cansıxıcı olmayacaq. Qısa zaman ərzində onlarla dil tapacaq. Və həyatdan həzz almağı bacaracaq". Bir sözlə, bu qəbildən olan insanlar istənilən şəraitə tez alışırlar. Son dərəcə emosinal olsalar da, yaddaşları zəifdir. Onlar üçün sanki hər şey bir anlıqdır: tez sevinib, tez də kədərlənirlər. Ancaq heç nə onları təbdən çıxarmır. Çünki sevinci də, kədəri də tez unudurlar. Bir sözlə, onlar üçün yalnız bu gün, bu saat, bu an var. Eyni zamanda bu tip insanlar təsir altına tez düşürlər. Elə buna görə də bu insanlardan bəziləri son dərəcə özbaşına, bəziləri isə bunun tam əksinə olaraq, intizamlıdır.

Xolerik adamlar

Onların son dərəcə coşğun xarakteri var. Kəmhövsələdirlər. Çox nadir hallarda "susmaq lazım gələndə birinci ol" tövsiyəsinə riayət edirlər. Həmişə istənilən məsələyə birinci reaksiya verənlər sırasındadırlar. Bu xasiyyətləri ucbatından xolerik tipli insanların başı, həmişə, necə deyərlər, qeylü-qalda olur: ətrafı ilə asanlıqla yola getmir, tez-tez münaqişəyə girirlər. Ona görə də xoleriki adətən səbirsiz, tündməcaz insan kimi tanıyırlar. İnadkardırlar. Sanqvinikdən fərqli olaraq, maraqları sabit və davamlıdır. Başladıqları işi bir qayda olaraq sona çatdırırlar. İstənilən problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu tapırlar. Xolerik tipə aid olan insanlar sadiqdirlər. Ətrafına son dərəcə bağlı olduqlarına görə onlar üçün mühiti dəyişmək çox çətindir. Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.

Fleqmatik insanlar

Bu tip insanlar isə qaradinməz, sakit, təmkinli olurlar. El arasında onlara "yerəbaxan" deyirlər. Söhbətcil deyillər. Çox çətinliklə söhbətə qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyil. Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Gülməli bir hadisənin şahidi olarkən, yanındakıların gülməkdən ürəkləri keçəndə, o uzaqbaşı gülümsəyəcək. Və yaxud əksinə, onu hirsləndirmək, təbdən çıxarmaq müşküldən müşküldür. İstənilən halda hamıdan gec reaksiya verir. Bu xüsusiyyətlərinə baxmayaraq, psixoloqların fikrincə, fleqmatik tip insanlar mehriban və istiqanlıdırlar. Sadəcə, onları yaxından tanımaq üçün vaxt lazımdır. Vaxt keçdikcə alışdığı insanlara qarşı diqqətli və mehriban olurlar. Bir sözlə, onlar gec uyğunlaşdığı, alışdıqları kimi gec də unudurlar. Elə ona görə də psixoloqlar məsləhət görürlər ki, ilk baxışda qaradinməz, sakit, son dərəcə soyuqqanlı təəssürat oyadan bu insanların sadiqliyinə şübhə ilə yanaşmayaq. Həmişə rəfiqələrini, dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı da sayğısız yanaşmırlar.

Melanxolik adamlar

Bu tip insanlar isə sakit, ancaq həssasdırlar. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayırlar, kədərlənirlər, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər "yüz ölç, bir biç" məsləhətinə riayət etmir. Hər şeydən tez rənicdə olan melanxoliklər istənilən problemin qarşısında acizdirlər. Ən kiçik problemlə üzləşdikdə belə özlərini itirirlər, vəziyyətdən çıxış yolu tapa bilmirlər. Əslində, bu acizliyi onlar özü-özlərinə aşılayırlar. Çünki sözügedən tiplər bu dünyada ən çox özlərindən narazıdırlar. Özlərinin heç bir bacarığını dəyərləndirmirlər. MƏNə yalnız tənqidi yanaşırlar. Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda olaraq, başladıqları iş yarımçıq qalır. Civə kimi bir yerdə dayanmayan sanqvinikdən fərqli olaraq, melanxoliki yerindən tərpətmək müşkül məsələdir. Psixoloqlar onları məhz belə təsvir edir: "Melanxoliklərin hərəkətləri son dərəcə süst və zəifdir. Onlar ağır-ağır danışırlar".

Hələlik, bu qədər. Ancaq tiplərlə tanış olub, nəticə çıxarmağa tələsməyin. Əvvəla psixoloqların "Yer üzündə yalnız bir tipin xüsusiyyətlərini özündə cəmləşdirən insan yoxdur" fikrini unutmayın. Sadəcə, hansı tipinsə xüsusiyyətləri daha qabarıq və nəzərəçarpandır.

Psixoloqların bir fikrini də nəzərdən qaçırmayaq. "Heç bir tipi nə yaxşı, nə də pis adlandırmaq olar". Hər bir tipin müsbət və mənfi tərəfləri var. Və hər bir insanın özünü daha yaxından tanımaq, ən əsası, tərbiyə eləmək üçün temperamet tipləri ilə tanış olması vacibdir. Psixoloqların fikrincə, şəxsiyyətin kamilliyi ilk növbədə onun özünü yaxından tanımasında qərarlaşır. İnsan özünü nə qədər yaxından və yaxşı tanıyarsa, bir o qədər mətin, məğlubedilməz və böyükdür. Təbii ki, bu tanışlıq kifayət deyil, özünüzü islah eləməyi də bacarın. Göründüyü kimi, temperament bizlərə nə qədər maraqlı görünsə də, əslində, o, heç nəyi həll eləmək iqtidarında deyil. İnsanın səviyyəsini onun maraq dairəsi, dünyagörüşü, mənəvi dəyərləri müəyyənləşdirir. 
İnsanlar tiplərinə görə deyil, yuxarıda sadaladığım dəyərlərinə görə seçilə bilərlər. Təsadüfi deyil ki, dünyanın ən məşhur, dahi, dəqiq desək, yaradıcı insanları arasında hər tipin nümayəndəsi var.

Həmçinin bax:

1 şərh

syoqun
Maraqlı məlumatlara görə minnətdaram!