“17 -ci yer”

Həyat və insan. İnsan və psixologiya. Psixologiya “cədvəli»ndə insanlar 3 qrupa ayrılır: pessimist, optimist, realist. Pessimist adamlarda nikbinlikdən əsər-əlamət olmur. Onlar, adətən, hər hansı işin həllinə inanmır, elə düşünürlər ki, həmin məsələnin başa gəlməsi mümkün deyil — bu barədə heç “söhbət gedə bilməz”. Belə anlarda onlar uzun-uzadı fikir-xəyal edirlər. Xəyallar isə, əlbəttə, vəziyyətdən çıxmaqda insana əl vermir, əksinə, qarşıda duran problemi daha da əlçatmaz edir. Bütün bunlar haqda real həyatda nümunələr çoxdur, hər birimiz saysız faktlarla rastlaşmışıq, lakin aydın olsun deyə hamımız üçün ortaq nümunələri xatırlatmaq istərdim.
Azərbaycan şifahi xalq ədəbiyyatı nümunəsi olan “Məlikməmməd” nağılında 3 qardaş yaralanmış divin arxasınca gedir. Divin düşdüyü quyuya enmək məqamıdır. Böyük və ortancıl qardaş bu cəncəl iş qarşısında pessimist fikirlərə qapılırlar. Bu duyğular getdikcə onlarda qorxu hisslərinə çevrilir. Düşünürlər ki, yox, bu quyuya enmək mümkün deyil və əgər ora düşsələr də, heç nə edə bilməzlər. Təbiətən pessimist qardaşlar quyuya düşməyə razılıq versələr də, “vay, yandım, çəkin! — deyə qışqırır və heç biri bu işin öhdəsindən gələ bilmir. Göründüyü kimi, burada pessimist faktoru qarşıda duran məqsədə çatmağa maneçilik törədir, nəticədə heç bir şey alınmır.

Optimist insanlar isə ən çətin vəziyyətlərdə belə özlərini itirmir, hər şeyin yaxşı olacağına inanır, beləliklə, bütün mümkünsüzlüklərin öhdəsindən gəlirlər. Bu tip insanlara da, elə həmin nağıldakı Məlikməmmədi misal göstərmək olar. Kiçik qardaş Məlikməmməd o biri qardaşlarından fərqli olaraq, özünə qarşı inamlı, həyata qarşı optimistdir. Həyati olaylara normal baxdığından heç bir çətinlik, qarşıda duran hər hansı məsələ onu qorxutmur, ruhdan düşmür. Yuxulamamağın çarəsini taparaq ( barmağını yaralayıb, duz tökür), divi yaxalayır, onu ölümcül yaralayır, cəsarət göstərib quyuya enir, divi cəhənnəmə vasil edərək, məqsədinə çatır. Ümumilikdə isə, bütün nağıl boyu şər ünsürlərə qarşı mübarizə apararaq, ideal qəhrəmana çevrilir.

Realist adamlar. Bunlar xarakterlərinə görə, həm pessimist, həm də optimist insanlardan ciddi şəkildə fərqlənirlər. Realistlər hər hansı çətinlik qarşısında təslim olmur, neynim, necə eləyim” demirlər. Hətta ən ağır, həlli bəlkə də mümkün olmayan məsələlərdə tam qətiyyət göstərir, sonda qalib gəlirlər. Problem yaranan anlarda, adətən, çətinliyin özü haqda deyil, onun həlli yolları barədə düşünürlər. Bu adamların başlıca və üstün cəhətlərindən biri də soyuqqanlılıqdır. İngilis yazıçısı Daniel Defonun “Robinzon Kruzo” əsərində maraqlı bir məqam var: Robinzon Kruzo fırtına zamanı kimsəsiz bir adaya düşür. Təbiətin bu ölü parçasında diri qalmaq, yaşamaq olduqca çətindir; burada nə insan var, nə qida. Belə bir şərait pessimistlər üçün həyatın sonu olardı. Lakin Robinzon realistdir. O, müəyyən çətinlik, çıxılmazlıq anları yaşasa da, əsl yaşam hissindən məhrum deyil. Anlayır ki, yaşamaq üçün mübarizə aparmaq lazımdır. Əsərin kino variantında isə biz onun daha rasional obrazı ilə rastlaşırıq. O, kimsəsiz adada kino “həngaməsi” yaradır. Çalışır ki, hər şeyi real, qaydalı həyatda olduğu kimi etsin. Salona stullar düzür. Səhnə yaradır. Əsl kinoteatrlarda olduğu kimi, 17-ci yerə bilet alıb əyləşir. Hələ bu azmış kimi, “pultu” işə salıb, özünəməxsus jestlərlə kanalları dəyişir. Bu tamaşaya tamaşa etmək bizimçün də maraqlıdır. Başqa adam olsaydı, bəlkə də heç nə qurub-yaratmaz, gözləyərdi ki, əcəl nə vaxt gəlib onun canını alacaq...

Göründüyü kimi, bu üç tip insanın hər biri öz psixologiyasının məhsuludur. Pessimist adamların vəziyyəti üzücü, optimistlərinki düzücü, realistlərinki isə qurucudur. İbrətamiz deyilmi? Daha burada nə məsləhət? Məncə, Robinzon Kruzonun seçdiyi yaşam “priyom”unun özü bir ali məsləhət, aydın görk, təbii-təbli təbliğatdır. Yəni heç bir çətinlikdən qorxmaq lazım deyil, istəkli oxucu!
Sadəcə, çətinlik zamanı əsib-titrəməkdənsə, onun həllinə çalışmaq gərəkdir. Burada inam başlıca şərtdir. İnsanda güclü inam olmalıdır. Bu, hər kəsdə mümkün olan haldır. Təki sən çalış — mütləq alınacaq. Qısası bir işə girişəndə çox düşünmədən Robinzon Kruzonun aldığı yerə bilet almaq lazımdır!

Müəllif: Arzu Qaya, BDU-nun tələbəsi
Mənbə: Mədəniyyət qəzeti
 

1 şərh

seyidova
Men çox vaxt pessimist ve optimist oluram.Yeni baxır meqamlara.Amma realist olmaq lazımdı.