Ünsiyyət insanların bir-birini qavraması və anlaması kimi

Ünsiyyət prosesində insanlar təkcə informasiya mübadiləsi aparmaqla, bir-birinə qarşılıqlı təsir göstərməklə kifayətlənmir, eyni zamanda bir-birlərini qavrayır və anlayırlar. Bu ünsiyyətin perseptiv cəhətini təşkil edir. Ünsiyyətin perseptiv cəhəti heç də digər cəhətlərindən az əhəmiyyətə malik deyildir.
Həqiqi ünsiyyət o zaman mümkün olur ki, qarşılıqlı təsir prosesinə  daxil olan insanlar  özlərinin qarşılıqlı  anlama səviyyələrini qiymətləndirə, tərəf müqabillərinin hansı keyfiyyətlərə malik olması barədə özlərinə hesabat verə bilsinlər. Ona görə də ünsiyyətin iştirakçıları  şüurlarında bir-bi­rinin daxili  aləmini  yaratmağa, hisslərini,  davranış motivlərini, əhəmiyyətli obyektlərə münasibətini  anlamağa cəhd göstərirlər. Başqa sözlə, bir-birini dəqiq qavramağa  və anlamağa çalışırlar. Qavrama və anlama  nə qədər dəqiq və ətraflı olarsa onların qarşılıqlı münasibətləri də bir o qədər səmərəli xarakter daşıya bilir. Fərd başqa adamları dərk etməklə onlarla birgə fəaliyyətin perspek­tivlərini daha yaxşı müəyyənləşdirmək imkanı əldə edir. Məhz onların  daxili aləmlərinin  dəqiq «öyrənilməsi» birgə fəaliyyətlərinin  mü­vəf­fəqiyyətlə  həyata keçməsi üçün mühüm şərtdir.
İnsanların bir-birlərini qavramalarının mexanizmləri. Məlum olduğu kimi, ünsiyyət prosesində  ən azı iki adam iştirak edir. Onlar bir-birilə informasiya mübadiləsi  aparır, bir-birinə qarşılıqlı təsir göstərir və bir-birlərini qavramağa, anlamağa çalışırlar. Bəs onlardan hər biri  digərinin zahiri davranış tərzinə görə özündə onun daxili aləmi barədə təsəvvürü necə yaradır? Bu sual  daima mütəxəssislərin diqqətini cəlb  etmiş və ciddi tədqiqatlar nəticəsində  onlar burada qarşılıqlı qavrama və anlamanın üç mühüm mexanizm əsasında baş verdiyini  aşkara  çıxarmışlar: eyniləşdirmə, refleksiya və stereotipləşdirmə.
Eyniləşdirmə – başqa adamın davranışını şüurlu və şüursuz  olaraq subyektin özünün davranış tərzlərinə  oxşatmaq, bənzətməklə  qavraması və anlamasından ibarətdir. Başqa sözlə, çox vaxt insanlar qarşılıqlı  əlaqə şəraitində özlərini qavradıqları adamın yerinə qoymağa cəhd göstərməklə onun daxili vəziyyəti, keçirdiyi hisslər, fikirlər, davranış motivləri və s. haqqında mülahizə yürütməyə çalışırlar. Bu zaman həmin adamın (və ya adamların) davranış tərzini bir növ həmin şəraitdə özlərinin keçirə biləcəkləri psixoloji hallarla eyniləşdirirlər. Özlərinin bu kimi şəraitdə keçirmiş olduqları və keçirə biləcəkləri hisslər və vəziyyət onları qavramaq üçün əsas olur.
İnsanın başqalarını qavraması zamanı təkcə subyektin  başqalarını anlaması deyil, onunla ünsiyyətə girən, təmasda olan fərdin onu necə qavraması və anlamasına diqqət yetirilməsi də vacibdir. Subyektin  ünsiyyətdə olduğu adamlar tərəfindən necə qavranıldığını dərk etməsi refleksiya formasında baş verir. Psixoloqlar refleksiyanı başqa adamları qavramanın tərkibinə daxil edirlər. A.B.Petrovskinin fikrincə, başqa adamı anlamaq qismən həmin adamın qavrayış sub­yekti kimi sənə  münasibətini dərk etmək deməkdir. Deməli, insan­­la­­rın bir-birini qavramasını güzgünün ikiqat əks etdirməsinə bənzətmək müm­­kün­­dür. İnsan başqasını əks etdirməklə, həmin başqasını əks etdirmə güzgüsündə  özünü də əks etdirir. Ünsiyyət prosesində eyniləşdirmə və refleksiya vəhdətdə baş verir.
İnsanların bir-birini qavraması və anlamasının  mexanizmi  kimi stereotipləşdirmə də xüsusi əhəmiyyət kəsb edir.
Stereotipləşdirmə – davranış forması və onun şərhinin artıq bizim üçün məlum olan və ya məlum hesab edilən hadisələrə,  başqa sözlə sosial stereotiplərə uyğun təsnifindən ibarətdir. Burada stereotip bir  ştamp kimi  istifadə olunan formalaşmış insan  surəti götürülür. Stereotipləşdirmə  sub­yektin  öz şəxsi təcrübəsini  ümumiləşdirməsi və bu zaman kitablardan, kinofilmlərdən aldığı məlumatların  ona əlavə edilməsi nəticəsində də yarana bilər. Bu zaman həmin bilik nəinki şübhəli, hətta yanlış xarakter daşıya, düzgün nəticələrlə yanaşı, tamamilə yanlış nəticələrə də gətirib çıxara bilər. Bu baxımdan stereotipləşdirmə kauzal atribusiyanın bir növ mexanizmini təşkil edir. Kauzal atribusiya latınca causa – səbəb və attribuo – vermək  sözlərindən əmələ gəlib şəxsiyyətlərarası anlama zamanı digər adamın davranışının səbəb və motivlərinin şərhindən  ibarətdir. Burada isə bəzən qabaqcadan yaranmış yanlış fikir  stereotipləşməyə əsaslı təsir göstərir.
Kauzal atribusiyanın  xarakteri müxtəlif şəraitdən asılı ola bilir. Belə ki,  məsələn, tanış olmayan adamı qavra­yarkən subyektin aldığı ilkin məlumat böyük rol oynaya bilər.
Psixoloqlar belə bir eksperiment aparmışlar. İki qrupda tələbələrə eyni bir adamın fotoşəklini  göstərmişlər. Birinci qrupda eksperimentator onu görkəmli alim kimi, ikinci qrupda isə cinayətkar kimi təqdim etmişdir. Hər iki qrupda  tələbələrə xarici görkəminə görə həmin adamı səciy­yə­ləndirmək tapşırılmışdır. Birinci qrupda yoxlanan tələbələr şəkildəki adamı səciyyələndirərkən göstərmişlər ki, bu adam çox gərgin işləyən, rəhimli, xoşxasiyyət, qayğıkeş, həssas, ağıllı adamdır. İkinci qrupdakı  tələbələr  əsaslandırmağa çalışmışlar ki, şəkildəki adam çox qəddar, inadkar, hiyləgər, xain adamdır. Şəkildəki eyni  detal, məsələn, göz bir halda  mehribanlıq və ağıllılıq, digər  halda kinlilik və qəddarlıq əlaməti kimi şərh olunmuşdur.
Buradan aydın olur ki, qavrama zamanı əldə edilən məlumat  ciddi şəkildə  insan sifətini – alim və cinayətkar  obrazları haqqında stereotipə  uyğunlaşdırmağa əsaslanmışdır.
Gündəlik müşahidələr və aparılmış tədqiqatlar insanların bir – birini qavraması və anlamasında onlar haqqında  ilkin təsəvvürün  yaranması da xüsusi rol oynadığını göstərmişdir. Bu cür asılılıq psixologiyada «oreol  effekti» («himayə  effekti») adlanır. Əldə edilmiş ilkin məlumatlar qavradığımız   adamlar  haqqında  bizdə müsbət və ya  mənfi  oreol  effekti yarada bilər. Birinci halda biz qavradığımız adamın bütün davranışına pozitiv, ikincininkinə isə neqativ münasibət bəsləməyə meylli  oluruq.
Məsələn, ilkin müşahidə və ya başqa müəllimin uyğun olmayan məlumatı  bizdə çalışqan  şagird haqqında  mənfi fikir yaradır. Nəticədə bu ilkin təəssüratın təsiri altında həmin şagirdin həqiqi keyfiyyətini qavraya bilmirik. Sanki onun ən yaxşı davranışını da görmək istəmirik. Bizdə həmin şagird haqqında mənfi  oreolun yaranması buna səbəb olur.
Əksinə, tənbəl, zəif şagirdlə ilk dəfə rastlaşarkən onun təsadüfi cavabı, başqa müəllimin onun haqqında yersiz tərifləri bizdə həmin şagirdə qarşı müsbət oreolun yaranmasına səbəb olur. Nəticədə şagirdin  cavablarındakı qüsurları hiss etməməyə  başlayırıq.
Uyğun olmayan həm müsbət, həm də mənfi  oreol eyni dərəcədə ziyanlıdır. Ona görə də  «oreol effektinin» qarşısını almaq üçün  adamları müxtəlif  şəraitdə  və vəziyyətdə  qavramaq tələb olunur. Bu zaman müsbət kauzal  atributun  yaranması, oreol effektinin  mənfi təsirinin aradan qaldırılması  mümkün olur.

 

0 şərh