Payız depressiyası

Payız… başa düşmək üçün qəribə, sevmək üçün romantik, yaşamaq üçün gərgin bir fəsildir. Bəziləri üçün bu çiçəklənmə və məhəbbət dövrü olsada, kimlər üçünsə depressiya, tənhalıq və gücün tükənmə dövrüdür. Bu fəsildə insanların təxminən hər 5 nəfərindən biri özlərinə qapanaraq müxtəlif psixoloji hallar yaşayır. Görəsən nəyə görə biz payızda darıxır, özümüzü pis hiss edirik?
Payız depressiyası haqda alimlərin və həkimlərin maraqlı fikirləri var. Onlar düşünür ki, orqanizmdə vitamin çatışmamazlığı və az hərəkətli həyat tərzi bu psixoloji vəziyyəti yaradır. Bəziləri düşünür ki, biz sadəcə məzuniyyətə çıxmaq üçün düzgün vaxt seçmirik. Arizona ştatının Tibb Universitetinin tədqiqatçılarının fikrincə isə həddindən artıq nəmişlik, evdəki hörümçək torları depressiyaya gətirib çıxarır. Torpaqdan bizim mənzillərimizə düşən zəhərli mikroskopik köbələklərin rüşeyimləri isti və nəm otaqlarda asta-asta yığılır və artır. Bu alerqiyaya, təngnəfəsliyə, baş ağrısına, göz və dəri xəstəliklərinə və s. gətirib çıxara bilər. Nəmişlik yuxuya mənfi təsir edir, iştahanı azaldır və insanın əhvalını pozur. Bunlar da depressiyanı yaradan əlamətlərdəndir.Depressiya insan psixikasını pozan çox ciddi xəstəlikdir.

Varlılar da depressiyaya düşür.

Depressiya halı hər kəsdə, hətta uşaqda da müşahidə olunur. İnsanlara xidmət edən, onlarla bilavasitə ünsiyyət saxlayanlar depressiya halına daha tez düşür. O ki qaldı kişi və qadınlara, əlbəttə bu indivüdal xarakter daşıyır. Amma nəzərə alsaq ki, qadınlar kömək üçün daha tez müraciət edir, kişilər isə özlərini güclü göstərərək bu barədə az şikayətlənir, deməli statistika kişilərin xeyrinədir. Amma unutmayın ki, varlılar da kasıblar kimi depressiyaya düşür. Çünki heç bir pul məbləği insana mənəvi rahatlıq verə bilməz. Tənha insanlar isə risk qrupuna aiddir.
payiz depressiyasi

Özünüzə “depressiyadayam” diaqnozu qoymağa tələsməyin

Hər şeydən əvvəl emosional vəziyyətinizin ağırlıq dərəcəsini qiymətləndirməlisiniz. Depressiya vəziyyətində olan insanın bütün maraqları itir, öz həyat tərzindən yaxud işindən zövq almır. Özünüqiymətləndirməsi aşağı olduğundan, özünü günahkar və köməksiz hiss edir. “Mən heç nəyə qadir deyiləm” kimi özünə münasibəti özünüreallaşdırmaqda və qərar qəbul etməkdə ona mane olur. Depressiya vəziyyətində insan ətraf aləmə və əhatəsində olan insanlara heç bir əhəmiyyət vermir, psixi və fiziki aktivlik zəifləyir, iştahası azalır, yuxusuzluq yaxud həddən artıq çox yatmağa meyl, kövrəklik, dalğınlıq, əhval-ruhiyyənin tez-tez dəyişməsi ilə təzahür olunur. Güclü depressiya vəziyyətində insan səbəbsiz yorğunluq halında saatlarla bir yerdə otura bilər.

Depressiyadan necə xilas olmaq olar?

Öz real təlabatlarınız haqda düşünün, hazırda nəyə ehtiyacınız var. Bütün güçünüzlə günəşin azlığını kompensasiya edin. Vaxtınızın çoxunu işıqlı məkanda keçirin. Hətta gecələr də yataq otağının işığını yanlı qoya bilərsiz. Axşamlar evdə televizor qarşısında oturmayın, havada gəzməyə çıxın. Yaxud 10 dəqiqəlik küçəyə çıxıb sadəcə səmaya baxın. Evdə, xüsusilə iş yerinizdə əhval- ruhiyyəni qaldırmaq üçün mavi, çəhrayı rənglərdən müxtəlif fon yarada bilərsiz.
Psixoloqların məsləhətinə görə depressiyaya düşməməyin ən yaxşı yolu daim işlə məşğul olmaqdır. Deyl Kornegidən onun nə vaxtsa depressiyadan əziyyət çəkdiyini soruşduqda, belə təm-tərağa vaxtı olmadığını deyib. Deməli, boş vaxt keçirməmək, gün rejimini düzgün bölmək lazımdır. Hər gün eyni vaxtda yatıb, eyni vaxtda qalxmaq, ən əsası öz bioloji saatınızı dəyişməməkdir.
Məsələn, evdar qadınlar yay məhsullarının konserviləşdirilməsi ilə məşğul ola bilər. Bu depressiyadan qorunmağın ən yaxşı yoludur. Depressiyanın ilk əlamətlərini özünüzdə müşahidə etdikdə banan, pendir, şokolad yemək, çaxır içmək məsləhətdir.
Əgər heç nə sizə kömək etməsə və depressiya halının gündən — günə artdığını müşahidə edirsizsə, onda psixoloqa, yaxud psixoterapevtə müraciət edin.
Bütün bunlara baxmayaraq özünüzü inandırın ki, payız, ilin gözəl fəsillərindən biridir. Çalışın ki, ətrafınıza pozitiv nəzərlərlə baxasınız. Belə olduqda nə payız, nə də qış depressiyası sizə qalib gələ bilməz.
Müəllif: Psixologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Mehmanqızı

0 şərh