Cinsi istismar

Heç kimə sirr deyil ki, bu gün iş axtaran əhalinin cüzi hissəsi tezliklə iş tapa bilir ki, bunun da bir qismi gənc qızlar və qadınlardır. Küçədə, meydanlarda, nəqliyyatda tez-tez rast gəldiyimiz, müxtəlif sahələrdə iş yerlərinin təklif olunduğu elanların böyük əksəriyyətində bir şərt qoyulur- gənc qızlar tələb olunur. Aydın məsələdir ki, belə elanlarla işəgötürən işçinin bacarığına deyil, başqa kriteriyalarına görə qiymət verir. Belə iş yerlərində qadınlar cinsi istismara təhrik edilir.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir ki, son illər iş yerlərində qadınların cinsi əlaqəyə təhrik edilməsi (seksual qısnama) hallarına tez-tez rast gəlinir: “ Əvvəllər bizim Mərkəzə bir ildə iki-üç qadın ancaq müraciət edərdi. İndi bu rəqəm sürətlə artır. ”. M. Əzizovanın sözlərinə görə, cinsi əlaqəyə təhrik edilənlərin iş yerləri isə müxtəlifdir: “Onların arasında dövlət strukturlarında işləyənlər də var, özəl sektorda çalışanlarda. Amma dövlət strukturlarında çalışanlarla müqayisədə, özəl sektorda belə hallara daha çox rast gəlinir. Əgər cinsi əlaqəyə təhrik edilən qadın təklifi qəbul etmirsə, ən yaxşı halda iş yerini itirməli olur”. M.Əzizova bildirib ki, əksər hallarda seksual qısnamaya məruz qalan qadınlar işlə imtahana çəkilirlər. Onların qarşısında konkret şərt qoyulur: “Ya təklifi qəbul etməlisən, yaxudda işdən qovulursan”. M. Əzizova deyir ki, “Gender bərabərliyinin təminatları haqqında” qanunla işəgötürənin işçini seksual qısnamaya məruz qoyması qadağan edilsə də, belə hallar adi hal alıb: “Avropa ölkələrində iş yerlərində cinsi istismara təhrik edilən qadınları müdafiə edən qanunlar var. İş yerində əgər qadına cinsi əlqəyə girmək təklif olunursa, o, müvafiq quruma müraciət edə bilər. Fakt sübut olunsa, qarşı tərəf məsuliyyətə cəlb edilir”.

Qadın onun işəgötürən tərəfindən cinsi əlaqəyə təhrik edildiyini məhkəmədə sübut etmək üçün ən azı bu barədə təklifi səsyazan qurğuya qeydə almalıdır. Amma digər tərəfdən Mülki Prosessual Məcəllənin 95.2. maddəsi gizli yolla yazılmış səs və video yazını sübut kimi qəbul etmir. Bu zaman sual yaranır ki, qadın seksual qısnamaya məruz qaldığını məhkəmədə necə sübut etməlidir? Əlbəttə, sual cavabsız qalır. Çünki Mülki Prosessual Məcəllənin 95.2 maddəsində bildirilir ki, qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. İki qanunun arasındakı bu ziddiyyət, “Gender bərabərliyinin təminatları haqqında” qanunun 11-ci maddəsinin işləməsinə imkan vermir. Belə çıxır ki, heç “Gender bərabərliyinin təminatları haqqında” qanununun qəbulunun heç bir əhəmiyyəti yoxdur”. Q. Məmmədovun sözlərinə görə, bu səbəbdən də cinsi əlaqəyə təhriklə bağlı cinayətlər qeydə alınmamış qalır: “Mənim təcrübəmdə hələ indiyədək belə bir hal olmayıb ki, hər hansı qadın seksual qısnama ilə bağlı məhkəməyə müraciət etsin. Çünki əllərində kifayət qədər tutarlı faktları olmur”. Q. Məmmədov deyir ki, nəzərə alınmalıdır ki, seksual qısnamada söhbət iki adamın arasında gedir: “Qadın belə halda kimi inandıra bilər ki, işəgötürən onu cinsi əlaqəyə təhrik etdi. Belə çıxır ki, həmin qadın bu barədə hüquq mühafizə orqanına məlumat verməlidir. Hüquq mühafizə orqanı orada dinləmə vasitəsi qurmalı, videoçəkiliş aparmalıdır. Bunun real olmadığı, praktiki baxımdan mümkünsüzlüyünü hər kəs çox yaxşı bilir. Ona görə də, mütləq qanunla səs yazmanın, video çəkiliş aparmaının özbaşına əməliyyat tədbiri hesab olunması mütləq aradan qaldırılmalıdır”. Vəkil bildirir ki, Azərbaycandan başqa dünyanın heç bir ölkəsində gender bərabərliyi belə məhdudlaşdırılmır. Q. Məmmədov deyir ki, qonşu Rusiyada belə, qanun seksual qısnamaya məruz qalan qadına ona bu təklifi edənin səsini yazıb məhkəmədə ifşa etməyə imkan verir: “Şərt “Gender bərabərliyinin təminatları haqqında” qanunu qəbul etmək deyil. Qanun həm də elə yazılmalıdı ki, icra mexanizmi işləyə bilsin. Amma bizdə qanun qəbul olunur, icrası isə praktiki baxımdan mümkün olmur. Bu bir daha adına ləkə düşməsindən ehtiyatlanan, seksual qısnamaya məruz qalan Azərbaycan qadınının hüququnu bir daha məhdudlaşdırır. Çünki seksual qısnamaya məruz qalan qadınların çoxu ailələrinin dağılmaması, yaxınlarının bu işdən xəbər tutmaması üçün məsələni açıb-ağartmırlar”. M. Əzizova da Mərkəzə müraciət edənlərin çoxunun onların cinsi əlaqəyə təhrik edilməsi barədə yaxınlarının xəbər tutmasından ehtiyatlandıqlarını təsdiqləyir. Onun sözlərinə görə, mentalitetin belə faktların üzə çıxmamasında rolu böyükdür: “Əgər Mülki Prosessual Məcəllənin 95.2 maddəsi səs yazmanı, videoçəkilişi qadağan etməsəydi, qadınlar çox asan şəkildə onları cinsi əlaqəyə təhrik edən rəhbəri ictimaiyyət qarşısında ifşa edə bilərdilər”. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov da sübutetmə faktının olmamasının işdə seksual qısnama hallarının artmasına gətirib çıxardığını söyləyir. S.Məmmədov deyir ki, özəl qurumların əksəriyyətində qanunsuz işdən çıxarılmanın səbəbi cinsi əlaqəyə təhrikedilmə olur: “Dövlət müəssisələrində qadınlar əmək müqaviləsinə imza atdıqlarından, belə hallara az təsadüf olunur. Amma özəl müəssisələrdə əksər qadınlar müqaviləsiz işləyirlər. Ona görə də özəl qurumlarda dövlət orqanlarına nisbətən daha çox problem yaşanır. Belə hallarla bağlı bizə də müraciətlər olur. Özəl qurumların əksəriyyətində qanunsuz işdən çıxarılmanın səbəbi cinsi əlaqəyə təhrikedilmə olur”.

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova isə deyir ki, rəsmi statistika olmasa da, kariyera baxımından ucalmaq istəyərkən qadınlar seksual qısnamalarla üzləşirlər: “Belə faktlar var və bu çox böyük problemdir. Bu zaman çoxları işdən azad olunmağa daha meyilli olurlar. Bizə bununa bağlı bir neçə müraciət olub, amma qadınlar bunu KİV-ə çıxarmaq istəmirlər. Çünki onda ümumiyyətlə, işlərini itirirlər. Heç bir işə götürən problemli qadın istəmir”. İ.Cavadovanın dediyinə görə, seksual qısnamalar həm dövlət strukturlarında, həm özəl strukturlarda baş verir. Bir çox dövlət strukturlarında kameralardan istifadə olunur, amma qadınlar seksual qısnamalara məruz qaldıqlarını sübut edə bilmirlər. İ.Cavadova hesab edir ki, qanunvericilikdə belə hallara qarşı çox ciddi sanksiyalar olmalıdır. “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralıyeva isə deyir ki, bir sıra Avropa ölkələrində qadınları cinsi istismara təhrik edən şəxslər cinayət məsuliyyətinə cəlb edilir: “Bu üsul Azərbaycan üçün də çox effektli ola bilər. Çox təəssüf ki, bizdə lazım olan insanları cəzalandırmırlar. Cinsi istismara məruz qoyulan qadınlar əməlinə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 100 manatadək cərimə edilir. Məcburiyyətdən, ya da aldadılaraq bu yola düşən qurbanları deyil, onlardan özünə qazanc mənbəyi düzəldən insanları cinayət məsuliyyətinə cəlb etmək lazımdır”. Birlik sədrinin sözlərinə görə, Avropa ölkələrində iş yerlərində cinsi istismara təhrik edilən qadınları müdafiə edən konkret qanunlar var: “İş yerində qadına cinsi əlqəyə girmək təklif olunursa, o, müvafiq quruma müraciət edə bilir. Fakt sübut olunsa, qarşı tərəf məsuliyyətə cəlb edilir və müəyyən edilmiş qədər həbs cəzası alır”. Problemin həllinə gəlincə, sosioloq hesab edir ki, həm qeyri-hökumət təşkilatları, həm də dövlət strukturları tərəfindən müxtəlif mübarizə üsulları həyata keçirilməlidir: “Adətən, bu problemin kökündə işsizlik, maaşların az olması, erkən nikah, ailə zorakılığı, boşanmalar kimi faktorlar durur. Ən əsası da, təhsilin və hüquqi maariflənmənin aşağı olması”. L.Mehralıyevanın fikrincə, bu məsələlər həll edilsə, bu problemi aradan qaldırmaq olar. Çünki, Azərbaycanda gender bərabərliyi, xüsusilə də qadın hüquqları sahəsində qanunvericilik normaldır, sadəcə bu qanunların işləmə mexanizmini yaratmaq və cəmiyyətdə güclü maarifləndirmə işi aparmaq lazımdır. Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev isə bildirib ki, qadınların iş yerlərində cinsi istismara təhrik edilməsi Azərbaycan ictimaiyyəti üçün o qədər də xarakterik hal deyil. Belə hallara çox da rast gəlinmir: “Bəlkə ona görə ki, müraciətlər edilmir, məhkəmə araşdırmaları aparılmır və məsələ ictimailəşmir. Ancaq belə halların tez-tez baş verdiyini deyə bilmərəm. Qadın və ya kişi olmasından asılı olmayaraq hər kəsin hüquqları pozulursa, bunun üçün Cinayət Məcəlləsində konkret maddələr var. Vəzifədən sui-istifadə, səlahiyyətlərdən sui-istifadə məhz belə hallar üçün nəzərdə tutulan və cinayət məsuliyyəti yaradan əməldir. Maddədə konkret göstərilmir ki, zərərçəkən kişi olduqda, yaxud qadın olduqda. Azərbaycan qanunvericiliyi işçilərin cinsiyyətə görə bölgüsünü aparmır. Cinayət maddəsində təhriketmə maddəsi var və buna görə də konkret cinayət məsuliyyəti nəzərdə tutulur. İstismara məruz qalan qadın da ola bilər, kişi də. Hüquq hamı üçün eynidir. Amma müraciət olmalıdır və fakt təqdim edilməlidir”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, Azərbaycanda qadınların iş yerlərində cinsi istismara təhrik edilməsi problem adlandırılacaq səviyyədə deyil: “Hər hansı hüquq pozuntusu, o cümlədən cinsi istismara təhrik zamanı da hər bir insan, həmçinin qadınlar da hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Bununla bağlı qanunlarda boşluq yoxdur. Şəxs polisə, prokurorluğa müraciət edir, ekspertiza aparılır, qarşı tərəf də yoxlanır və fakt təsdiqlənirsə, təhrikçi şəxs cinayət məsuliyyətinə cəlb edilir. Bu məsələdə çətinlik ondadır ki, mütləq sübut təqdim olunmalıdır, şahid olmalıdır. Amma istismara məruz qalmış qadın belə müraciət etməyə maraq göstərmir. Yaxud polisə gec müraciət edir. O zaman müraciət edir ki, artıq sübutlar itib. Tutalım, bu, mobil telefona göndərilmiş mesajdır. Telefon zəngləridir və sair. Bunun üstündən xeyli vaxt ötüb və sübutları təqdim etmək artıq mümkün deyil. Şahid məsələsində də çətinlik yaranır. İnsanlar şəxsi maraqlarını güdərək, deyək ki, müəssisə rəhbərinə qarşı şahidlik etmək istəmirlər. İş yerini itirmək təhlükəsi var və sair. Ona görə də qarşı tərəfi məsuliyyətə cəlb etmək çətinləşir. Ola bilsin ki, cinsi istismara təhrik edilmiş qadın bunu bildiyindən müraciət etməyə həvəsli olmur. Digər tərəfdən, etiraf etməliyik ki, idarə, müəssisə rəhbərinin qadına bu cür əxlaqsız təklif irəli sürməsinə bəzən qadınlar özü əsas verir. Hərçənd, qanunda göstərilir ki, heç bir şəxsin davranışı ona qarşı neqativ hərəkətə təhrik edə bilməz. Qanun buna imkan vermir.

Amma bu da faktdır ki, bizim bəzi gənc qızlarımız işə düzəlmək istəyəndə təhsillərini, işlə bağlı peşəkarlıqlarını deyil, xarici görkəmlərini ön plana çıxarırlar. Elə bil onlar işləməyə yox, moda nümayiş etdirməyə hazırlaşırlar. Savadları, bacarıqları ilə deyil, xarici görkəmləri hesabına iş tapmağı və işdə qalmağı düşünürlər. Belə olan halda, nə qədər qanunsuz olsa da, onlara müxtəlif təkliflər gəlməsi və təhrik edilmələr də, təəssüf ki, təbii görünür. Qoy qadınlar məndən inciməsin, amma bir qisim qadın var ki, buna özü şərait yaradır. Təbii ki, biz hamını nəzərdə tutmuruq. Əxlaqsız rəhbərlər də var. İstənilən halda, şəxsin müraciəti əsasdır. Problem burasındadır ki, qadın işini itirməmək üçün əvvəlcə susur, qınaq obyektinə çevriləcəyindən ehtiyat edir. İşdən çıxarılandan sonra, ya da təhriklər intensivləşdikdən sonra müraciət edir. Əslində isə qadın bu proses başlayan andan hüquqlarının müdafiəsinə qalxmalıdır. Belə hallar üçün polis var, həmkarlar ittifaqları var. Kollektivdə birlik olmalıdır. Və hamı birləşib bu faktı ifşa etməlidir və həmin təhrikçi şəxs də ictimai qınaq obyektinə çevrilməlidir, onun məsuliyyətə cəlb edilməsinə nail olunmalıdır. İstənilən halda müraciətin predmeti olmalıdır. Çünki sui-istifadə hallarının olması da mümkündü”. M.Zeynalova təklif edir ki, əgər iş yerlərində cinsi istismara təhrik hallarının artdığı hesab edilirsə, yaxşı olar ki, iş yerlərində sorğular keçirilsin. Və bilinsin ki, bu, həqiqətən problem səviyyəsindədir, yoxsa yox: “Şəxsən bizim təşkilata uzun illərdir analoji müraciətlər daxil olmur. Ola bilsin kimsə çəkinir, ehtiyat edir, düzgün başa düşülməyəcəyindən ehtiyatlanır. Ona görə də mütləq sorğular keçirilməli və dəqiq araşdırmalar aparılmalıdır. Qadın susursa, onun problemini həll etmək mümkün deyil. Qadınlarımız isə hələ ki, susur”.

Mənbə: 525-ci qəzet
Müəllif: Sevinc QARAYEVA

 

0 şərh