Flora Kərimova

Flora KərimovaAtam əslən qəbələlidir. Mən Şıx nəslindənəm. Babamın Qəbələdə məqbərəsi var, adına Şıx baba deyirlər. Ata nənəm Zöhrənisə xanım övliya olub. Ana nənəm Səltənət xanım ağır seyidlərdən idi. 

Ata tərəfim bəylər nəslindəndir, Kərimbəyovlardan. Əmim Almaniyada universitet bitirib. Mir Cəfər Bağırovun dövründə, deyəsən, dəmiryolu sahəsi üzrə nazir işləyib. Kərimbəyov soyadı ilə gedirdi. Artıq dünyasını dəyişib. Xaricdə təhsil aldığına görə ona münasibət fərqli idi. Bəlkə soyadını dəyişməməsinin səbəbi bu idi. Ancaq qardaşları, əmioğlular, atamgil ona görə dəyişdilər ki, onları heç yerdə universitetə, sonra isə işə qəbul etməyəcəklərini bilirdilər.  
Ana tərəfim — şuşalıdır. Anamın atası qəssab olub. Şuşada qəssab Abış adı ilə tanınıb. Deyilənə görə, çox yaxşı insan idi. Kasıblara əti nisyə verərmiş, sonra heç pulunu da almazmış. O dövrdə bazarda şəxsi mağazası varmış.

Uşaqlığınız Qəbələdə keçib, yoxsa Şuşada? 
Elə ikisində də. İkisi də səfalı yerlərdir. Qarış-qarış gəzmişəm oraları. Şuşanı da çox sevirdim. Ana tərəfim bəlkə də şuşalı olduğuna görə sənətə çox meylli idilər. Yadımdadır ki, ana babamın çox gözəl səsi var idi. “Şuşa muğam üstündə ağlayır” deyirlər. Xalamın, dayımın da səsi var idi. Mənim səsim sən demə, babamdan genetik ötürülən səs imiş, sonradan başa düşdüm. Anam da çox gözəl oxuyardı.  Maraqlıdır ki, Şuşada doğulan müğənnilərin səsinin beyin və sinə səs imkanları vəhdət təşkil edir. Sinə səsi — duyğuluq, insanlıq gətirir. Beyin səsi ancaq səsin diapazonunu əks edir və hissiyyatdan bir az kənar olur. Ancaq Şuşanın səsində sinə ilə beyin səsinin vəhdəti olur. Yəni həm yuxarı notlarda istilik olur, sevgi olur, həm də aşağı notlarda. Xan Şuşinskinin zildə də səsi adamı yandırırdı, bəmdə də. Rəşid Behbudov, Zülfü Adıgözəlov, ya da Seyid Şuşinski zildə də, bəmdə də o qədər yanğılı oxuyurdular ki, təsirlənməmək mümkün deyildi. Təbii ki, o biri regionlarda da səslər olub. Abşeronda və başqa regionlarda. Amma nadir hallarda bu ikisi vəhdət təşkil edib. 

Müharibə dövrünün əksər uşaqları kimi, biz də ehtiyac içində yaşamışıq. Atamı müharibəyə apardılar, anam qaldı tək. Çox çətin idi. Atam müharibədən qayıtdı. Amma çox keçmədi ki, onlar ayrıldılar. Mən anamla qalırdım. Həyat məni üşüdürdü o zamanlar, çox üşüyürdüm. Fiziki yox, mənəvi, ruhi. Mənə elə gəlirdi ki, bütün həyatım borandı, çəndi, tufandı, leysandı. O dövrdə ürəyim də açılmadı, eynim də. Və o dövrün cavanlığını, yetkinliyini, sevincini yaşaya bilmədim. Onların ayrılmağı çox üzürdü məni. Anam dünyasını dəyişənə, canını tapşırana qədər atam haqqında bir kəlmə də pis danışmadı, onu mənim gözümdən salmadı. Atama olan heyranlığımı bir saniyə də olsun məni söndürmədi. Hər atamı görməyə gedəndə ürəyim ağrıyırdı. Düşünürdüm ki, niyə bir yerdə deyilik axı? Çox şeyləri özümə dərd edirdim. Qardaşım ilk dəfə eynək taxanda, bacımın harasısa ağrıyanda fikir edirdim. Mən onları özümdən heç zaman uzaq tutmurdum. Ancaq evə gələndə bir anam, bir mən qalanda üzülürdüm.  Atama olan sevgi və qayğısı yetimliyimi mənə hiss etməyə qoymurdu. Yadımdadır, atam Moskvaya elmi dərəcəsini müdafiəyə gedəndə həmişə mənə yazırdı ki, qızım, Allah qoysa, müdafiə eləyim, sənə hədiyyə alacağam. Həftələrlə o kağızlar balışımın altında olardı, çıxarıb oxuyardım, yenə də qoyardum balışımın altına… 
Və düşünürdüm ki, məni sevən, sonrakı övladlarından ayırmayan bir atam var. Atam hiss edirdi ki, qanadımın biri qırıqdır, o boşluğu doldurmaq istəyirdi. Atam 1983-də, anam 1978-də dünyalarını dəyişdilər. 

Mən uşaqlıqdan oxuyurdum. Nənəm çox sevirdi səsimi, həmişə deyərdi oxu, qulaq asım. Çox böyük diapazonlu səsim var idi. Kövkəb xanım Səfərəliyeva o vaxt bizim qapıbir qonşumuz idi, səsimi eşidib valeh olmuşdu. O, Asəf Zeynallının nişanlısı idi. Asəf Zeynallı cavan ikən dünyasını dəyişəndən sonra ailə qurmadı Kövkəb xanım. Eləcə də nişanlı-nişanlı dünyadan köçdü. Hər ikisi çox kübar ailədən idi. Yadımdadır, mən oxuyanda Kövkəb xanım həmişə qapımızı döyüb deyərdi: “Aman, qızım, oxuma, səsin korlanar”. 

O vaxt Livandan bir erməni qadın gəlmişdi, Gövhər Qasparyan.  Şüşə səsi var idi. Bu qadını tərifləyib o qədər şişirtmişdilər ki. Gövhər Qasparyan artıq SSRİ-də ad çıxarmışdı. O vaxt SSRİ-nin marağında idi ki, Livandan gələn ermənini biz belə yüksəklərə qaldırırıq.  Kövkəb xanım deyirdi ki, niyə ermənilərin Gövhər Qasparyanı olsun, sənin səsin qat-qat ondan yaxşıdı. Yetkinlik dövrünə qədər oxumağı mənə qadağan etmişdi. Qulaq asmırdım. Səsim qonşuları bürüyürdü.  
13 yaşımda gəldim özfəaliyyətə, səsimi dinləyən kimi çıxartdılar professional səhnəyə. Bax onda rəhmətlik bəstəkar Səid Rüstəmov bəlkə də zarafat eləyərək, deyirdi ki, ay qızım, bu Flora adı nədir? Təlaş içində cavab verirdim, anam qoyub bu adı, qoymaram dəyişələr.

gənc Flora
Deyəsən, əvvəllər başqa səslə oxuyurdunuz? 

Yox. Soprana idi. Lirika kalaturnaya soprana. Sonra oldu dramatik soprana, sonra da gəldi alt.

Flora xanım, siz ilk dəfə məşhur cərrah, böyük bir nəslin nümayəndəsi olan İbrahim bəy Topçubaşovla ailə qurdunuz.  İbrahim bəylə tanışlığınız harada oldu? 
İbrahim bəy çox böyük insan, həm də gözəl həkim idi. Eyni zamanda musiqiyə böyük həvəsi vardı. Həvəskar bəstəkar idi, gözəl mahnılar bəstələyirdi. Bir dəfə məni studiyada gördü. Sən demə, çoxdan can atırmış tanış olsun. O, mənə mahnı verdi. Tez-tez gəlirdi bizə, bir mahnını aylarla məşq edirdik. Daha yığılmışdım boğaza. Biz anamla tək idik deyə, necə istəyirdik evdə danışırdıq, geyinirdik.  Anam rəhmətlik hərdən hündürdən danışırdı. Şuşada dağlarda böyüyən qız — Anam Şuşa ləhcəsi ilə, mən isə ədəbi dildə danışırdım. 

Deyirlər, İbrahim bəy çox yaraşıqlı kişi olub... 
Çox yaraşıqlı idi. Həm də gözəl cərrah idi. Dünyada ilk dəfə musiqi ilə cərrahiyyə əməliyyatı edirdi və uğurla da alınırdı. Saatlarla otururdu bizdə.  Bir mahnını nə qədər məşq eləmək olar? Mən də heç nə başa düşmürdüm, uşaq idim də,...  aramızda 20 yaş fərq var idi. Məşq saatlarla davam edirdi. Hirslənirdim, deyinirdim, İbrahim müəllim, mən artıq öyrənmişəm, bilirəm. Kimə deyirsən? O biri gün yenə gəlirdi. Hər dəfə də bir hədiyyə ilə. Çox bahalı hədiyyələrlə. O hədiyyələr də məni əsəbiləşdirirdi. Bir dəfə təkidlə dedim ki, bizə hədiyyəsiz də gəlmək olar. Belə, belə, bir də gördüm ki, həyat yoldaşı ilə ayrılmağa qərar verdi və ayrıldı da. 

Mənə görə Azərbaycan KP MK-nın I katibi Vəli Axundov İbrahim bəyi neçə dəfə yanına çağırdı: ona təsir etmək istəyirdi. Bütün ailə qalxdı ayağa. Məni də çağırırdılar “yuxarılara”, suallar verirdilər. Amma bütün bunlara baxmayaraq, İbrahim bəyin təkidi ilə biz ailə qurduq.

Övladınız oldu? 
Övladımız olacaqdı, amma ölümündən sonra mən istəmədim.

İbrahim bəydən sonra sizə təzyiqlər oldu? 
Sağlığında daha çox idi. Məni efirə buraxmırdılar. Çünki çox dikbaş idim. Məsələn, deyirdilər bu mahnını belə oxuma, bu sözü belə demə — mən isə öz bildiyimi edirdim. Yadımdadır ki, bir dəfə Nəbi Xəzri, AzTV-də sədr müavini olan zaman mənə dedi: 
— Ay qızım, niyə dekolte geyinirsən? 
Dedim: 
— Nəbi müəllim, nə olur axı geyinəndə? 
Bilirsiniz, bizim evdə mənə qadağa yox idi, mən bu sözlərə alışmamışdım. Bilmirdim ki, ilk dəfə dekolte geyinəndə inqilab etmişəm. Bilmirdim ki, səsdə ehtiras, hıçqırıq, hərarət, dözümsüzlük nədir. Bunlar hamısı təbiətdən gəlirdi deyə, səsdə olan bu fövqəladəliyi başa düşmürdüm. Həyatımın təhlükəli anlarında, həyatımı risqə atıb mübarizəyə başlayanda məndən həmişə soruşurdular: “Flora xanım, qorxmursuzmu?”. Cavabda, qorxa-qorxa qorxudan çıxmışam deyirdim. Siyasi fəaliyyətim olan vaxtlar məni həbs etmək istəyirdilər. Bunların hamısı həyatımda bir qorxu idi və mən o qorxunun özünü məhv etdim. Heç vaxt kənardan özümə müsbət insan kimi baxmıram. Heç vaxt özümü tərifləməmişəm. Son neçə illər bəlli insanlar mənim səsimə, şəxsiyyətimə sataşanda, dönə-dönə oxucularımdan üzr istəyirəm, məhs onda kim olduğumu onlara sübut etmək məcburiyyətində qalıram. 
Ümumiyyətlə, Allah-Təalaya ağır getməsin, səsi verməklə xoşbəxtliklə bərabər həm də məni bədbəxt etdi.

Flora xanım Kərimova
Sizə qarşı olan təzyiqləri nəzərdə tutursunuz? 

Doğulan gündən indiyə qədər çox əziyyətlər çəkirəm. Qurban olum Tanrıya, özü bilən məsləhətdir. Təbii ki, indi səsimi əlimdən alsa, mənə böyük zərbə olar. O səsi də, o diapazonu da, o yanğını da saxlayıb indiyə qədər. Bu isə çoxlarına rahatlıq vermir, çalışırlar məni məhv etsinlər. Əgər əllərində ixtiyar olsaydı, səsimi də batırardılar, özümü də rüsvay eləyərdilər. Gücləri çatmır, mənə yox, Allaha gücləri çatmır.  Nədir bu paxıllıq, nədir şər-böhtanlar?! İstəyirəm fikir verməyim, baş qoşmayım, olmur, dözmək olmur. 

Şair Vahid Əzizin sözlərinə yazılmış belə bir mahnınız da var... 
Bəli, bu baha satan, ucuz alan dünyaya Vahid Əzizin sözləri ilə cavab verirəm.

Heç bilməzdim daşın belə ağırdı 
Bəxtin belə biçarədi, fağırdı 
Gedəcəyəm, göylər məni çağırır 
Daha yerdə dözmək olmur, əzizim!

Eləcə, arzularım nakam qalan dünyada, çarpışa-çarpışa, vuruşa-vuruşa ömrümü başa verirəm. 
Yaşatdığım, nəfəs verdiyim mahnılar və hardasa varlığı ilə üzüldüyüm, enerji itirdiyim mahnılar… Amma bu gün yaşayıramsa, bundan sonra yaşayacağamsa, hələ çox müddət mahnılarım səslənəcəksə, həmişə deyəcəklər, ilk ifaçısı Flora olub. Məndən sonra mahnılarımı heç kim məndən yaxşı oxuya bilməyəcək, buna əminəm. 


Ümumiyyətlə, həyatım çox keşməkeşli idi. İbrahim bəyin ölümündən bir neçə il sonra Faiq bəylə ailə qurdum. Qızımız Zümrüd anadan oldu. Sən demə, çox xoşbəxt idim.  Onu da duya bilmirdim. Nə isə həmişə narahat edirdi məni, qorxu içində yaşayırdım. Ev almaq istədik, aldıq da. İndiki evimi deyirəm. O zaman ev almaq fövqəladə hadisə idi. Faiq o evi mənim üçün alana qədər bizimki bizə dəyirdi. Anonim yazıların ardı-arası kəsilmirdi. İbrahimi Mərkəzi Komitəyə çağırdıqları kimi, indi də Faiqi KQB-yə və xalq nəzarəti komitəsinə, prokurorluğa çağırırdılar.  
Çox incidirdilər Faiqi. Hətta mənə görə onu dəfələrlə həbs etmək istəyirdilər. Amma heç nəyə baxmayaraq, Faiq o evi mənə hədiyyə etdi. Allah ona rəhmət eləsin! 

Faiq bəy avtomobil qəzası nəticəsində dünyasını dəyişdi? 
Bəli. Qızımın 6 yaşı vardı, təzə məktəbə gedirdi.

Flora xanım, siz bir çox mahnılar oxumusunuz. Bunların arasında xüsusi olaraq İbrahim bəy Topçubaşova, Faiq bəyə həsr elədiyiniz mahnılar olub? 
İbrahim bəyə mahnı həsr eləməmişəm, nə varlığında, nə yoxluğundan sonra. O öz mahnılarını mənə həsr edirdi.  Faiqə isə… Təzə rəhmətə getmişdi. Bir gün Zivər xanım Ağayeva mənə zəng etdi. Dərdimə həsr olan şeiri mənə oxumaq istədi. Görüşdük. O qədər təsirləndim ki, elə onun yanında rəhmətlik Elza xanım İbrahimovaya zəng elədim. Dözmədi, gəldi bizə. Gözəl bir mahnı alındı. “Yoxluğunu bilə-bilə”. 

Yanağımda göz yaşlarım 
Süzülübdür gilə-gilə, 
Gözləyirəm sən siləsən 
yoxluğunu bilə-bilə.

Ürəyimi eləyib qan 
zülmətlərdə dayanmışam. 
Gözləyəcəm səhər axşam 
yoxluğunu bilə-bilə.

Sənsiz dünyam geyib qara, 
Qəlbim olub para-para 
Boylanacam bu yollara 
Yoxluğunu bilə-bilə...

Solub qönçəm, solub gülüm 
Viran qalıb sevən könlüm 
Axtaracam səni gülüm 
Yoxluğunu bilə-bilə..

Kimləri itirmişəm, ay Allah! Mən səsimlə yol açdığım qədər onlar da mahnıları ilə yol açdı Azərbaycan musiqisində. 
Sən demə, bu mahnı çox qadınların ürəyinə od salıbmış. Gəldim evə, səhərə qədər zənglər dayanmadı… Bilmirəm telefonumu hardan tapmışdılar, zəng eləyib hönkür-hönkür ağlayırdılar. Səhərə qədər o göz yaşlarında boğuldum. 



Sizin bir gözəl mahnınız da var və inanmıram ki, onu sizdən kimsə o cür yanğı ilə oxuya bilə. “Baxma bu qatarın dalınca, baxma...”.
 
Gözəl mahnıdır. O mahnını mən xoşbəxt vaxtlarımda oxumuşam. Mobil Babayevdən xahiş elədim, yazdı. Əvvəllər elə bilirdim ki, o mahnının sözləri Vaqif Səmədoğlunundur. Sən demə, Ramiz Rövşənin imiş.

Qürbətdən gələndən sonra “Ey vətən”i də çox böyük yanğı ilə oxudunuz... 
(Ah çəkir). Bəli. Bunu da Elza İbrahimova xüsusi olaraq küsüb Polşaya gedən ərəfədə mənə həsr eləmişdi. Yadımdadır, Polşadan gələndən sonra mahnını o vaxt AzTV-də “Səhər görüşləri”ndə oxudum. Bir neçə müddətdən sonra dahi Rəşid bəy (Rəşid Behbudov nəzərdə tutulur — red.) bu mahnını böyük coşqu ilə oxudu.

Nə qədər qaldınız Polşada? 
Gedirdim, gəlirdim. 1978-ci ildə qayıtdım. Ondan sonra qızımın atası buraxmadı. Polşadan boşanma kağızı böyük zülmlə Faiq 7 il Polşa – Azərbaycan arasında çarpışandan sonra nəhayət əldə edə bildi. Nikahımızda (1985-ci il) qızımız Zümrüd Faiqin qucağında çəkdirdiyimiz şəkil o gündən bizə yadigar qaldı. Faiq məni düz 12 il – ilk dəfə görüşdüyümüz 1973-cü ildən 1985-ci ilə qədər gözlədi. 
Bir mahnı da var, sırf mənim həyatıma həsr olunub. Təzə mahnıdır. Musiqisini Hatəm bəy yazıb, sözləri İkram Əliyevindir. 

Min nəfərə bir dərd varsa, 
Hökmən gəlib tapar məni 
Yer üzündə bir it varsa, 
Gəlib tapıb qapar məni. 


Sizin son 20 ildəki mübarizəniz biz nəslin gözünün önündə olub. Peşman deyilsiniz ki?
 
Qətiyyən. Vətən naminə, insanlar naminə, Şuşam, Qarabağım naminə mübarizə aparmışam. Niyə peşman olmalıyam ki? Hərdən deyirlər, axı sən sənətkarsan, filankəslə oturma, filankəslə çıxma və s. Mənim isə onlara bir cavabım var. Bəlkə də bu standart, populist cavabdır, amma heç vaxt öz xalqımdan-qanımdan yüksək ola bilmərəm. Məni yaşadan millətdən, qanı qanımdan olan, məni sevən millətimdən, xalqımdan, heç vaxt yüksək ola bilmərəm. Kim oluramsa-olum, iki varlığa borcluyam — səsimlə Tanrıya, bu günümlə, nüfuzumla, vətəndaşlığımla, sevgimlə — millətimə, xalqıma, onun mahnılarımı eşidəndə göz yaşı axıdan sevgisinə borcluyam. Ümumiyyətlə, varidatın mənə zərrə qədər də aidiyyəti yoxdur.  Qızım deyir ki, oturma bu maşına. Sürdüyüm, adını lakqa-luk qoyduğum köhnə Audi-ni deyir. Nə vaxtsa, o maşını Azərbaycanda oğlumun hədiyyəsi olaraq mən sürdüm. Mən utanmıram. Oğlum ordan, “ana, gəlib sənə başqa maşın alacam” deyir. Qoymuram. Mən təzə maşına oturmağa utanaram. Niyə? Çünki məni neçə ildi sınıq-salxaq maşında görürlər. Və həmin o sınıq-salxaq maşında dərdlərim gedib. Dərdlərlə oturmuşam maşına, getmişəm dərdimin dalınca. O maşınla meydana getmişəm millətimin mənəviyyatını qorumağa. Öz mənəviyyatımı qorumaq üçün məhkəmələrə getmişəm. O maşın mənim yol yoldaşımdır, ömür yoldaşımdır. Mən o maşından düşməyəcəyəm.

Bu illər ərzində itirdikləriniz çox oldu? 
Bəli. İlk növbədə şəxsi həyatım oldu. Sevdiklərim oldu. Övladlarım didərgin düşdülər buradan. Mən istəməzdim ki, oğlumu, nəvələrimi görəm? Nəvəmin birinin 20 yaşı tamam oldu, o birinin 13.  (Kövrəlir). Kiçik nəvəmi bircə dəfə görmüşəm.  Nəvələrim mənsiz böyüdülər. Nənəlik eləmədim onlara. Böyük oğlumun artıq 45 yaşı var. Övladlarım yayda gələndə balış kimi bir qolumun üstünə artıq saçı ağarmış oğlum başını qoyur, o biri qolumun üstünə də qızım. Qollarım şişir, amma dəymirəm. Çünki o anları hopdurmaq istəyirəm içimə. Həyat yoldaşımın biri ilə xoşbəxtliyimi başa düşmədim, çünki çox gənc idim, o birisini duydum, əcəl əlimdən aldı... 
 Flora xanım qızı və oglu ilə 
Qazandığım isə xalqımın məhəbbəti, sayğısı oldu. Şəxsiyyət kimi sözümü deyə bilmək, qorxa-qorxa qorxudan çıxmaq oldu. Hətta övladlarımın itkisindən belə qorxmadım.  Qızımı indi getdiyi həyat yoldaşına üç il istədilər, vermədim. Sonra düşündüm ki, yaxşı, Flora, sən başını qoydun yerə. Kimə qoyub gedirsən övladını,hansı mühitə? Mənim müxalifətçi adım mənim arxamca gedirsə və adi məhkəmə çəkişmələrini haqlı ola-ola uda bilmirəmsə, qızımın günü nə olacaq burda?Adımın əziyyətini, ağrısını, faciəsini məndən sonra çəkən övladlarımı ruhum qoruya biləcəkmi?!

Harada yaşayır övladlarınız? 
Qızım — İngiltərədə, oğlum isə Almaniyada. Ancaq qürbətdədilər də...İldə bir dəfə gördüyüm övladlarımın üzünə həsrətəm.

Flora xanım, bu sizin taleyinizdir və siz onu yaşamısınız. Taleyinizlə barışırsınız? 
Əsla. Heç vaxt barışmamışam və barışmaram. Həmişə mübarizədə olmuşam, olacam da. Barışsaydım, yaşamazdım.

Müəllif: Südabə Sərvi 
Mənbə: «El» jurnalı 

 
loading...

8 şərh

asel
Flora xanımın tək qızı olduğunu bilirdim. Amma sən demə oğlu da varmış:))
pascal
Belə gözəl topikə görə, çox sağ ol, Apollon. 
Mən bu qadının xəstəsiyəm. Mənə görə hal-hazırda Azərbaycan estradasında ondan güclü səs yoxdur. Elə ondan səmimi müğənni də tanımıram. Flora xanımın səsi müzakirə olunası bir səs deyil. Onu bütün Azərbaycan sevir. Sevməyən isə, ya o səsdən anlamayan, ya da ancaq ona düşmən insanlar ola bilər. Allah ona bu gözəl səsi çox görməsin. Nə qədər o yaşayır, nə qədər biz yaşayırıq, bu səs bizim ruhumuzun qidası olacaq. Allah canına sağlıq, səsinə güc versin həmişə. Amin!
asel, mən bildiyim qədərilə, o oğlan onun öz oğlu deyil. Mənəvi övladıdır, səhv etmirəmsə. Öz ovladı Zümrüddür. O qıza baxanda «Mehman» filmindəki Flora xanımı görürəm elə bil. :) 
_BUMERANQ_
Elə mən də bildiyim qədərilə o oğlanı Flora xanım övladlığa götürüb.
imtogrul
həm gözəl xanım, həm də gözəl səsə malik müğənni… ən çox bu adı eşidəndə «Gün keçdi» filmindən bir mahnı yadıma düşür:


Bir axşam taksiden düşüb payiza
bilmedik haraya, hayana gedek
Deniz sularini qatib dayaza
deniz de baglandi yay kinosutek.
  
pascal
Apollon savaba çatdı. ;) Bu xanımı sevənlər burda da çoxdur. Amma haqqında müfəssəl yazı yox idi deyəsən. :)
_BUMERANQ_
Səsi ilə qəlblərə toxuna bilən ifaçının sevəni də çox olmalıdı. :)
asel
Mən Flora xanım deyilən kimi ilk yadıma düsən SEVGİMİZ ELƏ BU QƏDƏRMİŞ..- mahnısı olur. Çox sevirəm bu ifanı, həm də çooooxxxx…
Apollon
Oxuyub dəyər verən hər kəsə təşəkkür edirəm. :)