Koko Şanel haqqında bilmədiklərimiz

Əsl adı Qabriel Bonhör olsa da, dünya onu Koko Şanel kimi tanıyır. 1883-cü ildə Fransada dünyaya gələn bu xanım 88 il ömür sürüb. O, Fransanın əfsanəvi dizayneri, “Chanel” markasının yaradıcısıdır.

Koko “Time” qəzetinin “Əsrin ən önəmli 100 insanı” siyahısına düşən yeganə dizaynerdir. İlk dəfə qadınlar üçün şalvar hazırlayan, qadınları bezdirici tül geyimlərdən, korsetlərdən xilas edən məhz Koko olub. O, çox keçmədən “Kiçik qara don”u dəbə salıb və bu donla sadəliyin, eyni zamanda, şıqlığın nə demək olduğunu sübut edib.

1960-cı illərdə Odri Hepbern “Tiffanidə səhər yeməyi” adlı filmdə kiçik qara don geyinərək onu daha da populyarlaşdırdı. Qısa, qara don indiki dövrdə belə, xanımların ən vaz keçilməz geyimidir.

Koko Şanel haqqında o qədər çox yazılıb ki, onunla bağlı yeni bir fikir söyləmək, demək olar ki, mümkünsüzdür. Ancaq Koko Şanelin sirlərini üzə çıxardığını iddia edən Mari-Dominik Löliev “Chanel&Co” adlı kitabında onun haqqında daha öncə heç yerdə eşitmədiyimiz məlumatları təqdim edib. Yazar bu məlumatları Koko Şanelin ən yaxın dostları və onun qohumları ilə söhbətləşərək üzə çıxarıb.

* Sevgilisi Etyen Balzan Kokoya eyni evdə yaşamağı təklif edir. Bir dəfə gecə yolda yeriyən sevgililər dilənçi ilə qarşılaşırlar. Koko dilənçini dərhal tanıyır. O, Kokonun atası idi, onu yetimxanaya atıb getdikdən sonra bir daha axtarıb maraqlanmayan atası… Koko bir anda Etyenə tərəf dönür və onunla birlikdə yaşamağa razı olduğunu söyləyir.

* Həyatının son illərində Kokonun saçı seyrəlmişdi. O, bunu birüzə verməmək üçün qeyri-adi üsula əl ataraq, daim istifadə etdiyi şapkasının ön tərəfinə kəkil yapışdırmışdı. Beləcə, daim gur saçları ilə öyünə bilirdi.

* Kokonun eşq macərası yaşadığı məşhur simalardan biri rejissor Lukino Viskonti olub. Qeyd edək ki, Viskonti homoseksual idi. Kokonun kişilərə meyl edən Viskontini özünə necə aşiq etdiyini heç kim bilmir.

* Çantalarından birini “Bagagerie” adlı markanın modelindən ilham alaraq hazırlayıb. Daha doğrusu, həmin modeli olduğu kimi götürüb. Ancaq o dövrdə heç kim Kokonu plagiatçılıqda günahlandırmamışdı.

* Koko 70 yaşdan sonra çox qısa ətəklər geyinməyə başlayıb. Bu, o dövrün dəbi ilə əlaqədar idi. Şübhəsiz, Koko dövrün gənc qızları ilə rəqabət aparmaq istəyirdi.

* 88 yaşında çox vaxt “Ritz” otelində qalırdı. O, hər gecə özünü çarpayıya bağlatdırırdı. Buna səbəb gecənin bir yarısı yuxudan oyanıb otel işçilərini yoldan çıxarmağa çalışması idi. O, qarşısına çıxan hər kəsi cinsi əlaqəyə girmək üçün razı salmağa səy göstərirdi.

* Koko qapalı ayaqqabı geyinəndə heç vaxt ayaq dırnaqlarına dırnaq boyası çəkmirdi, lakin kişilərin ilk nəzər saldıqları yerlərdən biri əllər olduğu üçün dırnaq boyası çəkmədən evdən çıxmırdı.

İlknur
 

0 şərh