Qodarın ilahəsi - Anna Karina

Jan-Luk Qodarın filmlərini yada salmaqla özlüyünüzdə Anna Karinanın simasını təsəvvür edə bilərsiniz.
Devid Tompson kitabında yazırdı: “Qodarın Karina ilə işbirliyi onun yaradıcılığının pik nöqtəsi oldu. Bununla o, digər filmlərində çatışmayan “emosional parıltı”nı kəşf elədi”. Aktrisa fransız kinematoqrafiyasında “Yeni dalğa” epoxasının ikonası hesab edilir. Yeri gəlmişkən, sentyabrın 22-də aktrisanın doğum günü olub. Tamaşaçı 20 ildən çox ekranda parıldayan aktrisanı heyranedici qara saçları ilə xatırlayır...

Hanna Karin Blarke Bayer – Qodarın gələcək ilahəsi Anna Karina 1940-cı ildə məhz bu adla Danimarkada doğulub.

Uşaqlıqdan aktrisa olmağı arzulayırdı. Əvvəlcə Karina yaradıcılığına model kimi başlayır və bir neçə Danimarka moda jurnallarının üz qabığına çəkilir. Hanna onu tərbiyə edən nənəsi ilə birlikdə kastinqlərə qatılır. 1957-ci ildə rəqs məktəbini bitirir. Elə həmin ildə də “Başmaqlı qız” filmində ilk debütünü edir. Film Kann kinofestivalına təqdim olunur və Hanna qərara gəlir ki, Parisdə şöhrət qazanmalıdır.

Paris, sev məni 
Gənc Hanna Karin Parisə gəlir. Üstəlik, bu şəhərdə heç bir nəfər də olsun, tanışı yox idi və fransızca danışa bilmirdi. “Fransaya 17 yaşımda getdim və pulum yox idi. Bircə qara donum və ağ ayaqqabılarım var idi. Bu əlbəttə ki, ən yaxşı qarderobum idi...”, — deyə aktrisa xatırlayır. 

Ancaq Hanna özünə əmin idi. Parisdə bir otaq kirayələyir və dayanmadan iş axtarışına başlayır. Özü də aktrisa kimi yox, model kimi… Onun tələffüzü çox pis idi. Dili müstəqil öyrənən Hannanın bu qüsuru isə hər kəsi ondan uzaqlaşdırırdı. Lakin gözəlliyi, iri gözləri və yorğun baxışları moda agentliklərinin diqqətini cəlb edirdi. Beləcə, Hanna Karinin fotosu az-az moda haqqında rubrikalarda görünməyə başlayır. 

“Bir dəfə “Elle” jurnalı üçün öz fotolarımı aparmışdım. Redaksiyada Koko Şanel adlı qadın var idi. O soruşdu: “Sən kimsən?”. Dedim: “Mən elə mənəm, adım Hanna Karindir”. “Sən aktrisa olmaq istəyirsən?” “Əlbəttə”. “Onda özünü Anna Karina adlandır” – Hanna Koko Şanellə dialoqunu belə xatırlayır. 

Hannanın model kimi karyerası getdikcə yüksəlişə doğru irəliləyir. Koko Şanel və Pyer Kardin onu bir neçə dəfə öz nümayişlərinə və jurnallara çəkilməyə dəvət edirlər. 

Belə nümayişlərin birində Hanna bütün Fransada məşhur olan rejissor Jan-Lük Qodarla tanış edilir. Qodar ilk dəfə Hannaya 1959-cu ildə yeni filmi “Sonuncu nəfəs”də çəkilməyi təklif edir. Ancaq Hannanın açıq-saçıq səhnələrə görə filmdə çəkilməkdən imtina etməsi Qodarı çox təəccübləndirir. “Amma ekranda ilk debütün “Palmolive”in reklamında vannada uzanmış şəkildə olub”, — deyə Qodar düşünmədən deyir. “Dəli olmusan? Orada bütün hər şey köpüklə gizlədilirdi. Üstəlik, köpüyün altında çimərlik geyimində idim” – Hanna söz altında qalmır. Qodarın həmin filmində isə Hannanın yerinə Cin Siberq çəkilir.

İlk imtinaya baxmayaraq, Karinin xarici görünüşü Qodara güclü təsir edir – o, aşiq olur. 1960-cı ildə rejissor qəzetdə belə bir elan verir: “Yeni “Balaca əsgər” filmində çəkilmək üçün 18-27 yaş aralığında aktrisa və onun əri olacaq şəxs axtarıram”.



Qodar özü də çox yaxşı bilirdi ki, bu rolda başqasını yox, məhz danimarkalı Karini görmək istəyir.
Həmçinin, ehtimal edirdi ki, bu elandan sonra Hanna hissləri haqda nəsə sezəcək. Anna Karina qabaqcadan rejissorla açıq səhnələrin olmayacağı ilə bağlı razılığa gələrək bu rol üçün razılaşır. Ancaq bu hiylə xoşagəlməz hadisələrə səbəb oldu.

Anna elanı oxumasa da, Qodarın qapıçısı belə şayiə buraxmağa başladı ki, Karinanı ona görə rola qəbul etdilər ki, rejissorla eşq yaşayır. 

Bu şayiə aktrisanı sarsıdır və müqaviləni cırmağa hazırlaşır ki, Jan-Lük Qodar onu Anderson hekayələrinin personajına bənzədərək, qırmızı qızılgüllər bağışlayır və gərginliyi aradan götürür.

Ancaq hələ də Karina Qodarın hisslərindən şübhələnmirdi. “Bunu ilk dəfə Cenevrədə çəkiliş zamanı hiss elədim. Elə başlanğıcdan qəribə sevgi idi. Gördüm ki, Jan-Lük daim mənə baxır, mən də ona baxırdım və beləcə bütün günümüz keçirdi” – aktrisa xatırlayır. 

“Balaca əsgər”, az qala, Jan-Lük Qodar üçün beynəlxalq qalmaqallarla nəticələnəcəkdi. Filmdəki hadisələr Əlcəzair müharibələri fonunda açılırdı. Çoxları rejissorun mövqeyini kommunist provokasiyası kimi qəbul edirdi və Qodar “persona non qrata” elan edilməyin bir addımlığından qayıdır. Bəziləri hətta Qodarın Fransadan qovulmasını tələb edirdi. Buna görə, “Balaca əsgər” ekranlara yalnız 1963-cü ildə çıxa bildi. Bu qalmaqallı film hamı tərəfindən müzakirə edilsə də, heç kim aktrisanın ilk fransız debütü haqda fikir bildirmirdi.

Qodarın ilahəsi 
Qodarla birlikdə çəkilmiş növbəti film isə — “Qadın elə qadındır” – dərhal çoxlarının diqqətini Karinaya yönəldir. O, öz cazibəsi ilə yanaşı, musiqili filmdə göstərdiyi parlaq və uğurlu istedadı ilə də müzakirə olunurdu. Aktrisa qadın qəhrəmanının yeni obrazını yaratmışdı: qəribə və ağılsız, eyni zamanda həyat mövqeyində özünə tam əmin. Annanın filmdəki tərəf-müqabilləri isə Jan-Pol Belmondo və Jan-Klod Briali olur. 

“Qadın elə qadındır” filmindən sonra hamı Anna Karina haqda danışmağa başladı. Artıq jurnalların üz qabığına çəkilir, müsahibələr verirdi. Tənqidçilər bir ağızdan deyirdilər ki, bu rolu ondan başqa kim daha yaxşı ifa edə bilərdi? Yeri gəlmişkən, aktrisa filmdəki roluna görə ilk mükafatını – 11-ci Berlin Beynəlxalq Kinofestivalında ən yaxşı qadın roluna görə “Gümüş ayı”nı almışdı.



Məhz bu filmdən sonra Anna Karina Jan-Lük Qodarın həyat yoldaşı olur. Rejissor xatırlayır: “Anna… bir qədər bədbin idi. Qabaqcadan heç vaxt hiss etdirmirdi ki, onunla necə davranmaq lazımdır. Ancaq hansısa rolu oynamaq istəyində o qədər səmimi idi ki, nəticədə bu səmimiyyət qazandı. Öz adımdan deyim ki, bu filmi çəkməyi o qədər istəyirdim ki, birləşib, nəhayət uğur əldə etdik”. 
Aktrisa ilə rejissorun yaradıcılıq ittifaqı hər ikisinə xeyli uğur gətirdi. Birlikdə 7 film çəkdilər: “Öz həyatınla yaşamaq”, “Yadlar”, “Ağılsız Pyero”, “Alfavil” və “ABŞ istehsalıdır”.

Anna Karina digər rejissorlarla da əməkdaşlıq edirdi. Hərçənd, Qodarla ailəli olduğu dövrdə aktrisanı yeni layihələrə cəlb etmək çox çətin idi. Məsələ Karinanın ambisiyası və ya şöhrətpərəstliyində deyildi, görünür, Qodardan başqa rejissorlarla az çalışmaq işinə yarayırdı. Anna Pyer Qaspar-Yuinin “Şəhrizad” macəra dramında, Valeriya Dzurlininin “Əsgərlərin sevgililəri”, Roj Vadimin “Patrul”, Mişel Devilin “Zərif yırtıcılar”, Jan Orelin “Lamel” filmlərində çəkilib. 
Təəssüf ki, Qodarla Karina 1967-ci ildə boşanırlar. Bununla belə, birlikdə 7 film çəkməklə mürəkkəb epoxa üçün əsl qarşıdurma yarada bildilər.

Qodardan ayrıldıqdan sonra Anna Karina 4 dəfə ərə gedib: 1968-ci ildə aktyor Pyer Fabrla, 1974-cü ildə yaraşıqlı Daniel Dyuvalla, 1982-ci ildə aktyor və rejissor Denis Berri ilə ailə qurub. 2009-cu ildən isə Moris Kuksla ailəlidir.

Teatr, mahnı
Fransız kinematoqrafiyasının metri sayılan Qodardan ayrılandan sonra Anna fəal şəkildə teatrda çalışmağa başlayır. Ona daha bir söhrəti isə Deni Didronun pyesi əsasında səhnələşdiriliən “Rahibə” tamaşasındakı rolu gətirir. Daha sonra bu rolu Jak Rivettin eyniadlı filmində oynayır. Beləliklə, Anna Karina Qodarın filmləri olmadan da peşəkar aktrisa kimi parlaya biləcəyini göstərən yeni yaradıcılıq mərhələsinə başlayır.

Anna Karina “Yeni frnasız dalğası”nda o film qalmadı ki, çəkilməsin. Bacarığı və xarizması ən uğursuz ssenarini belə gözəlləşdirməyə bəs edirdi. O, eyni zamanda Fransa sərhədlərindən kənarda da diqqət cəlb eləmişdi. Karina Avropa kinosunun məşhur rejissorlarının filmlərində çəkildi: Lukino Viskontinin “Yadlar”, Rayner Verner Fassbinderin “Çin ruletkası, Marta Mesaroşun “Öz evindəki kimi”, Raul Ruisin “Xəzinələr adası”, Andre Delvonun “Bredə görüş” və “Fəlsəfə daşı” filmləri...

Anna Karinanın aktrisalıq bacarığına daha bir istedadı əlavə olunurdu – oxumaq. O, Jan-Klod Briali və Serj Qensbur kimi məşhur bəstəkarlarla birlikdə bir neçə mahnı yazır. Anna hətta Serjlə qalmaqallı eşq yaşasa da, münasibətləri tezliklə pozulur.

Əfsanə
1973-cü ildə Anna “Birgə yaşayış” filmi ilə rejissor kimi ilk debütünü edir. O həmçinin, filmdə baş rolda çəkilmişdi. “Mən özümü bu rol üçün planlaşdırmamışdım, amma iş elə gətirdi ki, özüm oynamalı oldum. Filmin maliyyəsini özüm həll edirdim, heç kim mənə pul vermirdi, üstəlik məni rejissor olmaq fikrimdən daşındırırdılar. Fransada qadın-rejissor olmaq nadir hadisə idi, üstəlik həm də aktrisa üçün… Boynuma alıram ki, heç vaxt özümü budəfəki kimi pis aktrisa hesab etməmişdim: rejissor kimi də işimdən razı qalmamışdım”, — deyə Anna xatırlayır. Beləcə, film nə tənqidçilərin, nə də tamaşaçıların xoşuna gəlir.

Bir il sonra – 1974-cü ildə Endi Uorxol şəxsən aktrisa ilə görüşərək “İnterview” jurnalı üçün onun haqqında material dərc etmək istədiyini deyir. O zamanlar məhz Endi kimin məşhur olacağını, kimin isə yoxa çıxacağını müəyyən edirdi. Ona görə də, Karinanın onun jurnalının üz qabığına çıxması “əfsanə” statusunu daha da möhkəmləndirdi. 

Aktrisanın nəzərəçarpan işləri arasında 1977-ci ildə 3-cü əri Dennis Bervi tərəfindən çəkilmiş “Sonuncu mahnılar” xüsusi yer tutur. Anna Karina, həmçinin, filmin ssenari həmmüəllifi idi. 90-cı illərin ortalarında isə o, köhnə dostu Jak Rivettin “Yuxarı, aşağı, kövrək” filmində çəkilir. 



Hazırda Anna Karina heç bir filmdə rol almır. Sonuncu dəfə 2008-ci ildə “Viktoriya” filmində kamera qarşısına keçib. Anna eyni zamanda, həmin filmin rejissoru idi. Hazırda Karina kitablar yazır və ara-sıra televiziya verilişlərinə qatılır.

Anna Karinanın kadrda görünməsi istənilən filmə xüsusi məna verirdi. O, bir çox xatırlanan obraz yaradaraq “Yeni fransız dalğası”nın simasına çevrilib. Tanınmış aktrisanın stili isə indiyədək məşhurdur. Hər zaman arzularının arxasınca gedən Anna Karina çox şeyə nail oldu: kino ulduzuna, müğənniyə çevrildi, 4 kitab yazdı və sərbəst şəkildə 4 dil – fransız, ingilis, isveç, italyan — öyrəndi. Anna Karina, haqlı olaraq fransız kinematoqrafiyasının canlı əfsanəsi hesab edilir.


 
Nuranə Abbasova
loading...
 

Xoş rayihəli ətirləri sərfəli qiymətə almaq və seçmək indi çox asandır:
Qadın ətirləri
Kişi ətirləri

0 şərh