Hipertoniya | qan-damar sistemi | Kayzen 

qan-damar sistemi → Hipertoniya

Hipertoniya təbabətin ciddi problemi olaraq qalır. Bu həm adi haldır, eyni zamanda orqanizm üçün ağır vəziyyətdir. Arterial təzyiqin kütləvi surətdə ölçülməsi zamanı müayinə olunanların təxminən 20-30%-də a/t-in yüksək olması aşkar olunur.
Qan təzyiqinin artması ilə insanın xarici mühitə uyğunlaşması arasında müəyyən əlaqə mövcuddur. İnsan xarici mühitə uyğunlaşa bilirsə, onda özünü güclü, enerjili, bacarıqlı hesab edir, əhval-ruhiyyəsi nikbin olur. Əksinə, əgər insan, onu əhatə edən mühitə uyğunlaşa bilmirsə, bu zaman orqanizmdə müxtəlif pozğunluqlar əmələ gəlir ki, onlardan daha tez-tez təsadüf olunanı hipertoniyadır. İnsanı əhatə edən xoşagəlməz hallar, hadisələr artdıqca hipertoniya da inkişaf edir, ürəyin, böyrəklərin patologiyasını müşayiət edən faktora çevrilir.

Hipertoniya xəstəliyinin əsas səbəbləri sinir gərginliyi və psixi travmalardır ki, bu da arterial tonusun tənzimi mexanizmlərinin pozulmasına gətirib çıxarır. Hipertoniyanın yaranmasında irsi-ailəvi amil də rol oynayır.
Tibbi ədəbiyyatlarda a/t-in artmasına gətirib çıxaran mexanizmlər araşdırılır. Təsdiq olunmuşdur ki, qan dövranında ən böyük yük xırda qan damarlarının-arteriolların üzərinə düşür. Hipertoniya zamanı arteriolların tonusu yüksəlir. Erkən mərhələdə arteriollar fasilələrlə daralır, yuxu zamanı isə boşalır, yəni a/t normaya qayıdır. Lakin bu hal dəfələrlə təkrar olunduqca artıq arteriollar normal tonusunu bərpa edə bilmir və nəticədə daralırlar, hətta istirahət zamanı da qan təzyiqi normaya enmir.
Erkən yazda əhatəmizdə olan insanlarda (nəinki yaşlı, eləcə də orta nəslin nümayəndələrində) a/t-in daha çox qalxıb-enməsinin onların narahatlığına səbəb olmasını nəzərə alaraq bu haqda oxuculara geniş məlumat vermək istəyirik.

Arterial təzyiq

A/t qanın hidrostatik təzyiqinin yüksəlməsidir. Hazırda qeyri-rəsmi məlumatlara görə insanların hər 3-5-dən biri bu problemdən əziyyət çəkir.
Ürək əzələsinin yığılaraq (sistola), qanı aortaya (ürəkdən çıxan ən iri arteriyaya) ötürməsi zaman yaranan təzyiq –sistolik, miokardın boşalması zaman qanın damarlara olan təzyiqi- diastolik adlanır. Onlar arasındakı fərq isə nəbz təzyiqi adlanır.
Hazırda normal a/t sağlam adamlarda -100-130/70-80, nəbz təzyiqi-40 olaraq qəbul edilir. Əgər a/t 130-140/80-90 qalxarsa, bu «normal qalxma» hesab olunur. Bu halda fərdi xüsusiyyət, həyat tərzi, məşğuliyyət nəzərə alınmalıdır. A/t-in yüksəlməsi yaşla, fiziki, emosional gərginliklə və s. əlaqədar baş verə bilər. Lakin mütəmadi olaraq fiziki əməklə, idmanla məşğul olanlarda a/t 100-90/60-50 qədər enə bilər. Uşaqlarda a/t- 8+2.a –burada a-uşağın illəridir.

Kimə hipertoniya diaqnozunu qoymaq olar?

A/t-in 140/90-dan yuxarı olması, heç olmasa 2 dəfə həkim tərəfindən müəyyən edilərsə bu halda hipertoniya diaqnozu qoyulur.

Arterial təzyiq neçə cür olur?

A/t mənşəyinə görə 2 cür ola bilər:
A/t-in essensial- və ya 1-cili olaraq yüksəlməsi (xəstələrin 4-dən 3-də bu formaya rast gəlinir).
A/t-in simtomatik və ya 2-cili olaraq yüksəlməsi-böyrək, endokrin pozğunluqlar və digər xəstəliklər nəticəsində əmələ gəlir.

A/t-in yüksəlməsinin səbəbi nədir?

Təbabətin aktual problemlərindən biri olmasına baxmayaraq, 1-cili hipertoniyanın səbəbləri dəqiq məlum deyil. Adətən mütəxəssislər bu xəstəliyin səbəblərini bir sıra amillərlə əlaqələndirirlər:

-İrsi meyllik, piylənmə, duzlu yeməklərin qəbul edilməsi, uzun müddətli psixoemosional gərginlik v s. Əslində xəstəlik tədricən inkişaf edir: əvvəlcə baş ağrıları, baş gicəllənmə, ürək döyünmə, zəiflik, qulaqda küy, qulaqların tutulması, vaxtaşırı a/t-in qalxıb-enməsi. Tez-tez əl və ayaq barmaqlarının keyləşməsi, yuxu pozğunluğu, göz önündə nöqtələr, yorğunluq, a/t-in yüksəlməsi daimiləşir, damarlarda sklerotik dəyişikliklər əmələ gəlir. Bu hal bir neçə il davam edir.
Kordioloqlar hipertoniyanın aşağıdakı mərhələlərini ayırd edirlər:
I- mərhələ-140160/90-100;
II- mərhələ-160-180/100-110;
III-mərhələ-180/110 və daha yüksək.

2-cili hipertoniya sərbəst xəstəlik deyil, hansısa bir pozğunluq nəticəsində baş verir. Deməli, buradan belə nəticə çıxır ki, ondan yaxa qurtarmaq üçün əsas xəstəliyi müalicə etmək lazımdır. 2-cili hipertoniyanın 1 neçə forması var:

-Böyrək forması- böyrək arteriyalarının daralması nəticəsində böyrəyə qanın az daxil olması. Bu zaman böyrəkdə a/t-i qaldıran maddə sintez olunur. Böyrək damarlarının daralması, onların aterosklerozu, hematoma və ya şişlə əzilməsi, anadangəlmə qüsur, iltihab, mübadilə xəstəlikləri nəticəsində əmələ gələ bilər.

-Endokrin forma- endokrin vəzilərin (qalxanvari, qalxanətrafı) xəstəlikləri nəticəsində meydana çıxır.

-Hemodinamik forma- aortanın daralması nəticəsində əmələ gəlir.

-Neyrogen forma- sinir sistemində əmələ gələn şişlər, insult, travma, kəllədaxili hipertenziya və s. zaman müşahidə olunur.

-Dərman mənşəli forma- qeyri-steroid iltihab əleyhinə dərmanlar, efedrin, sinir sisteminin bəzi stimulyatorları, oral kontraseptivlərin qəbulu nəticəsində yaranır.

Hipertoniyanın əmələ gəlməsinə hansı risk faktorları təsir edir?

İrsi meyllik, yaş (kişilərdə -35-50 yaşlarında, qadınlarda isə menopauzadan sonra), stress (bu zaman əmələ gələn adrenalin hormonu ürək döyünmələrini artırır), alkoqol, ateroskleroz (xolesterinin damar divarında toplanması, damarların daralması a/t-i qaldırır (bunun əksi də mümkündür)), siqaret çəkilməsi, duzun artıqlığı (mayenin saxlanmasına səbəb olur), hərəkətsizlik, piylənmə.
Əgər sizdə bu risk amillərinin ən azı 2-si varsa, onda vaxt itirmədən profilaktik tədbirlərə başlayın. Hipertoniyanın müalicə və profilaktikası haqqında gələn sayımızda.

Hipertoniyanın müalicə və profilaktikası

Məlumdur ki, hər bir xəstəliyin profilaktikası onun müalicəsindən daha asandır. Hipertoniyanın profilaktikası üçün aşağıdakılar edilməlidir:
-spirtli içkilərin qəbulu qadağan olunmalıdır (xüsusilə dərman qəbul edərkən), gecələr işləmək, 7 saatdan az yatmaq, başqalarına (məsələn, tanışlara) kömək edən dərmanları həkim məsləhəti olmadan sınaqdan keçirmək düzgün deyil. Bundan başqa, Yeməkdə duzdan istifadə məhdudlaşdırılmalı, göyərti, meyvə-tərəvəz kaliumla zəngin (üzüm, qaysı və s.) qidalar qəbul edilməli, zülal tərkibli qidalara aludə olunmamalıdır.
Qidalanma mütəmadi olmalı, artıq çəki ilə mübarizə aparılmalı, hər xırda şeydən ötrü əsəbiləşməmək, daim hərəkətdə olmaq, arterial təzyiqi ölçmək.

Xəstəliyin erkən mərhələsində onun inkişafının qarşısını almaq mümkündür. Lakin xəstəlik ağırlaşarsa, əlavə olaraq dərman preparatları təyin edilir. Hazırda hipertoniyanın müalicəsində müxtəlif növ dərman preparatlarından istifadə olunur. Müasir kordiologiyada son zamanlar arterial hipertoniyanın müalicəsində təzyiqi tez endirmək və effektli nəticə almaq üçün 2-3 dərman preparatından istifadə edilir.

Əlbəttə, hər bir xəstəyə fərdi yanaşılmalı və həkim-mütəxəssis tərəfindən müalicə kursu təyin edilməlidir. Bunlardan əlavə, hipertoniya əleyhinə bitkilərlə müalicə mövcuddur. Dərman bitkiləri ilə arterial təzyiqi endirmək yalnız xəstəliyin erkən mərhələsində mümkündür. Digər hallarda isə fitoterapiya yalnız əlavə müalicə kimi effektlidir. Hipertoniyanın müalicəsində daha çox yemişan, damotu, pişikotu və digər bitkilərdən istifadə olunur. Yemişanla müalicənin hipertoniyalı xəstələrə müsbət təsiri damar genəldici, spazmolitik, damar divarının elastikliyini artırması ilə bağlıdır.

Hər ay istənilən 3 qarışığı qəbul edin, sonra 2 həftəlik fasilə edin, sonra yenidən kursu təkrar edin. Vəziyyət yaxşılaşarkən dəmləmələri yazda və payızda qəbul edin.
-5 x/q damotu, 2 x/q yemişan, itburnu, gəvən, 1 x/q limonlu nanə, tozağacı, 1 ç/q gəcəvər, pişikotu 3 x/q yığıntı üzərinə 1 litr qaynar su tökün, gecəni qalsın, süzün, gündə 3-4 dəfə ½ stəkan yeməkdən 20 dəqiqə əvvəl için.
-2 x/q yemişan, damotu, tozağacı yarpaqları. 1x/q yığıntı üzərinə 1 stəkan isti su tökülür, gündə 3-4 dəfə ½ stəkan yeməkdən 20 dəqiqə əvvəl için.
-2x/q solmazçiçək, pişikotu, qırxbuğum, 1x/q damotu, yemişan çiçəkləri və toxumları, murdarça qabığı, 1x/q yığıntı üzərinə 1 stəkan qaynar su tökün, soyudun, süzün, səhər və axşam qəbul edin.
-1x/q güləvər çiçəkləri, yemişan, quşarmudu, solmazçiçək, pişikotu kökləri. 1 stəkan qaynar su tökün, 2 saat saxlayın,gündə 3 dəfə ½ stəkan yeməkdən sonra qəbul edin.
Bir stəkan çuğundur şirəsi, bir stəkan kök şirəsi, bir stəkan xren və ya turp (sürtgəcdən keçirilmiş xreni suda 36 saat saxlayırlar), ğir limonun şirəsi və bir stəkan balı qarışdırırlar. Gündə 2-3 dəfə bir x/q yeməkdən bir saat əvvəl qəbul etmək məsləhət görülür.

Hipertoniyalı xəstələrin qidalanmasında 10 №-li pəhriz stolu seçilir. Hipertoniyalı xəstələr üçün rasionun əsasını aşağıdakılar təşkil etməlidir:
Yağsız ət, qaynanmış balıq, yağsız kolbasa, süd və süd məhsulları, yağsız kəsmik, pendir, yulaf, qarabaşaq və ya buğda sıyığı, tərəvəz, meyvə, həftədə 1-2 dəfə yağsız ət şorbası, bitki yağı əlavə edilmiş tərəvəz salatlar, pomidor, xiyar, kartof, kalium və maqneziumla zəngin olan qidalar qəbul etmək məsləhət görülür.
Qəti qadağandır:tünd çay, qəhvə, kakao, alkoqollu içkilər, kəskin duzlu qəlyanaltılar, konservlər, ət-balıq bulyonları, hisə verilmiş məhsullar, qaraciyər, böyrək və s. ət məhsulları, yağlı ət. Gün ərzində 1 litr maye qəbulu ilə kifayətlənin (itburnu dəmləməsi qəbul etmək daha yaxşıdır). Gündə 5-6 dəfə yemək yeyin.

Hazırladı: S. Aytən
Mənbə: İqtisadiyyat qəzeti
Həmçinin bax:
Hipertoniyanı müalicə etmək
Ürək problemləri

  • ?
  • 08 iyul 2011, 09:51
  • nilufer


Şərhlər (2)

RSS qısalt / böyüt
hmmm....ureyinizden migayet olun...hemde bu heyatda ureksiz yasayanlar da coxdur…
+1
Tibdə fəlsəfə keçmir,ya sağlamlıq var ya ölüm :)
+2
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər səs verə bilər.