Əsrin müqaviləsi

1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildikdən sonra Azərbaycana, onun zəngin yeraltı və yerüstü sərvətlərinə Amerika, Avropa və Asiyanın aparıcı dövlətlərinin marağı bir qədər də artdı. Xəzər dənizi və Xəzər hövzəsi rayonu Rusiya və İran kimi dövlətlərlə yanaşı digər ölkələrin də maraq obyektinə çevrildi. Burada əsas səbəb bölgənin geosiyasi və iqtisadi əhəmiyyətini, Xəzərin zəngin karbohidrogen ehtiyatları və digər sərvətləri idi. Bu baxımdan Azərbaycanın yürütdüyü xarici siyasət kursu mühüm əhəmiyyət daşıyırdı. 1993-cü ildən bəri yürüdülən xarici siyasət region ölkələri, Avropa dövlətləri və Amerika Birləşmiş Ştatları ilə hərtərəfli iqtisadi əlaqələrin qurulmasına, xüsusən enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək prioritet istiqamət təşkil edir. 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev Azərbaycanın xarici siyasətinin təməl prinsiplərindən biri kimi ölkəmizin milli maraqlarını və xarici dövlətlərin qarşılıqlı mənafelərini nəzərə almaqla, Azərbaycanın neft ehtiyatlarına maraq göstərən hər bir ölkəylə qarşılıqlı-faydalı əməkdaşlığa hazır olduğunu bəyan etdi. Əsas məqsəd ölkənin mövcud sərvətlərinə, o cümlədən zəngin neft və qaz ehtiyatlarına sahib olmaq, onlardan dövlətin möhkəmlənməsi, əhalinin həyat şəraitinin yaxşılaşması və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində düzgün istifadə etmək idi. Bu yolda ilk uğur "Əsrin müqaviləsi" kimi tarixə düşmüş neft kontraktı oldu.
Əsrin müqaviləsi
1994-cü ilin 20 sentyabrında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi haqqında" sazişin imzalanmasıyla Azərbaycan neft sənayesi tarixində tamamilə yeni era başlandı.
12 dekabr 1994-cü ildə Milli Məclis tərəfindən ratifikasiya olunan müqavilənin əsas şərtləri aşağıdaklardan ibarət idi:
ü Müqavilə müddəti - 30 il;
ü İşlənməsi nəzərdə tutlan yataqlar -  "Azəri", "Çıraq", "Günəşli";
ü Qiymətləndirilən ehtiyatlar - 511 milyon ton (4 milyard barrel) neft;
ü Respublikanın mülkiyyəti - 258 milyon ton neft və 55 milyard m3 həcmində səmt qazı;
ü Xarici şirkətlərin mülkiyyəti - 64 milyon ton neft;
ü Layihənin ümumi investisiya qoyuluşu - 10 milyard ABŞ dolları (7,4 milyard dolları Qərb şirkətləri tərəfindən qoyulmalı idi);
ü Azərbaycanın gəliri - 34 milyard ABŞ dolları;
ü Xarici şirkətlərin gəliri - 8 milyard ABŞ dolları.

Müqavilə iştirakçılarının payı bu cür bölünmüşdür:
Ø Azərbaycan Respublikasının payı - 80 %;
Ø Bütün şirkətlərin payı - 20 %. 

Öz növbəsində bu 20 % bu qaydada bölünmüşdür:
·        "BP" - 17,1267 %;
·        "AMOKO" - 17,01 %;
·        "LUKoyl" - 10 %;
·        "Pennzoyl" - 9,8175 %;
·         ARDNŞ - 20 %;
·        "Yunokal" - 9,52 %;
·        "Statoyl" - 8,5633 %;
·        "MakDermott" - 2,45 %;
·        "Remko" - 2,08 %;
·        "Turkish Petroleum Cor." - 1,75 %;
·        "Delta - Nimir" - 1,68 %

Sonradan müqaviləyə Yaponiyanın "İtoçu" və ABŞ-ın "Eksson" və "Amerada/Hess" şirkətləri də qoşuldular.

Müqaviləyə əsasən ölkəyə 300 milyon ABŞ dolları həcmində bonus ayrılırdı. Eyni zamanda, müqavilədə saziş qüvvəyə mindikdən sonra 18 ay ərzində ilk neftin çıxarılması, 48 aydan gec olmayaraq əsas yataqlarda neft hasilatına başlanılması, 54 ay ərzində neft kəmərinin tikintisinin başa çatdırılması da nəzərdə tutulmuşdu. Qərb konsorsiumu Prezidentin Tibb Fonduna 5 milyon ABŞ dolları, respublikanın sosial təminat fonduna isə 50 milyon ABŞ dolları ayırmış oldu. Müqavilə şərtlərinə əsasən Azərbaycan Respublikası neft yataqlarının istismarına nəzarət və istismarın idarə edilməsi, 3 dəniz yatağındakı neft və qaz ehtiyatlarına sahiblik hüququnu özündə saxlayırdı.
Bu prosesdə gəlir 3 mənbədən alınacaqdı:
1.    Təbii ehtiyatların mülkiyyətçisi hüququndan irəli gələn gəlirlə;
2.    Yataqların işlənməsinə investisiya qoyuluşunda iştirak etməklə bağlı gəlirlər;
3.    Respublika büdcəsinə konsorsiumun gəlirlərinin ¼ hissəsi məbləğində vergi ayırmalarıyla bağlı gəlirlər.

Yekun olaraq qeyd edə bilərik ki, "Əsrin müqaviləsi"nin imzalanmasıyla respublika iqtisadi cəhətdən aşağıdakıları əldə etmiş oldu:
ü Layihənin reallaşdırılması Azərbaycan neftinə Avropa bazarına çıxmaq imkanı verdi;
ü Azərbaycan beynəlxalq investorların və kredit təşkilatlarının nəzərində daha etibarlı mövqe əldə etmiş oldu ki, bu da ölkəyə strateji layihələrin reallaşması planında imtiyazlı mövqeləri təmin edir;
ü Neft sahəsinə daha iri həcmli kapital yatırımları üçün şərait yaranır;
ü Respublikaya valyuta ehtiyatlarını yaratmaq və özünəməxsus investisiya siyasəti yürütmək imkanı yaradır;
ü Azərbaycanın ümumdünya iqtisadi birliyinə inteqrasiya prosesi sürətlənir;
ü Ölkənin texnoloji inkişafının səviyyəsi artır.

Birbaşa iqtisadi mənfəətlərdən əlavə müqavilə digər sahələrə də (maşınqayırma, kənd təsərrüfatı, telekommunikasiya, xidmət sahələri) investisiya qoyuluşu üçün əlverişli zəmin yaradır. Müqavilə Azərbaycan neft sənayesini dirçəldirdi ki, bu da xeyli iş yerinin yaranmasıyla nəticələndi.
Müqavilə imzalandıqdan və 1997-ci ilin 12 noyabrında "Çıraq"  platformasından ilk neft hasil olunduqdan sonra Azərbaycan dəniz yataqlarının işlənməsində iştirak etmək istəyən xarici şirkətlərin sayı xeyli artdı. Bügünki günə qədər 16 dövlətə məxsus 36 aparıcı şirkətlə 26 neft müqavisi imzalanıb. Bu müqavilələr əsasında 30 il müddətinə Azərbaycan neft sənayesinə 70 milyard ABŞ dollarına qədər xarici investisiya qoyulmalıdır.

 

14 şərh

bankir
Neft müqaviləsi 400 səhifə həcmində və 4 dildədir. Postda digər ədədlər verilib,amma mən bildiyimə görə «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi üzrə layihə belə olmalı idi:
BP (operator — 34,1367%),
ChevronTexaco (10,2814%),
ARDNŞ (10%),
INPEX (10%),
Statoil (8,5633%),
ExxonMobil (8,006%), TRAO (6,75%),
Devon Energy (5,6262%),
ITOCHU (3,9205%),
Delta Hess (2,7213%).

Yeri gəlmişkən,Neft müqaviləsi əsllində 1994-cü ildə yox,lap əvvəllər planlaşdırılırdı. Bəziləri hətta Ayaz Mütəllibovun dövründə bu planların olduğunu qeyd edirdi.Neft müqavilələrinin ilkin variantı Əbülfəz Elçibəyin dövründə hazırlanmışdı.Onun şərtləri indikindən fərqli idi(Azərbaycanın xeyrinə).Lakin müharibədə uğursuzluqlar,Azərbaycandakı problemlər Heydər Əliyevi vadar etdi ki,daha az sərfəli şərtlərlə lakin tez bu müqaviləni imzalasın.Onun bu addımının doğru yaxud yanlış olduğuna cavabı tapmaq çətin məsələdir.
r9perviz
Mənim yuxarıda qeyd etdiyim pay bölgüsü müqavilə imzalanan tarixə aiddi, sizin qeyd etdiyiniz rəqəmlər isə hal-hazırda mövced olan pay bölgüsüdü. Onu da düz qeyd etdiyiniz ki, Neft müqavilələri daha əvvəl başlayıb. Belə ki, xarici ədəbiyyatda belə bir ifadəyə rast gəldim: Əsrin müqaviləsi Mütəllibovla başladı, ELçibəylə davam etdi, Əliyevlə sona çatdı.
r9perviz

Əslinə qalsa Heydər Əliyevi yeni müqavilə hazırlamağa vadar edən səbəb Azərbaycanın layihəyə daha çox pul qoymaq imkanının olmaması idi. Əsrin Müqaviləsində ilk öncə Azərbaycanın payı 20 % olsa da, daha sonra maliyyə imkanlarının az olması səbəbindən 10%-lik hissəni digər şirkətlərə satdı. Məncə bu addımlar doğru idi, çünki Azərbaycan müqavilələrinin ilk təməl daşı olan Əsrin Müqaviləsindən sonra Azərbaycan 10-larla müqavilə imzaladı və bu hal-hazırda bizə valyuta axını olaraq geri dönməkdədi.

Rovsen
Əvvəla neft hasilatı tender əsasında olmalı idi(bu daha ədalətli sistem idi). Özü də xaricilərə xalqın bütün sərvəti verilmirdi ancaq Azəri yatağı verilirdi Amma Mütəllibovu qovurlar. Sonra Elçibəy gəlir və deyir ki gəlin lap Çırağı da götürün,Günəşli də sizə qurbandır.Amma heç olmasa Elçibəy ölkənin maraqlarını qoruyurdu. Bəziləri deyir ki Elçibəyin neft kontraktında rolu yoxdur. bəs onda Tetçer niyə 1992—ci ildə basa-basa Londondan gəlmişdi? Əlbəttə ki,neft müqaviləsinə görə. Amma sonra Surət Hüseynovu qızışdırırlar. Özünün də xəbəri olmur ki o şahmat oyununda piyadadır. Oyunu idarə edənlər isə Rusiya və Qərbin neft maraqları idi. Yaxşı siyasətçi olmasa da vətənini sevən və neftin qədrini bilən adam olan Elçibəyi aradan çıxarandan sonra isə ingilislər Heydər Əliyevlə işə başlayırlar. Nəticə isə göz qabağındadır. BP hər şeyi edir. BP neft çıxardır,BP neft daşıyır,BP operatorluq edir,BP neft kəmərləri çəkir,BP neft emal edir,BP başqa neft şirkətlətinə sifariş verir,BP hər şeyə nəzarət edir,BP kadrları seçir,BP yemək bişirir,BP uşaqlara baxır və s.
Əslində ümummilli lider,dahi siyasətçi Heydər Əliyev üçün bizim əvəzimizə ingilislər və BP işçiləri heykəl qoymalıdır.
r9perviz

Azərbaycan müstəqilliyini yenicə bərpa etmiş olduğundan, özünün maliyyə ehtiyatları olan dövlət xariciləri neft sektoruna cəlb etməliydi ki, ölkəyə valyuta axını olsun. Xaricilərə də əlverişli təkliflər verilmədikdə, onlar ölkəyə gəlməyə bilərdilər. Bunlar hamısı çox düşünülmüşdü və atılan addım da ən doğru olanı idi. BP hal-hazırda dünyanın ən böyük neft şirkətlərindən biridi (düzdü deyəsən Meksika körfəzindəki qəza BP-nı batıracaq) və BP-nin Azərbaycana valyuta axınının artmasında böyük rolu olub. Amma biz də məhz BP-ni Azərbaycanda işləməyə imkan verən, onlara yüksək şərait yaradana heykəl qoymuşuq.

Rovsen

Sənin kimi adamları yetişdirə bildiyinə görə bu hakimiyyəti alqışlamağa dəyər. Xalqın sərvətini talayanlara haqq qazandıran gəncləri olduğuna görə Azərbaycan inkişaf edəcək.

r9perviz
Mən bu hakimiyyəti alqışlamıram, Neft müqavilələrinin əhəmiyyətindən danışıram. Mənim yazdıqlarım sizin yazdıqlarınızdan fərqli olaraq hisslərimə deyil, oxuduğum, araşdırdığım məlumatlara əsaslanır. Bir də ki, tanımadığın insana «sən» deyə müraciət etməzlər.
Voogar
Neftimiz qurtarsaydı…
r9perviz
Qurtaracaq, az qalıb…
Rovsen
O qurtarsa sən ac qalacaqsan. Məcbur olub ən ağır işlərdə işləyəcəksən və internetdə otura bilməyəcəksən.
Voogar

O, qurtarandan 10 il sonra sənin kimi fikirləşənlər qalmayacaq.

Bilici

hahahahaha )))))))))))))))))))))


əcəb dava gedir)))))))))))))))))))

qaqati
Sən də qızışdır :)
papatürk
«Biz neft kapitalını insan kapitalına çevirməliyik» (Ilham Əliyev)
Əsas məsələ Əsrin kontraktının imzalanması yox,həmin neft gəlirlərindən necə istifadə olunmasıdır.