Orucun hökmləri

Oruc, insanın Allah-təalanın əmrini yerinə yetirmək üçün sübh azanından şam azanına qədər, irəlidə izah olunacağı kimi, doqquz şeydən çəkinməsidir.
NİYYƏT
Məsələ 1559: İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn; «sabah oruc tutacağam» deyərək niyyət etməsi şərt deyildir. Yalnız Allah-təalanın əmrinə itaət etmək üçün, sübh azanından şam azanına qədər orucu pozan şeylərdən özünü qoruma qərarında olması kifayətdir. Bu müddət ərzində oruc olduğuna yəqin etmək üçün, gərək sübh azanından bir az qabaq və şam azanından bir az sonraya qədər orucu batil edən işlərdən özünü saxlasın.
Məsələ1560: İnsan orucluq ayının hər gecəsində sabahkı orucunu niyyət edə bilər. Yaxşı olar ki, ayın əvvəl gecəsi ayın bütün orucunu niyyət etsin.
Məsələ1561: Agah olan şəxs üçün, Ramazan ayı orucunun ən son niyyət vaxtı, sübh azanından qabaqdır. Yəni hər nə qədər yatmaq və bu kimi şeylər vasitəsi ilə öz niyyətindən xəbərdar olmasa belə, sübh azanından qabaq oruca niyyət etmiş olmalıdır.
Məsələ 1562: Orucu batil edən işləri görməyən şəxs, şam azanına az bir vaxt qalmış olsa belə, günün hansı vaxtında müstəhəbb bir oruc niyyət edərsə, orucu səhihdir.
Məsələ 1563: Ramazan ayı orucunda və həmçinin müəyyən bir zamanı olan vacib orucda, sübh azanından qabaq oruc üçün niyyət etmədən yatan bir şəxs, əgər zöhrdən qabaq oyanıb niyyət edərsə, orucu səhihdir. Amma zöhrdən sonra oyanarsa, ehtiyata əsasən mütləq qürbət niyyəti ilə günün qalanını orucu batil edən şeylərdən çəkinməli və o günün orucunu da qəza etməlidir.
Məsələ 1564: Ramazan ayının orucundan qeyri bir oruc tutmaq istəyən şəxs, onu niyyətində müəyyən etməlidir. Məsələn; «qəza orucu və kəffarə orucunu tuturam» deyə niyyət etməlidir. Amma Ramazan ayında «Ramazan ayının orucunu tuturam» deyə niyyət etməsi lazım deyildir. Hətta Ramazan ayı olduğunu bilməsə və ya unudub başqa bir oruca niyyət edərsə, onun orucu Ramazan ayının orucundan hesab edilir.
Məsələ 1565: Əgər Ramazan ayının olduğunu bilir və qəsdən Ramazan ayından qeyri orucunun niyyətini edirsə, qəsd etdiyi oruc hesaba alınmaz və həmçinin Ramazan ayının orucu kimi də sayılmaz. Əgər o qəsd qürbət (yəni Allaha yaxınlaşmaq) qəsdi ilə zidd olsa, hətta ziddiyyətli olmasa belə, ehtiyata əsasən Ramazan ayının orucundan hesab olunmaz.
Məsələ 1566: Əgər məsələn; ayın birinci gününün niyyəti ilə oruc tutsa, sonra ayın ikinci ya üçüncü günü olduğunu başa düşsə, orucu səhihdir.
Məsələ 1567: Əgər sübh azanından əvvəl niyyət etsə və bihuş olsa və günarası özünə gəlsə, vacib ehtiyata əsasən o günün orucunu tamam etməlidir və əgər tamam etməsə, onun qəzasını yerinə yetirməlidir.
Məsələ 1568: Əgər sübh azanından qabaq niyyət edib, sonra sərxoş olarsa və həmin gün ərzində ayılarsa, vacib-ehtiyata əsasən o günün orucunu tamamlamalı və onun qəzasını da yerinə yetirməlidir.
Məsələ 1569: Əgər sübh azanından əvvəl niyyət edib yatsa və axşamdan sonra ayılsa, orucu səhihdir.
Məsələ 1570: Ramazan ayı olduğunu bilməsə və ya unudarsa, belə ki, zöhrdən qabaq Ramazan ayı olduğunu bilərsə, əgər orucu batil edən bir iş görmüşdürsə, orucu batildir. Amma şam azanına qədər orucu batil edən işlərdən çəkinməli və Ramazandan sonra da, o günün orucunu qəza etməlidir. Ehtiyata əsasən, əgər zöhrdən sonra da Ramazan olduğunu anlayarsa, hökm eynidir. Amma əgər zöhrdən əvvəl başa düşsə və orucu batil edən bir iş görməsə, orucu səhihdir.
Məsələ 1571: Əgər uşaq Ramazan ayında sübh azanından əvvəl həddi-buluğa çatsa, gərək oruc tutsun. Əgər azandan sonra həddi-buluğa çatsa, o günün orucu ona vacib deyil. Amma əgər müstəhəbb oruc tutmaq qəsdi etsə, ehtiyata əsasən bu təqdirdə o günün orucunu tamamlaması lazımdır.
Məsələ 1572: Meyitin orucunu yerinə yetirmək üçün əcir olan və ya boynunda kəffarə orucu olan bir şəxs, müstəhəbb bir oruc tutarsa, eybi yoxdur. Amma boynunda qəza orucu olan bir şəxs, müstəhəbb oruc tuta bilməz. Əgər unudaraq müstəhəbb bir oruca niyyət edər və zöhrdən qabaq xatırlayarsa, müstəhəbb orucu pozular, lakin niyyətini qəza orucuna çevirə bilər. Amma əgər zöhrdən sonra agah olarsa, ehtiyata əsasən orucu batildir. Əgər şam azanından sonra da xatırlayarsa, orucunun səhih olması şübhəlidir.
Məsələ 1573: Əgər Ramazan ayının orucundan başqa, müəyyən olmayan insana vacib olsa, məsələn, müəyyən bir günü oruc tutmasına dair nəzr etmiş olsa, əgər sübh azanına kimi qəsdən niyyət etməsə, orucu batildir. Əgər o günün orucunun ona vacib olmasını bilməsə, ya unutsa zöhrdən əvvəl yadına düşsə, orucu batil edən bir iş görməmiş olsa və niyyət etsə, onun orucu səhihdir. Əgər zöhrdən sonra yadına düşsə, Ramazan ayının orucunda deyilən ehtiyata əməl etməlidir.
Məsələ 1574: Əgər vacib olan, lakin günü müəyyən olmayan oruc üçün məsələn; kəffarə orucu kimi, qəsdən zöhrə qədər niyyət etməsə, eybi yoxdur. Əgər niyyətdən əvvəl oruc tutmaq qərarına gəlsə ya oruc tutub-tutmaması barədə müəyyən qərara gəlməsə (tərəddüd etsə), belə ki, orucu batil edən işlərdən görməmişsə və zöhrdən əvvəl niyyət edibdirsə, orucu səhihdir.
Məsələ 1575: Əgər Ramazan ayında, zöhrdən əvvəl kafir müsəlman olsa və sübh azanından o vaxta kimi, orucu batil edən bir iş görməyibsə, vacib ehtiyata əsasən gərək oruc niyyəti etsin və orucu tamam etsin. Əgər o gün oruc tutmasa, onun qəzasını yerinə yetirsin.
Məsələ 1576: Əgər xəstə olan bir şəxs, Ramazan ayı günündə zöhrdən qabaq sağalar və o vaxta qədər orucu batil edən bir şey etməmiş olarsa, oruc üçün niyyət edib o günün orucunu tutmalıdır. Amma əgər zöhrdən sonra sağalarsa, o günün orucu ona vacib deyildir.
Məsələ 1577: İnsanın, Şəbanın son günü yaxud Ramazanın əvvəl günü olduğundan şübhə etdiyi günü oruc tutması vacib deyildir. Əgər oruc tutmaq istəsə, Ramazan ayı orucunun niyyətini edə bilməz. Amma əgər «Ramazan ayı olduğu təqdirdə, Ramazandan və Ramazan ayı olmadığı təqdirdə, qəza və bunun kimilərdən sayılsın» deyə niyyət edərsə, hərçənd orucunun səhih olması uzaq görüş olmasa da, qəza və bu kimi oruca niyyət etməsi daha yaxşıdır. Belə ki, əgər sonradan Ramazan ayı olduğu məlum olarsa, Ramazandan hesab olunar. Əgər təyin etmədən, oruc olmağa niyyət edər və sonradan Ramazan ayı olduğu məlum olarsa, yenə də kifayətdir.
Məsələ 1578: Şəbanın son günü, yoxsa Ramazanın əvvəl günü olduğundan şübhə etdiyi gündə, qəza, müstəhəbb və bu kimi bir oruc niyyəti ilə oruc tutar və gün ərzində Ramazan ayı olduğunu anlayarsa, Ramazan ayı orucu üçün niyyət etməlidir.
Məsələ 1579: Əgər müəyyən vacib bir orucda (Ramazan ayının orucu kimi) orucunu batil edib ya etməməsində müəyyən qərara gələ bilməsə ya orucunu batil etməsinə dair qəsd etsə, ehtiyata əsasən etdiyi qəsdindən qayıtsa da və orucu batil edən bir iş görməsə də orucu batil olar.
Məsələ 1580: Müstəhəbb olan və ya kəffarə orucu kimi vaxtı müəyyən olmayan vacib bir orucda, əgər orucu batil edən bir iş görməyi qəsd edər və ya belə bir işi görüb-görməmək xüsusunda tərəddüdə düşərsə, əgər həmin işi görməsə, belə ki, vacib orucda zöhrdən əvvələ qədər və müstəhəbb orucda, şam azanından əvvələ qədər təkrarən oruc üçün niyyət edərsə, orucu səhihdir.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri

0 şərh