Orucun kəffarəsi

Məsələ 1667: Əgər bir şəxs Ramazan ayı orucunu yemək, içmək, cima, istimna və ya (sübh azanına qədər) cünub qalması ilə pozarsa, bunu öz ixtiyarı və iradəsi ilə qəsdən edib, məcburiyyət və çarəsizlik üzündən olmasa, qəza etməyə əlavə olaraq kəffarə də ona vacib olur. Amma bu söylənənlərdən qeyrisi ilə pozarsa, qəza etməyə əlavə olaraq kəffarə də verməsi ehtiyat-müstəhəbbdir.
Məsələ 1668: Əgər bir şəxs, bu söylənənlərdən birini, onun orucu pozmadığına qəti olaraq etiqadı olduğu halda edərsə, orucu batil olmadığı kimi, ona kəffarə də vacib olmaz.
Məsələ 1669: Ramazan ayının kəffarəsi boynuna vacib olan şəxs, ya bir qul azad etməli və ya sonrakı məsələdə söylənəcək göstərişə əsasən, iki ay oruc tutmalı yaxud altmış fəqiri doyuzdurmalı ya da hər birisinə bir müdd, yəni təqribən dörddə üç kiloqram təam, yəni buğda, arpa, çörək və bu kimi şey verməlidir. Əgər bunlar onun üçün mümkün olmasa, mümkün olduğu qədər sədəqə verməli, əks halda istiğfar etməlidir. Amma mümkün olduğu təqdirdə, vacib-ehtiyata əsasən, kəffarəni ödəməlidir.
Məsələ 1670: Ramazan ayının iki ay kəffarəsini tutmaq istəyən şəxs, gərək bir ayı bütün və onun bir gününü o biri aydan ardıcıl tutsun. Əgər onun davamı ardıcıl olmasa, eybi yoxdur.
Məsələ 1671: İkinci ay Ramazan ayının kəffarəsini tutmaq istəyən bir şəxs, ardıcıl tutmalı olduğu otuz bir günün ərzində Qurban bayramı kimi, oruc tutulması haram olan bir günün olacağı zamanda kəffarə orucunu tutmağa başlamamalıdır.
Məsələ 1672: Ardıcıl olaraq oruc tutulmalı olan bir şəxs, əgər onların arasında üzrsüz olaraq bir gün oruc tutmazsa, orucları yenidən ardıcıl tutmalıdır.
Məsələ 1673: Əgər ardıcıl olaraq oruc tutmalı olduğu günlər arasında heyz, nifas və ya məcburi səfərə çıxmaq kimi, qeyri-ixtiyari bir üzrlə qarşılaşarsa, o üzrün bərtərəf olmasından sonra orucları yenidən tutması vacib deyildir. Üzrün bərtərəf olmasından sonra orucların qalanını yerinə yetirər.
Məsələ 1674: Əgər haram şeylə orucunu batil etmişsə, istər o şey şərab və zina kimi əslində haram olsun, istərsə də insana zərər yetirən halal xörəyi yemək və ya öz əyalı ilə heyz halında yaxınlıq etmək kimi bir səbəb üçün haram olsun, müstəhəbb ehtiyat odur ki, kəffarəni cəm versin, yəni bir qul azad etsin və iki ay oruc tutsun və altmış fəqiri doydursun ya onların hər birinə bir müdd miqdarında buğda, arpa, çörək və bu kimi şeylər versin. Əgər hər üçü ona mümkün olmasa, onların hər hansı biri mümkündürsə, yerinə yetirsin.
Məsələ 1675: Əgər oruc tutan, Allah və Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) qəsdən yalan nisbət versə, müstəhəbb ehtiyat odur ki, bütün kəffarələri qabaqkı məsələdə deyildiyi kimi yerinə yetirsin.
Məsələ 1676: Əgər oruc tutan Ramazan ayının bir günündə bir neçə dəfə cima ya istimna etsə, ona bir kəffarə vacibdir. Amma müstəhəbb ehtiyat odur ki, hər dəfə üçün kəffarə versin.
Məsələ 1677: Əgər oruc tutan cima və istimnadan başqa, orucu batil edən işlərdən birini görsə, onların hamısı üçün işkalsız (eyibsiz) bir kəffarə kifayətdir.
Məsələ 1678: Əgər oruc tutan, cimadan başqa orucu batil işlərdən birin görsə və sonra öz halalı ilə cima etsə, hər ikisi üçün bir kəffarə kifayətdir.
Məsələ 1679: Əgər oruc tutan, orucu batil edən halal bir iş görsə, məsələn; su içsə və sonra orucu batil edən haram bir iş görsə, məsələn; haram xörək yesə, bir kəffarə kifayətdir.
Məsələ 1680: Əgər oruc tutan şəxs, gəyirmək vasitəsilə ağzına gələn bir şeyi qəsdən udarsa, orucu batil olur. Onun qəzasını tutacağı kimi, kəffarə də onun üzərinə vacib olur. Əgər o şey yeyilməsi haram olan bir şeydirsə, gəyirdiyi zaman ağzına qan və ya yemək halından çıxmış bir yemək maddəsi gələrsə və o, onu udarsa, həmin günün orucunun qəzasını tutmalı və cəmi kəffarə verməsi müstəhəbb ehtiyatdır.
Məsələ 1681: Müəyyən bir gündə oruc olacağını nəzir etsə, əgər o günün orucunu qəsdən batil etsə, gərək kəffarə versin. Bu kəffarə nəzirin pozması kəffarəsində izah olunacaq.
Məsələ 1682: Əgər oruc tutan, sözünə əmin olmadığı bir şəxsin «iftar oldu» deməsi ilə orucunu yeyər, sonra da iftar olmadığını bilər və ya iftar olub-olmadığından şəkk edərsə, qəza və kəffarə ona vacib olur.
Məsələ 1683: Qəsdən orucunu batil edən şəxs, əgər zöhrdən sonra səfərə çıxsa ya kəffarədən boyun qaçırmaq üçün zöhrdən əvvəl səfərə çıxsa, onun boynundan kəffarə götürülmür, hətta əgər günortadan əvvəl bir müsafirət onun qarşısına çıxsa, ona kəffarə yenə də vacibdir.
Məsələ1684: Oruc tutan şəxs, qəsdən orucunu pozduqdan sonra heyz, nifas və ya xəstəlik kimi bir üzrlə qarşılaşarsa, kəffarə verməsi ehtiyat-müstəhəbbdir.
Məsələ 1685: Əgər Ramazan ayının birinci günü olduğunu yəqin edib, qəsdən orucunu batil etsə, sonra Şəbanın son günü olması məlum olsa, ona kəffarə vacib deyildir.
Məsələ1686: Əgər insan, Ramazanın son günü, yoxsa Şəvval ayının əvvəl günü olduğundan şübhələndiyi bir gündə, qəsdən orucunu pozarsa, belə ki, sonradan Şəvvalın əvvəl günü olduğu məlum olarsa, ona kəffarə vacib olmaz.
Məsələ 1687: Oruc tutan şəxs, Ramazan ayında oruclu olan xanımı ilə cima edərsə, belə ki, xanımını bu işə məcbur etmişdirsə, həm özünün kəffarəsini, həm də ehtiyata əsasən xanımının kəffarəsini verməlidir. Əgər xanımı cimaya razı olmuşdursa, hər birinə bir kəffarə vacib olur.
Məsələ 1688: Əgər bir qadın oruc tutan ərini özü ilə cimaya məcbur etsə, vacib deyildir ki, ərinin orucunun kəffarəsini versin.
Məsələ 1689: Əgər oruc tutan Ramazan ayında öz arvadını cimaya məcbur etsə və cimanın arasında arvadı razı olsa, vacib ehtiyata əsasən, gərək kişi iki kəffarə və arvad bir kəffarə versin.
Məsələ 1690: Əgər oruc tutan, Mübarək Ramazan ayında oruc tutmuş və yatmış arvadı ilə cima etsə, bir kəffarə ona vacibdir və arvadın orucu səhihdir, kəffarə də ona vacib deyildir.
Məsələ 1691: Əgər kişi öz arvadını ya arvad öz kişisini cimadan başqa orucu batil edən işlərdən birini görməyə məcbur etsə, onların heç birinə kəffarə vacib deyildir.
Məsələ 1692: Səfər ya xəstəlik səbəbi ilə oruc tutmayan şəxs, öz oruc tutmuş arvadını cimaya vadar edə bilməz. Amma onu məcbur etsə, kişiyə kəffarə vacib deyil.
Məsələ 1693: İnsan gərək kəffarəni yerinə yetirməkdə səhlənkarlıq etməsin, amma lazım deyildir ki, dərhal onu yerinə yetirsin.
Məsələ 1694: Əgər insana kəffarə vacib olsa və bir neçə il onu yerinə yetirməsə, ona bir şey əlavə edilməz.
Məsələ 1695: Bir günün kəffarəsi üçün altmış fəqirə təam verməli olan bir şəxs, əgər altmış nəfər fəqir tanıyırsa, onların hər birinə bir müdd təamdan artıq verə bilməz və ya bir fəqiri bir dəfədən artıq, yəni bir neçə dəfə doydurub artığını kəffarədən hesab edə bilməz. Lakin, bir fəqirə ailə üzvlərinin — hətta uşaq olsalar belə — sayı qədər pay, yəni hər birinə bir müdd təam verə bilər və fəqir ailəsi tərəfindən onu qəbul edə bilər.
Məsələ 1696: Ramazan ayının orucunun qəzasını tutan şəxs, əgər zöhrdən sonra qəsdən orucu batil edən işlərdən birin görsə, gərək on yoxsula bir müdd təam versin və əgər verə bilməsə, üç gün oruc tutsun.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
loading...
 

0 şərh