Orucun sosial faydası

Müvəqqəti də  olsa varlı insanlara kasıblığın necə olduğunu xatırladan oruc, sosial ədalət düşüncəsinin zehinlərdə və qəlblərdə  həkk olunmasına vəsilə olan bir ibadətdir. Çünkü həm hər istədiyini yeyə bilən varlı birisi, həm də   çox çətin bir vəziyyətdə yaşayan kasıb insan  oruc tutduqları zaman fiziki olaraq eyni hissləri yaşayırlar. Varlı bir mömini həm fiziki, həm də mənəvi cəhətdən kasıblığın sərhədlərinə çəkən oruc bununla köməyə  möhtac insanların  ağrı-acılarını praktiki olaraq həmin insana hiss etdirir.

Bununla da oruc insanlarda yardımlaşma duyğularını daha da canlandırır. Bəzilərinin ac, bəzilərinin isə tox yaşadığı, varlı ilə kasıb arasında qısqanclıq və düşmənçiliyin hakim olduğu bu günümüzdə, cəmiyyətdə əmin-amanlığın və nizam-intizamın bərqərar olması üçün orucun oynadığı sosial rol olduqca böyükdür.

Bu səbəbdən də oruc tutan müsəlmanlar Ramazan ayında daha cömərd olur, iftar vaxtı evlərinə qonaq dəvət edərək süfrələrində  başqa insanların, xüsusilə kasıbların olmasına şərait yaradırlar. Digər bir tərəfdən, Ramazan və orucun sosial atmosferindən təsirlənən müsəlmanlar öz mallarından kasıbların haqqı olaraq qəbul etdikləri fitrə sədəqəsini də verməkdən böyük fərəh hissi keçirirlər. Qohum-əqrəbalarına, hətta tanımadıqları insanlara belə bu baxımdan maddi cəhətdən kömək edir, sədəqə paylayırlar.

Məlumdur ki, hər bir dövlət öz xalqını gələcəkdə baş verməsi ehtimal olunan mühariblərə hazırlayır. Bu səbəbdən hər bir ölkənin özünün hərbi sistemi vardır. Belə ki, ölkədə yaşayan gənclər hərbi xidmətə çağrılaraq baş verə biləcək müharibəyə hazırlaşdırılır və müharibənin çətin şərtlərinə öyrəşdirilir. Məlumdur ki, müharibə baş verdiyi an insanlar aclıq, susuzluq və başqa çətinliklərlə qarşılaşa bilirlər. Beləliklə, oruc, bütün insanları gələcəkdə baş verəcək müharibə, təbii fəlakət və oxşar hadisələrdə çox çətin şərtlərə öyrəşdirir.

Həmçinin, orucun şəhvani arzulara necə hakim olmaq və cəmiyyət əxlaqının sahmana salmaq istiqamətindəki təsirinə toxunmaq yerinə düşərdi. Məlumdur ki, insan instinktiv olaraq əks cinsə meyl edir. Lakin bu istəklər ictimai qaydaları və ümumi əxlaqi dəyərləri zədələyəcək səviyyəyə çatarsa, bu, cəmiyyətdə bir çox problemə və anarxiyaya səbəb olur. Dövrümüzün gəncliyi bütün bu hissləri ən rəzil və murder bir şəkildə yaşayır. Baxdığımız zaman ailə düşüncəsinin təməldən yıxıldığının, ailə qurmağın əsas məqsədlərindən biri olan nəsilartırma şüurunun, demək olar ki, yox olduğunun, sağlam və örnək nəsil əvəzinə yalnız heyvani hisslərdən başqa bir şey düşünməyən gəncliyin möbcudluğunu görə bilərik. Qız və qadınlar kişilərin cinsi arzularına hər bir yöndən xitab edərək onları özlərinin və şəhvani istəklərinin əsirinə çevirmiş, kişilər də qadınları öz arzu və istəklərinə uyğun gələn bir maşın, bir əyləncə vasitəsinə çevirmişlər. Ər və arvadın yataqda etdiklərini utanmadan kücələrdə edən və bununla da heyvanlaşan belə insanlar, demək olar ki, hər təfəri bürüyüb. Bir neçə nəsil sonra bu əxlaqsızlığın nəticəsinin necə olacağı insanın tüklərini ürpədən bir sualdır. Unutmaq lazım deyil ki, qarşısı alınmayacağı təqdirdə bütün bunlar atalıq və analıq düşüncəsinin tarixin arxivinə atılacağına, hər cür əxlaqsızlığın sənət kimi qəbul ediləcəyinə, küçələrdə qız və oğlanların, hətta homoseksualların belə bir-biri ilə açıq şəkildə cinsi münasibətdə olacaqlarına və bununla da bir çox cəmiyyətin əxlaqsızlıq böhranında boğulmasına səbəb olacaqdır.

Məhz oruc bütün bu hisslərin tənzimlənməsinə və Allahın haramlarına yaxınlaşmamağa  şərait yaradır. Hətta insan oruclu halda ikən xanımı ilə  yatmaqdan uzaq duracaq, başqalarının xanımına baxmaqdan özünü qoruyacaq, pis düşüncə və sözlərdən uzaqlaşacaq, şəhvani hisslərini nəzarət altına alacaq, zinaya və əxlaqsızlığa sürükləyən hər yoldan çəkinməyə çalışacaqdır. Peyğəmbərimiz (s) orucun əxlaq, xüsusilə cəmiyyət əxlaqı nöqteyi-nəzərindən əhəmiyyətini bir hədisində belə bildirib: "Ey gənclər! Kimin evlənməyə imkanı çatırsa, evlənsin. Çünkü evlənmək gözü haramdan daha çox qoruyar və insan iffətli edər. Evlənə bilməyənlər isə oruc tutsun. Çünkü oruc onun üçün bir qalxandır ".

Bununla da  oruc tutan kəs həm öz əxlaqına sahib çıxacaq, həm də cəmiyyətin əxlaqidəyərlərinə xələl gətirməyəcəkdir.

Az yeyən insanın qəlbi saf, incə və həssas olur. Qəlbin Haqqa bağlılığı  artır. Çox yemək isə qəlbi sərtləşdirir, nurunu söndürür. Bir hədisində peyğəmbərimiz (s) belə buyurub: "Çox yeməklə qəlbinizi öldürməyin. Artıq su əkini məhv etdiyi kimi, çox yemək də qəlbi öldürər".

Həmçinin, az yemək insanda qürur hissini aradan qaldırır. Unutmamalıyıq ki, nəfs aclıqla qırıldığı qədər, heç bir şeylə qırılmır. İnsan ac ikən üz verəcək bəlaları unutmaz. Az yemək insana təmbəllik, süstlük və axmaqlıq verən çox yatmağı aradan qaldırır. Çox yeyən insan qafil olar. Qafil olan insan isə hər zaman zərər içində olub peşmanlıq çəkər. Peyğəmbərimiz (s) buyurub: "Adəmoğlu mədəsindən daha zərərli qab doldurmamışdır. Belini dik tutacaq qədər bir loxma yeməsi ona kifayətdir".

Hz. İsanın (Ona salam olsun!) belə dediyi rəvayət edilir: "Mədənizi boş saxlayın, çox yeməyin. Ola bilsin ki, qəlbinizlə Rəbbinizi görə biləsiniz".

Az yeməyə  vərdiş edən insan az mala da qənaət edər. Sadə bir həyat tərzi sürər, dərdi-qəmi az olar. Həm özü, həm içində yaşadığı cəmiyyət israfdan, iqtisadi böhrandan, bədxərclikdən xilas olar.

Hətta Hindistanın Milli qəhrəmanı Mahatma Qandi müsəlman olmadığı halda İslamda olduğu kimi oruc tutar, mühüm qərarlar verməzdən  əvvəl və ya dua edəcəyi mühüm bir hadisə baş  verdiyi bir vaxda orucu tərk etməzdi. Orucun faydalarını, müsəlmanlara təsirini ətrafındakılara danışardı.

Möminlər o kəslərdir ki, onlar hər şeyiAllaha ibadət və itaət üçün edirlər. Bütün bu sadaladıqlarımız oruc tutmaqda əsas qayə deyildir. Əsas qayə Allahın əmrlərinə sarılmaqdır. Bütün bu sadaladıqlarımız daha yaxşı dərk edilərsə, o zaman ibadətlər daha da zövqlə yerinə yetiriləcəkdir. Bunlar möminlərin imanını artıracaq  hikmətlərdir. Kafirlərin də ağıllarını işlədərək İslam dinini seçmələri, dünya və axirətlərini xilas etmələri üçün ən gözəl fürsətdir. İslamda ibadət dünyada bəzi faydalar verdiyi üçün deyil, Allaha itaət və ibadət etmək, Onun əmir və qadağalarına tabe olmaq və Allahın rızasını qazanmaq üçün edilir. Unutmamalıyıq ki, təkcə oruc ibadəti deyil, İslamın hər bir əmr və qadağasına tabe olmaq insana hələ dünyada ikən saysız-hesabsız faydalar verə bilər. Bu dünyəvi faydalar axirətdəki sonsuz nemətlərin sadəcə behidir.

 

0 şərh