Рейтинг
+36.28

Ramazan ayı

30 üzv, 92 topik

Orucun hökmləri

Oruc, insanın Allah-təalanın əmrini yerinə yetirmək üçün sübh azanından şam azanına qədər, irəlidə izah olunacağı kimi, doqquz şeydən çəkinməsidir.
NİYYƏT
Məsələ 1559: İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn; «sabah oruc tutacağam» deyərək niyyət etməsi şərt deyildir. Yalnız Allah-təalanın əmrinə itaət etmək üçün, sübh azanından şam azanına qədər orucu pozan şeylərdən özünü qoruma qərarında olması kifayətdir. Bu müddət ərzində oruc olduğuna yəqin etmək üçün, gərək sübh azanından bir az qabaq və şam azanından bir az sonraya qədər orucu batil edən işlərdən özünü saxlasın.
Davamı →

İmsakda yeyilməsi vacib olan qidalar


İsti yay günlərində oruc tutmaq heç kəs üçün asan deyil. Müsəlmanlar bunu da bir sınaq kimi qəbul etsələr də, bəzi məqamlardan çıxış yolu tapmaq lazımdır. 17 saat ac və susuz qalmaq üçün həm psixoloji, həm də fiziki hazırlıq tələb edilir. İlk növbədə imsaka diqqətli olsanız, iftara qədər sınaqdan üzü ağ çıxarsınız. Ramazanda imsak yeməyi vacibdir. Çünki bütün gün boyu imsakda yeyilən yeməklər həzm edilir. İlk növbədə mədənin boşalma müddətini uzadaraq acma hissini gecikdirdiyi üçün zülal tərkibi çox olan qidalara üstünlük verilməlidir. Eyni zamanda, toxluq hissi də təmin edən bu qidalar imsakda unudulmamalıdır. 

Əvvəlcə qeyd edək ki, maddələr mübadiləmiz gecə yavaşladığı üçün həmin vaxt yeyilən yeməklər bədənin yağlanmasını artırır. Bu vəziyyətin qarşısını almaq üçün imsakda heç yeməməkdənsə, heç olmasa südlü şorbalar içə bilərsiniz. Ağ çörək yerinə tam buğda çörəyinə üstünlük verin. Onlar həm daha çox tox tutarlar, həm də B qrupu vitaminlərlə zəngindirlər. 
Davamı →

Orucun yalnız qəzası vacib olan hallar

Ramazan ayının kəffarəsi üzərinə vacib olan şəxs ya bir qul azad etməli və ya sonrakı məsələdə söylənəcək göstərişə əsasən, iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birinə bir mudd, yəni təqribən 750 qram buğda, arpa, çörək və bu kimi şeylərdən verməlidir. Qafqaz Müsəlmanlar İdarəsindən (QMİ) verilən məlumata görə, əgər bunlardan heç biri mümkün olmasa, bacardığı qədər sədəqə verməli, əgər bunu da edə bilməsə, istiğfarə etməlidir. Lakin mümkün olduğu təqdirdə, vacib-ehtiyata əsasən, kəffarəni ödəməlidir.

Ramazan ayının iki ay kəffarəsini tutmaq istəyən şəxs gərək bir ayı bütün və onun bir gününü o biri aydan olmaqla ardıcıl tutmalıdır. Əgər onun davamındakı otuz gün ardıcıl olmasa, eybi yoxdur. İki ay Ramazan ayının kəffarəsini tutmaq istəyən bir şəxs ardıcıl tutmalı olduğu otuz bir günün ərzində Qurban bayramı kimi, oruc tutması haram olan bir günün olacağı zamanda kəffarə orucunu tutmağa başlamamalıdır.

Ardıcıl oruc tutmalı olan bir şəxs əgər onların arasında üzrsüz olaraq bir gün oruc tutmazsa, orucları yenidən başlayaraq ardıcıl tutmalıdır. Əgər ardıcıl olaraq oruc tutmalı olduğu günlər arasında heyz, nifas və ya məcburi səfərə çıxmaq kimi qeyri-ixtiyari bir üzrlə qarşılaşarsa, o üzrün aradan qalxmasından sonra orucları yenidən tutması vacib deyil. Üzrün aradan qalxmasından sonra orucların davamını yerinə yetirər.
Davamı →

Makiyaj etmək, saqqız çeynəmək orucu pozarmı?

«Ramazanda makiyaj etmək olarmı?» — bu sual işləyən xanımları daha çox düşündürür. Tonal krem, kirşan və göz makiyajı ləvazimatlarından istifadə etmək orucu pozmaz. Dodaq boyasının tüpürcəklə qarışıb boğazdan aşağı getmək ehtimalı olduğu üçün çoxları Ramazanda ondan istifadə etməkdən çəkinir. Bu səbəbə görə oruc vaxtı dodağa boya sürtmək məsləhət görülmür.

Dodaq boyasından istifadə bir qədər mübahisəli mövzudur. Dodaqlara birbaşa olaraq hopan boyalar orucu pozmaz. Lakin bütün dodaq boyalarının dəri vasitəsilə sorulacağına əmin olmaq çətin məsələdir. Odur ki bir qədər ehtiyatlı olmaq lazımdır. Ağız təravətləndirici vasitələrdən istifadə etmək də qadağan edilməyib. Bu kimi vasitələrdən qida borusuna daxil olmaması şərti ilə istifadə edilməlidir. Belə olan halda oruc pozulmaz. Orucluq vaxtı vitaminli, qidalandırıcı kremlərdən istifadə etmək də çox insanı düşündürən suallardandır. Oruc tutan şəxslər bu cür kosmetik vasitələrdən üz və əl kremlərindən istifadə edə bilər.
Davamı →

Hansı ölkələrdə neçə saat oruc tutulur?

Ramazan ayında ən çox maraq doğuran mövzulardan biri də hansı ölkədə neçə saat oruc tutulacağıdır. Ən uzun və ən qısa müddət oruc tutacaq ölkələrin siyahısını təqdim edirik.

Azərbaycan və Türkiyədə təxminən 17 saat oruc tutulduğu halda, bəyaz gecələrin baş verdiyi və günəşin demək olar ki, heç batmadığı Skandinaviya ölkələrində bu müddət 21 saatdır. Ən qısa müddət 9 saat 20 dəqiqə isə Argentinadadır.

Dünya miqyasında 1,5 milyarddan çox müsəlman yaşadıqları ölkələrə görə, bir-birindən olduqca fərqli müddətdə oruc tutur. Oruclu qalmaq müddətinin ən uzun olduğu Skandinaviya ölkələrindən İslandiyanın paytaxtı Raykyavikdə 21 saat 13 dəqiqə, finlandiyanın paytaxtı Helsinkidə 19 saat 50 dəqiqə, Stokholm, Oslo və Kopenhagendə isə təxminən 19 saat yarım oruc tutulur.

Ramazan coşğusunun yaşandığı ölkələrdən biri olan Rusiyanın paytaxtı Moskvada isə müsəlmanlar 18 saat 37 dəqiqə oruc tutur.
Davamı →

Niyə iftar xurma ilə açılır?

Quranda adı çəkilən 3 meyvədən biri olan xurma ərəb dünyası üçün “səhra çörəyi” simvoludur. Məhəmməd peyğəmbər ilk Ramazanın ilk iftarını xurma ilə açdı və bunu tövsiyə etdi: “Mümkün olduğu qədər sübh yeməyində xurma yeyin”. Təbii şirniyyat olan xurma insana güc verir, böyrək, ürək, qaraciyəri möhkəmləndirir. Bağırsaqlarda faydalı bakteriyaların inkişafına yardım edir. Quru xurmada 70% şəkər olur ki, bu da istənilən meyvədən çoxdur.

Xurmanın tərkibi: şəkər, zülal, karbohidrat, dəmir, maqnezium, fosfor, A, B1, B2 vitaminləridir. Orucun su və xurma ilə açılması saatlarla ac olan beyin, mədə və bağırsaqların hazırlanması, özünə gəlməsi üçün ən ideal variantdır. Məhz xurma bağırsaqları, ümumilikdə selikli qişanı iftar zamanı yemək qəbuluna hazırlayır, normal fəaliyyətə kömək edir. Xurma damarları yumşaldır, sinir hüceyrələrini lazım olan qlükoza ilə təmin edir. Xurma qəbizlik, həzm pozğunluğu, ürək bulanma, iştahasızlıq kimi problemlərə çözümdür.

Xurma antioksidantdır. Bu da xərçəng hüceyrələrinə qarşı müdafiə qabiliyyətini artırır. İnsan ac olarkən dili üzərində, ağız boşluğunda, mədə yolu və bağırsaq qişasında bakteriya dolu ərp yaranır, orqanizm təmizlənir. Əgər insan başqa ərzaqla iftarı dərhal açarsa, bu, toksin maddələr elə orqanizmdə qalır, mədəyə düşərək, bədəndən ixrac olmur; amma xurma və su bu zərərli maddələri özünə hopdurur və yenidən orqanizmə yayılmasına imkan vermir. Ona görə əsrlər keçsə də xurma iftar süfrəsindəki şah yerini qoruyub saxlayır.
Davamı →

Fitrə necə hesablanır?

İyulun 29-u Ramazan bayramıdır.
Bir gün əvvəl isə bayram axşamıdır. İslam qaydalarına görə, bayram axşamı müsəlman evindən fitrə pulu çıxarmalıdır.

Qafqaz Müsəlmanları İdarəsi bu il adambaşına fitrə pulunu 5 manat müəyyən edib. Fitrə pulunun qədəri necə müəyyən edilir?

İlahiyyatçı Elşən Mustafaoğlu Ramazan ayının sona çatması münasibətilə verilən fitrə zəkatı haqda bunları deyib: “İslama görə, Ramazan ayının bitməsi Fitr bayramı ilə qeyd olunur. Bayram günündə imkanı çatan hər müsəlman özü və öhdəsində olan şəxslər üçün fitrə zəkatı verir, bununla bayram sevincini ehtiyaclı ailələrlə də paylaşmış olur. “Quran”ın 30 ayəsində zəkatdan söz açılır, bu ayələrdən bir neçəsində Allah zəkat verilməsini əmr buyurur. Məsələn, Nur surəsinin 56-cı, Müzzəmmil surəsinin 20-ci, Mücadələ surəsinin 13-cü ayələrini göstərmək olar. Bununla bərabər bir çox digər ayədə də sədəqə və infaq, yəni Allah yolunda malından-pulundan xərcləmə, ehtiyaclılara əl tutma, yardım etmə haqda buyurulur.
Ardı →

İftar faydadlı və sərinlədən içkilər

İftar sonrası sizi sərinlədən ən gözəl içki əlbəttə su hesab olunur. Amma suyun xaricində immunitetinizi gücləndirəcək, özünüzü daha yaxşı hiss etmənizi təmin edəcək və xəstəliklərdən qoruyacaq bir neçə variantı var.

Limonad
Çoxlu faydası olan limon şirniyyatlarda,tərəvəz yeməklərində, salatlarda çox sıx istifadə edilir.  Göz sağlamlığından, xərçəngə kimi immunitet sistemini gücləndirən və ürək sağlamlığına faydası olan bir meyvədir.  Bol nanəli bir limonad içmək iftardan sonra məsləhət görülür.

Yaşıl Çay
Flavonoid və polifenollar kimi təbii və güclü antioksidantları olan nadir bir bitkidir.  Osteoporoz, ürək xəstəliyi, xərçəng kimi xəstəliklərin qarşısının alınmasında təsirlidir.  Ayrıca məzmunundakı fluoride sayəsində diş sağlamlığını qoruyur.  Maddələr mübadiləsini canlandırır.  Yaşıl çayı isti içə biləcəyiniz kimi buzlu, limonlu, darçınlı və qərənfilli  içməniz də mümkündür.


Ardı →

Ramazan ayında ən çox oruc tutan ölkələr

Müsəlmanlığı bildirən əsas amillərdən biri oruc tutmaqdır. Bəzi ölkələrdə orucun müddəti 9 saat, bəzilərində isə 21 saat olacaq.

Məlumata görə, bu rəqəm Yaxın Şərqdə 14-15 saat müddətində olacaq.

Mənbənin məlumatına görə, dünya ölkələrində oruc tutma müddətinin 12 saata qədər fərqli və fasiləli olması təbiidir. Bu ondan irəli gəlir ki, bu məsələ yalnız şəri vaxtlarla hesablanmalı və ölçülməlidir. Bəzi ölkələrdə orucun müddəti 12-13 saat olsa da, bəzi ölkələrdə bu müddət 20-21 saatadək davam edir.

Ən az oruc tutan ölkə Argentina olacaq. Burada müsəlmanlar 9 saat 30 dəqiqə oruc olacaqlar. Afrika qitəsində 10 və 16 saat 30 dəqiqə arasında dəyişir.

Cənubi Afrikada müsəlmanlar 10 saat yarım oruc tutacaqlar. Əlcəzair, Liviya, Mərakeş və Sudanda yaşayan müsəlmanlar 14 saat, Tunisdə 15 və Misirdə 16 saat 30 dəqiqə oruc tutacaqlar.

Avstraliyaya gəlincə, burada yaşayan müsəlmanlar 10 saat oruc tutacaqlar. Halbuki Asiya qitəsində Sinqapur, Hindistan, Pakistan, Malaziya müsəlmanları iftarı 12 saat gözləməli olacaqlar. Qonşu İranda müsəmanlar 16 saat 40 dəqiqə oruc tutacaqlar.

İraq, Suriya, Küveyt və İordaniyada 14 saat, Qətərdə 14 saat 40 dəqiqə, Yəməndə 14 saat 50 dəqiqə, Ərəb Əmirliklərində 14 saat 51 dəqiqə, Fələstin, Livan, Bəhreyn və Ərəbistanda isə 15 saat oruc tutulacaq.
Ardı →

Ramazan ayının pəhrizi

Müqəddəs Ramazan ayında bütün müsəlmanlar oruc tutmalıdırlar. Oruc səhər (fəcr) namazından axşam (məğrib) namazına qədər davam edir.

Hər səhər oruc tutduqdan əvvəl niyyət etmək lazımdır. Bu niyyət ucadan və ya ürəkdə azad bir formada etmək olar. Misal üçün: “Mən bu orucu Allah naminə tutmağa niyyət edirəm”. Axşam namazın azanı səslənən kimi oruc tutan insan iftarını aça bilər. Bu məqsədlə dua oxunandan sonra 1 stəkan su içmək və bir neçə xurma yemək lazımdır.

Məhz bu üsulla siz mədə-bağırsaq sisteminizin normal fəaliyyətinə təkan verir və həddindən artıq yeməyin qarşısını alırsınız. Müxtəlif vitamin və mikroelementlərlə zəngin olan xurma insana tez bir zamanda toxluq hissi və enerji bəxş edir. Buna görə də xurma hər bir oruc tutan insanın gündəlik rasionunda mütləq olmalıdır.

İftarını açdıqdan sonra müsəlman namazını qılmalı, zikr etməli və yalnız bundan sonra əsas qida qəbuluna başlamalıdır.

Çalışın ki, həddindən artıq yeməyəsiniz – bu sizin həm fiziki, həm də ruhani sağlamlığınız üçün ziyanlıdır. 14-15 saat ərzində aclığa və susuzluğa dözən orqanizm çox miqdarda qidaya tab gətirə bilməz və insanın halı o dərəcədə pisləşə bilər ki, hətta həkimin köməyinə ehtiyac yaransın.
Ardı →