Sadə hökmlər və onların növləri

Hökmlər sadə mürəkkəb olmaqla iki növə bölünür. İki anlayış arasında əlaqəni ifadə edən hökmə sadə hökm deyilir.Məsələn, “Məntiq elmdir”, “Cəfər sürücüdür”.Mürəkkəb hökmlər isə bir neçə sadə hökmü birləşdirir.  Sadə hökmlərin özü də aşağıdakı üç yerə bölünür.

1) Atributiv ( xassə, əlamət sözündəndir ) hökmlər.Atributiv hökm predmetin əlaməti haqqında fikirdir.Burada müəyyən xassənin, əlamətin və halın predmetə məxsus olması iqrar və ya inkar edilir.Məsələn, “Bakı şəhəri “qara qızıl” diyarıdır”, “İnsan şüurludur” və s.Atributiv hökmlərin formulu belədir: “S – P-dir” S – P deyil”.

S hökmün subyektini, yəni hökmün predmeti haqqındakı məfhumu, P isə hökmün    predikatını, yəni hökmün predmetinin əlaməti haqqındakı məfhumu ifadə edir.

   Atributiv hökmlərin subyekt və predikatı onun terminləri adlanır.Lakin əsas məna yükü predikatın üzərinə düşür.Onlardan əlavə hər bir atributiv hökmdə bu terminləri birləşdirən məntiqi bağlayıcı vardır.Bunlar hökmün zəruri ünsürüdür.   Atributiv hökmlər həm də qəti hökmlər adlanır.Çünki onlar aydın, birmənalı xarakter daşıyır.Qəti hökmlərin aşağıdakı kimi bölgüsü mövcuddur.

Qəti hökmlərin bölgüsü

1.Öz keyfiyyətinə görə qəti hökmlər iqrari və inkari növlərə ayrılır.

Müəyyən bir əlamətin predmetə mənsub olduğunu bildirən hökmlərə iqrari hökmlər deyilir.Məsələn, “Vəli xalq deputatıdır”.

Müəyyən bir əlamətin predmetə xas olmadığını göstərən hökmlərə isə inkari hökmlər deyilir.Məsələn, “Müstəqil respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”.

2.Hökmlərin kəmiyyətə görə bölgüsü onların öz həcminə görə müxtəlifliyini göstərir.Bu cür bölgü onunla izah edilir ki, hökmdə ifadə olunan iqrari və ya inkari fikir ayrıca bir predmetə, müəyyən predmetlər qrupuna və bütünlükdə sinfə aid edilə bilər.Beləliklə, hökmlər öz kəmiyyətinə görə fərdi, xüsusi və ümumi hökmlərə bölünür.

Fərdi hökmlər bu və ya digər xassənin müəyyən predmetə aid olub – olmadığını iqrar və ya inkar edən fökmlərə deyilir.Məsələn, “Aristotel məntiq elminin banisidir”. Formulu:“Bu S – P-dir”, “Bu S – P deyil”.

   Xüsusi hökmlər elə hökmlərə deyilir ki,onlarda söylənilən iqrar və ya inkar predmetlər sinfinin müəyyən qisminə aid olur.Məsələn, “Bəzi təhsil alanlar Azərbaycanlıdır”. Formulu: “Bəzi S-lər P-dir”, “Bəzi S-lər P deyil”.

   Müəyyən sinfə daxil olan bütün predmetlər haqqında nəyisə iqrar və ya inkar edən hökmlərə ümumi hökmlər deyilir.Məsələn, “Bütün insanlar ölümlüdürlər”, “Heç bir delfin balıq deyil”. Formulu: “Bütün S-lər P-dir”, “Heç bir S – P deyil”.

Hökmlərin ümumi təsnifatında ayırıcı və istisnaedici hökmlər xüsusi yer tutur.

Ayırıcı hökmlər öz kəmiyyətinə görə fərdi, xüsusi və ümumi olur.Məsələn, “Yanız Cəfər bu hadisənin şahididir” hökmündə bu hadisənin şshidliyi əlamətinin yalnız Cəfərə məxsus olduğu göstərilir.Bu, fərdi ayırıcı hökmdür. Formulu: “Bu S və yalnız bu S – P-dir”.Belə hökmlərdə subyekt və predikat həcm etibarilə üst-üstə düşür.

   Ayırıcı hökmlərin xüsusi növü, haqqında söhbət gedən əlamətin məhz predmetlər qisminə mənsub olub – olmadığını göstərir.Məsələn, “Yalnız bəzi cinayətkarlar residivistlər adlanır”.Belə hökmlərdə predikat tam şəkildə subyektin həcminə daxil olur.Formulu: “Bəzi S-lər və yalnız onlar P-dir”.

 Ümumi ayırıcı hökmlərdə subyekt və pradikat həcm etibarilə üst – üstə düşür.Məsələn, “Bütün cinayətlər və yalnız onlar ictimai təhlükəli hərəkətdir”. Formulu: “Bütün S-lər və yalnız onlar P-dir”.       

   Atributiv hökmlərin növlərindən biri də istisnaedici hökmlərdir.Bu hökmlər əlamətin predmetlərin müəyyən hissəsini istisna etməklə, bütün qalan qisminə aid olub – olmamasını ifadə edir.Məsələn, “Bütün məhkəmələrdə istintaq işi dövlət sirlərinin mühafizəsi mənafeyi ilə ziddiyyət təşkil etdiyi hal istisna olmaqla açıq aparılır”.[1]  

   3.Yuxarıda göstərildiyi kimi, hər bir hökmün kəmiyyət və keyfiyyəti vardır, onlar bir – biri ilə sıx əlaqəlidir.Buna görə də məntiqdə hökmlərin kəmiyyət və keyfiyyətə görə birgə təsnifatından geniş istifadə olunur.Onun növlərini asan yadda saxlamaq üçün aşağıdakı hərflərlə işarə olunur:

A – ümumi iqrari, İ – xüsusi iqrari (latınca “iqrar edirəm” mənasını verən “affirmo” sözünün işarələnmiş saitlərinin adı ilə), E – ümumi inkari, O – xüsusi inkari (latınca “inkaredici” mənasını verən “neqo” sözünün işarələnmiş saitlərinin adı ilə).

  • 1) Ümumi iqrari hökmlər.Bu hökmlər eyni vaxtda həm ümumiliyi, həm də iqrariliyi əks etdirir.Məsələn, “Bütün mütallar kimyəvi elementdir”. Simvolik işarəsi: “Bütün S-lər P-dir”.
  • 1)    Xüsusi iqrari hökmlər.Bu hökmlər eyni vaxtda xüsusiliyi və iqrariliyi ifadə edir.Məsələn, “Bəzi şəhərlər paytaxtdır”. Simvolik işarəsi: “Bəzi S-lər P-dir”.
  • 3) Ümumi inkari hökmlər.Bu hökmlər eyni vaxda ümumiliyi və inkarlılığı əks etdirir.Məsələn, “Heç bir hadisə səbəbsiz deyil”. Simvolik işarəsi: “Heç bir S – P deyil”.
  • 4) Xüsusi inkari hökmlər.Bu hökmlər eyni vaxtda xüsusiliyi və inkarlılığı bildirir.Məsələn, “Bəzi alimlər savadlı deyil”. Simvolik işarəsi: “Bəzi S-lər P deyil”.

2) Sadə hökmlərin digər növü relyativ (münasibət bildirən) hökmlərdir.Adından göründüyü kimi, buraya predmetlər arasındakı bərabərlik, qohumluq, səbəbiyyət, məkan – zaman və s. münasibətləri ifadə edən hökmlər daxildir.Məsələn, “A – B-yə bərabərdir”, “Əxlaq hüquqdan əvvəl yaranmışdır”,”Sərxoşluq bir çox cinayətlərin səbəbidir”.Münasibət bildirən hökmlər aşağıdakı formada yazılır: a R b (burada a və b pradmetlərin adlarını, R isə latınca “nisbi” mənasını verən “relativus” sözünün hərfi olub onlar arasındakı münasibəti bildirir). Yuxarıdakı düstur belə oxunur: a b-yə R münasibətindədir.İnkarda isə bu cür yazılır: ┐(xRy).Oxunuşu: x-in y-ə R münasibətində olması doğru deyildir.

3) Ekzistensial (Mövcudluq bildirən) hökmlər – onunla səciyyələnir ki, burada hökmün predmetinin mövcud olub – olmaması faktı ifadə olunur.Məsələn, “Atom buzqıran gəmisi vardır”, “Səbəbsiz hadisə yoxdur”.

  Beləliklə, biz bu fəsildə sadə hökmlərin növlərindən bəhs etdik.Bütün bu deyilənləri ümumiləşdirərək deyə bilərik ki, sadə hökmlər üç yerə bölünür:

   1.Atributiv hökmlər.         2.Relyativ hökmlər.           3.Ekzistensial hökmlər.

Bu bölgünün əsasında da hökmün predmetə xas olan əlaməti, mövcudluq faktını və ya predmetlər arasındakı münasibəti ifadə etməsi durur.



[1] В.И.Кириллов, А.А.Старченко.Логика.1982.səh.70 – 71.

0 şərh