Nöqtə, Nöqtə və Nöqtə

Özünü nöqtə qədər əhəmiyyətsiz hiss etdiyində, dönüb arxana bax; bəlkə çox əhəmiyyətli bir cümlənin sonundasan.

Çox dəyər verdiyim bu ifadə ilə başlamaq istədim sözlərimə. Hər zaman cümləyə dəyər verib sonundakı nöqtəyə fikir vermədiyimiz üçün .

Nöqtələr bizim fikirləşdiyimiz kimi adi bir duröu işarəsi deyil əslində. Onların da özlərinə xas dilləri var. Onlar da öz dillərində danışır. Bəzən bir sözdən və ya cümlədən də daha çox şey ifadə edər nöqtələr anlayana.

Sözlər bitib tükəndiyi zaman nöqtə qoyulur. Bəzən bu nöqtəni qoymaq belə, olduqca çətin gəlir insana. Bir şeyi, bəlkə də hər şeyi bitirmək kimi. Bəzən də bu nöqtənin qoyulması insanı rahatladır, ona digər cümlələr qurmaqda yardımçı olur. Nöqtə sondur, amma digər başlanğıclara yol açan sonluqdur.                                                                    

Sözlər kiməsə ünvanlandıqda, kiməsə deyildikdə iki nöqtə qoyulur. Həsrətlə gözləyir insan qarşısındakının nə demək istədiyini, onun dodağından hansı kəlmənin çıxacağını. Çox taleyüklü, insan həyatını dəyişən bir kəlmə olduğunda o nöqtənin tez qoyulmasını arzulayırsan. Bəzən də bu gözəl anları elə nöqtədəcə dondurmaq istəyir insan.

Amma buna nə ixtiyarıız, nə də qüdrətimiz çatar. Deməli nöqtələr anları saxlamağa qadir olduğu halda biz buna acizik.

Fikirlər, düşüncələr kilidləndikdə, sözlər aciz qaldıqda üç nöqtə qoyulur. Bəzən ardıcıl düzülmüş bu nöqtələr çox şey ifadə edir, daha təsirli olur. Çox gərgin anların yaşanacağına və ya əksinə olduqca xoş bir hadisədən dolayı mənəvi rahatlıq ifadə edir.Həqiqətdə isə üç nöqtə; SEVGİDİR. Hər nöqtə gizli bir ahdır. Sevirəm deyə qışqıra bilməməkdir.Boğazda düyünlənən iki cüt sözdür. Dilin lal, könlün susduğu andır. Gözlərdən süzülə bilməyən iki damla göz yaşıdır. Hiss edilən , fəqət heç cür yazıla bilməyəndir. Kəlmələrin qiyafətsiz  qaldığı andır. Üç nöqtə; HƏYATDIR. Hüznüylə, sevinciylə. Üç nöqtə; BİTMƏYƏNDİR. Bitə bilməyəndir. Üç nöqtə; ÖLÜMDÜR. Içində sonsuzluğu bağlayan sondur. Üç nöqtə; dünənin gözəlliklərinə qibtə, sabaha duyulan həsrətdir. Keçmişlə gələcək arasında qurulan körpüdür üç nöqtə, üzərindən bu günün keçdiyi. Üç nöqtə; bir an durmaqdır. Bir nəfəslik fasilədir. Bəzən qorxudur, həyəcandır. Bütün duyğuların içində sığınacaq tapmaqdır.

            Nöqtələrin sayının çoxluğu susqunluğa işarədir. Ürək dayananda da ömrün son nöqtələri olaraq sonsuz nöqtələrin ekranda göründüyü kimi. Bir nöqtədən başlayan həyatın nəbzi bir nöqtədə də bitir göz görə-görə.

            Hələ bir də suallara , nidalara baxın! Onların belə nöqtələri var. Nöqtəsiz onların da bir mənası olmaz və onlar da heç nə ifadə etməzdi. Bitməyib yarım qalan nöqtəsiz cümlələr kimi. Kaş, bütün nöqtələr həyəcandan qoyulaydı. Sevinc təlaşını ifadə edərkən söz tapmadığımız zaman. Daxilən xoşbəxt olub xoşbəxtliyimizi səmalara həkk etmək istədiyimizdə. Sadəcə bir nöqtə, yüz cümlənin həyəcanına bərabər.

            Hər birimiz yumuq-yumuq əllərlə başladıq bu həyata. İki nöqtə üst -üstə ( : ) qoyuldu yaşayacaqlarımız üçün. Günlər günləri qovdu, aylar aylara əl uzatdı, illər bağladı ayları bir-birinə  zaman bu günlərə çatdı. Nə xoşbəxt ki, sevənlərimiz oldu, nə xoşbəxt ki, sevdiklərmiz oldu.

            Sevgilərlə dolu keçdi həyatımız, doya bilmədik. Bəzən buludlar qısqandılar saf sevgilərimizi, bəzən yağışlar diqqət etdilər göz yaşlarımıza, bəzən günəş bizim qədər isti gülə bilmədiyini düşündü dünyaya, bəzən quşlar uçmağı bacarmadıqlarını anladılar.

            Bəzən hüzn gəldi üzümüzə, amma təbəssümlərə buraxdı yenə hər şeyi. Ürəyimiz hərdənbir ağlasa da utandı sevgi mənbələrinin yanında axıtmağa yaşlarını.

Bəzən sual işarəsi (?) qoyduq anlaya bilmədiklərimizə, bəzən bir şeylər izah etmək istəyərcəsinə nida (!)

Etiraf etməliyəm ki, sizlərdən heç ayrılmamaq üçün yazacaqlarıma bir vergül (,) qoymaq keçdi içimdən. Ancaq yenə də sona bir nöqtə (.) qaldı. Gözəl şairimiz Əli Kərimlinin dediyi kimi:

Bu mən, bu o, bu da sən,

De görək nə deyirsən!

Amma yaxşı fikir ver bu iki məhəbbətə.

Daha heç nə demirəm.

Nöqtə, nöqtə və nöqtə.

 

Müəllif: Eldar Kərimov

 

6 şərh

MaksiMuS
Çox xoşuma gəldi..Əməyə hörmət Sağolun..Tək iradım, şəkil bir az orjinal deyil. Daha maraqlı və topiklə hərtərəfli səsləşən maraqlı rəsim yerləşdirmək olar.+
HeRa_Queen
Oxuyub bəyəndiyiniz və iradınızı bildirdiyiniz üçün təşəkkürlər.  İradınızı nəzərə alıb şəkli dəyişdirdim amma nə dərəcədə uyğunluq təşkil etdi deyə bilmərəm :)
MaksiMuS
Minnətdaram Xanım, bu öncəkindən daha gözəldi.Uğurlar gələcək nəşrlərinizdə…
HeRa_Queen
Çox sağ olun sizə də uğurlar :)
Shabnam_Ilham
Maraqlı məqalə idi. Sonda olan şeir isə lap yerində verilib. Kiçicik işarə olan nöqtənin bu böyüklükdə anlamını verməyi hər adam bacarmır. Təşəkkürlər məqalə üçün :)
nilufer
durğu işarələrinin mənalari cox gözəl verilib