Şəhər və kənd həyat tərzinin müqayisəli üstünlüyü

Müasir insanlar iki cür həyat keçirirlər — bir-birindən çox fərqli iki həyat tərzi.

Birincisi — ta qədimlərdən təbii insan məskəni olan kənd həyatı, digəri — inkişafın sonrakı mərhələlərində formalaşmış şəhər həyatı. Hər ikisinin özünün üstün və çatışmayan cəhətləri var. Lakin son zamanlar urbanizasiya tendensiyasının sürətli inkişafı insanların daha çox şəhərlərə can atdıqlarını göstərir. Niyə?

Kənd həyatı insanları niyə cəlb etmir?

Kəndlər, adətən, gözəl təbii şəraitə, münbit torpaqlara, yaşıl örtüyə, təmiz havaya, saf suya malik ərazilərdə təşəkkül tapır. Burada həyat təbiidir, insanlar təbiətlə harmoniyada yaşayır, heyvanlarla ünsiyyətdə olur, meşədə, çay kənarında, dağ başında işləyir, istirahət edir, bir sözlə, yaşayırlar. Tarlalarda yaşıl otlar, qarışıq rəngli, əvəzedilməz ətirli çiçəklər var. Hər yerdə müxtəlif quşlar, heyvanlar, bulaqlar, böyük dağlar, meşələr var.

Kəndlərdə insanlar tarlalarda, dirriklərdə çalışırlar. Zəhmətkeş kəndlilər öz əlləri ilə təbii, sağlam meyvə və tərəvəz yetişdirir, saxladıqları ev heyvanlarından keyfiyyətli ət, süd məhsulları, yumurta, bal və sair əldə edirlər. Bəzi kəndlərdə kinosalon, teatr, böyük ticarət mərkəzləri olmasa da insanlar darıxmırlar. Çünki onlar normal qonşuluq, qohumluq münasibətləri saxlayır, bir-biri ilə daha çox ünsiyyətdə olur, boş zamanlarını çox maraqlı keçirirlər. Məsələn, axşamlar bir-birinə qonaq gedir, söhbət edir, bağçada çay içirlər. Uşaqlar həyətdə bir-birilə oynayır, böyüklər nərd, şahmat, domino kimi stolüstü oyunlarda “qırğına” çıxırlar.

Uşaqlar hər gün təmiz havada, çəmənlikdə oynayır, çayda və ya göldə çimir, kollardan moruq, qonşu bağçaların ağaclarından alma “oğurlayırlar”. Kənd uşaqları məktəbdənkənar boş vaxtlarında min oyundan çıxırlar — ağaca dırmaşır, suda üzür, ata minir, dağlara qalxır, tarlada ailələrinə kömək edirlər. Oğlanlar meşədən odun, qızlar çay dəmləmək üçün müxtəlif çiçəklər yığırlar.

Kənddə hamı üçün, xüsusilə analar üçün gün çox erkəndən başlayır — saat beşdən, altıdan. Çünki onlar səhər tezdən süd sağır, samovar qaynadır, nahar hazırlayır, uşaqları məktəbə yola salanadək çalışırlar. Hər səhər uşaqlar günə təmiz süd və təzə yumurta, bal, pendir, çörəklə başlayırlar.

Kənddə mədəniyyət adına lazım olan ən vacib obyektlər də var — mədəniyyət evləri, klub, kitabxana və s. Düzdür, indi onların bəziləri ya işləmir, ya da onlardan istifadə edən azdır, lakin yaxın keçmişdə kəndlilər üçün kino, teatr, konsert, kitabxana, klublar adi həyat tərzi idi.

Kənd həyatını ümumi təsvir etmək belə oradakı həyatın daha gözəl olduğunu göstərməyə kifayət edər. Bir sözlə, kənd həyatı tam təbii, sağlam, sakit həyat tərzidir. Məhz bu üzdən kəndlilər şəhərlilərə nisbətən daha çox yaşayır, daha sağlam olurlar, həkimlərə işləri nadir hallarda düşür.

Şəhərlərdə nə var ki, hamı oraya axışır?

Şəhəri daha çox gənclər sevirlər. Bunun müxtəlif səbəbləri var. Bütün şəhərlər kino, teatr, mağaza, market, bazar, bank, universitet, idman salonları, xəstəxanalar, disko-barlar, parklar və sair əyləncə mərkəzləri ilə doludur. Son dövrlər əyləncəyə maraq artıb. Gənclər diskoya, idman salonuna getməyi, parklarda gəzməyi, müxtəlif əyləncə məkanlarına baş çəkməyi sevirlər. Amma yaşlı insanlar təbii və rahat bir həyat yaşamaq istəyirlər. Burada həyat darıxdırıcı keçməz. Lakin bu maraq yaxşı iş, yüksək qazanc tələb etdiyi kimi, sağlamlığın itirilməsi ilə də nəticələnir.

Şəhərdə gün dan yeri ağaranda yox, xeyli gec — təxminən 7-8 radələrində başlayır. Bu vaxtdan etibarən küçələr izdihamlı olur, avtomobil əlindən tərpənmək olmur. İnsanlar hər gün eyni, standart həyat yaşayırlar. Onlar səhərlər işlərinə gedirlər və axşamlar dönürlər. Yalnız bazar günləri ailələri ilə birgə rahat vaxt keçirə bilərlər.

Şəhərlərdə qonşuluqdan danışmağa belə dəyməz, qohumlarla ünsiyyət isə yalnız xeyir-şər məclislərində baş tutur. Hətta bəzi ailələrdə ailə üzvləri bir-birlərini görə bilmirlər, biri işdən gələndə digəri işə gedir, valideyn evə gələndə uşaq yatmış olur.

Sosioloqların fikrincə, kəndlərdən iri şəhərlərə köçən ailələrin sıx qohumluq əlaqələri üç nəsil sonra yox olur. Xalalar, dayılar, bibilər, əmilər üç nəsil sonra tədricən seyrəkləşir və tanınmır. Yalnız qardaş, bacı əlaqələri zəif də olsa, qalır. Şəhərin böyük “dəyirmanı” bütün qohumluq əlaqələrini “üyüdür”. Bunu çox vaxt müvəqqəti olan yoldaşlıq, tanışlıq münasibətləri əvəz edir.

Şəhər həyatı daha çox ictimailəşmə, dünyagörüşü, mədəni mühitin içində olma, karyera və təhsil imkanları kimi bir çox üstünlüklər verir. Şəhərlər istədiyimiz şeyləri əldə edə bilmək üçün də bizə böyük imkanlar təmin edir. Şəhərlərdə nə etmək istəyirsinizsə, onu edə bilərsiniz. Lakin bunun üçün çoxlu işləmək, sağlamlığı qurban vermək tələb olunur.

Şəhərlərə axının başqa bir səbəbi də rahat və gəlirli iş tapmaq ümidi ilə bağlıdır. Daha çox gənclər şəhərdə işləyib, yaxşı pul qazanandan sonra kəndə qayıdacaqlarını deyir, lakin vaxt gəlib keçir, bir də ayılırlar ki, qocalıblar… arzular, xəyallar reallığın qatı dumanında yox olub. Necə deyərər, “incəsənət” qurban tələb edir.

Şəhərdə insanlar beləcə mədəni həyat yaşayırlar...

Seçim üçün qısa müqayisə predmetleri

Kənd həyatının üstünlükləri:

— ən əsası, siz təmiz hava ilə nəfəs alırsınız;
— saf su içir, təbii ərzaqlarla qidalanırsınız;
— fiziki aktivlik sağlamlığa təminat verir;
— qohum və qonşularla ünsiyyət bolluğu;
— təhlükəsiz həyat tərzi;
— sakit mühitdə, stressiz həyat tərzi;
— tələbatın azlığı çox işləmək zərurəti yaratmır;
— siz daimi kurortdasınız.

Şəhər həyatının əsas zərərləri:

— hava və səs-küy çirkliliyidir;
— dolanışıq çətinliyi;
— gündə bir neçə saatın yolda itirilməsi;
— sıxlıq və tıxac problemi;
— cinayətkarlığın yüksək olması;
— təbiətdən uzaq qalmaq;
— keyfiyyətsiz qidalanma;
— bahalı həyatı təmin etmək üçün gərgin işləmək.

Ekoloq: "İdeal sağlam həyat kənd həyatıdır"

Uzun müddət Bakıda yaşamış, son üç ildə kənd həyatını üstün tutaraq Goranboy rayonuna köçmüş Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyarın sözlərinə görə, burada doğru seçim birmənalıdır: 

“Əhalinin sıx yaşadığı yerlərin istənilən baxımdan sağlam həyat prinsiplərinə zidd olmasını istər məntiqi, istər də təcrübi yolla fəhm etmək çətin deyil. Digər tərəfdən, bir ölkədə əhalinin sırf iri şəhərlərdə cəmlənməsi iqtisadi və sosial problemləri dərinləşdirir. Bir çox hallarda isə bu amil ekoloji problemlərin təkanvericisinə çevrilir. Bu halda, şəhərlərdə yaşamaq sağlamlıq riskindən başqa bir şey deyil. Çirkli hava ilə nəfəs almağa, tərkibi təsəvvürə gəlməyən süni konservantlarla doldurulmuş fabrikat və yarımfabrikatlarla qidalanmağa, fasiləsiz səs-küyləri dinləməyə məhkum olmuş insanların sağlam yaşamaq imkanları çox məhduddur”.

Ekoloqun fikrincə, 10 yaşadək uşaqların şəhərdə yaşaması isə daha dəhşətli nəticələr verir: “Əvvəla, ona görə ki, ən ağır atmosfer çöküntüləri havanın yerdən 1 metr qalınlıqdakı qatında cəmləşir və azyaşlı uşaqlar məhz bu qatlarda nəfəs alırlar.

İkincisi, bu yaş dövrü insan orqanizminin təşəkkül dövrü olduğu üçün çirkli hava və toksik maddələrlə zəngin qidalar onu elə bu yaşdan xəstəliklərin ağuşuna yuvarlayır. Bütün bu problemlərdən uzaq olmağın ən ideal yolu kənd yerlərində yaşamaq, öz əlinlə becərdiyin meyvə-tərəvəz və süd məhsulları ilə qidalanmaqdır”.

Beləliklə, bu yazıda iki həyat tərzini qısa və ümumi şəkildə ortaya qoymağa çalışdıq. Şəhər həyatı maraqlıdır, lakin stresli və çox bahalıdır, kənd həyatı isə sadədir, təbiidir, sağlamdır, üstəlik, ucuz başa gəlir. Hər kəs öz seçimini düzgün etsə, sonda həyatından şikayətlənməz. Nəyi nəyə qurban verdiyimizi düşünərək seçim etsək, yanılmarıq.
Mənbə: milli.az
 

1 şərh

azadmamedov90
Bu haqda " TOEFL Writing" bölməsində verilən suallardan biridir, həqiqətən də insanların çoxu şəhər həyatını isəyir, hətta şəhərətrafını belə istəmirlər. Özüdə elə elə tutarlı səbəblər gətirməyə çalışırlar ki…