Səni bilmirəmsə

      Səni bilmirəmsə mən, gözlərimin işığı,

     Qoy kor olum, görməyim həyatda yaraşığı.

-        Səni bilmirəmsə mən, ruhumun şən nəfəsi,

         Ölüm bu qərib eldə, qoy görməyim heç kəsi


-          Səni bilmirəmsə mən, sinəmin altda ürək,

Yanım, külümü göyə sovursun acı külək.

-          Səni bilmirəmsə mən, canımdan artıq, əziz,

Bədbəxtlik arxam ilə əbədilik salsın iz.

-          Səni bilmirəmsə mən, sevən könlümə ilham,

Almayım axıracan qoca dünyadan bir kam.

-          Səni bilmirəmsə mən, ağzımın şirin dadı,

Dodağımdan olmasın kənar, könül fəryadı.

-          Səni bilmirəmsə mən, vuran qəlbimin səsi,

Dörd yanımdan izləsin, məni ölüm kölgəsi.

-          Səni bilmirəmsə mən, şirin-şirin gülüşüm,

Budaqdan vaxtsız qopan gül kimi yerə düşüm.

 

Müəllifin kimliyini bilmirəm.

35 şərh

asel
Səhv etmirəmsə, bu sərbəst vəzndədir. 
pascal
Sərbəst deyil, məsnəvi növündə yazılıb. Marqlı şeirdi.
asel
Ola bilər :) Dəqiq bilmirdim, təşəkkürlər
pascal
Məsnəvi — Hər iki misrası həmqafiyə olan böyük şeir, mənzumədir. İndiki şairlər nə cür yazır, deyir, bilmirəm, amma bu şeir məsnəvi formasında yazılıb. 
Bir də, Ramil, ola bilər ki, bu şeir kopiya eləmisiz, məncə, «Səni bilmirəmsə mən, ..»dən sonra vergül qoyulmamalıdır.  
Ramil
«Səni bilmirəmsə mən» — burada fikir qismən tamam olur, mənə elə gəlir ki, vergül «mən» sözündən sonra qoyulmalıdır. Kopya etməmişəm, məndə şeirlər toplusu olan dəftər vardır və buradan yazmışam.
pascal
Siz onu bir vergüllə, bir də vergülsüz birbaşa oxuyun, anlayacaqsız. Dəqiq bilirəm ki, vergül olmamalıdır. 
Səni bilmirəmsə mən gözlərimin işığı,
Bir də belə oxuyun:
Səni bilmirəmsə mən, gözlərimin işığı,
Əgər vergül varsa, pauza olmalıdır. Amma vergül olmayanda görün fikir necə çatdırılır. Fərq çoxdur. Və vergülsüz şairin fikri doğru alqılanır.
pascal
Vergülsüz oxunanda şair belə deyir: Əgər səni gözlərimin işığı bilmirəmsə, qoy kor olum.
Vergüllə isə elə bil ki, «gözlərimin işığı» deyə, ona müraciət edir. Baxın, harda məntiqi fikir var: vergüllü də, ya vergülsüz də.
Ferbara
Şerin mənası qalıb qıraqda, ədəbiyyat dərsi açmısınız. Romantikaya dalın, yoldaşlar. :)
pascal
Bir vergül romantikanı da dəyişər, həyatı da. Şeiri düzgün oxuyub, mənasın anlamayandan sonra romantikanı necə yarada bilərik, Ferbara?
Ferbara
Həmin havadasansa, romantikanın ucu da görünsə, bəs edər. :)
pascal
O «havada» olmayanlar neyləsin? :)
Ferbara
Ayıqlar vergülün yerini göstərsinlər. ))
pascal
Mən ayığam. Özü də 100%. :)
Ferbara
Mənsə meyxoşam. :)
asel
Mən o havada  deyiləm. Pascal, köməyinə ehtiyacım var:)
pascal
… :)) Oyunsuz e, valla. :)
asel
Eeeee, nə bilmişdiz…
Ferbara
Amma vergül dediyin elə belə simvol deyil. adamı öldürərdə, dirildər də. Söyər də, tərifləyər də. :) Elə-belə baxmayaq. :)
Ferbara
Vergül haqqında ballada yazmaq istədim lap. )))
pascal
Siz zarafat salın, Ferbara. :)
Hakim bəy, ədəbiyyat mütəxəssisi tələb edirəm! ;) :)
Ferbara
Yoo, həqiqətən, razıyam. Vergülə görə mən də az irad tutmamışam.
pascal
Ee..e? O zaman..? :)
Ferbara
Bir az ayılıb deyirəm ki, «bilmirəmsə» sözündən sonra vergil olmalıdı. Amma «mən» sözündən sonra qoyulduğuna görə cümlənin vurğusuna xidmət edir.
pascal
Yox, Ferbara, «bilmirəmsə»dən sonra da qoyulmur. Bütün beytlərin ilk misrasında qoyulur vergüllər. Bir tək bu misrada 2 dəfə qoyulur: 
Səni bilmirəmsə mən canımdan artıq, əziz,
Ferbara
Bir onu deyə bilərəm ki, «mən»lərdən sonra vergülə ehtiyac yoxdu. Amma «bilmirəmsə» sözündən sonra vergülün olması vacid olduğundan vergül sətrin sonuna düşməlidi.
asel
Səni bilmirəmsə mən, gözlərimin işığı,
 
Qoy kor olum, görməyim həyatda yaraşığı.- belə daha yaxşı olardı
Ferbara
Onda heca sayı fərqli olur. Eyni olmalıdı. :)
Adi cümləyə çevirsək, belə olmalıdı: Mən səni gözlərimin işığı bilmirəmsə, qoy kor olum, həyatda yaraşığı görməyim.
Asel, vergül «bilmirəmsə» sözündən sonra qoyulur. Amma şer formasında nitq hissələri yerini dəyişdiyinə görə vergül də məna baxımından tamamlanması üçün uzağa düşür. 
asel
Bilirəm, heca sayı bərabər olmalıdı. 
Cümlə formasında hər bir sətir gözəldi. Amma belə «qəlib»ə salanda biraz təsirsiz qalır
Ramil
Vau!!! Sizə bu nəşrlə lap zəhmət vermişəm ki. Bunu aradan qaldırmağa borcluyam. Şərhlərə görə də hamınıza minnətdaram.
Ramil

Bu da filoloq rəyi:  Bu şeir məsnəvi formasında yazılmışdır, əruz vəznindədir. Heç də sərbəst şeir deyil.  Şeirdə tabeli mürəkkəb cümlələrdən bol istifadə olunub.   «Səni bilmirəmsə mən» budaq cümlə sayılır.    Şeirdə, bir qayda olaraq, mübtəda ilə xəbərin yerdəyişməsi olur.mən-mübtəda,  bilmirəmsə-xəbərdir, «gözlərimin işığı» ifadəsi isə xitabdır. Bu baxımdan da adı çəkilən durğu işarəsi, yəni vergül yerli-yerində qoyulmuşdur. Birinci misraya diqqət yetirək:

Səni bilmirəmsə mən, gözlərimin işığı,

Qoy kor olum, görməyim həyatda yaraşığı.

Mənası: Ey gözlərimin işığı, əgər mən səni bilmirəmsə (duymuramsa, hiss etmirəmsə),   qoy kor olum, görməyim həyatda yaraşığı.  

Digər beytlərin əksəriyyəti də bu tiplidir. Şeirdə xitablar da çoxdur.

 

Ramil

Üzr istəyirəm. Mən şeiri oxuyub başqa məna verirdim.  Ferbaranın Aselə yazdığı şərh, yəni «Mən səni gözlərimin işığı bilmirəmsə, qoy kor olum, həyatda yaraşığı görməyim» — fikri daha doğru fikirdir. Ancaq belə məqamda orfoqrafik qaydalara əsasən, misranın ortasında heç yerdə vergül qoyulmamalıdır. Yəni belə olmalıdır:

Səni bilmirəmsə mən gözlərimin işığı,

Qoy kor olum, görməyim həyatda yaraşığı.