Mirzə İbrahimovun eşq məktubu

  • Sevgi
«Salam…
Bu gün saat 12-də Kislovodskiyə gəlib çatdım. Bura nədənsə adama tamam başqa cür təsir edir. Hələ tramvay şəhərin kənarına yaxınlaşanda özümdə qəribə bir hal hiss etdim. Elə bil ki, vağzalda siz məni qarşılayacaqdınız. Məndə belə bir hiss var idi. Tramvaydan düşüb elə vağzalın yanındaca «Kurbüro»ya (Kurort bürosu — red.) getdim. Çemodanı orada qoyub narzan vannalarına tərəf endim. Ürəyim elə darıxır, elə darıxırdı ki!.. Hər yerə baxıram, balasını xatırlayıram. Nəhayət, maşın gəldi və sanatoriyaya getdim. Bu, «Qırmızı daşlar» (Krasniye kamni) deyilən yerdədir; bilmirəm xatırlayırsanmı? Mənə balaca, lakin yaxşı bir otaq verdilər. Vanna təklif etdilər. Gördüm yox, evdə otura bilməyəcəyəm (yenə haman səbrsizlik!). Tez bir tikə çörək yeyib aşağı endim.

İlk rast gəldiyim yer, Saracan, o körpü oldu ki, oradan sizi aparıb ötürərdik. Hətta bir dəfə körpünün o tayına keçməyimizə də razılıq vermədiniz. Görünür, qəzəbli zamanın idi. Nə isə, körpüyə çıxdıqda qəlbimdə min hiss, min duyğu baş qaldırdı; həm də on il bundan əvvəlki həyəcan, iztirab və xəyallarla birlikdə… İnan ki, o dəqiqə hər şey mənə bir şeir, bir xəyal kimi gözəl görünürdü. Bu cür dəqiqələr bütün insanların həyatında olur. Adamın ürəyi qəribə bir şəkildə yumşalır; məhəbbət dolur. Hər şeydə bir gözəllik, bir məna görürsən. Riqqətdən insanın gözləri yaşarır. Belə bir duyğuyla «Aynalı su»ya (Zerkalnoe struya») tərəf getdim. Haman gördüyün kimi, gördüyün gözəlliklə axmaqdadır. Qabağında durub uzun müddət tamaşa etmişəm. İndi o mənə qəribə bir rəmz kimi, insan məhəbbəti və insan arzularının əbədiyyət, əbədi gözəllik rəmzi kimi görünməkdədir. On il keçmiş olsa da, mən qəlbimin aynasında bunun kimi təmiz və təravətli bir məhəbbətin işığını görür və belə düşünürdüm, Saracan. Elə on il əvvəl də belə bir həsrət və xəyal ilə bu «Aynalı su»yun qabağında durmuş günlər gəlib gözümdə canlandı…

Yavaş addımlarla (adam belə dəqiqələrin tez keçməsindən elə qorxur ki…) yuxarı çıxdım. Balaca mavi gölcük, onun yanındakı qüvvət və solmaz gəncliyi təcəssüm etdirən heykəllər və ağaclar olduqları yerdə dururlar…* Saracan, düz bir saat sehirlənmiş kimi oradan ayrıla bilmədim. Nəhayət, həm «Aynalı su»yun qarşısında, həm də mavi gölcüyün yanında şəklimi aldıraraq, bir qədər yuxarı getdim (Yadındadırmı siz oralarda gəzməyi sevərdiniz!). Sonra qayıdıb narzan qallereyasına gəldim. Yol uzunu hər ağac, hər daş məndə min xatirə oyadırdı… Bircə şeyə təəssüf edirəm ki, sən yanımda yoxsan…

Çayın kənarından keçəndə rəhmətlik mamanı (Sara xanımın anasını – red.) xatırladım. Saracan, mən indi hiss edirəm ki, ikinci anamı itirmişəm. Bu səyaq üç saat dolanmışam. Səmədgil (Səməd Vurğun – red.) olan küçəni yuxarı çıxıb qayıtmışam. Bu üç saatı sərxoş kimi, bihuş kimi soyumaq bilməyən bir həyəcan içərisində olmuşam. Elə bu halda da gedib sizə teleqram vurmuşam.

Bu gün keçirdiyim bütün həyəcanları, bütün düşüncə və xəyalları yazmaqda acizəm… Ancaq onu bilirəm ki, Saracan, sən bir xəyal, bir mələk kimi həmişə gözümdə və qəldimdə olmusan. Bununla belə, halını düşündükcə ürəyim yanır. Nə etməli?! Gələn il nə cür olsa, bir ay buraya səninlə gələcəyəm. İndidən otaqlar da tapacağam. Balaları da götürüb gələrik, sağlıq olsun.

Saracan, sizin üçün nə qədər darıxdığımı yazmağıma ehtiyac varmı? Lakin nə edim, orada yaza bilməyəcəyim pis, yaxşı əsəri qurtarıb gəlmək istəyirəm…

Tez-tez kağız yaz, mənim Saram. Bu saat Solmazın (kiçik qızını deyir – red.) balaca barmaqlarına baxıb yazıram. Onlar bizə təsəllidir.

Uşaqların üçünü də (Sevdanı, Aydını və Solmazı – red.) mənim dodaqlarımla öp. Sevdaya de ki, anası kimi olsun.

Öpürəm səni, mənim Saram…
Sənin Mirzən»

14.XI.47
loading...
 

0 şərh