Sevgim sizi ölümdən belə qoruyacaq

  • Sevgi
Bu sevgi hekayəsi bir neçə yüzillikdir ki, eşidənləri hələ də heyrətləndirir. 1525-ci ildə Fransa sarayında aləm qarışmışdı. Axı ölkə kralsız qalmışdı. İspaniya ilə döyüşə girən ağılsız kral I Fransisk nəinki məğlub olmuşdu, üstəlik əsir düşmüşdü. Onun üçün böyük məbləğdə pul tələb edilirdi. Pul verilmədiyi təqdirdə isə kralın oğulları — 8 yaşlı Fransisk və 7 yaşlı Henrix göndərilə bilərdi.

1526-cı ilin martında Paris sarayı İspaniya ilə sərhəddə kralla balaca şahzadələri dəyişdi. Yol dəhşətli, hava isə pis idi. Şahzadələr öskürürdülər. Saray xanımları arabadan belə çıxmadılar. Yolu maraqlı etmək üçün kavalerlər saray gözəlçəsi Diana de Puatye ilə söhbətə başladılar. Vaxtilə Fransisk özü də bu gözələ vurulmuşdu. Lakin gözəlçə onu yaxına buraxmamışdı. Elə sarayda olduğu ilk günlərdən Diana özünü soyuq aparırdı. Hətta onu Buz Qız adlandırırdılar.

29 mart 1515-ci ildə o, atasının dostu — 56 yaşlı Lui de Breze ilə evləndi. Hamı gözləyirdi ki, 15 yaşlı gözəl qız qoca ərini evdə qoyub, özünə gənc sevgililər tapacaq. Amma o, iki qız dünyaya gətirdi və kənardan heç kimlə münasibət saxlamadı. İndi isə karetasında əyləşmiş 26 yaşlı Diana gözəlliyi haqqında iltifatları dinləyirdi.

15 martda nəhayət ki, dəstə sərhəddə yerləşən Bidassoa çayına çatdı. Burada şahzadələrlə kralı dəyişəcəkdilər. Yenə aləm qarışdı. Çayda qayıqda oturmuş kral göründü. Ətrafdakılar tələsik gənc şahzadələri yola hazırladılar. Heç kim balaca Henrixə fikir vermirdi. Diana ona acıdı. Yaxınlaşdı, qucaqladı və dedi:

— Dözməlisən, balaca. Biz səni gözləyəcəyik.

Sonradan isə Diana öyrəndi ki, ispanlar uşaqları həbsxanaya atıblar. Onları ac saxlayır, döyürlər. Diana tez-tez gecələr Henrixi yuxularında görür, onun üçün dua edirdi. Yalnız dörd il sonra I Fransisk balaca şahzadələri geri ala bildi. Onların geri qayıdışı və Kralın evlənməsi şərəfinə turnir təşkil edildi. Hər kəs yeni kraliçanın qarşısında təzim edərkən, Henrix Diana Puatyeyə yaxınlaşıb onun qarşısında diz çökdü. Bütün saray şokda idi. Diananın 31 yaşı vardı. Gənc şahzadənin isə heç 12 yaşı olmamışdı. Üç ay sonra isə Diananın əri vəfat etdi. Diana ömürlük qara geyimə büründü.

1531-ci ildə kral Diananı yanına çağırdı. Diana 32 yaşında daha da gəncləşmiş, gözəlləşmişdi. Ərinin ölümündən sonra o, qızlıq soyadını geri alsa da, matəm geyimini soyunmamışdı. Kral Dianaya dedi:

— Lənətə gəlmiş əsirlik Henrixi yaşından iki dəfə böyüdüb. İndi 13 yaşı var. O, gülməyi belə unudub. Amma sizə necə baxdığını görürəm. Ona bir azca nəzakət göstərin.

Diana üçün azca nəzakət nə demək idi ki… O, çoxdan Henrixi sevirdi. Henrix ona şeirlər yazarkən gecələr röyasında görürdü. Yuxularında unudurdu ki, dul qadındır və oğlu Fransuaza Henrixdən böyükdür.* Kral isə oğlu üçün planlar qurmaqda davam edirdi. 1533-cü ildə İtaliyadan oğlu üçün gəlin olacaq hersoqinya Yekaterina Mediçini gətizdirdi. 14 yaşlı qız gənc ərinə məhəbbətlə baxırdı. Amma bu çirkin, balacaboy qız Henrixi cəlb etmədi. Kral bunu anlayırdı. Ona görə də toydan sonra kral özü gəncləri yataq otağına apararaq, onlar ər-arvad olana qədər yanlarından ayrılmadı.

Amma elə toyun səhəri Diana Henrixi evinin yanında gördü. Hər gecə Diana dua edirdi ki, Henrixin qəlbindəki ehtiras, sevgi sönsün. Qoy, hər ikisi sakit olsunlar. Qoy, gənc şahzadə arvadı ilə xoşbəxt olsun.

1536-cı ildə kralın böyük oğlu qəfil vəfat etdi. Artıq taxt-tacın yeganə varisi 17 yaşlı Henrix idi. Əvvəllər heç kimin diqqət etmədiyi gənc indi bütün sarayın diqqət mərkəzində idi. Bir gün Ekuan qalasında məşhur rəsm əsərlərinə baxmağa gedərkən Henrix Diananı gördü. Ona yaxınlaşaraq qucaqladı və pıçıldadı:

— Əsirlikdə yalnız ona görə yaşadım ki, sizi görə biləm.

Diana isə yalnız onu düşünürdü ki, qoy, bu gecəki ay hər zaman qalsın. Heç günəş çıxmasın, aralarındakı yaş fərqi görünməsin. Və elə həmin gün bu gözəl qadın anladı ki, əslində heç vaxt həqiqətən sevməyibmiş.

Yekaterina isə artıq ərini yataq otağında gözləməkdən bezmişdi. Neçə ildir evli idilər, amma varis yox idi. Henrix gecə-gündüz Diananın yanında olurdu. Bir gecə isə Henrix arvadının yanına girir. Ərlik borcunu yerinə yetirdikdən sonra isə deyir:

— Əzizim, ümid edirəm səni xoşbəxt etdim. Diana mənimlə dalaşır ki, hər gecə yanınızda deyiləm və buna görə də mənə varis doğa bilmirsiniz.

Yekaterina səhərə qədər ağladı. Qərar verdi ki, səbr etsin. Əvvəl-axır Diana qocalacaq. O isə hələ gəncdir.

19 yanvar 1544-cü ildə Yekaterina ilk övladını dünyaya gətirdi. Onu babasının şərəfinə Fransisk adlandırdılar. Lakin bu övlad da Henrixi dəyişmədi. Diana onun həyatı idi. Hətta bir gün belə kənarda olanda sevgilisinə saysız məktublar göndərirdi.

1547-ci ildə I Fransisk öldükdən sonra isə II Henrix Dianaya Luara çayı sahilində əfsanəvi Şenonso qəsrini bağışladı. Sanki Yekaterina deyil, Diana Fransanın kraliçası idi.

Bir gün Diana yuxudan tər içində oyandı. Tezliklə 50 yaşı olacaqdı. Hələ ki, Henrix onu sevirdi. Bəs sonra nə olacaqdı?! Heç bir cadu zamanı saxlaya bilməzdi. Amma o, rəsmlərdə qala bilərdi. Diana ən yaxşı inşaatçıları dəvət etdi ki, sarayları bərpa etsinlər. Ən gözəl rəssamları çağırdı ki, onun portretlərini çəksinlər. Ən yaxşı şairləri və musiqiçiləri dəvət etdi ki, Henrixə olan sevgisini aləmə car çəksinlər.

Krallıq sevgi üçbucağı üzərində davam edirdi. Nə Yekaterina, nə də Diana bir-birinə qarışmırdılar. Amma 1558-ci ildə onlar özlərini saxlaya bilmədilər. Yekaterina bir siyasi məsələyə qarışdı. Henrix isə arvadının üstünə qışqırdı. Yekaterina göz yaşlarını boğub əlinə kitab götürdü. Diana barışmaq üçün ondan “nə oxuyursunuz, madam?” soruşduqda isə cavab verdi:

— Fransa tarixini oxuyuram və görürəm ki, bütün fahişələr kralları idarə edirlər. Diana özünü saxlaya bilməyib dedi:

— Fahişələr haqqında ucadan danışmaq lazım deyil. Onsuz da hamı görür ki, uşaqlarınız Henrixə az oxşayırlar.

Bu, ədalətli ittiham deyildi, Diana da bunu bilirdi. Sadəcə Yekaterinaya zərbə vurmaq istəyirdi. Axı dəfələrlə Henrix ondan boşanmaq istəsə də, buna razı olmamışdı. Diana sarayı tərk etmək qərarına gəlir. Amma bu, Henrixi dəhşətə gətirir. Arvadına nə deyirsə, o, Diana ilə barışır. Henrix arvadı və məşuqəsinin barışması şərəfinə turnir təşkil etdirir. 30 iyun 1559-cu ildə Henrix “Bədbəxtlik” adlı atının belində yarışmaya çıxır. Başında qızıl dəbilqə vardı. Diana birdən xatırlayır ki, hələ uşaq ikən falına baxan qadın ona qızıl başlı birini itirəcəyini demişdi. Bütün gücü ilə qışqıraraq Henrixi saxlamağa çalışır. Lakin kralın üzləşdiyi cəngavərin nizəsi onun gözünə girir. Kralı qan içində saraya aparırlar…

Kral öldükdən sonra yerinə keçmiş oğlu II Fransisk Diananı saraydan qovur. 25 aprel 1566-cı ildə isə Diana de Puatye Henrixini xatırlayaraq gülümsəyib yatır. Və bir daha ayılmır...

Artıq əsrlər keçməsinə baxmayaraq, Diananın heykəlinin önünə sevgililər axışır. Bura iki bəyaz qızılgül qoyulur. Biri Diana, digəri Henrix üçün. Vaxtilə Henrix sevgilisinə yazmışdı: “Sevgim sizi ölümdən belə qoruyacaq”.

Gülər Qasımova
 

0 şərh