Qarımışlar

Böyük problemdir. Bilmirsən hardan başlayasan söhbətə. Həm problemi qabardasan, həm də yazını oxuyanlar inciməyələr müəllifdən. Yayın istisində bu mövzuda yazı qaralamağımın səbəbi var.
Rayona getmişdim. Bir çox adamlarla görüşdüm. Müəllimlərlə, həkimlərlə, qəzet oxuyan azsaylı müxtəlif adamlarla əyalətin problemlərindən xeyli danışdıq. Məlum oldu ki, əyalətdə xeyli yaşı ötmüş qızlar heç cür ailə qura, yəni ərə gedə bilmirlər. Təkcə mən qonaq olduğum kənddə 100-dən artıq qarımış qız var. Kənd böyükdür. Rəqəm də balaca rəqəm deyil. Səbəbi sadədir. Oğlanlar Rusiyaya gedib, geri qayıtmırlar. Qayıdana da qız vermirlər. Nədən ki, üç gündən sonra təzə bəy elə bəy kostyumunda üz tutur Rusiyaya. Belələri də çoxdur; ərinin üzünü üç gün görənlər. Toy olur. Bəy gəlini ata-ananın yanına atıb yoxa çıxır. Problem böyükdür…
Həm də yaza biləcəyim bəzi cümlələri yaza bilmirəm. Qorxuram, məni düzgün başa düşməsinlər. Yayın istisində söyülmək istəmirəm. Amma hər dəfə dükanda, kitabxanada və digər yerlərdə aqressiv münasibət görəndə mövzu beynimdə təzələnir. Əsəbləşirəm. Az sonra əsəbim soyuyur. Onlar (dırnaqsız) hər yerdədirlər. Şəxsi həyatlarındakı uğursuzluqlarına görə ətrafdakıları günahlandırırlar. Ətrafdakılar düşmən kimi görünür onların (yenə də dırnaqsız) gözünə. Xüsusən ailə həyatı qurmuş həmcinslərinin paxıllığını çəkirlər.
Şəraiti və mentaliteti nəzərə alıb 26 yaşa qədər ailə həyatı qurmayanları, aktiv həyat sürməyənləri hardasa başa düşmək olar. 26 yaşdan sonra bədəndə qara enerji toplanır. Xarakter burda çox gücsüzdür. Həmin qara enerji ətrafa yayılır. Adamların boş yerə əsəbi pozulur. Onlar hər şeyə şübhəylə yanaşırlar. «Bəyəndiyim yoxdur»,- desələr də, falçıların əsl gəlir mənbəyi onlardır. Beləcə, dükana girib bir dəftər almaq istədiyin zaman qalınqaş bir məxluq durduğun yerdə səni «zəhərləyir». Əllərinin üstündəki damarlar şişib. Üzündən zəhrimar yağır. Gözlərinin altı qırışıb. Ən əsası ruh qocalıb və üstəlik, bütün bunların «günahkarı» ətrafdakılardır. Belə məqamlarda S.Dovlotovun sözü yada düşür: «Ya yaşamamaq lazımdır, ya da yazmaq».
Təbiətin öz qanunları var. Qarşı çıxdınsa, mütləq cəzanı alacaqsan. Təbiətə qalib gəlmək mümkün deyil. Proqram pozulur, müxtəlif fəsadlar çıxır ortaya. Nə yaşamağı, nə də yazmağı bacarmayanlar özləri özlərini cəzalandırırlar. Zatən diqqətlə baxsanız vaxtsız qırışmış üzdən, solmuş dəridən, qocalmış ruhdan hər şeyi anlayacaqsınız. Hələ 2003-cü ildə bu mövzuda yazmışdım. Orda belə bir cümlə var idi. Həmin cümləyə görə mənə qonaqlıq vermişdilər: «40 yaşında ərə gedən qızdan „təmizlik“ gözləyirlər. Ən dəhşətlisi odur ki, 40 yaşında ərə gedən qız da „təmiz“ çıxır». Yazmağı bacarmayanlar üçün ümid çörəkdir. Bəlkə gəldilər, bəlkə bəyəndilər...
Vaxtsız solmuş dərini, vaxtsız qocalmış ruhu az da olsa, canlandırmaq üçün kosmetikaya daha çox aludə olurlar. Kosmetika narkotika kimi bir şeydir. Gərək getdikcə dozanı artırasan. Doza artır, artır, sonda gülməli bir sifət yaranır. İş kosmetika səviyyəsindən çıxıb qrim səviyyəsinə çatır. Təbiət isə belə zarafatları sevmir. Təbiətə qarşı çıxdınsa, proqram pozuldusa, ən bahalı kosmetikalar da işə yaramır. Deməli, ya yazmaq lazımdır, ya da yaşamaq. Yaza bilmirsənsə yaşa, yaşaya bilmirsənsə, yaz. Vay nə yazmağı, nə də yaşamağı bacarmayanların halına.
 

0 şərh