Süzənək yaxud triplit

Cinsi yolla yoluxan və ən çox yayılan xəstəliklərdən (cyyx) biri də qonoreyadır. Bir sıra hallarda xəstə anadan doğuş zamanı dölə, xəstə insanın çirklənmiş hamam-tualet dəsti, paltarları, tibbi alətlər vasitəsilə də sağlam insanlara yoluxan bu xəstəlik çox müxtəlif adlarla (süzənək yaxud triplit) tanınır. Geniş sürətlə yayılması və kifayət qədər ciddi fəsadlara yol açması ilə kişi və qadın sonsuzluğunun səbəbləri arasında çox böyük çəkiyə malikdir. Qonoreyanın törədicisi neysseriya qonorreya adlanan bakteriyadır.

Qonoreyaya daha çox kim yoluxur?
Risk qrupuna reproduktiv yaşda olan tez-tez cinsi partnyorunu dəyişən, daha çox tüfeyli, əxlaqsız həyat tərzi keçirən aktiv cinsi həyat yaşayan savadsız insanlar- fahişələr, narkomanlar, cinsi gigiyenaya əməl etməyən insanlar daxildir. İnfeksiya mənbəyi əksər hallarda özündə xəstəliyin əlamətlərini hiss etməyən və qonoreya xəstəsi olduğunu bilmədən sağlam insanlarla cinsi əlaqədə olanlardır. Qonoreyalı xəstələrin 80%-ə qədəri 20-30 yaşlı, aktiv cinsi həyat yaşayan, cinsi partnyorlarını tez-tez dəyişən insanlardır. Məlum olmuşdur ki, bir dəfə cinsi əlaqədə olmaqla qonoreyalı qadından kişinin yoluxma riski 20-25 %, əksinə qonoreyalı kişidən qadının yoluxma riski təqribən 80%-dir. CYYX-in yoluxma yolu ümumi olduğundan 45-60%-ə qədər hallarda qonoreya digər cyyx-lə yanaşı olaraq aşkarlanır,daha çox isə xlamidiya (urogenital xlamidioz) ilə. Ona görə də qonoreyadan sonrakı uretritlərin səbəbi 80%-ə qədər hallarda xlamidiya olur. Uretrit sidik kanalının iltihabıdır.

Kliniki olaraq qonoreyanın üç forması ayırd edilir 
1. Yeni yoluxmuş qonoreya (yoluxma anından keçən müddət iki aydan artıq olmadıqda.
2. Xroniki qonoreya (orqanizmdə olduğu müddət iki aydan artıq olduqda)
3. Latent forma yaxud qonoreya daşıyıcılığı. Qonoreyanın törədiciləri sidik-cinnsiyyət yollarında yaşamasına baxmayaraq insanda xəstəlik şəklində təzahür etmədiyi hal). Epidemioloji cəhətdən ən təhlükəli olan da məhz bunlardır. Kişilərdə 10%-ə qədər hallarda gizli, əlamətsiz keçməsi müşahidə edilir. 

Kişilərdə əlamətləri
Qonorreyanın əsas klinik əlaməti sidik kanalından irinli sarı- yaşılımtıl axıntının olmasıdır. Qonoreyanın əlaməti cinsi əlaqədən 1-15 gün ərzində, daha çox hallarda isə 1-2 gün sonra, hətta bəzən 12 saat sonra yaranır. Bu əlamətlər sidik kanalından irinli axıntının gəlməsi,, qaşınma, yandırma, cinsi orqan başının ağrılı olması, sidik kanalının xarici dəliyinin qızarması şişkinləşməsi, iltihablaşması hərdən isə sidik ifrazının axırında cüzi qan qarışıgı, temperaturun yüksəlməsi ilə da özünü göstərir. Belə kəskin başlayan qonoreya müalicəyə nisbətən asan tabe olur. Lakin müalicəyə nisbətən gec başlanarsa prostatit, epididimit (xaya artımının iltihablaşaraq şişməsi, kəskin ağrılı olması, ümumi halsızlıq, temperaturla müşaiyət olunan halı), orxitlə (xayanın iltihablaşaraq şişməsi, kəskin ağrılı olması, ümumi halsızlıq, temperaturla müşaiyət olunan halı) ağırlaşması ola bilir.

Çox zəif əlamətlərlə müşahidə olunan qonoreya daha çətin müalicə olunması və sağaldıqdan sonra isə bir sıra hallarda sidik kanalında daralmalar ilə xarakterizə olunur. Belə daralmalar isə xəstələrin həm normal sidik ifrazına mane olur, həm də cinsi əlaqə zamanı diskomfort yaradır, toxumun xaric olmasına mane olur, sonsuzluqla nəticələnə bilir. Daralmalar sidik ifrazına, cinsi orqanın bərkiməsinə (ereeksiya), toxumun xaric olmasına mane olarsa cərrahi müdaxilə aparılır.

Qadınlarda əlamətləri
Əksər hallarda qadınlarda ya tamamilə əlamətsiz keçir, yaxud az nəzərə çarpan və diqqəti çox çəkməyən əlamətlərlə, sidik ifrazınin hərdən yandırma və cüzi ağrılı olması, az hallarda qaşınma, qarının aşagısında zəif ağrılarla müşaiyət olunur. Lakin 10-20%-ə qədər hallarda qadınlarda da aşkar əlamətlər verir və irinli axıntı yaranır. Diaqnoz qoyulması üçün kişidə mütləq sidik kanalından, qadında isə uşaqlıq yolundan yaxma və digər müayinələr üçün sıyrıntı gütürülür.

Müalicəsi 
Müalicə taktikası xəstəliyiniyin klinik formasından, əlamətlərindən, yanaşı olaraq cinsi yolla yoluxan bir və ya bir neçə xəstəliyin olmasından, bakterioloji müayinənin nəticələrindən, xəstənin yaşından, cinsindən asılı olaraq dəyişir. Müalicənin ümumi prinsipi isə eynidir. Xəstəliyin törədicilərinə öldürücü təsir göstərən antibiotik dərman preparatları.

Ağırlaşmaları
Qonoreyanın çox tez-tez rast gəlinən ağırlaşmalarından biri xayanın və xaya artımlarının kəskin iltihabıdır. Xaya və xaya artımının kəskin iltihabı müvafiq olaraq orxit və epididimit adlanır. Orxit və epididimit zamanı xaya və xaya artımı şişir, ölçüsü bir neçə dəfə böyüyə bilir, kəskin ağrılı olur, bədən temperaturu yüksəlir. Təcili olaraq belə xəstələr uroloq-androloqa müraciət etməli və təcili olaraq xəstəxanaya yerləşdirilməlidirlər. Onların müalicəsi xəstəxana şəraitində, pastel rejimində aparılmalıdır. Orxit və epididimitdən sonra əksər hallarda xayanın həcmi kicilir, funksional aktivliyi azalır. Xayanın funksional aktivliyi dedikdə əsasən spermyaranma prosesi nəzərdə tutulur. Əgər orxit yaxud epididimit ikitərəfli olarsa sonsuzluq riski çox böyükdür.

Profilaktikası
Təsadüfi cinsi əlaqə zamanı qoruyucudan istifadə etmək, xəstə insanın yaxud xəstəliyə şübhə olan insanın hamam-tualet dəstindən və digər şəxsi gigiyena vasitələrindən istifadə etməmək.

Ziyad Əliyev
həkim uroloq-androloq
 
loading...

0 şərh