Böyrək qan dövranı

Bədən çəkisinin 1/200 hissəsini təşkil edən böyrəklərdən bir dəqiqə ərzində ürək tərəfindən bədənə vurulan qanın 1/4 hissəsi keçir (dəqiqədə 1 l və ya gün ərzində 1500 l). Beləliklə, böyrək qan təchizatı başqa üzvlərin qan təchizatından xeyli intensivdir. Misal üçün, 100 q toxumaya düşən qan dövranı böyrəkdə 430 ml/dəq, ürəkdə 66, qaraciyərdə 57, baş beyində 53 ml/dəq-dir.
böyrəklərdə qan dövranıBöyrək arteriyası (a.renalis) qarın aortasından ayrılır, nisbətən böyük damar olub, diametri 9 mm-ə qədərdir. Böyrək qapısına girəndən sonra o bir neçə pay, sonra payarası arteriyalara (aa.interlobares), sonra qövsvari arteriyalara (aa.arcuatae) bölünür ki, bunlar da paycıqarası arteriyalara və onun dalınca yumaqcıqların gətirici arteriyalarına (vaz afferens) bölünürlər. Gətirici yumaqcıq arteriyası yumaqcıq kapsuluna daxil olandan sonra yumaqcıq kapilyarlarına bölünürlər və sonra yenidən birləşərək çıxarıcı arteriyanı (vaz efferens) əmələ gətirirlər.

Yumacıq kapsulundan çixandan sonra çıxarıcı arteriya yenidən kapilyarlara bölünür, proksimal və distal kanalcıqların ərtafında tor kimi hörülərək onları qidalandırırlar və həmçinin sidik əmələgətirmə prosesində iştirak edir. Beləliklə, paycıqarası arteriyalar iki dəfə kapilyarlara bölünmüş olurlar. Böyrəklərin kapilyar sisteminin prinsipial xüsusiyyəti fərqli olduğu üçün "möcüzəli tor" adı almışdır. Payarası arteriyalar bir - biri ilə çoxlu anastamoz vasitəsi ilə birləşirlər ki, bunların da mühüm kompensator rolu vardır. Kanalcıqyanı kapilyar torun əmələ gəlməsində Lyudviq arteriolasının əhəmiyyətli rolu vardır, bu da paycıqarası arteriyadan və ya yumaqcığın gətirici arteriyasından ayrılır. Əgər yumaqcıq tələf olarsa, Lyudviq arteriolasının hesabına kanalcıqların ekstraqlomerulyar qan təchizatı təmin olunur.
Kanalcıqətrafı arterial kapilyar tor vena kapilyarlarına keçir. Onlar da birləşərək böyrəyin fibroz kapsulasının altında yerləşən ulduzvari venaları əmələ gətirir. Bu venalardan paycıqarası vena başlanğıc götürür və qövs venalarına, bunlar da payarası arteriyanın yanında yerləşən eyni adlı venalara tökülürlər. Payarası venalar birləşərək böyrək venalarını əmələ gətirir ki, bu da aşağı boş venaya tökülür.

J.Truetaya görə böyrəklərdə iki qan dövranı mövcuddur: böyük – qabıq və kiçik – yukstamedulyar və buna uyğun olaraq iki növ nefron: qabıq və yuksta medulyar. Normada böyrək qabıq qan dövranı 85 – 90 %, yukstamedulyar qan dövranı 10 – 15 % təşkil edir.
Böyrəklərin qabıq qan dövranını payarası arteriyalar və onlar arasındakı anastamozlar, Lyudviq arteriolası, gətirici və çıxarıcı yumaqcıq arteriolaları, qabıq nefronların yumaqcıq kapilyarları, kanalcıqətrafı arterial və venoz kapilyarları, payarası venalar təşkil edirlər.
Böyrəklərin yukstamedulyar qan dövranı payarası arteriyanın və venasının proksimal hissələri, yukstamedulyar yumaqcıqların gətirici və çıxarıcı arteriolaları, yumaqcıq kapilyarları, piramidlərin (arterial və venoz ) düz damarlarından ibarətdir.

Qabıq və yukstamedulyar nefronlar arasında əhəmiyyətli fərq vardır.
Qabıq nefronların yumaqcıqları qabıq maddədə yerləşir. Gətirici arteriolanın diametri çıxarıcı arteriolanın diametrindən 1/3 qədər çoxdur. Henle ilgəyi qısadır, böyrəyin beyin maddəsinə yukstamedulyar nefronlarda olduğu kimi çox dərinə getmir.
Yukstamedulyar nefronların yumaqcığı qabıq maddədə yerləşçməsinə baxmayaraq, beyin maddə ilə sərhədə yaxın olur. Bu yumaqcıqlarda, kortikal nefronlardan fərqli olaraq, gətirici və çıxarıcı arteriolaların diametri bərabər olur. Çıxarıcı arteriola yumaqcıqdan çıxandan sonra kapilyarlara bölünmür, amma piramidlərin zirvəsinə doğru gedərək məməciyə çatana qədər bir neçə düz damarlar əmələ gətirir, sonra ilgək əmələ gətirərək bunlar geri dönür və qabıq maddəyə artıq venoz kapilyar kimi qayıdır. Venoz və arterial düz damarlar, gətirici və çıxarıcı arteriola arasında çoxlu anastamoz vardır. Yukstamedulyar nefronların Henle ilgəyi böyrəyin beyin maddəsinin dərin qatlarına gedir, piramidlərin zirvəsinə çatır. Yukstamedulyar nefronların düz damarları Henle ilgəyinin enən və qalxan hissələri ilə yanaşı yerləşir, bu da böyrəyin əks hərəkıt – dönmə - artma sisteminin əhəmiyyətli elementi olub, sidiyin osmotik qatılaşması və durulaşması prosesində əhəmiyyətli rol oynayır.

Fizioloji halda böyrək qan dövranının 85 – 90 % böyük dövranla (qabıq dövranı), amma bəzi patoloji vəziyyətlərdə qanın əsas hissəsi kiçik və ya qısa dövranla hərəkət edir. Belə halda yukstamedulyar qan dövranı özünəməxsus şunt rolunu görür. Bu zaman qanın çox hissəsi qabıq yox, beyin maddə ilə hərəkət edir və maddənin işemiyası, hətta nekrozu baş verə bilər. Bu zaman yukstamedulyar düz damarlar genişlənir və venadan axan venoz qan arterial qana bənzəyir. Buna görə yukstamedulyar yumaqcıqlar təkcə filtrasiya aparatı yox, həm də böyrəyin drenaj sistemi rolunu oynayır.

Müəllif: Mehman Ağayev
Kitab: Nefrologiya

 

 

0 şərh