Sinir sisteminin quruluşu.Refleks

Sinir sistemi orqanizmin funksiyalarının tənzim edilməsində çox mühüm rol oynayır. O hüceyrələrin, toxumaların və müxtəlif sistemlərin birğə fəaliyyətini tənzim edir.
Sinir sistemi sinir hüceyrələri və neyronlardan və onları əhatə edən neyroqliya aparatı və peyk hüceyrələrindən ibarətdir. Sinir hüceyrəsi öz cismi və çıxıntıları ilə birlikdə neyron adlanır.
Neyronun iki tip çıxıntısı var. Birinci qısa şaxəli dendrit­lərdən (dendron yunanca-ağac deməkdir) və şaxələn­məyən bir uzun çıxıntılı aksondan ibarətdir. Aksonun tək bir çıxıntısı olur, uzunluğu bəzən 1 metrə çatır. Dendritlər oyanmanı sinir hüceyrəsinin cisminə ötürür. Akson­lar isə oyanmanı hüceyrədən digər sinir hüceyrələrinə və işçi orqana nəql edir (Şəkil 1).
Neyronun quruluşu
Sinir sistemində məlumatlar ixtisaslaşmış hüceyrə arası təmaslar-sinapslar vasitəsi ilə həyata keçirilir. Oyanma bir sinir hüceyrəsindən digərinə mediatorlar vasitəsi ilə yerinə yetirilir. Məlumatı nəql edən hüceyrədən mediator sinaps yarığına ifraz olunur və sonra qəbuledici hüceyrənin membranı ilə qarşılıqlı təsirdə olur və oyanma vəziyyətinə keçir. Neyronların digər qismi hərəki neyronlar olub onurğa beyni və baş beyindən gedən impulsları əzələlərə və daxili orqanlara ötürür. Onurğa beynində hissi hərəki neyronlar arasındakı əlaqə onurğa beynində ara neyronlar vasitəsi ilə yaranır.
Baş beyində neyronların sayı 25 milyarddan, mühitdə isə 25 milyondan çoxdur. Sinir sistemini mərkəzi və mühiti sinir siteminə bölürlər. Mərkəzi sinir siteminə baş və onurğa beyni daxildir. Mühiti sinir sisteminə isə baş və onurğa beynindən çıxan sinirlər və sinir hüceyrələri daxildir. Onlar da öz növbəsində innervasiya etdikləri üzvlərlə əlaqədə olaraq somatik, vegetativ və ya avtonom sinir sisteminə ayrılırlar.

Vegetativ sinir sistemi də iki şöbəyə – simpatik (nüvələri onurğa beyninin döş və bel şöbəsində) və parasimpatik (nüvələri uzunsov, orta beyin və onurğa beyninin oma şöbəsində) şöbələrə bölünür. Məsələn, simpatik sinir ürəyin fəaliyyətini qüvvətləndirir və surətləndirir, parasimpatik sinir isə zəiflədir və ləngidir. Hər iki sinir sıx qarşılıqlı təsirdə fəaliyyət göstərsə də, vegetativ sinir sistemi bir sıra müstəqilliyə malikdir.
Somatik sinir sisteminin fəaliyyəti iradidir, avtonom sinir sisteminin fəaliyyəti isə qeyri-iradidir. Məsələn, adam özü istədiyi vaxt ürəyinin fəaliyyətini, həzm prosesini, tər ifrazını dayandıra bilməz.

Refleks haqqında anlayış. Mərkəzi sinir sisteminin iştirakı ilə orqanizmin daxili və xarici qıcıqlara qarşı verdiyi cəld cavab reaksiyalarına refleks deyilir. Refleks haqqında anlayış elmə ilk dəfə XVII əsrin birinci ya­rısında R. Dekart tərəfindən daxil edilmişdir.
Sinir impulsunun reseptorlardan işçi orqana qədər keçdiyi yola – refleks qövsü deyilir. Refleksin əmələ gəlməsi üçün refleks qöv­sünün bütün hissələri tam olmalı, yəni fəaliyyət göstər­məlidir. Refleks qövsü 5 hissədən ibarətdir.
1.Qıcığı qəbul edən hissə, reseptorlar. 2.Oyanmanı mərkəzə nəql edən və ya duyğu, hissi (mərkəzəqaçan) sinir. 3.Oyanmanı aralıq neyronun iştirakı ilə hərəki neyrona nəql edən mərkəzi hissə, yəni MSS-nin bir hissəsi. 4. Oyanmanı MSS-dən işçi orqana aparan, hərəki (mər­kəzdən qaçan) sinir. 5.İşçi orqan-alınan qıcığa cavab verən hissə (Şəkil 2).
Refleks qövsü sxemi
Hissi neyronlar reseptorları mərkəzi sinir sistemi ilə birləşdirib məlu­matları ona nəql edir, ya da özü reseptor rolu oynayır. Hərəki neyronlar oyanmaları mərkəzi sinir sistemindən işçi or­qana ötürür. Aralıq neyronlar hissi və hərəki neyronları bir- biri ilə birləşdirir. Məsələn, baş beyni kəsilib atılmış, onurğa beyni salamat qalan qurbağanın pəncəsini zəif turşu məhluluna salandan bir neçə saniyə sonra pəncəni oradan çıxarır. Buna səbəb turşunun pəncənin dərisində olan reseptorları qacıqlandırmasına qarşı mərkəzi sinin sisteminin verdiyi cavab reaksiyasıdır. Bu refleksin alınması üçün refleks qövsünün hər bir hissəsi normal və tam olmalıdır.

Sinir sistemi təkamülündə ilk dəvə hidrada səpkin və ya diffuz sinir sistemi, sonra meduzalarda isə sapabənzər sinir sistemi qurdlar, molyuskalar, cücülər və dərisitikanlılarda düyünlü sinir sistemi və nəhayət xordalı heyvanlarda borulu sinir sistemi inkişaf edir.

0 şərh