Qadın saçlarını dəyişirsə

Deyirlər ki, əgər qadın saçlarını dəyişirsə, deməli, o, həyatını dəyişmək istəyir. Ola bilər ki, bu fikir bəzilərinə qəribə görünsün, ancaq etiraf edək ki, həqiqətən də, nəyisə dəyişmək istədikdə ağlımıza gələn ilk fikir saç ustasına müraciət etmək olur. Hətta saçın burulması (zavivka), "refle" kimi kimyəvi proseslər belə bizi qorxutmur. Bəs kimyəvi təsirdən sonrakı nəticələr necə? Bu, sizi narahat etmirmi?Əgər köklü dəyişiklik etmək istəyirsinizsə, əvvəlcə bu barədə məlumat toplayın. Məsələn, saçın burulmasını götürək. Turşu əsasında edilmiş "zavivka"nın istənilən saç növünə uyğun və çox dayanıqlı olmasına rəğmən, saça çox ziyandır. Qələvi əsasında edilmiş "zavivka" isə saça və başın dərisinə yumşaq təsir edir, saç buruqlarına isə təbii görünüş verir. Bu tip zavivkanın mənfi tərəfi onun 3 aydan artıq qalmamasıdır. Əgər artıq cəsarətlənib "zavivka" etdirmisinizsə, onda saçlarınıza qulluq edin. Məsələn, təmiz saçları ilıq su ilə şampunsuz yuyun, mətbəx duzunu saçlarınızın dibinə çəkin və 15 dəqiqə saxladıqdan sonra bol su ilə təmiz yuyun. Bu, saçınızın kimyəvi təsirdən sonra tökülməsinin qarşısını alar.
Ümumiyyətlə, əgər saçınız düzgün və normal qulluğun çatışmaması, tər və piy vəzilərinin fəaliyyətinin pozulması və köklərin normal qidalanmaması səbəbindən tökülürsə, yuxarıda sizə təklif etdiyimiz üsullarla onun qarşısını müstəqil şəkildə özünüz də ala bilərsiniz. Yox, əgər bu, hər hansı bir xəstəliklə bağlıdırsa, mütləq həkimə müraciət edin. Saç tökülməsinin qarşısını almaq üçün ən yaxşı vasitələrdən biri kalendula, pıtraq kökü və mayaotu qozalarının qarışığından hazırlanmış dəmləmədir. Bu otları 4/4/3 nisbətində qarışdırın. 50 qram ot qarışığına 1 litr su əlavə edərək, 10 dəqiqə qaynadın, yarım saatdan sonra süzün. Saçınızı bu maye ilə yaxalayın. Saç tökülməsi zamanı qidaya da mütləq diqqət yetirmək lazımdır. Kükürd, dəmir, vitamin kompleksi, xüsusilə də, "V" və "S" vitaminləri qidada üstünlük təşkil etməlidir. Şirniyyat, kofe, alkoqol, yağlı və duzlu qidalar saçın tökülməsini bir az da intensivləşdirir. Yağlı saçları yumazdan əvvəl dibinə qatıq çəkib dəsmalla sarıyın və 15-20 dəqiqə saxlayın. Bundan sonra saçı şampunla yuyun və sirkə qatılmış su ilə yaxalayın. Saçların boyanması və rənginin açılması da onlar üçün çətin sınaqdır. İstənilən boya saçı zədələyir. Zədələnmənin səviyyəsini azaltmaq üçün az dayanıqlı boyalar seçin. Uzun müddət qalan boyalar saça pis təsir göstərir. Ancaq istənilən halda, rənglənmiş saçların diqqətli qulluğa və müalicəyə ehtiyacı var.

Düzgün seçilmiş saç düzümü üzün quruluşundakı nöqsanları gizlədə bilər. Saç formanız bir çox şərtlərə cavab verməlidir: üzün forma və cizgilərinə, dəbə, həyat tərzinizə, ən nəhayət zövqünüzə uyğun seçilməlidir. Əgər xəstəsinizsə və yaxud təzyiqiniz aşağıdırsa, onda kimyəvi "zavivka"nı unudun. Yeri gəlmişkən, bu prosesi yalnız ilıq otaq temperaturunda və tox mədəyə etmək lazımdır. "Zavivka"dan sonra mütləq kimyəvi təsirə məruz qalmış saçlar üçün nəzərdə tutulan şampundan istifadə edin. Saçlarınızı yaxalamaq üçün çörək dəmindən də istifadə edə bilərsiniz. Bunun üçün 200-300 qram qara çörəyin üzərinə 1 litr qaynar su tökün və 3-6 saat termosda saxlayın. Sonra bunu bir neçə dəfə qatlanmış tənzifdən süzün və saçınızın diblərinə çəkərək masaj edin. Bunu otlardan hazırlanmış dəmlə də əvəz etmək olar.
İstənilən tip kəpəyin qarşısını almaq üçün boymadərən otu sizə kömək edər. 4 xörək qaşığı otun üzərinə 0,5 litr su əlavə edib 5 dəqiqə qaynadın və yarım saatdan sonra süzün. 1,5-2 ay müddətində hər gün bu maye ilə saçınızın dibini masaj edin. Masaj saçın dibini kəpəkdən təmizləyir, başda qan dövranını yaxşılaşdırır.
Mənbə: Bizim əsr jurnalı

Həmçinin oxu: Qadın saçları və saçlara qulluq


Saçların rənginə görə insanların xasiyyəti


Sən demə, saçların rənginə görə insanların xasiyyəti də dəyişirmiş. Sarışınlar dəyişikliyə can atır, lakin çətinliyə düşən kimi əllərindəki işi buraxıb yeni iş seçməyə çalışırlar. Onlar enerjilərini düzgün istifadə edə bilmədikləri üçün tez yorulur, səbirsiz olduqları üçünsə tez və həvəslə işləyirlər.
Sarışınlar daim yenilik axtarışında olduqları üçün vəfasız, hətta sədaqətsiz olurlar. Onlar hakimlik etməyi, işlərində və şəxsi həyatlarında liderlik etməyi sevirlər. Belə saçlara sahib olanlar başqasının şəxsi həyatına qarışmadıqları üçün başqalarının da onlara müdaxilə etməsinə imkan vermirlər.
Saçı qırmızı olanlar sarışınlara bənzəsələr də, onların arasında müəyyən fərqlər var. Qırmızı saçlılar sarışınlara nisbətən daha çox səbirsiz, tez sevinib, tez də kədərlənirlər. Sevinəndə hədsiz sevinir, kədərlənəndə hədsiz sıxıntı keçirirlər. Onları sarışınlardan fərqləndirən cəhət başqalarının həyatına maraq göstərmələridir. Qırmızı saçlılar dosttəbiətli və istiqanlı olurlar.
Tünd rəngli saçlar (bura qara və şabalıdı saçlar daxildir) həm quruluş, həm də xüsusiyyətlərinə görə sarışınlardan çox fərqlənirlər. Onlar ailəsinə bağlı, lakin bir az tənbəldirlər. Sarışınlarla müqayisədə qaraşınlar daha səbirli, tədbirli, düşüncəli, ağır və vasvası, sənət qabiliyyəti və sənət sevgisi qüvvətli, sadiq, dözümlü, doğru və dinə bağlı olurlar. Onların əksəriyyəti qüvvətli, orijinal fikirli, həvəsli, yaradıcı və hər növ qabiliyyətə malik insanlardır. Tünd saçı olanlar cəsur, səbirli olduqları kimi düşünməyi və düşündürməyi də çox sevirlər.

 

10 şərh

Westsider
Qıvrım saçları düz etmək üçün nədən istifadə olunur? Bu saçlara ziyandır?
burla xatun
Xüsusi şampunlar var ki qıvrım saçları düzləşdirir(Pureology).Tigi firmasının da adını eşitmişəm,amma Bakıda görməmişəm. Tərkibində silikon olan istənilən şampun yarayar(Nivea,Wella və s. də saç düzləndirmək üçün balzamları var).Qiymətləri 20-30 AZN olur.Parfümeriya maazalarında soruşsanız çox şey məsləhət görərlər. Qadın olsaydınız problemi daha tez həll edə bilərdiniz))
Westsider
Elə problem də ondadır ki, qadın deyiləm=)

Amma mən açığı salonda necə elədiklərindən bilmək istərdim. Ximiya deyirlər, nə deyirlər…
Westsider
Təşəkkürümü bildirmək yaddan çıxdı)
Ayan_baku
Saclarımla heç bir promlemim yoxdur amma saçlarım çox axıcı  olduğundan bura bilmirəm .12saat bele biqudidə saxlayanda açandan sonra 1saata yene duz formada olur(((
Westsider
Gəlin saçlarımızı dəyişək)
aran
Qızım üçün seçdiyim saç düzümünün birini sizə verirəm!
aran
Qızım üçün seçdiyim saç düzümünün birini sizə verirəm!
2ral
Gözəl saç düzümüdür,yəqin ki qızınıza yaraşıb.Amma gələn dəfə şəkil qoyarkən çox böyük ölçülü şəkil qoymayın,çünki sayt istifadəçiləri arasında zəif internet sürəti olanlar çoxdur.