Ağciyər vərəmi | tənəffüs sistemi | Kayzen 

tənəffüs sistemi → Ağciyər vərəmi

Vərəm xəstəliyi bəşəriyyətə çox qədim zamanlardan məlum olan xəstəliklərdəndir. Hippokrat (e. ə. 460-370), Qalen (130-201), Əbu Əli ibn Sina (Avisenna, 980-1037) və qədim əsrlərin başqa həkimləri vərəm xəstəliyini öyrənmiş, onun haqqında əsərlərində müvafiq məlumatlar vermişlər. Onlar adətən vərəmin gecikmiş formasının diaqnozunu müəyyən edirdilər. Vərəm xəstəliyinin əsas əlamətlərindən biri xəstənin ümumi arıqlaması idi. Yunanca arıqlama sözü ftiz kimi tərcümə olunduğundan, xəstəliyi bu cür adlandırdılar. Ftiz termini altında ağciyərin sifilis, xərçəng, bronxoektaziya və başqa irinli iltihabi xəstəlikləri ifadə olunurdu.
Ağciyər vərəmi haqqında daha geniş məlumatı fransız alimi R.Laennek (1781-1826) vermişdir. O, vərəmin izolə edilmiş tuberkulalardan ibarət ocaqlı və onların birləşməsindən əmələ gələn infiltrativ formalarını göstərir. Laennek ilk dəfə olaraq tibb elminə "tuberkulyoz" terminini daxil etmişdir ki, bu da beynəlxalq termin kimi indiyədək işlənir.
Vərəm xəstəliyinin yoluxuculuq xüsusiyyəti XVI-XVII əsrlərdə öyrənilmişdir. Vərəm xəstəliyinin amili mikobakteriyalardır. Bunlar spor əmələ gətirməyən çubuqvarı formalı göbələkciklərdir. Onu 1882-ci ildə alman alimi Robert Kox kəşf etdiyi üçün onun adı ixtisarla BK (Kox bakteriyaları) kimi işlədilir. VI Ümumittifaq ftiziatrlar qurultayı onu "vərəm mikobakteriyası" və ya vərəm çöpləri adlandırmağı məsləhət görmüşdür. Qısa və sadəcə olaraq "BK" kimi ifadə edilir.
Mikroblar məişətdə geniş yayılmaq xüsusiyyətlərinə malikdirlər. Xarici mühit təsirlərinə də davamlıdırlar. Onlar soyuq, qaranlıq və rütubətli şəraitdə aylarla yaşaya bilir, spirt, turşu, qələvilərə davamlıdırlar. Vərəm mikobakteriyalarını yüksək hərarət, günəş şüaları, karbol turşusu, xloramin, lizol məhlulları məhv edir. Ona görə də dezinfeksiya işlərində həmin məhlullardan və qaynatmadan, günəş şüalarından istifadə edilməsi müsbət nəticə verir. Vərəm çöpünün uzunluğu 3-5 mikrona bərabərdir.
R.Koxdan sonra bir çox tədqiqatçılar vərəm çöpcüklərini öyrənməyə başladılar. Onlar müəyyən etmişlər ki, bir neçə mikobakteriya növü məlumdur və onların bəziləri quşlarda, başqaları məməli heyvanlarda xəstəlik törədir. Öküz tipi çöpcüyü qaramalda olmaqla, xəstə heyvanın südünü yaxşı qaynatmadan içdikdə yoluxma ola bilər.
Qurumuş bəlğəmdə vərəm çöpcüyü 100°C qızdırıldıqda ancaq 45 dəqiqədən sonra tələf olur. Buradan mə­lumdur ki, əsas yoluxma mənbəyi açıq vərəm formasına tutulmuş xəstə, yəni basil ifraz edən şəxsdir. Vərəm çöpcükləri sağlam adamın orqanizminə əsasən tənəffüs yolları ilə, bəzi hallarda həzm yolu vasitəsilə daxil olur. Ən çox ağciyər vərəminin baş verməsini alimlər onun yoluxma yolunun hava vasitəsilə olması ilə izah edirlər. Mikrob hava ilə ağciyərlərin toxumalarına düşür, orada çökərək vərəm ocaqları əmələ gətirir. Vərəm xəstəsinin bir damcı bəlğəmində 2-3 milyona qədər çöpcük olur. Belə xəstələr sutka ərzində milyardlarla vərəm çöpcüyü ifraz edirlər. İki cür vərəm növü (açıq və ya yoluxan, qapalı və ya yoluxmayan) müəyyənləşdirilmişdir.

Vərəmin profilaktikası

Basil ifraz edən adamın ətrafında digər şəxslərin yoluxmaması üçün bir sıra profilaktik tədbirlər həyata keçirilməlidir:
1. İnfeksiya ocağı gündəlik dezinfeksiya edilməli;
2. Ümumi gigiyena qaydalarına ciddi əməl olunmalı;
3. Bəlğəm, qidanın qalıqları toplanmalı və dezinfeksiya həyata keçirilməli;
4. Xəstənin dəyişəyi dezinfeksiya edilərək ayrılıqda yuyulmalı;
5. Xəstənin otağı, təmasda olduğu əşyalar müntəzəm surətdə təmizlənməli və dezinfeksiya edilməli;
6. Milçəklərlə mübarizə aparılmalı;
7. Xəstə və ona qulluq edən şəxslər ciddi surətdə şəxsi gigiyena və profilaktikaya riayət etməlidirlər.
Hər vərəm xəstəsi ətraf mühit üçün qorxulu sayılmır. Şəxsi gigiyena qaydalarına əməl etməyən, pinti, eqoist xəstələr daha qorxuludurlar. Lakin yeni aşkara çıxarılmış açıq vərəm formalı xəstələri təcrid etməklə müalicə aparılması əsas şərtlərdəndir.
Vərəm xəstəsi özünü elə aparmalıdır ki, o yoluxma mənbəyi olmasın. Başqa adamların sağlamlığı xəstənin mədəniyyətindən, tibbi təhsilindən, intizamlı olmasından çox asılıdır. Belə xəstələrin qab-qacağı, yorğan-döşəyi, xüsusilə otağı ayrı olmalıdır. Xəstəyə dezinfeksiya üçün məhlullar: 2 faizli soda və 5 faizli xloramin məhlulu verilməlidir. Xəstə və onun yaxınları geniş istifadə edilən dezinfeksiya məhlullarını hazırlamağı və istifadə etməyi bacarmalıdırlar. Ən çox işlənən və yaxşı təsir göstərən dezinfeksiyaedici xloramindir. Ondan 0,5; 1; 2; 5 faizli məhlullar hazırlamaq üçün bir litr suya 5, 10, 20, 50 qram quru maddə tökülür, ağac çubuqla şəffaf olanadək qarışdırılır və müvafiq işlərdə istifadə edilir.
İnsanların vərəmlə yoluxma yolları müxtəlifdir:
1. Damcı vasitəsilə yoluxma. Öskürdükdə, asqırdıqda bəlğəm, hava və tüpürcəklə mikroblar ətrafa yayılaraq ətrafdakı şəxslərin tənəffüs yollarına düşməsi ehtimalı artır. Buna görə də insan asqırdıqda, öskürdükdə sol əlinin arxası ilə ağzını tutması lazımdır ki, həmin əllə heç kimlə görüşmür.
2. Təmas vasitəsilə yoluxma. Xəstənin məişət əşyalarından istifadə etdikdə, əllə görüşdükdə, öpüşdükdə, sağlam adamlar yoluxur. Xəstə və əhatəsində olanlar gigiyena qaydalarını gözləsələr, yoluxmanın qarşısı alınır.
3. Toz vasitəsilə yoluxma. Vərəm çöpləri xəstənin bəlğəmi, tüpürcəyi ilə ətraf mühitə düşür, quruyur və tozlara qarışaraq həmin hava ilə nəfəs alan şəxslərin tənəffüs yollarına düşə bilir. Ona görə tozla mübarizə, təmizlik işləri, bitkilərin artırılması çox faydalıdır.
4. Qida vasitəsilə yoluxma. Qida məhsulları ilə vərəm çöpləri orqanizmə düşür. Xəstənin bəlğəm və tüpürcək qalıqları ilə çirklənmiş ərzaq məhsulları ilə qidalandıqda sağlam şəxslər yoluxur. Xəstə heyvanlardan sağılmış süd və süd məhsullarını yaxşı qaynatmayıb qəbul etdikdə xəstəliyə yoluxma baş verir. Milçəklər mikrobun yayılmasında az da olsa, müəyyən rola malikdirlər.
Orqanizmin xəstələnməsi üçün mikrobun, vərəm çöpünün - törədicinin orqanizmə daxil olması kifayət deyildir. Onun inkişafı üçün müəyyən şəraitin olması da lazımdır. Bədənimizdə bir çox müdafiə vasitələri vardır ki, onlar bizi vərəmlə yoluxmadan və xəstələnmədən qoruyur. Orqanizmin vərəm xəstəliyi törədicilərinin uzun müddət latent (qeyri-fəal) mikrobizm deyilən halı olur. Orqanizmdə törədicinin olmasına baxmayaraq xəstəlik əlamətləri meydana çıxmır. Çünki orqanizmə düşmüş törədici faqositar sistemlə zəngin olan orqanlarda - qaraciyər, dalaq, sümük iliyi, limfa düyünləri və ağciyərlərdə olurlar. Bu orqanlarda törədicilər mürəkkəb müdafiə mexanizmlərinə rast gəlir və insan xəstəlikdən sovuşmuş olur. Burun boşluğunun seliyi də mikrobun daxilə keçməsinin qarşısını alır. Ağciyərə çatmış mikrobları burada faqositar mikrofaqlar udur və onların xəstəlik törətməsinə imkan vermir. Eyni zamanda orqanizmin vərəmə qarşı immuniteti də mühüm rol oynayır. Qandakı Kox basillərini (KB) tutub məhv etməyə qabil xüsusi immunitet hüceyrələri də onları məhv edir. Limfa sistemi də orqanizmin müdafiəsini təşkil edir. Toxumalarda iltihab ocaqlarının əmələ gəlməsi də mahiyyət etibarilə müdafiə reaksiyalarındandır.
Buradan belə bir nəticə çıxarmaq olar ki, orqanizmin vərəmlə xəstələnməsinə səbəb törədicilərin çoxlu miqdarda orqanizmə daxil olması və insanın xəstəliyə qarşı rezistentliyinin (davamlılığının) azalmasıdır.
Orqanizmin vərəmə qarşı müqaviməti bir çox səbəblər üzündən insanın həyatı boyu dəyişə bilər. Deməli, psixi və fiziki cəhətdən zəifləmiş orqanizmlərdə xəstəliyin baş verməsi ehtimalı daha çoxdur. Vərəmə tutulma peşə ilə də əlaqədardır, yəni tozlu işlərdə çalışanlarda daha çox müşahidə edilir. Digər amillərdən pis mənzil şəraiti, qeyri-normal qidalanma, zərərli adətlərə vərdişetmə, orqanizmi zəiflədən ağır xəstəliklər - yatalaq, diabet, dizenteriya, qızılca, göyöskürək və s. orqanizmin vərəmə qarşı müqavimətini azaldır.
Hər bir qadın bilməlidir ki, hamiləlik, doğuş, uşaq əmizdirmək, orqanizm qarşısında yüksək tələblər qoyur. Ancaq vərəmdən sağalmış sağlam şəxslər evlənə bilərlər. Aktiv vərəm formasına tutulmuş şəxslər nikahdan və analıqdan boyun qaçırmalıdırlar. Aktiv vərəm hamiləliyin süni pozulması üçün tibbi göstəriş sayılır. Odur ki, xəstə qız və qadınlar əvvəlcə müalicə olunmalı, sonra nikah və ya analıq haqqında düşünməlidirlər.
Vərəmlə xəstələnməni tuberkulin sınağı ilə müəyyən edirlər. Hazırda bunun üçün Mantu sınağı tətbiq olunur. Durulaşdırılmış tuberkulini nazik iynə ilə saidin dərisinə yeridirlər. 24, 48, 72 saatdan sonra dəridə şişkinlik, qızartı əmələ gəlirsə, deməli, xəstəliyə yoluxmuşdur. Vərəm yoluxmamış uşaqlarda tuberkulin sınağı mənfi olur.

Xəstəliyin inkişafını şərti olaraq dörd dövrə bölürlər:
1. Gizli (inkubasiya) dövrü. Xəstəliyə yoluxan andan xəstəliyin əlamətlərinin meydana çıxdığı vaxta qədər olan müddətdir. Bu dövr aylar və hətta illərlə çəkə bilər. Bu dövr adamda heç bir əlamət törətmir, heç bir müalicə tələb etmir.
2. Xəbərdarlıq (prodromal) dövr. Vərəm mikobakteriyalarının həyat fəaliyyəti güclənir, orqanizmin zəifləməsi ilə əlaqədar bu bir neçə həftə davam edir. Xəstəliyin ilk əlamətləri meydana çıxır. Vərəm çöplərinin fəaliyyətinin güclənməsi ilə onların zəhərli maddələri - toksinləri artır, orqanizmi zəhərləyir. Sinir, ürək-damar sisteminə təsiri ilə yorğunluq baş verir, iştaha pozulur, temperatur yüksəlir, çox tərləmə, fikrin dağılması xəstəni narahat edir, oyanıcılıq kimi əlamətlər özünü göstərir. Bu əlamətlər digər xəstəliklər zamanı da üzə çıxdığından, başqa xəstəliklərə - qarın boşluğu orqanlarının funksiyasının pozulması, ürək-damar sistemi, sinir və s. xəstəliklərdən şübhə doğuraraq, vərəm gizlənmiş olur, gizli gedir.
3. Vərəmin aydın nəzərə çarpan təzahürlərinin meydana çıxdığı dövr. Xəstəlik çox kəskinləşir, 1-3 həftə davam edir, sonra bir qədər sakitləşir. Adama elə gəlir ki, o sağalmışdır. Bu pisləşmə və yaxşılaşma halları bir neçə dəfə növbələşir. Xəstəliyin müalicəsi ilə ciddi məşğul olmadıqda vərəm köhnəlir və müalicə çətinləşir.
4. Prosesin xronik formaya keçdiyi dövr. Bu dövrdə müalicəsiz qalan orqanda ilk vərəm ocaqları tuberkulalar və onların birləşməsi əmələ gəlir. Sonra onlar böyüyərək kavernalar (boşluq, mağara) əmələ gətirir ki, bu cür vərəm kavernoz vərəm adlanır. Çox təəssüf ki, onu tam müalicə etmək olmur. Beləliklə, xəstəlik açıq formaya keçir. Xəstə intizamlı şəkildə müalicə olunmazsa, kavernoz vərəmdə qanaxma kimi ağırlaşmalar baş verə bilər.
Kavernalar digər orqanların vərəmində də - böyrəklərdə, sümüklərdə əmələ gələ bilər. Onların çapıqlaşması da müxtəlif ağırlaşmalarla nəticələnir.
Odur ki, vərəmin ilk başlanğıc formalarının vaxtında aşkar edilməsi tam müalicəsinə zəmanət verir. Ağciyər vərəminin başlanğıc təzahürləri rentgenoloji üsulla aşkara çıxarılır. Müsbət Mantu reaksiyası da vərəmlə yoluxmanı və xəstələnməni göstərir. Laboratoriyada bəlğəmin müayinəsi vərəm çöpcüklərini aşkara çıxarır. Qanın müayinəsi diaqnozun qoyulmasına imkan yaradır. Vərəmin erkən əlamətlərindən biri limfa vəzilərinin böyüməsidir. Ağciyərin vərəmi təkcə tənəffüs orqanlarının xəstəliyi olmayıb, digər orqanların da müəyyən dərəcədə pozulmasına səbəb olur.

Vərəm xəstəliyinin müalicəsi

Kimyaterapiya ilə vaxtında aşkar edilmiş xəstələr müvəffəqiyyətlə sağaldılır. Müalicənin perspektivli, effektli getməsi onun vaxtında başlanması, xəstəliyin forma və fazaları, xəstənin yaşı və cinsiyyəti, digər xəstəliklərin paralel getməsi ilə əlaqədardır. Müalicənin effektliliyində xəstənin tibbi biliklərə malik olması, mədəniyyəti, həkimin göstərişlərinə düzgün əməl etməsi əsas rol oynayır. Vərəmin müalicəsi iki istiqamətdə aparılır. Birincisi, orqanizmin möhkəmləndirilməsi, müqavimətinin artırılması istiqamətidir ki, buna xəstə ciddi əməl etməlidir. Ən qüvvətli, enerjili qidaların qəbuluna məhdudiyyət qoyulmur.
Kimyəvi preparatlarla müalicədə ən çox vərəm əleyhinə maddələr tətbiq edilir. Vərəmin müalicəsində izonikotin turşusunun hidrozid törəmələri HİNT (hidrozit izonikotin turşusu), həmçinin streptomisin və PAST (paraaminosalisil turşusu) mühüm yer tutur. Bunlar birinci sıra preparatlar hesab olunur, xəstəlik törədicisinin həyati funksiyalarına güclü mənfi təsir göstərir və əlavə təsirləri az olur. İkinci sıra preparatlar törədicinin həyati funksiyalarına zəif təsir göstərir, xəstələrdə kənar reaksiyalar verir. Bunlara sikloserin, etionamid, etoksid, kanamisin, pirazinamid, yeni preparatlardan rifampisin, etambutal və başqaları aiddir. Xəstəliyin başlanğıc fazasında 2-6 ay ərzində stasionarda tuberklostatik dərmanlarla müalicə aparılır, sonra ambulator şəraitdə 6-8 ay müddətində fasiləli müalicə davam etdirilir.
Ağciyər toxumasının dağılması ilə gedən, kaverna əmələ gələn xəstələr üçün vərəm əleyhinə preparatlar quraşdırılaraq təyin edilir. Göstəriş olarsa, hormonal preparatlar, vitaminoterapiya həyata keçirilir. Xəstəliyin fibroz-kavernoz formasında da müalicə göstərildiyi kimi aparılır; effekt olmazsa, cərrahi üsula əl atılmalıdır. Lakin vərəmin ən ağır formalarında belə kimyaterapiyanın bütün gücündən istifadə edilməli ən axırıncı anlarda cərrahi müdaxiləyə rəvac verilməlidir. Kimyaterapiya uzun müddət aparıldığından, xəstələrin və törədicilərin həmin dərmanlara vərdiş edə biləcəyinə görə dərmanların müəyyən müddətdən sonra dəyişdirilməsi və düzgün komplektləşdirilməsi lazım gəlir.
Müalicənin səmərəli nəticəsi üçün xəstələr aşağıdakılara tam və ciddi əməl etməlidirlər:
- müalicəyə ciddi yanaşmalı;
- vərəm əleyhinə dərmanlar yalnız həkimin göstərişi və nəzarəti ilə qəbul edilməli;
- həkimin təyinatına uyğun yataq rejimində olmasına fikir verilməli;
- digər xəstənin yataq dəyişəyindən, ərzaq məhsullarından və qab-qacağından istifadə edilməməli;
- vərəm əleyhinə preparatların təsirini daha da artırmaq naminə xəstə heç bir zaman siqaret çəkməməli;
- vərəmli xəstə heç zaman alkoqol işlətməməlidir və s. Bütün müalicə dövründə xəstənin göstərilən qaydalara əməl etməsi aparılan müalicənin müvəffəqiyyətini təmin edir və tamamilə sağalması ilə nəticələnir.
Cərrahi müalicə metodları üç formada aparıla bilər. Birinci qrupa ağciyərlərin zədələnmiş nahiyələrinin sıxıl­ması və yaprıxlaşdırılması əməliyyatları aiddir. İkinci qrup ağciyər rezeksiyasının müxtəlif variantlarından ibarətdir. Üçüncü qrupda isə quraşdırılmış əməliyyatlar aparılır, yəni ağciyərin bir hissəsi rezeksiya edilir, zədələnmiş nahiyələrin sıxılması və yaprıxlaşdırılması və ya irinli plevrit olduqda, plevranın da bir hissəsi rezeksiya edilir. Hansı hal olursa-olsun cərrah həkimlə birlikdə xəstənin vəziyyətini diqqətlə öyrəndikdən sonra hər xəstəyə uyğun fərdi cərrahi müalicə metodu seçir.
Vaxtında tətbiq edilən cərrahi müdaxilə, demək olar ki, həmişə vərəmli xəstələrin sağalması ilə nəticələnir.
Vərəmin istər kimyaterapiya, istərsə də cərrahi müalicə metodunda simptomatik müalicəyə də ciddi fikir verilməlidir. Həkim daim xəstəni müayinədən keçirməklə onun digər orqanlarında baş verən və verə biləcək dəyişiklikləri nəzərə almalı, onlara qarşı tədbirlər həyata keçirməlidir.
Xəstəlik aşkara çıxarıldığı andan xəstənin xüsusi rejimi olmalı və o, həmin rejimə ciddi əməl etməlidir. Rejim müvəffəqiyyətli müalicənin əsasını təşkil edir. Vərəmli xəstələrə sakitlik, yüngül məşq, istirahət rejimi vacibdir. Bunlara əməl edilməsi xəstəliyin tez sağalmasına kömək edər.
Vərəm xəstəliyinin profilaktikasında ona qarşı peyvəndlərin işlədilməsi müsbət təsirə malik olur. Belə ki, yeni doğulmuş uşağın 5-7 günündə ilk dəfə BSJ vaksini edilir. İkinci üsulu isə spesifik kimyəvi profilaktikadır. Xəstələrlə təmasda olanlara profilaktika məqsədilə izoniazid təyin edilir. Deməli, yoluxmamış şəxslər üçün vaksinoprofilaktika, infeksiyalaşmış adamlar üçün isə kimyəvi profilaktika aparılır. Lakin peyvəndlərin işlədilməsində də çox ciddi olmaq lazımdır. Bütün bu tədbirlərin həyata keçirilməsinə xidmət edən müəssisələr, vərəm əleyhinə dispanserlər yaradılmışdır ki, burada xəstə və xəstəliyə meylli olanlar qeydiyyatda saxlanılır, lazımı tədbirlər görülür.
Vərəm xəstəliyi, eləcə də digər infeksion xəstəliklərə qarşı təkcə tibb işçiləri, müvafiq müəssisələr deyil, hər bir vətəndaş fəal mübarizə aparmalıdır. Xüsusilə gənclər xəstələrin aşkar edilib, müalicəyə cəlb edilməsinə kömək etməlidirlər. Gələcək sağlam adamlarıdır.

Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları

Həmçinin bax: Vərəm

  • ?
  • 27 may 2011, 23:34
  • loğman


Şərhlər (1)

RSS qısalt / böyüt
Vərəm dispanserləri pis gündədir. O şəraitdə həkimin özü vərəmə tutla bilər.
+1
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər səs verə bilər.