Azərbaycanın 19-20 əsrin əvvəllərindəki tarixi-siyasi coğrafiyası

Məlum olduğu kimi, XIX əsrin əvvəllərində Azərbaycanda feodal pərakəndəliyi hökm sürürdü. Ölkənin ərazisi 30 hissəyə — xanlıqlara, sultanlıqlara, məlikliklərə bölünmüşdü. Azərbaycan dövlətçiliyini təcəssüm etdirən həmin dövlət qurumları öz varlıqları ilə əslində Azərbaycanın gələcək taleyinə sarsıdıcı zərbə hazırlayırdılar. İran və Rusiyanın maraq dairəsində olan Azərbaycan ərazisində tərəflər qanlı döyüşlər aparır, xanlıqlarla vuruşur, onları danışıqlar və ya zor gücünə öz nüfuz dairələrinə keçirməyə və son nəticədə Azərbaycanı parçalamağa can atırdılar və buna nail oldular. XIX əsrin I rübündə cərəyan edən hadisələr Azərbaycanın tarixi-siyasi coğrafiyasına əsaslı təsir etdi.
XIX əsrin ilk 30 ilində gedən İran-Rusiya müharibələri 2 mərhələdə davam etmişdir. 1804-1813-cü illərdə baş vermiş ilk mərhələ Gülüstan müqaviləsi (24.09.1813) ilə başa çatdı. İran tərəfi Aslandüz döyüşündə ciddi məğlubiyyətə uğradığından sülh təklif etdi. 1814-cü ilin sentyabrın 15-də qüvvəyə minmiş həmin müqavilənin şərtlərinə görə Azərbaycanın 7 xanlığının ərazisi — Bakı, Qarabağ, Gəncə, Quba, Şəki, Şirvan və Lənkəran xanlıqlarının əraziləri Rusiyaya verildi. Bu müqavilə ilə Şərqi Gürcüstan və Dağıstan əraziləri də Rusiyanın himayəsinə keçdi və Rusiya Xəzərdə hərbi donanma saxlamaq hüququ əldə etdi, rus tacirləri isə İranda daxili gömrükdən azad olundular. Gülüstan müqaviləsi Azərbaycanın parçalanmasının əsasını qoydu, Azərbaycan xalqı iki yerə bölündü.

1826-1828-ci illərdə gedən İran-Rusiya müharibəsində də İran tərəfi ciddi məğlubiyyətə uğradı və Təbrizin rus qoşunları tərəfindən tutulması tərəflər arasında yeni müqavilənin imzalanmasına səbəb oldu. 1827-ci ilin noyabrın 7-də Təbrizin yaxınlığındakı Türkmənçay kəndində bağlanmış və 1828-ci ilin fevralın 10-da qüvvəyə minən həmin müqavilə Azərbaycanın parçalan-masını bir daha qanuniləşdirdi: Gülüstan müqaviləsinin şərtləri təsdiq olunmaqla yanaşı, Naxçıvan xanlığı, Ordubad dairəsi və İrəvan xanlığının əraziləri də Rusiyaya verildi və digər müddəalar təsdiq olunmaqla (20 mln. gümüş pulla təzminat verildi, Xəzər Rusiyanın daxili dənizi hesab edildi, Abbas Mirzə vəliəhd kimi tanındı, dövlətlər arasında səfarətxanalar açıldı) Azərbay-canın iki hissəyə parçalanması faktı rəsmiləşdirildi.
Gülüstan və Türkmənçay müqavilələri nəticəsində Azərbaycanın orta əsrlərdəki vahid ərazisi iki qismə bölündü və artıq 2 əsrə yaxındır ki, həmin vəziyyət davam etməkdədir. Təxminən 400.000 kv. km ərazinin böyük hissəsi İranın tərkibində qaldı. Tarixi ədəbiyyatda həmin hissənin 135.000, 142.350, 220.000 kv. km, hətta 280.000 kv. km olduğu barədə məlumat verilir. Rusiyaya ilhaq olunmuş ərazilərin ölçüsü isə təxminən 114.000 kv. km-ə (bəlkə də 140.000 kv. km və daha artıq) bərabərdir. Bu hadisə ölkənin tarixi-siyasi coğrafiyasında dərin iz qoydu. Azərbaycanın cənub və şimalında müxtəlif inzibati-idarə üsulu tətbiq olundu, həmin dövlətlərin idarə sisteminə uyğun dəyişikliklər aparıldı.

Azərbaycanın 2 yerə bölünməsi tarixi ədəbiyyatda şərti olaraq «Cənubi Azərbaycan», «İran Azərbaycanı», «Şimali Azərbaycan», «Rusiya Azərbaycanı» kimi terminlərin meydana gəlməsinə səbəb oldu. Onlar uzun müddət ictimaiyyət tərəfindən istifadə olundu. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti dövlət parlamentinin öz bəyannaməsində «Azərbaycan» adını işlətməsi İranın narazılığına səbəb oldu: İran Azərbaycan hökumətini «İran Azərbaycanı»nı Türkiyəyə vermək istəməsində günahlandırdı. Azərbaycan hökuməti bir müddət Şimali Azərbaycan ərazisini «Qafqaz Azərbaycanı» adlandırmalı oldu. 1920-ci ilin aprel hadisələrindən sonra ölkənin adı daha çox «Sovet Azərbaycanı» şəklində işləndi. Bundan əlavə, Azərbaycanın parçalanmış hissələri «Güney Azərbaycan» və «Qüzey Azərbaycan» istilahları ilə də tanınır. Azərbaycanın bölünməsi ölkə əhalisinin adına da təsir göstərdi. Belə ki, şimalda yaşayanlar cənubdakı qardaşlarını «azərbaycanlı», cənubdakılar isə şimaldakıları «türk» adlandırmağa başladılar. Əslində uzun müddət işlədilmiş «Sovet və ya Şimali Azərbaycan» və ya «İran və ya Cənubi Azərbaycan» terminləri siyasi məna kəsb edən terminlərdir. Onlar eyni etnik mənşəyə, dilə, dinə, adət-ənənəyə malik vahid bir xalqın məskunlaşdığı ərazinin iki yerə bölündüyü vaxtdan meydana gəlmiş, ilk vaxtlarda coğrafi məna kəsb etsə də, sonralar siyasi xarakter daşımışdır. Bununla yanaşı, Şimali və Cənubi Azərbaycanın müxtəlif dövlətlərin, ictimai quruluşların tərkibində qalması onların siyasi, ictimai-iqtisadi, mədəni və mənəvi həyatına müxtəlif şəkildə təsir göstərmiş, tarixi-siyasi coğrafiya baxımından ayrı-ayrı istiqamətlərdə inkişafına səbəb olmuşdur.

Müdhiş Türkmənçay müqaviləsinə görə İranın tərkibində qalan Azərbaycan ərazisi ölkənin 4 əyalətindən birini təşkil edirdi. Azərbaycan əyalətinə ilk vaxtlarda cənubda Həmədan, cənubi-şərqdə Zəncan və Qəzvin mahalları da daxil idi. Sonralar Azərbaycan əyalətinin inzibati sərhədləri daraldılmış və 1905-ci ildə qəbul olunmuş nizamnaməyə görə, bu əyalət Təbriz, Urmiya, Xoy, Deyləman, Maku, Marağa, Binab, Miyandaab, Savucbulaq, Dehxarqan, Mərənd, Əhər, Ərdəbil, Mişkin, Astara, Xalxal, Sarab, Miyanə və Sainqala mahallarını birləşdirirdi. 1984-cü ildə qəbul olunmuş İranın rəsmi inzibati-ərazi bölgüsünə əsasən Cənubi Azərbaycan adlandırdığımız əraziyə 142.350.7 kv. km sahəni tutan (İran ərazisinin təx. 9%-i) Şərqi Azərbaycan (mərkəzi Təbriz), Qərbi Azərbaycan (Urmiya) və Zəncan (Zəncan) ostanları daxildir.

Azərbaycanlılar İranda say etibarilə farslardan sonra ikinci yeri tuturlar. XIX əsrin sonlarında İranda azərbaycanlıların sayı 2 mln-a yaxın idi. Onlardan 1 mln. kənd əhalisi, 0,5 mln. şəhər əhalisi, 0,5 mln. isə yarımköçərilərdən ibarət idi. XX əsrin ortalarında İrandakı azərbaycanlıların sayı 16-18 mln. (32-36%) olmuş və bunlardan 7-9 mln-u Cənubi Azərbaycanda məskunlaşmışdır. 90-cı illərin əvvəllərində aparılmış hesablamalara görə, İranda 28.315.000 azərbaycanlı yaşayır. Onların böyük bir qismi (təx. 20 mln.) Cənubi Azərbaycanda, qalanı isə İranın digər ərazilərində məskunlaşmışdır.
Çar Rusiyasının tərkibinə qatılmış Şimali Azərbaycanda isə tarix-siyasi coğrafiya baxımından hadisələr başqa cür cərəyan edir: Azərbaycan xanlıqlarının bəziləri — Qarabağ, Şəki, Şamaxı ruslara ciddi müqavimət göstərmədiklərindən onların xanlıq idarə sistemi bir müddət mühafizə olunur. Gəncə, Bakı, Quba xanlıqlarında isə xanlıq üsul-idarəsi ləğv olunur. Lakin Qarabağ, Şəki və Şamaxı və eləcə də, Lənkəranda da xanlıq idarə üsulu uzun sürmədi. Keçmiş xanlıqlar və sultanlıqlar ilk vaxtlarda əyalətlərə və dairələrə çevrildilər: 6 əyalət — Bakı (1808), Quba (1810), Şəki (1819), Şirvan (1820), Qarabağ (1822) və Talış (1826), 2 dairə — Yelizavetpol (1804) və Car-Balakən və 2 distansiya — Qazax (1812) və Şəmşədil (1812) təşkil olundu. Əyalət və dairələri çar zabitləri idarə edirdi. Buna komendant idarə üsulu deyilirdi. Əyalətlər, xanlıqlar dövründə olduğu kimi, mahallara bölünmüşdü və naiblər tərəfindən idarə olunurdu.

Əsrin ortalarında ölkədə müəyyən islahatlar keçirildi; 1840-cı ildə komendant idarə üsulu ləğv edildi: quberniyalar və mahallar əvəzinə qəzalar yaradıldı. Ön Qafqaz Gürcüstan-İmeretiya quberniyasına və Kaspi vilayətinə bölündü. 1841-ci ilin yanvarın 1-də təsis edilmiş Kaspi vilayətinə (mərkəzi Şamaxı şəhəri olmaqla) Şimali Azərbaycan torpaqlarının əksəriyyəti daxil olundu. Onun tərkibində 7 qəza — Şamaxı (keçmiş Şirvan əyaləti), Şuşa (Qarabağ əyaləti), Nuxa (Şəki əyaləti), Lənkəran (Talış əyaləti), Bakı (Bakı əyaləti), Dərbənd (Dərbənd, Tabasaran və Qaraqaytaq əyalətləri) və Quba (Samur dairəsi ilə birlikdə Quba əyaləti) qəzaları daxil idi. Bu inzibati bölgüyə əsasən Qazax və Şəmşədil distansiyaları ilə birlikdə Yelizavetpol qəzası, Car-Balakən vilayəti və İlisu sultanlığından yaranmış Balakən qəzası, İrəvan qəzası və Ordubad dairəsi ilə birlikdə Naxçıvan qəzası Gürcüstan-İmeretiya quberniyasının tərkibinə qatılmışdı. Qəzalar nahiyələrə bölünürdü. Azərbaycan ərazisində cəmi 32 nahiyə yaradılmışdı. Kaspi vilayəti 1846-cı ilin dekabrında inzibati islahata əsasən ləğv edildi.

Şimali Azərbaycan əraziləri çar Rusiyasının sonralar həyata keçirdiyi əsaslı inzibati dəyişikliklər və nisbətən lokal xarakterli tədbirlər nəticəsində mütəmadi olaraq dəyişilmiş, ölkənin ayrı-ayrı əraziləri bir inzibati vahiddən çıxarılaraq digərinin tərkibinə qatılmış, yeni inzibati vahidlər yaranmış, köhnələri ləğv edilmişdir. Şimali Azərbaycanın XIX-XX əsrin əvvəllərindəki inzibati-ərazi bölgüsü, aparılmış tədbirlər nəticəsində, 4 dəfə ciddi təbəddülata uğramışdır. Odur ki, həmin dövrdəki inzibati vəziyyəti 4 mərhələ üzrə ümumiləşdirmək məqsədəuyğundur:
1.    Azərbaycanın XIX əsrin əvvəllərindəki inzibati bölgüsü;
2.    Azərbaycanın 1840-cı ildəki inzibati bölgüsü;
3.    Azərbaycanın 1846-1860-cı illərdəki inzibati bölgüsü;
4.    Azərbaycanın 1868-1917-ci illərdəki inzibati bölgüsü.
Nəzərə almaq lazımdır ki, əsrin 60-cı illərində həyata keçirilən inzibati tədbirlər nəticəsində sabitləşmiş inzibati-ərazi bölgüsü, kiçik dəyişikliklərlə, XX əsrin 20-ci illərinin sonuna kimi mövcud olmuşdur. Quberniyaların fəaliyyətinə inqilab illərində son qoyulsa da, qəzalar 1929-cu ilin inzibati islahatlarına kimi fəaliyyət göstərmişlər.

Qeyd etmək lazımdır ki, Azərbaycanın (ümumiyyətlə, Qafqazın) XX əsrin ilk illərindəki tarixi-siyasi coğrafiyasının ümumi mənzərəsini təsəvvür etmək üçün 1903-cü ildə çəkilmiş və 1993-cü ildə Bakıda təkrarən nəşr olunmuş «KapTa KaBKa3CKoro BoeHHoro OKpyra 1903 roga» xəritəsi mühüm əhəmiyyət kəsb edir. Xəritədən göründüyü kimi, Şimali Azərbaycanın əsas ərazisi Bakı, Yelizavetpol və İrəvan quberniyalarının tərkibində idi. Bakı quberniyası 6 qəzaya (Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Lənkəran), Yelizavetpol quberniyası 8 qəzaya (Yelizavetpol, Ərəş, Nuxa, Cavanşir, Qazax, Şuşa, Qaryagin, Zəngəzur qəzaları) və bir dairəyə (Zaqatala), İrəvan quberniyası 7 qəzaya (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Yeni Bayəzid, Sürməli, Eç-miəzzin, Aleksandropol) bölünmüşdü. Azərbaycanın tarixi əraziləri olan İrəvan, Naxçıvan, Göycə mahalı, Şərur-Dərələyəz, Yeni Bayəzid əraziləri İrəvan quberniyasının, Borçalı Tiflis quberniyasının, Dərbənd isə Dağıstan vilayətinin tərkibində idi.
Azərbaycanda fəaliyyət göstərmiş quberniya və qəzaların tarixi barədə qısa xronoloji məlumat onların fəaliyyətlərinin müəyyənləşdirilməsində əhəmiyyət kəsb edir. Hələ 1840-41-ci illərdə çar Rusiyasının həyata keçirdiyi inzibati-ərazi islahatları nəticəsində Şimali Azərbaycan ərazisində aşağıdakı qəzalar yaradılmış və müəyyən müddət fəaliyyət göstərmişlər:

1840-cı ilin aprelin 10-da Kaspi vilayətinin tərkibində təsis olunmuş Bakı qəzası sonralar Şamaxı və Bakı quberniyalarının tərkibində olmuş və onların ərazisinin 10%-dən çoxunu əhatə etmişdir. 1888-ci il 10 may tarixli qərara əsasən 3 məntəqəyə — Balaxanı-Sabunçu, Maştağa və Saray məntəqələrinə bölünmüşdü. 1906-cı ildə qəzanın ərazisi 2 yerə ayrıldı. Bakı qəzasının tərkibində yalnız kənd icmaları qaldı. Şəhərdaxili ərazilər isə müstəqil inzibati vahidə çevrildi. Bakı qəzası 1929-cu ildə ləğv edilmişdir.
Quba qəzası da 1840-cı ildə Quba xanlığının Rusiyaya ilhaqından sonra yaradılmış Quba əyaləti zəminində təsis edilmişdir. 1832-ci ildə Quba əyaləti Dərbənd hərbi dairəsinin tərkibinə daxil olmaqla 10 mahala bölünmüşdü. Mahallar ləğv edildikdən sonra Quba qəzası yaradıldı və 4 məntəqəyə — Quba, Həzrə, Buduq və Şabran məntəqələrinə bölündü. Sonralar Quba qəzası Dərbənd quberniyasının (1846) və Bakı quberniyasının (1860) tərkibində olmuşdur. Onun fəaliyyətinə 1929-cu ildə son qoyulmuşdur.
1840-cı ildə yaradılmış Yelizavetpol qəzası da 4 məntəqədən — Qazax, Şəmşədil, Yelizavetpol və Ayrım məntəqələrindən ibarət idi. 1918-ci ildə Gəncə qəzası adlandırılmışdır və 1929-cu ildə ləğv edilmişdir.
Lənkəran qəzası 1842-ci ildə yanvarın 1-də Kaspi vilayətinin tərkibində təsis olunmuşdur. Sonra Şamaxı və nəhayət, Bakı quberniyalarının tərkibində fəaliyyət göstərmişdir. Müasir Asta-ra, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisini birləşdirirdi. Mərkəzi Lənkəran idi. Sahəsi 5321,5 kv. km idi. 1929-cu ildə ləğv edilmişdir.

Nuxa qəzası da 1841-ci ildə təsis edilmişdir. Əvvəlcə Kaspi vilayətinin, 1846-cı ildən Şamaxı quberniyasının, 1859-cu ildən Bakı quberniyasının və nəhayət, 1868-ci ildən Yelizavetpol quber-niyasının tərkibində olmuşdur. Mərkəzi Nuxa şəhəri olan bu qəzanın ərazisində Nuxa, Xaçmaz, Qəbələ və Ərəş məntəqələri var idi. Sahəsi 3808,7 kv. km idi. 1929-cu ildə ləğv edilmişdir.

Naxçıvan qəzası 1841-ci il yanvarın 1-də Gürcüstan-İmeretiya quberniyasının tərkibində yaradılmışdır. 1849-cu ildə İrəvan quberniyasının tərkibinə daxil edilmişdir. Mərkəzi Naxçıvan şəhəri idi. Naxçıvan, Ordubad, Dərələyəz məntəqələrinə bölünmüşdü. Sahəsi 4378 kv. km, əhalisi 86878 nəfər idi (1896-cı ilin məlumatına görə). Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra Naxçıvan qəzasının ərazisi Naxçıvan SSR (28.07.1920), daha sonra Naxçıvan ölkəsinin (27.02.1923) və nəhayət Naxçıvan MSSR-nın (9.02.1924) tərkibinə daxil oldu. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar 1929-cu ildə ləğv edildi.

Şamaxı qəzası 1840-cı il aprelin 10-da Kaspi vilayətinin tərkibində yaradılmışdır. Quba,Bakı, Cavad və Göyçay qəzaları ilə həmsərhəd idi. 1846-cı ildən Şamaxı, 1859-cu ildən Bakı quberniyasına daxil olmuşdur. Mərkəzi Şamaxı şəhəri, ərazisi 6653 kv. km, əhalisi 123610 nəfər idi (1897). 1929-cu ildə ləğv edilmişdir.

Şuşa qəzası 1841-ci ildə Kaspi vilayətinin tərkibində təsis edilmişdir. Cavanşir, Göyçay, Cavad, Cəbrayıl və Zəngəzur qəzaları ilə hüdudlanırdı. Mərkəzi Şuşa şəhəri idi. 1846-cı ildən Şa-maxı, 1859-cu ildən Bakı və 1867-ci ildən Yelizavetpol quberniyalarının tərkibində fəaliyyət göstərmişdir. Şuşa qəzası 4911 kv. km sahəyə malik idi və Mığri, Kəbirli, Zəngəzur, Cavanşir, Çilabert və Vərəndə məntəqələrinə bölünmüşdü. 1929-cu ildə Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar ləğv edilmişdir.

1844-cü ildə aparılmış inzibati dəyişikliklər zamanı bütün Qafqaz «Qafqaz canişinliyi»ndə birləşdirildi. Mərkəzi Tiflis olan bu canişinlikdə Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyaları təsis olundu. Qafqaz canişinliyi 1883-cü ildə ləğv edildi, lakin 1905-ci ilin fevralın 26-da yenidən bərpa olundu və 1917-ci ilin martın 9-a kimi fəaliyyət göstərdi. Canişinliyin tərkibində Şamaxı quberniyası yaradılsa da, Quba qəzası Dərbənd quberniyasına, Gəncə isə Tiflis quberniyasına daxil edilmişdi.

Qeyd olunduğu kimi, çar Rusiyası Qafqazda inzibati-ərazi islahatlarını vaxtaşırı davam etdirmiş və yeni bölgülər yaratmışdır. Ölkə ərazisinin quberniyalar şəklində bölünməsi bu baxımdan diqqəti cəlb edir. 1846-cı ildə yaradılmış Şamaxı quberniyası əslində Azərbaycan torpaqlarının əsas hissəsini birləşdirirdi. Onun tərkibinə Şamaxı, Şuşa, Nuxa, Bakı və Lənkəran qəzaları daxil idi. 1859-cu ildə quberniyanın mərkəzi şəhərində — Şamaxıda güclü zəlzələ baş verdiyindən bu quberniya Bakı quberniyası (mərkəz Bakı olmaqla) adlandırılır. Bakı quberniyasının tərkibinə adı çəkilən qəzalarla yanaşı Xəzər dənizindəki adalar — Böyük Zirə (Nargin), Daş Zirə (Vulff), Pirallahı (Artyom), Çilov (Jiloy) adaları da daxil idi. Dərbənd quberniyasının ləğvindən sonra (V.1860) Quba qəzası da Bakı quberniyasının tərkibinə qatıldı. 1867-ci ildə isə Şuşa və Nuxa qəzaları Bakı quberniyasından Yelizavetpol quberniyasına verildi. Həmçinin Bakı quberniyasında Cavad və Göyçay qəzaları yaradıldı. Bakı quberniyası Dağıstan vilayəti, Nuxa və Şuşa qəzaları, Astara və Araz çayları və Xəzər dənizi ilə həmsərhəd idi. 1897-ci ilin məlumatına görə əhalisi 789.659 nəfər olmuşdur. 1906-cı ildə (28.X) Bakı və onun fabrik-mədən rayonları Bakı quberniyasından ayrılaraq Bakı qradonaçalnikliyi kimi ayrıca inzibati-ərazi vahidinə çevrildi və Bakı və Balaxanı-Sabunçu polismeysterliklərinə bölündü. Bakı quberniyası 1920-ci ildə ləğv edilmişdir.

1849-cu ildə yaradılmış İrəvan quberniyasının tərkibinə İrəvan, Aleksandropol (Leninakan) və Nor-Bayəzid qəzaları daxil idi. Tiflis, Yelizavetpol quberniyaları, Türkiyə və İran Azərbaycanı ilə həmsərhəd idi. 1867-ci ildə Ordubad qəzası da ləğv edilərək ərazisinin bir hissəsi İrəvan quberniyasının tərkibinə qatıldı. Sahəsi 27830 kv. km olmuşdur. 1920-ci ildə (29.XI) İrəvan quberniyasında Sovet hakimiyyəti fəaliyyətə başladı.
1867-ci ildə çar Rusiyası inzibati baxımdan daha ciddi tədbirlər həyata keçirdi. Həmin ilin dekabrın 9-da verilmiş «Qafqaz və Zaqafqaziya ölkəsinin idarə olunmasının dəyişdirilməsi haqqında» çar fərmanına əsasən ölkənin inzibati-ərazi bölgüsündə bəzi dəyişikliklər aparıldı: yeni quberniya və qəzalar yaradıldı və bu zaman meydana gələn inzibati-ərazi bölgüsü keçən əsrin 20-ci illərinə kimi ciddi təbəddülata uğramadı. 1868-ci ildə Bakı, Tiflis və İrəvan quberniyalarının hesabına Yelizavetpol quberniyası yaradıldı. Mərkəzi Yelizavetpol (Gəncə) şəhəri olan bu quberniyanın tərkibinə Yelizavetpol, Ərəş, Nuxa, Qazax, Cavanşir, Qaryagin, Zəngəzur və Şuşa qəzaları daxil idi. Sahəsi 39982 kv. km olmuşdur. 1905-ci ildə Yelizavetpol quberniyasının ərazisində 2 müvəqqəti general-qubernatorluq yaradıldı. Bunlardan biri Zəngəzur, Cavanşir və Şuşa qəzalarını, digəri isə qalan əraziləri əhatə edirdi.
1867-ci il fərmanının həyata keçirilməsi bir müddət davam etdirilmiş və 1867-1873-cü illərdə Azərbaycan ərazisində aşağıdakı qəzalar da təsis olunmuşdur:
-    Göyçay qəzası Bakı quberniyasının tərkibində yaradıldı (1867). Onun sahəsi 4988 kv. km idi. Mərkəzi Göyçay məntəqəsi olmuşdur. Fəaliyyətinə 1929-cu ildə son qoyuldu.
-    1868-ci ildə Bakı quberniyasının tərkibində Cavad qəzası yaradıldı. Mərkəzi Salyan şəhəri olan bu qəzanın 11617 kv. km sahəsi var idi və Bakı, Göyçay, Lənkəran, Cəbrayıl, Şamaxı və Şuşa qəzaları və Cənubi Azərbaycanla həmsərhəd idi. 1929-cu ildə ləğv edildi.
-    Həmin ildə (1868) Yelizavetpol quberniyasının tərkibində yaradılan Qazax qəzası 5908 kv. km sahəyə malik idi. Mərkəzi Ağstafa olan bu qəza da 1929-cu ildə ləğv edilmişdir.
-    1870-ci ildə İrəvan quberniyasının tərkibində Şərur-Dərələyəz qəzası yaradıldı. İrəvan, Yeni Bayəzid, Cavanşir, Naxçıvan qəzaları və Güney Azərbaycanla həmsərhəd olan həmin qəza
(mərkəzi Baş Noraşen) 2972,3 kv. km sahəni əhatə edirdi. Onun da fəaliyyətinə 1929-cu ildə son qoyulmuşdur.
-    Zəngəzur qəzası Naxçıvan, Şərur-Dərələyəz, Cavanşir, Şuşa və Qaryagin qəzaları və Cənubi Azərbaycanla həmsərhəd olmuşdur. Onun mərkəzi Gorus məntəqəsi idi.
-    1873-cü ildə Yelizavetpol quberniyasında təsis olunmuş Ərəş qəzası Nuxa, Göyçay, Cavanşir, Yelizavetpol qəzaları və Zaqatala dairəsi ilə hüdudlanırdı və 3212, 5 kv. km sahəyə malik idi. Fəaliyyətinə 1929-cu ildə son qoyuldu.
-    1873-cü ildə Yelizavetpol quberniyasında 2 qəza — Cəbrayıl və Cavanşir qəzaları yaradılır. Şuşa, Zəngəzur, Cavad qəzaları və İran Azərbaycanı ilə həmsərhəd olan Cəbrayıl qəzası (mərkəzi Cəbrayıl məntəqəsi) 3332 kv.km sahəyə, Ərəş, Yelizavetpol, Zəngəzur, Şuşa qəzaları və İrəvan quberniyası ilə sərhədlənən Cavanşir qəzası (mərkəzi Tərtər məntəqəsi) isə 5497 kv.km sahəyə malik idi. Hər 2 qəzanın fəaliyyəti 1929-cu ildə başa çatdı.

XIX-XX əsrlərdə Azərbaycan ərazisində inzibati-ərazi bölgüsü baxımından «dairə» statusuna malik ərazi vahidi də mövcud olmuşdur. Dairə heç bir quberniyanın tərkibinə daxil ol-mayıb hərbi rəislər tərəfindən idarə edilirdi. Azərbaycanda fəaliyyət göstərmiş Zaqatala dairəsi 1860-cı ildə təsis edilmişdir. Bu dairə Dağıstan vilayəti, Tiflis və Yelizavetpol quberniyaları ilə həmsərhəd olmuşdur. Sahəsi 3736 kv. km idi. Tərkibinə Əliabad, Qax, Car-Muxax, Balakən məntəqələri daxil idi. Onun fəaliyyətinə də 1929-cu ildə son qoyuldu.
XIX əsrin ilk rübündəki İran-Rusiya müharibələri Azərbaycanın təsərrüfat həyatına ciddi ziyan vurmaqla yanaşı onun əhalisinin azalmasına və eyni zamanda ölkəyə erməni-rus axınının baş verməsinə səbəb oldu. Təkcə 1826-28-ci illərdə İran və Türkiyə ərazilərindən 18.000 erməni ailəsi Ön Qafqaza, o cümlədən Qarabağa köçürülmüşdür. 1828-30-cu illərdə isə Qafqaza daha 40.000-dən çox İran, 84.000 Türkiyə ermənisi köçürüldü və onlara 200.000 desyatindən çox torpaq sahəsi ayrıldı. Azərbaycana rus axını daha güclü şəkildə baş verdi. Hələ 1818-ci ildə ilk xristian almanlar bu ərazilərə köçürüldülər (Yelenendorf, Annefeld koloniyaları). 1830-cu illərdə burada ilk rus məskənləri (Qusar kəndi) meydana gəldi. Daha sonra Dmitrovka (Şamaxı) və Altıağac, Xankəndi, Pravoslavnoe (Lənkəran) adlı rus kəndləri yarandı. Çox keçmədən Şamaxı qəzasında 8, Lənkəran qəzasında 6, Qazax qəzasında 3, Yelizavetpol qəzasında 2 rus kəndi meydana gəldi. Əsrin II yarısında davam edən həmin proses nəticəsində 1900-cü ilə yaxın Şimali Azərbaycanda 41 rus kəndi fəaliyyət göstərirdi. Onların 25-i Bakı quberniyasında, 15-i Yelizavetpol quberniyasında, 1-i isə Naxçıvan qəzasında idi. Özünə «xristian dayağı» yaratmaq məqsədilə çar Rusiyasının həyata keçirdiyi köçürmə siyasəti, erməni və rusların ölkəyə axını Azərbaycan əhalisinin tərkibinə müəyyən təsir göstərdi və XX əsrdə baş verəcək erməni hərəkatı üçün zəmin yaratdı.

tarix elmləri doktoru,professor Vaqif Ziyəddin oğlu Piriyev
AZƏRBAYCANIN TARİXİ-SİYASİ COĞRAFİYASI

0 şərh