Konstitusiya günü

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu — Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli konstitusiyasıdır. 
"Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin ali hüquqi qüvvəyə malik olan əsas qanunlar məcəlləsi belə adlanır. Demokratik dövlət olan ABŞ-da nümayəndəli demokratiyanın yaranması hökumətin qərar qəbul etmək üçün istinad edə biləcəyi müəyyən qaydaların olmasına zərurət yaratdı. Nəticədə dünyada ilk dəfə olaraq dövlət quruculuğunu, hakimiyyət strukturlarını, eləcə də qərarqəbul etmə qaydalarını müəyyənləşdirən ali qanun — Konstitusiya yaradıldı.

Müasir dövlətlərin çoxunun konstitusiyası var. Konstitusiyası olmayan dövlətlərdə isə idarəetmə adət-ənənələrə, dini qaydalara əsaslanır. Bir qayda olaraq, konstitusiyalar uzun müddətə qəbul edilir və nadir hallarda dəyişdirilir. Belə dəyişikliklər, adətən, müharibələr, inqilablar və ya ölkənin siyasi kursunun kəskin surətdə dəyişilməsi nəticəsində baş verir. Məsələn, Almaniya Federativ Respublikasının, İtaliya və Yaponiyanın konstitusiyaları bu ölkələrin II Dünya müharibəsində məğlubiyyətindən sonra yenidən qəbul edilib. ABŞ Konstitusiyası isə, əksinə, 200 ildən çoxdur ki, fəaliyyət göstərir. Böyük Britaniyada isə məsələ başqa cürdür. Burada konstitusiya tipli ali qanun yoxdur. Ölkənin idarə olunması çoxəsrlik tarixi olan ənənələrin və ayrı-ayrı qanunların əsasında həyata keçirilir.

Azərbaycan Xalq Cümhuriyyəti Konstitusiya qəbul etməsə də, Milli Şurada qəbul edilmiş İstiqlaliyyət Bəyannaməsi onu əvəz edirdi. Aprel işğalından sonra Azərbaycanın ictimai və dövlət quruluşunda mövcud olmuş qaydalar dəyişdirildi və sovet rejiminin formalaşmasına başlandı. Sovetləşmə başa çatdıqdan sonra 1921-ci il mayın 19-da Bakıda keçirilən Azərbaycan SSR-in Birinci Sovetlər qurultayı Azərbaycan SSR-in birinci Konstitusiyasını qəbul etdi. Əsasən RSFSR Konstitusiyasının təkrarı olan bu Konstitusiya xalqa geniş hüquqlar vəd etsə də, formal səciyyə daşıyırdı. Çünki Sovetlərin fəaliyyətinə bütün mərhələlərdə Moskvadan Rusiya Kommunist Partiyası tərəfindən istiqamətləndirilən Azərbaycan Kommunist Partiyası rəhbərlik edirdi. Üstəlik ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar qadağan olunmuş, bununla da Kommunist Partiyasının diktaturası yaranmışdı. Sovetlər bu partiyanın itaətkar alətinə çevrilmişdi. 
 Beləliklə, bolşeviklərin qanlı qırğınlarla müşayiət olunan zorakı tədbirləri nəticəsində Şimali Azərbaycanda guya Konstitusiyaya əsaslanan hakimiyyət orqanları formalaşdırıldı. Sovet sosialist demokratiyası bərqərar oldu. Əslində isə, AXC və onun parlamenti ilə müqayisədə yeni yaradılan demokratiya formal və yalançı demokratiya idi. 1937-ci il martın 14-də IX fövqəladə Azərbaycan Sovetlər qurultayı Azərbaycan SSR-in ikinci Konstitusiyasını təsdiq etdi. Bu Konstitusiya 1936-cı ildə qəbul edilmiş SSRİ Konstitusiyasının təkrarı idi.

Azərbaycan SSR-in sonuncu Konstitusiyası 1978-ci il aprelin 21-də qəbul edildi. Bu Konstitusiyanın 73-cü maddəsinə görə Azərbaycan SSR-in dövlət dili Azərbaycan dili idi. Bu, o dövr üçün çox cəsarətli addım idi, çünki SSRİ-nin milli siyasətinin şovinist zəmində qurulduğu bir dövrdə respublikanın ali qanununa belə bir maddənin daxil edilməsi Sovet milli siyasətinin tələblərinə uyğun deyildi. Bu çətin vəzifənin öhdəsindən o zamanlar Azərbaycana rəhbərlik edən Heydər Əliyev gəldi.

1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul edildi. Bu sənədə görə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunurdu. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsinin imzalandığı andan etibarsız olduğu göstərilirdi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsini hazırlamaq üçün Prezident Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət komissiya yaradılmışdı. Yeni Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.


Yeni Konstitusiya ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdı. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. kimi nailiyyətlər təsbit olunmuşdu.

Artıq zaman Əsas Qanunumuzun nə qədər güclü, kamil və həyati sənəd olduğunu təsdiqləmiş və o, demokratik sənəd kimi özünü doğrultmuşdur. Bu möhkəm bünövrə üzərində ucalan dövlətçiliyimiz öz demokratik mahiyyəti ilə ümumavropa dəyərlərindən faydalanmış, xalqımız öz həqiqətlərini dünyaya bəyan etmək imkanı qazanmışdır. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur. Konstitusiyanın 158 maddəsindən 48-i insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Konstitusiyanın 24-cü maddəsinin 1-ci hissəsində deyilir: «hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır». Azadlıq — digərlərinə zərər yetirməyən hər şeyi etmək imkanıdır. Azadlığın sərhədləri yalnız qanunla müəyyənləşdirilə bilər. Qanun insan hüquqlarını istənilən pozuntudan qorumağa yönəldilmişdir. İnsan hüquqlarının və əsas azadlıqlarının beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq təmin edilməsi Azərbaycan Respublikasında dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir.

Milli Konstitusiyamızın qəbul edilməsindən sonrakı dövr ərzində Milli Məclis tərəfindən ölkə həyatının bütün sahələrini əhatə edən, dünya standartlarına cavab verən bir sıra qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, Avropa Şurasına üzv qəbul olmuşdur.
Baş vermiş bu dəyişikliklərdən, demokratik dəyərlərin inkişafına yönəldilmiş bir sıra islahatlardan irəli gələn hüquqi tənzimləmə öz əksini Konstitusiyada tapmalı idi. Bununla əlaqədar olaraq, Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanına əsasən 2002-ci il avqustun 24-də Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsinə dair referendum keçirildi. Xalqın iradəsinin nəticəsi olaraq Konstitusiyada 24 dəyişiklik və əlavə edildi. Bunlar insan hüquqları və azadlıqları, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə, seçki sistemi, hakimiyyət bölgüsü və s. bağlı dəyişiklik və əlavələrdir. 

Mənbə: Bayramlar və tarixi günlər
Müəllif: Əkbər Qocayev   

0 şərh