QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü

QİÇS — qazanılmış immunçatışmazlığı sindromu deməkdir. Hazırda müdhiş miqyas almış QİÇS (ingiliscə AİDS, rusca SPİD) epidemiyası insan həyatı üçün təhlükə törədən bəlaya çevrilib. Bu qlobal problem cəmiyyətin bütün təbəqələrini — milləti, icmanı, ailəni, hər bir fərdi əhatə edir və bütün dünya üzrə sosial-iqtisadi inkişafı sarsıdır. Bu xəstəliyə yoluxmuş şəxs orta hesabla 5-10 il ərzində sağlam görünür və hətta bəzi hallarda orqanizmində bu virusun kök salmasından heç özünün də xəbəri olmur. QİÇS o zaman inkişaf etməyə başlayır ki, immun çatışmazlığı immun sisteminin mühüm toxumalarının böyük bir hissəsinə yayılmaqla inkişaf edir. Bu zaman inkişaf sistemi o qədər zəifləyir ki, artıq orqanizmin müxtəlif yoluxucu və şiş xəstəliklərindən müdafiə imkanıtamamilə tükənir.

BMT-nin QİÇS ilə Mübarizə Proqramının və Ümumdünya Səhiyyə Təşkilatının 2004-cü ilin sonunda apardığı təxmini hesablamalara görə dünyada insanın immunçatışmazlıq virusu (İİV) ilə yaşayan insanların sayı təqribən 42 milyona çatmışdır. QİÇS-dən ölənlərin sayı 24 milyonu keçmişdir. QİÇS infeksiyası keçmiş Sovet məkanında da, xüsusilə Ukrayna, Rusiya, Belarus və Moldovada böyük sürətlə yayılmaqdadır. Çox təəssüf ki, bu sağalmaz xəstəliyə ölkəmizdə az da olsa (təqribən 850 nəfər) adam yoluxmuşdur.

QİÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirmək və təsadüfi adamlarla münasibətlərdə ehtiyatlı olmaqdır. Hələ 20 il əvvəl biz QİÇS xəstəliyinə çox uzaqda olan bir təhlükə kimi baxırdıq. Amma bugünkü reallıq başqadır. Ona görə də bu sahədə insanları maarifləndirmək üçün tədbirlər görülür. Məktəblərin 6-cı sinfindən "Özünü QİÇS-dən qoru" devizi altında xüsusi məşğələlər təşkil olunur. Beynəlxalq qurumlar da bunun qarşısını almağa kömək edir. Alimlər «XXI əsrin vəbası» adlandırdıqları bu virusa qarşı bütün dünyada müharibə elan etmişlər.

QİÇS epidemiyasını «zəmanəmizin inkişaf yolunda ən təhlükəli problem» adlandırılan BMT Baş Katibi Kofi Annan bütün hökumətləri bu məsələnin həlli zəminində daha güclü və əlaqələndirilmiş bir hərəkat üzrə qlobal işlər görməyə çağırır. Azərbaycan hökuməti də bu dəhşətli xəstəliyin qarşısının alınmasında böyük əhəmiyyət verir. 1996-cı ildə Azərbaycan Parlamenti "İnsanın immunçatışmazlıq virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması" haqqında Qanun qəbul etmişdir. Dünyanı bu müdhiş xəstəliyə qarşı mübarizə aparmağa sövq etmək üçün BMT-nin xüsusi qərarı ilə 1 dekabr QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü elan edilmişdir. 

Mənbə: «Bayramlar və tarixi günlər» kitabı
Müəllif: Əkbər Qocayev  

0 şərh