İnsan Hüquqları Günü

1948-ci il dekabrın 10-da BMT Baş Məclisi "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə" qəbul etdi. Bu sənədin qəbul edilməsində məqsəd insan hüquqlarını və bütün ölkələrin əməl etməli olduqları normaları müəyyən etmək idi. «Bəyannamə»ni qısa bir müddətdə dünya ölkələrinin böyük əksəriyyəti, hətta ən qəddar diktaturalar belə imzalamışdılar. "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə" müxtəlif sosial-iqtisadi quruluşlu dövlətlərin insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq imkanlarını nümayiş etdirmiş mühüm beynəlxalq sənəddir. O, dünya dövlətlərinin konstitusiya və qanunlarına da öz müsbət təsirini göstərir.

Dünya xalqları «Bəyannamə»nin müddəalarından öz hüquqları, sülh, demokratiya və tərəqqi uğrunda mübarizədə istifadə edirlər. «Soyuq müharibə» illərində sosialist bloku və Qərb demokratiyası arasında qarşıdurma güclənmişdi. Mübarizə aparan ölkələr insan hüquqları və azadlıqları barədə müxtəlif mövqelərdədururdular. Qərb demokratiyaları insanın mülki və siyasi hüquqlarının (söz, fikir azadlığı, siyasi plüralizm, ölkədən sərbəst getmək və yenidən qayıtmaq və s.) zəruriliyini təkidlə irəli sürür, sosialist ölkələri isə iqtisadi və sosial hüquqların vacibliyini qabardırdılar. 1966-cı ildə, təxminən 20 il davam edən qızğın müzakirələrdən sonra iki sənəd — Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Pakt qəbul edildi.

Dünya ictimaiyyəti tərəfindən tanınan yeni növ insan hüquqlarının siyahısı ilbəil artır. Bu gün dünya artıq insanın ekoloji hüququnu tanımaqdadır, gələcək nəsillərin ləyaqətlə və layiqincə yaşamaq hüququ müzakirə edilir. Bu günə qədər insan hüquqları üzrə yeni-yeni sənədlər hazırlanır və qəbul edilir.



Müasir dünyada insan hüquqları daha geniş bir anlayışdır və aşağıdakıları əhatə edir:
— Hər bir ayrı-seçkilikdən azadlıq, o cümlədən irqi, cinsi, milli, yaxud dini ayrı-seçkilikdən azadlıq; 
— Qorxudan azadlıq: şəxsi təhlükəsizlik üçün qorxudan, səbəbsiz azadlıqdan məhrum edilməkdən, işgəncə və digər zorakılıqlardan azadlıq; 
— Fikir və söz azadlığı, qərar qəbul etmə prosesində iştirak və birliklər yaratmaq hüququ; 
— Yoxsulluqdan azadlıq, layiqli həyat sürmək hüququ; 
— İnsan potensialının inkişafı və onu həyata keçirmək üçün azadlıq; 
— Ədalətsizlikdən və qanun pozuntusu ilə rastlaşmaqdan azadlıq; 
— İstismar olunmadan layiqli işləmək hüququ. 
 İnsan hüquqlarının qorunmasının əhəmiyyəti o qədər böyükdür ki, BMT Baş Məclisi 1950-ci ildə bütün dövlətlərə və maraqlı təşkilatlara dekabrın 10-u gününü İnsan Hüquqları Günü kimi qeyd etməyi tövsiyə etmişdir. 

Mənbə: «Bayramlar və tarixi günlər» kitabı
Müəllif: Əkbər Qocayev   

0 şərh