Saat heç vaxt ödünc verməz

“Saat heç vaxt ödünc verməz, günü dəyərləndirin. Bir ilin qiymətini anlamaq üçün sinifdə qalmış bir şagirddən soruşun. Bir ayın qiymətini uşağını erkən dünyaya gətirən anadan öyrənin. Bir həftənin qiymətini sizə həftəlik bir jurnalın redaktoru anladar. Bir günün qiymətini uşaqları aclıqdan qıvranan fəhlədən soruşun.
Bir saatın qiymətini bilmək üçün qovuşma anını gözləyən iki aşiqdən soruşun. Bir dəqiqənin əhəmiyyətini, qatara gecikən adamdan daha yaxşı kim bilər? Bir saniyənin qiymətini an fərqi ilə qəzadan xilas olandan soruşun. Saniyənin mində birinin dəyərini Olimpiya oyunlarından gümüş medalla qayıdan atletdən soruşun.
Sahib olduğunuz hər anı dəyərləndirin. Əgər o anı sizin üçün özəl olan biri ilə paylaşırsınızsa, ya da o zamanınızı paylaşacağınız qədər özəl biri isə daha çox dəyərləndirin.
Heç vaxt yaddan çıxarmayın: Zaman heç kimi gözləməz. Dünənki gün tarixə gömüldü. Sabah?.. Məchul… Bu gün sizə ərməğan.”
Zaman kəlməsinin tərsinə oxunuşunun namaz olması təsadüfmü bilmirəm, amma Qurani-Kərimdə Allahın and içdiyi ünsürlərdən birinin zaman məfhumu olması heç də təsadüf deyil. Qurani-Kərimin xülasəsi mahiyyətində olması haqda bir çox alimin ittifaq etdiyi surənin Allah tərəfindən zamana andla başlaması bu məfhumun nə qədər qiymətli və dəyərli olduğunu göstərməkdədir.


zamanın qədrini bilinİsraf da eyni şəkildə Qurani-Kərimin bir çox ayəsində qadağan olunmuş və qulların bundan çəkinməsinin lüzumu ifadə edilmişdir. İnsanın ən çox düşdüyü xətalardan birisi də zaman israfıdır.
Müasir insanın ideal qəbul etdiyi standartların vəhy mənşəli olmadığının nəticəsində israf məfhumu, zaman məfhumu, yaxud buna bənzər mücərrəd, lakin hamının ortaq istifadə etdiyi dəyərlər çox önəmsiz qəbul edilir bəlkə də. İnsan sadəcə dünyalıq həvəsləri naminə yaşadığı zaman doyumsuz olur. Səhhətinin, boş vaxtının, zənginliyin, gəncliyin qiymətini ancaq bu dəyərləri itirdikdə anlayır.
İnsan oğlunun orta yaş həddi 60-70 il arasıdır. Bu zaman kəsiyi təkbaşına çox görünsə də, dövrün gətirdiyi ehtiyaclara yetişmək baxımından o qədər də çox deyil. İnsanın borcu bu zamanı ən səmərəli şəkildə istifadə etməsidir. Məhz belə insanlar öldükdən sonra yad edilirlər. Zaman Allahın insana əmanətidir. Bir dəqiqə, bir saat, bir gün, bir həftə, bir ay, bir il… Hər biri ayrı-ayrı zərflərdə bizə verilmiş əmanətlərdir. Bu əmanətləri hədər etməyə heç bir haqqımız yoxdur.
Ertələmək insanın ən böyük düşmənidir. Bu günün işini sabaha saxlamaq ifadəsi illər boyu cəmiyyətin ortaq ictihadı ilə ortaya çıxmış bir dəyərləndirmədir.
Tükətim çağında insanın ən ölçüsüz şəkildə tükətdiyi dəyər zamandır. Zaman heç kimin təkbaşına sahib olduğu bir dəyər deyil, lakin hər kəs zamanı ən acımasız şəkildə israf etməkdədir.
Texnologiyanın həyatımıza girməsindən və həyatımızı əsir almasından sonra zaman bizə yetməməyə başladı və hətta zamansızlıqdan şikayət edər hala gəldik. Bir şəhərdə yaşayan insanla, kənddə yaşayan insanın zaman anlayışı əlbəttə fərqlidir. İnsan həyatını məşğul edən hər şey onun zamanını işğal etməkdədir. Bizə ayrılmış olan zamanı necə və harada tükədəcəyimizin hesabını bir gün verəcəyimizin idrakı içində olmalıyıq. İçində olduğumuz zamanı gerçək mənada faydalı və yerində tükətmək məsuliyyətimiz özümüzə, ətraf mühitə olan insanlıq borcundan irəli gəlir.
Əslində bizi yaradan Allah bizə verdiyi günü ilahi proqramla nizamlamışdır eyni zamanda. Babalarımız biriylə görüşmə saatını namaz saatı, görüşmə yerini də hər hansı bir məscid olaraq müəyyən edərdilər.
Müsəlmanın günə başlaması da, bitirməsi də namazla olur.
Bu etibarla zaman anlayışımıza yön verən yeganə ünsürlərdən biri də bizim namazlarımızdır.
Zamanın axışını dərk etməmizi təmin edən ən böyük ünsürlərdən biridir namaz. Hər vaxt Yaradanın qarşısına çıxdığımız namaz vaxtı ilə sonrakı namaz vaxtının arasını nə ilə və necə dolduracağımız da zamanı necə anladığımıza bağlıdır.
İstər görəcəyimiz bir iş xüsusunda, istərsə də ibadətlərimiz xüsusunda səhlənkarlıq və yubanmalarımız bizi keçməkdə olan zamandan və içindəkilərdən biganə hala gətirəcəkdir.
“Müsəlman oyanıq olmalıdır”, “müsəlman fərasət sahibi olmalıdır” ifadələrini, zamanı yalnız öz xeyrinə istifadə etməyi bilmək kimi də anlaya bilərik.
“Hesaba çəkilmədən əvvəl nəfsinizi hesaba çəkin” hədisi-şərifi ən çox dünya həyatında zamanını boş və mənasız işlərə hədər edən insanlar üçün söylənmişdir sanki.
Muminun surəsində keçən “o möminlər ki, lağlağıdan uzaq durarlar” ayəsi müsəlmanın zaman məfhumunu nə cür dərk edəcəyini anladır.
Xülasə: bütün zamanlarımızı ibadət anlayışı içərisində tükətmək və namazın içinə sığdırdığımız gözəl anlarımızı həyatımızın hər anına yaymaq yeganə qayəmiz olmalıdır.
Çünki zaman, axışı durdurula bilməyən yeganə məfhumdur.
Müəllif: Salih Zeki MERİÇ [email protected]
Mənbə: İrfan jurnalı

0 şərh