Strasburq

Burda supermarketlər azdır, kitab mağazaları isə hər küçədə var.

Avropa şəhərləri dedikdə çoxlarımızın ağlına ilk növbədə bahalı avtomobillər, göydələnlər, səsdən qulaq tutulan məhəllələr gəlir. Lakin bu vəziyyət paytaxtları çıxmaq şərtilə əksər Avropa şəhərlərinə xas deyil. Əhalisinin sayı eyni olan Azərbaycan şəhəri daha səs küylü və "qaynar"dır.

Avropa bu şəhərdən idarə olunur - desək, yanılmarıq. Avropa Şurası, Avropa Parlamenti, Avropa İnsan Haqları Məhkəməsi kimi mötəbər qurumlar bu şəhərdədir. 14 fevral 842-ci ildə Böyük Karlın oğulları burada məramnamə imzalayırlar. Yəqin ki, söhbətin Strasburqdan getdiyi Lent.az.ın sadiq oxucusuna agah oldu.

Parisdən 500 km şimalda yerləşən bu şəhərdə (təyyarə ilə 1 saat) alman üslubu mütləq hakimdir. Hətta qonşu Almaniyanın Kehl şəhərinə keçdikdə başqa dövlətin ərazisinə daxil olduğunu hiss etmək olmur.

Şəhərin özünəməxsus memarlıq tərzi var. Hündürmərtəbəli binalar azdır (əsasən tələbə yataqxanaları), tikililər bir-biri ilə vəhdət təşkil edir və nəticədə gözəl kompozisiya yaranır. 20-ci əsrdə inşa olunmuş binalar əsasən beşmərtəbələrdir. Yanğın təhlükəsizliyi çox ciddi şəkildə nəzərə alınır. İctimai binalarda qapılar bir qayda olaraq çölə açılır. Bütün küçələrdə (o cümlədən AB və AİHM-nin binalarının yanında) yanğın hidrantları quraşdırılıb, binalar ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunub. Qapalı yerlərdə siqaret çəkmək qadağandır, otel otaqlarındakı yanğın detektorları siqaret tüstüsündən işə düşsə, müştəri 400 avro cərimə ödəməli olacaq. Nəqliyyatda yüksək səslə musiqi dinləyən isə cəmi 144 avro "ziyana düşəcək".


Maraqlı burasıdır ki, bu şəhərdə supermarketlərin sayı azdır. Gündəlik bazarlıq etmək üçün uzaq məsafə qət etmək lazım gəlir. Lakin kitab mağazaları demək olar hər küçədə var. Bu mağazalarda günün istənilən saatında qələbəlik olur.

Əlbəttə ki, fransız şəhərini parfümeriya mağazasız təsəvvür etmək mümkün deyil. İstənilən qədər ətriyyatı yoxlamaq olar. Bəzən rus turistlər on - on beş növ ətiri yoxladıqdan sonra fransızların anasına söyərək (rusca) mağazanı tərk edirlər.

Nəqliyyatın maksimal sürəti şəhərdə 40 km/saatdır və hamı bu rejimə əməl edir. Bakıdan fərqli olaraq burada lüks maşınlar gözə dəymir, gənclər isə ümumiyyətlə velosipedə üstünlük verirlər. Piyadalar yol hərəkəti qaydalarına ciddi şəkildə əməl edirlər. Yol hərəkəti qaydalarını pozanlar əsasən əcnəbilərdir. Piyadalar, sürücü və velosipedçilərin arasında qibtə olunacaq qarşılıqlı hörmət və həmrəylik var. Velosiped kirayə götürmək çox asandır. Nəqliyyat tıxacı çox nadir hadisədir, keçid üstünlüyü tramvayındır. Pik saatlarını çıxmaq şərtilə tramvaya velosiped və əlil arabaları ilə minməyə icazə verilir. Nəqliyyatda biletsiz gedən sərnişin 30 avro cərimə ödəməlidir.


Həftə sonu şəhər, obrazlı desək, "ölür". Bütün satış yerləri, dövlət obyektləri bağlı olur, nəqliyyatda interval 30 dəqiqəyə çatır, yalnız dönərxanalar işləyir. Bazar günü işləmək yaxşı qarşılanmır. Həftə sonları şəhər bir şərqli üçün cansıxıcı görünə bilər.

Şəkillərə baxaraq Bakı ilə Strasburqu müqayisə etməyi əziz oxucuların ixtiyarına buraxırıq. Şəkillərin orijinalı müəllifin arxivindədir.

Həmçinin bax: IstanbulŞri-Lanka, Hindistan, Misir, İslandiya 
Müəllif: Vüqar Ələsgərov/lent.az
 

0 şərh