Vurğu

Nitq prosesində hecalardan və sözlərdən birinin daha güclü tələffüzü, akustik cəhətdən digər heca və sözlərdən fərqlənməsi vurğu adlanır.
Türk ədəbi dilində vurğunun iki əsas növü var: heca vurğusu və məntiqi vurğu.

I. Heca vurğusu

1. Türk dilində vurğu, əsasən, sözün son hecası üzərinə düşür:
kapί, arabá (maşın), kişi (şəxs), okúl, öğretmén (müəllim), babá (ata), ülké (ölkə).
Bəzi sözlər müstəsnalıq təşkil edir:
ánne, ábla, çánta.
Əgər söz şəkilçi qəbul edirsə, vurğu şəkilçinin üzərinə keçir:
kapıcί (dalandar), arabadá, kişilér, okulún, öğretmenimiz, babayá, ülkeyi, gelén, almış.

İki və daha artıq şəkilçi qəbul edən sözdə vurğu sonunca şəkilçinin üzərinə düşür:
kapıcılár, kişilerdén, okulundá, öğretmenmiz
Türk dilində qrammatik şəkilçilərin əksəriyyəti (hal, mənsubiyyət, məsdər və feli sifət şəkilçiləri) vurğu qəbul edirlər. Bir qrup şəkilçilər müstəsnalıq təşkil edir. İndiki zaman (yor), xəbərlik -dır, -dir, -dur, -dür, -tır, -tir, -tur, -tür), inkarlıq (ma, me), bəzi feli bağlama şəkilçiləri (-madan, ­meden, -ken) və s. bura daxildir. Vurğu qəbul etməyən şəkilçilər vurğunun sonrakı şəkilçilər üzərinə keçməsinə də imkan verməzlər: okúyorsunuz, gélmesin, yóktursa, almadan, öğretmenim, evdéyiz.

2. Alınma sözlərdə vurğu çox zaman ümumi qaydaya tabedir:
aján (agent); akademi; istihsál; dakiká; personél (heyət); montaj.

Alınma sözlərin bəzisində vurğu sözün ilk hecalarından birinin üzərinə düşür:
daktilo (makina, makinaçı); bilánço (balans); akásya; bánka (bank); çiménto (sement).
Vurğusu son hecada olmayan sözlərə (istər türk mənşəli, istərsə də alınma) şəkilçi artırıldıqda, həmin sözlər öz vurğularını mühafizə etməklə yanaşı, şəkilçinin üzərinə əlavə bir zəif vurğu da qəbul edir:
bánka-bánkadán; dáktilo-daktilomúz.
çánta-çántanın; ánne-ánnemdén.

3. Mürəkkəb sözlərdə həmin sözü təşkil edən komponentlərin hər biri öz vurğusunu mühafizə edir:
ákciğer, karáciğér, akçáağáç, babáocağί, millétvekili, yίlbaşί.

4. Qitə, ölkə, şəhər, çay və s. coğrafi adlarda vurğu ümumi qaydaya tabe deyil. Bu sözlər ikihecalıdırsa vurğu ilk hecanın, çoxhecalıdırsa ikinci hecanın üzərinə düşür:

Rúsiya

Róma

Lóndra

Sámsun

Páris

Hindίstan

Mérsin

Avrúpa

Polónya

Ízmir

İtálya

İskénderun

Kónya

Japónya

Antálya

Bəzi çoxhecalı şəhər adlarında vurğu ilk hecanın üzərində olur:
Móskova, Káyseri, Bólvadin, Aksaray, Mármara.
Bir neçə coğrafi adın iki cür tələffüzü müşahidə olunur:
İstánbul — İstanbúl
Bándırma — Bandίrma
Anádolu — Anadólu

5. Zərflərdə, zərfləşmiş sözlərdə və bağlayıcılarda vurğu ümumi qaydaya tabe olmur. Bu sözlərdə vurğu, əsasən, sözün ilk hecasının üzərinə düşür:

Yárın; yázın; bélki; kίşın; hénüz; sónra; hémen; fákat; şίmdi; démin; ánsızın; áma; áncak.
Ərəb dilindən keçmə "-an"; "-en" şəkilçisi ilə düzələn zərflərdə vurğu isə hecalardan birinin üzərinə düşür:
résmen; kίsmen; mecbúren; tahmίnen; tesádüfen; hakίkaten; tamámen; itibáren; istináden.

6. Nidalarda, müraciət məqsədilə işlədilən sözlərdə və vokativ kəlmələrdə vurğu, əsas etibarilə, ilk hecanın üzərinə düşür:
Yáhu; áyol; háydi; áferin; yávrum; árkadaş; ánneciğim; hóppala.

7. Sifətin şiddətləndirmə dərəcəsini bildirən iki komponentli sözlər iki vurğu (qüvvətli və zəif) ilə tələffüz edilir.
başká — bámbaşká
yuvarlák — yusyuvarlák
sağlám — sápasağlám
kırmızί — kίpkırmίzı

Qeyd: 1. Türk dilində vurğu geniş planda məna fərqləndirici səciyyə daşımır, lakin bəzən vurğunun yer dəyişməsi sözün mənasının da dəyişməsinə səbəb olur. Məsələn:

yázın — yazίn; gelin — gelίn; okúma — okumá.

2. Bəzi ümumi adlar xüsusi isim kimi işlədildikdə vurğu yerini dəyişərək, sözün ilk hecasına keçir.

kartál — quş
Kártal — (Türkiyədə şəhər)
sirkecί — sirkə satan və ya hazırlayan
Sίrkeci — İstanbulda bir rayon
denizlί — dənizi olan ölkə, yer
Dénizli — Türkiyədə vilayət

3. Vurğu bəzən şəkilçi ilə ədatın tələffüz zamanı fərqləndirilməsinə xidmət edir:

Odadá — odá da
defterdé — deftér de
seninkί — senίn ki

2. Məntiqi vurğu

Türk dilində bəzən «cümlə vurğusu» da deyilən məntiqi vurğu cümlədəki sözlərdən birinin digərlərinə nisbətən daha güclü deyilməsi ilə yaranır. Məntiqi vurğunun yeri Azərbay­can dilindəki kimi sərbəst olsa da, əksər hallarda xəbərdən əvvəlki sözün üzərinə düşür:

Orhan dün akşam Moskova'ya gitti.
Orhan Moskova'ya dün akşam gitti.
Dün akşam Moskova'ya Orhan gitti.

 

0 şərh