Arakçeyev. Sədaqətli insan

Rusiyanın hərbi naziri məşhur dövlət adamı Arakçeyev (qraf Aleksey Andreyeviç Arakçeyev 1769-1834) qədim, lakin yoxsullaşmış zadəgan ailəsindən çıxmışdı. Rusların "Nəsil Şəcərəsi Kitabı"nda Arakçeyevlərin nəsli haqqında deyilir: "1695-ci il martın 6-da çar fərmanı ilə Novqorodlu İvan Stepanoviç Arakçeyevə onun özünün, ata və babalarının dövlət qarşısındakı xidmətlərinə görə Novqorod quberniyasında kəndlər, əkin-biçin yerləri bağışlanır" (48. t.2, s.7-10).
Qraf Arakçeyevə qədər də bu ailədən onu şöhrətləndirən hərb adamları çıxmışlar. Məsələn, Arakçeyevin babası Vasili Stepanoviç Arakçeyev general Minixin komandanlığı altında vuruşmuş, Oçakov altında yaralanmış, general rütbəsində istefaya çıxmışdı. Onun qardaşı oğlu Andrey Alekseyeviç isə, poruçik rütbəsində istefaya çıxanda, ona irsən yetişmiş 20 təhkimlisi olan kiçicik kəndə malik idi. Bu Pyotrun onun babalarına səxavətlə bağışladığı hədiyyədən qalan son yadigar idi. Üç oğlu var idi. Bu kasıb zadəganın üç oğlunun üçü də general rütbəsinə qalxıb dövlətdə görkəmli mövqelər qazanacaqdılar. Hələ ki, həmin gələcəyin böyük dövlət adamı olacaq oğlunu Peterburqa aparıb artilleriya məktəbinə düzəldənə kimi yazığın döymədiyi qapı qalmayacaqdı.
Nəhayət uşağı xeyirxah adamların vasitəsilə (Yekaterinanın xeyriyyə tədbirləri üçün maddi vəsaitlə təmin etdiyi mitropolitin böyük əməyi sayəsində) Artilleriya və Mühəndislər Korpusunda oxumağa düzəldə bilir. Gənc Arakçeyev riyaziyyatda misilsiz bacarığı, həyatda fərasəti, səyi və çalışqanlığı, daha doğrusu, zirəkliyi ilə tez bir zamanda nəzəri cəlb edir. Yekaterinanın saray əyanlarından olan Saltıkovun köməyi sayəsində yaxşı məvaciblə işə düzəlir. Elə Saltıkov özü də onu vicdanlı və işgüzar gənc kimi şahzadə Pavelə tövsiyə edir. Arakçeyev zəhmətsevərliyi, zirəkliyi, doğruculluğu ilə gələcək hökmdarın rəğbətini qazanır.
Odur ki, vəliəhd hakimiyyətə gələn kimi ona general rütbəsi verir, onun tavanasaz olduğunu bildiyindən Novqorod quberniyasında iki min təhkimli ilə Quruzino kəndini bağışlayır. Bu gözəl kəndi vaxtilə çar Pyotr öz əziz dostu Menşikova bağışlamışdı. Deyilənlərə görə xiyabanda sıralanmış əzəmətli palıd ağaclarının da çubuqlarını bir vaxt çar öz əllərilə dost bağında əkmişdi. Kənd Arakçeyevin idarəsinə keçən kimi az bir zaman ərzində burada tikilən saray və digər tikililər paytaxtın ən zəngin saraylarını geridə qoyurdu. Çar Pavel özünün ad günündə ona “Nəcabətli qraf” titulu verir. Bununla əlaqədar olaraq Arakçeyevlərin gerbinə bu sözlər həkk olunur: "Səmimi və sadiqdir". Deyirlər, bu sözləri çar Pavel öz əllərilə tərtib etmişdi. Bu cümlə sonralar qanadlı ifadəyə - aforizmə çevrilir. Sonralar Puşkin ona yazdığı epiqramında "Bütün Rusiyanı sıxışdıran, qubernatorları ağlaşdıran" qiymətini verir, bununla bir vaxt çarın özündən aldığı təltif qədər qiymətli həmin sözlərin dəyərini "Nüfuzlu adamların qarşısında köləlik etmək, əyilmək" mənasında aşağı salmaq istəyirdi. Amma saray əyanları içərisində onu gözü götürməyənlər, dostlarından qat-qat çox düşmənləri var idi və paxıllar çox idi. Bu adamlar onun, rus ordusunun artilleriyasını az bir zamanda ağlamalı vəziyyətdən çıxarmasını, yıxılanın qolundan tutmasını unudurdular; onun sədaqətli və etibarlılığı hamının gözündən yayınırdı. Məsələn, hamıya məlum idi ki, əgər I Pavelə sui-qəsd gecəsi o paytaxtda olsaydı, həmin sui-qəsd də baş tutmayacaqdı (35, 162). Amma əleyhdarları tərəfindən onun bu keyfiyyətləri yaltaqlıq və yarınmaq kimi qiymətləndirilirdi. Buna baxmayaraq o, sədaqəti və fədakarlığı ilə gənc çar Aleksandrın da təvəccöhünü qazandı və imperatorun yanında az qala birinci adama çevrildi. Aleksandrın vaxtında xüsusən 1815-ci ildən başlayaraq, faktiki olaraq Dövlət Şurası və Nazirlər Kabineti Şurasının rəhbərliyini öz əlinə alır.
Onun dövlət siyasəti, xüsusən böyük hərbiləşdirmə tədbirləri rus ictimaiyyətində "Arakçeyevçilik" adı alır. Çar ona inandı; onu özünə və Vətənə sədaqətli, vəfadar dost sanırdı. O çarın üzünə çəkinmədən həqiqətləri deyə bilirdi. Çar məhz, onun tövsiyəsinə və məsləhətinə əməl edib 1812-ci ildə müharibənin başlanğıcında ordunun baş komandanı vəzifəsindən gedib öz yerinə Kutuzovu təyin etdi. Nəhayət, o çarı inandıra bildi ki, onun məhəbbəti, coşqun vətənpərvərlik duyğuları bu böyük vəzifəyə kifayət etmir, vətənin belə ağır anlarında baş komandanlıq döyüş sınaqlarından çıxmış sərkərdəyə həvalə olunmalıdır. Yoxsa yaltaq və karyerist, vəzifəpərəst nazirlərin heç biri cürət edib imperatoru bu fikirdən daşındıra bilməzdi.
Arakeçeyev adamları əlüstü və gözəl tanımaq qabiliyyətinə malik idi, bir-iki yığcam ifadə ilə də insanın tam, dolğun xasiyyətnaməsini verə bilirdi. Yüksək saray dairələrində vəzifəyə adam qoyub, həmçinin vəzifədən adam götürmək onun işi idi. O bunda şəxsi xeyir, mənfəət güdmürdü. Sadəcə işə yararlı, müvafiq adamları axtarıb tapa bilirdi. Heç bir padşahın ona olan hüdudsuz etibarından "bəhrələnə bilmirdi", çünki özü yüksək mövqelərə işgüzarlığı, çalışqanlığı və sədaqəti ilə gəlib çatmışdı. Elə onun ən gözəl keyfiyyətləri də əsasən bundan ibarət idi. Əlində olan pula, vara gözünün ucu ilə də baxmazdı. Düşmənləri belə onun bu xüsusiyyətləri barədə susa bilmirdilər. Təəssüf ki, onun xasiyyətindəki qəddarlıq, zalımlıq, əlində böyük ixtiyar toplandıqca hər cür sərhədləri aşırdı. Həm də həddən artıq düzlüyü-dürüstlüyü də onun xeyrinə olmurdu, çünki məsul işlərdə həddən artıq vicdanlı olmaq özü də şəraiti dözülməz dərəcədə ağırlaşdırırdı. Ona görə çar Pavel özü qədər inandığı və Peterburqun komendantı təyin etdiyi bu adamı vəzifədən uzaqlaşdırıb özündən də kənarlaşdırır. Düşmənləri də bunu istəyirdilər yataq otağına girib "sahibsiz" çarı öldürürlər, atasının yerinə hakimiyyətə keçən I Aleksandr da Arakçeyevi imperiyaya lazım olduğunu bildiyindən dərhal onu çağırır. Çar ölənə kimi Arak­çeyev onun yanında olur. Çar onun əlinin və ürəyinin təmizliyini bilir, həmişə onun sözünə əməl edirdi. Arakçeyev düşmənlərinin çox-çox olduğunu bilirdi, öz evində belə yeməyi əvvəl yoxlatdırıb sonra yeyirdi.
Ailə həyatı uğursuz çıxmışdı, bütün ömrü işdə, fəaliyyətdə keçirdi. Buna baxmayaraq qadınları sevirdi, qadın onun üçün böyük qüvvə idi; general sədaqətli aşiq idi.
Çarın özü ilə bəzən dövlət mənafeyinə görə mübahisəyə girişən, ona sərt etirazlarını bildirən bu adamın əli altında işləmək də cəhənnəm əzabı idi. Belə bir adam vəfalı məşuq idi. Elə məşuqəsinin ölümündən sonra o kəndinə köçür, saqqalda gəzir, deyirlər bu qadının qanına batırdığı dəsmalı boynuna bağlayırmış. Amma bu aşiq xəyanətlə də barışmırdı. Yalana qarşı, saxtakarlıq və sədaqətsizliyə qarşı də qəribə intiqamlar uydura bilirdi. İki sevgilisi vardı. Yüksək dairəyə mənsub olan, Peterburqda yaşayan qadın və daha çox sevdiyi, əsil məhəbbət bildiyi qadını. Bu xanım onun kənddəki malikanəsini idarə edirdi. Elə o da ağası kimi əli altında olan xidmətçilərlə, kəndlilərlə amansız rəftar edirdi. Nəhayət cana doyan kənd əhalisi ayağa qalxdı, bu zülmkar qadını - Anastasiya Minnikovanı həmin qəddarlıqla da öldürdülər. Kənd bilərəkdən hamısı elliklə bu işdə iştirak edirdi ki, bu əzazil qadına qarşı sui-qəsddə kimisə ayrıca günahlandırıb cəzalandırmasınlar.
Arakçeyev sevgilisi qadının ölümü ilə əməlli-başlı qəm-qüssəyə batır, dostunu dəfn edir və məzarının yanında özünə yer saxlayır. Dərdli gecələrini qadının son yadigarlarını eşələyib oxumaqla keçirir. Bu qadının kağızlarını oxuyub tanış olduqca bu ölüb gedən sevgilisini indi tanımalı olur: inanıb etibar etdiyi bu qadının iş aşırıb rüşvət aldığını, onun adıyla nələr etdiyini öyrənir. Eləcə də digər oyunlarının şahidi olur. Deyirlər ki, o bundan qeyzlənir, keçmiş aşnasının qəbrini sökdürüb ümumi qəbiristanlığa köçürür.
Dünən həqiqət sanıb başı ilə cavabdeh olduğu müqəddəsliklər bu gün rəzilliyə çevrilmişdi. Arakçeyev bu tale oyununa  mat qalır; rüşvət verən insanları özünün yas içində olan malika­nəsinə dəvət edib əşyaları - rüşvət hədiyyələri göstərib "götürün, bunlar sizindir, mən hər şeyi bilirəm..." demişdi. Adamlar bu an ona inanırdılar.
O neçə gecə idi sevgilisinin kağızlarının oxuyub onlarla da tənhalığın ilk acı çağlarını ovutmaq istəyirdi. Əksinə olmuşdu. Həqiqətin - xəyanətin üstü açılmamışdı, gec olsa da...
Akarçeyevin coşqun həyatında maraqlı dəqiqələr çox idi: Hərbi nazir kimi maaşı qaldırarkən onun əmri əcaibliklər doğurur, rota komandirlərindən başqa digər zabitlərin maaşlarının artırılmasına sərəncam verir. Bunun səbəbini sadəcə belə əsaslandırmış və bunu heç kimdən gizlətmirdi; rota komandirləri rotadan gələn gəlirlə dolana bilər. Bununla o sanki hərb sahəsindəki oğurluğu elə bil etiraf etməli olurdu. Hərbi intizam elə qanına hopmuşdu ki, evdə də hərbi qaydalar hökm sürürdü: heç kəs porsiyadan artıq yemək götürə bilməzdi. Ətrafda, hər yerdə ideal təmizlik yaradırdı, bu təmizliyə hamı riayət edirdi.
Arakceyevin qanuni nikahı olmadığından sevgilisi Anastasiya Minnikovadan doğulan qeyri-rəsmi yeganə oğlu Şumski familiyası daşıyırdı. Bu oğlan uşaqlıq illərində keçirdiyi xəstəlikdən qurtulmaq üçün həkimin daim içirdiyi spirtli içkidən adətkərdə olmuşdu. Çar Nikolay Arakçeyevin ölümündən sonra onu Qafqaza - Yermolovun yanında işləməyə göndərdi. Çünki oğlan axırıncı dərəcədə sərxoşluq edirdi və saraydakı fligel adyutant vəzifəsindən də buna görə azad olunmuşdu.
Çar müharibə meydanına çevirdiyi qan içində üzən Qafqazın ağır tərbiyələndirici məktəb olacağını düşünürdü. Bu oğlan savadlı və fitri istedada malik bir gənc idi, hələ çox gənc ikən içki onun axırına çıxdı, bihudə yerə də öldü.
Arakçeyevlərin türk əsilli olmaları, Qızıl Ordadan ayrılıb rus knyazlarına qoşulmuş ailələrdən olması şübhəsizdir. Onların soyu XV əsrin ortalarında II Vasili zamanı Rusa xidmətə girən, xristianlığı qəbul edib xaçlanan və xristian adı götürüb, lakin türk soyadını saxlayan Arakçı Evstafyevdən başlayır, Arakçı Moskva knyazının sarayında məsul vəzifə daşıyırdı.
Arakçı sözü bütün türk dillərində arak, rakı "şərab" və "çı" məşğuliyyət və peşə bildirən şəkilçi vasitəsiylə düzəlmişdir. Arakçeyevlərin familiya gerbində həkk olunmuş qızıl kamandan atılan ox rəsmi həm də ailənin türklüyünə və rus dövləti qarşısında hərb xidmətlərinə işarədir (3, s.115). Rus tarixinin başlıca simalarından olan bu böyük və məşhur şəxsiyyət bir çox tarixi əsərlərdəki obrazlarda öz tam əksini tapmışdı. Yazıçı V.V.Krestovskinin "Babalar" ("Dedi") əsərində Arakçeyevin türk mənşəyi qabarıqlaşdırılır, bu türklük onun özünü alçaltmaq üçün düşmənlərin əlində bir vasitə olur: "Arakçeyev? ...Arakçeyev nədir, kimdir, axı? Arak... Aman allahım, bu nə vəhşi familiyadır?"
Yazıçı Aleksandr Hertsen də öldürücü istehza ilə bu böyük dövlət adamını "Gələcəyə Məktub" əsərində "Baskak", "Tatar baskakı" adlandırmaqla onun çox asan sezilən türk mənşəyinə işarə vururdu. Həyatda da belə idi: Onu gözü götürməyən yüksək saray əyanları Arakçeyevin qeyri-rus mənşəyinə tez-tez toxunurdular.
Xasiyyətindəki zalımlıq, despotizm onun yaratdıqlarını, min cəfa ilə qoruduqlarını, dövlətə xidmətini, hətta onun xeyirxahlığını belə kölgədə qoyurdu.
Onun əməyi sayəsində kəndlilər bir çox güzəştlərlə kreditlərə malik idi. Ətrafda olan kəndlilərə nisbətən, özlərinin maddi vəziyyətinə görə qat-qat yaxşı dolanmalarına rəğmən, Arakçeyevin zülmündən cana doymuşdular, rifah hallarındakı üstünlüklərə baxmayaraq onun kəndliləri özlərini bədbəxt sanırdılar. Arakçeyevin övladı yox idi; bütün var-dövlətini hələ sağlığında Novqorod Kadet korpusuna vəsiyyət etmişdi. Varlı sarayını onlara əsgər qışlası kimi hədiyyə vermişdi. Korpus Arakçeyevin adını və gerbini daşıyırdı. Bütün bunlar hər şeyi təməlindən uçurub dağılan sovet quruluşuna qədər davam etməkdə idi.


Mənbə Minaxanım Təkləli Türk Əsilli Ruslar kitabı

0 şərh