Krım türklərinin sürgünü

Həsrət Rüstəmov: «Krım tatarlarının bir xalq kimi məhv etmək planı var idi»
Azər Həsrət: «Artıq dünya yenidən Kırımı tanıyır»Krım turklərinin surgunu

II dünya müharibəsindən sonra SSRİ rəhbəri Stalin Krım türklərinin müharibə dövründə almanlarla əməkdaşlıq etdiyini iddia edərək sürgünə göndərilmələrini əmr etdi.
Əmr 18 May 1944-cü ildə Krım türklərinə çatdırıldı. İki saat içərisində, evlərindən heç bir əşya almadan, olduqları kəndin, qəsəbənin, şəhərin meydanında toplanmaları əmr edildi. Evini tərk etmək istəməyənlər zorla aparıldı. Müqavimət göstərənlər qundaq zərbələri ilə dərhal elə orada öldürüldü. Qışqırıqlarla inləyən səmanın qaranlığını deşməyə çalışan günəş, qana bələnmiş Krım torpaqlarına ilk işıqlarını göndərəndə 423,1 min nəfərdən ibarət olan Krım Türkləri heyvan daşınmasında istifadə edilən qatarlar vasitəsi ilə sürgünə göndərildilər.
Vaqonlara doldurulanların 57 min nəfəri 0-5 yaş arası uşaq, 68 mini isə 60 yaşdan yuxarı yaşlı insanlar idi.

Sabahısı gün Arabat bölgəsində bir kənddə 150 Türkün unudulduğu aydın oldu. Xəbər Stalinə çatdırılanda əmr verdi: «Bunların işini 24 saat içərisində bitirin!»
Əmr yerinə yetirildi: körpə, qoca və gənc demədən bütün kənd xalqı, kiçik bir gəmiyə dolduruldu. Gəmi, sahildən bir neçə mil açılandan sonra dərhal batırıldı. Qara dənizin sərt dalğaları soydaşlarımıza məzar oldu. Türklərlə birlikdə Krımda yaşayan yəhudi dininə mənsub türklərlə eyni dinə mənsub Yəhudilər də sürgün edildilər. Çünki bu iki qrupa mənsub insanların Kırım türkləri ilə yaxşı əlaqələri vardı.
Aparılan əməliyyat Krım Türklərini yox etmə siyasətinin əsas tərkib hissəsi idi. Bir aydan çox davam edən əməliyyat zamanı kimsənin vaqonlardan enməsinə əsla icazə verilmədi. Hər cür ehtiyaclar vaqon içərisində qarşılanırdı. Ölənlərin cəsədləri iy verməyə başlayıb əsasən çətin tənəffüs edilən hava təhlükəli şəkildə zəhərlənəndə, pəncərələrdən necə gəldi atırdılar. Səfər əsnasında 195 min nəfər öldü.
Qatarlar Kabartay, Sibir, Qırğızıstan, Qazaxıstan və Özbəkistanda yolçularını boşaltdılar. Özbəkistana gələnlər daha əvvəldən hazırlanmış və öyrədilmiş Özbək Türkləri tərəfindən daşlandı. Yaralananlar və ölənlər oldu. Həyatda qalmağı bacara bilənlərin 3%-i çox pis şərtlər altındakı həyata dözə bilmədi. Aclıq, qızdırma, vərəm və digər xəstəliklər səbəbindən ilk altı ay ərzində öldü. Geri qalanlar, fərqli iqlim şərtlərindəki sürgün bölgələrində can, mal və mədəni dəyərlərini qorumalarına maneələr yaradılaraq sanki açıq hava həbsxanası şərtlərində yaşamağa məhkum edildilər.
Krım türkləri 1956-cı ilə qədər çətin şərtlər altında həyatda qalmaq üçün mübarizə apardılar. Olduqları yaşayış sahəsindən ayrılmaları qadağan idi. Təhsil ala bilmir, mədəniyyətlərini qorumalarına icazə verilmirdi. Krım şivəsində danışanlar, mahnı oxuyanlar cəzalandırılırdı.
1956-cı ildə Xruşov Stalin dövrünü qaralama kampaniyası başlatdı. Bu kampaniya ilə Krım türkləri az da olsa rahat nəfəs ala bildilər. Mədəni təşkilatlanmaya və təhsil almağa icazə verildi. Bu yumşalmadan cəsarət alan Krım Türkləri, vətənə dönmək istədiklərini əlaqədar təşkilatlara çatdırmağa başladılar, Kremlə nümayəndələr göndərdilər. 1960-cı ildə sürgündə Krım türklərinin milli mübarizəsi mütləq bir kütlə hərəkatına çevrilmişdi. Mitinq və etiraz yığıncaqları təşkil edilirdi. Yığıncaqlara qatılanlar ağır şəkildə cəzalandırıldı. 23 Aprel 1978-ci ildə Musa Mahmud adlı bir Türk soydaşlarına edilən haqsızlığa etiraz etmək üçün özünü yandıraraq intihar etdi. Krım türklərinin əfsanələşən lideri Abdülcemil Mustafa Kırımoğlu həbs edildi. 6 iyul 1987-ci il tarixində başlayıb 5 avqust 1987-ci ilə qədər davam edən Moskva nümayişlərindən sonra, SSRİ rəhbərliyi, Krım türklərinin vətənə xəyanət günahlarını qaldırdı. Amma vətənə qayıtmalarına hələ də icazə verilmir. Həmin bu gün haqqında ziyalılarımız nə bilirlər?
ADP sədrinin I müavini Həsrət Rüstəmov hesab edir ki, Krım tatarlarının deportasiyası stalinizmin bəşər tarixinə vurduğu qara ləkələrdən biridir: «Beriyanın ideyası, Stalinin rəhbərliyi ilə 44-cü il mayın 18-dən başlayaraq Krım tatarlarını almanlarla işbirliyində olmaq bəhanəsi ilə 200 mindən çox insan orta Asiyaya sürgün edildi. Krım muxtar respublikası ləğv edildi, yerində vilayət yaradıldı və bu ərazilərə ruslar köçürüldü, yer adları tədricən ruslaşdırıldı. Krım tatarlarının əslində bir xalq kimi məhv etmək planı baş tutdu və vilayət Rusiyaya birləşdirildi. Krım tatarlarının deportasiyası SSRİ-nin xalqlar həbsxanası olmasını sübut edən hadisələrdən biridir. Təəssüf ki, bu xalqın hüquqları hələ də beynəlxalq səviyyədə tanınmayıb. Mənə elə gəlir ki, SSRİ-nin siyas-hüquqi varisi kimi Rusiya Federasiyası krım tatarlarının hüquqlarının bərpası üçün addımlar atmalıdır. Stalinizm repressiyalarından əziyyət çəkənlərin birləşərək, bu repressiyaların hələ də davam edən nəticələrinin aradan qaldırılması üçün birlikdə mübarizə aparmaları da effektli ola bilərdi».
DGTYB başqanı Əkbər Qoşalının fikrincə, Krım Tatarlarının bütün məhrumiyyətlərə baxmayaraq, öz dədə-baba yurdlarına dönməyi bacardlqlarını şükranlıqla qeyd etmək lazımdır: «Mən iki dəfə Krımda olmuşam, Krım Tatarlarının yenidən Krımın həqiqi söz sahibi olacağına inanıram. Bu gün Ukrayna mərkəzi hakimiyyəti də tatarların — Krımın yerli xalqının orada möhkəmlənməsinə ciddi surətdə əngəl törətmir, çünki orada Rusiya faktoru — yarımadada yaşayan rus əhalisi faktoru var… Beəlilkə, öz yurdundan-yuvasında didərgin düşməyin nə olduğunu öz taleyi, ruhu ilə yaşayan Azərbaycan xalqının övladı olaraq bütün sürgünlərin bitməsini, bütün xalqların öz dədə-baba yurdlarını dönməsini istərdim. Ayrıca, Krım tatarlarının örnəyində bunun mümkünsüz olmadığını da vurğulamaq istərdim».
«Yeddi millət, bir dövlət» konseyinin başqanı Azər Həsrət hesab edir ki, 18 may 1944-cü il Kırım türklərinin və bütünlükdə dünya türklərinin tarixinə Stalin və kommunist məzaliminin daha bir acı örnəyi günü kimi yazılıb: «Həmin gündə minlərlə günahsız bacı-qardaşımız, həmmillətimiz gözəl Kırımdakı ev-eşiklərindən, yüz illərdir yaşadıqları yurdlarından heyvan daşımaq üçün nəzərdə tutulan vaqonlara doldurularaq Orta Asiyaya göndərildilər. Onların çoxu aclıqdan, soyuqdan, xəstəlikdən yollarda tələf olub getdi. Mənzil başına çatanların da taleyi heç yaxşı olmadı. Burada da onlar açıq havada torpaq üstündə yatıb-qalxmağa, zülm altında işlədilməyə məruz qaldılar. Ancaq yenə də insanlarımızın dözümü, dəyanəti sayəsində Kırımlı qardaşlarımız tarix səhnəsindən silinmədilər və 1988-ci ildən başlayaraq ana yurda dönməyə başladılar. Sevindirici haldır ki, artıq dünya yenidən Kırımı tanıyır və mütərəqqi insanlar buranın türklərinə hər cür yardım etməkdədir».
Müstəqil jurnalist Əfsanə Qıpçaq Ələsgərlinin fikrincə, Sovet dövründə Stalin rejimi imperiya daxilində olan xalqları Krım tatarlarını, Qafqazda karaçay-malkarları, Ahısqa türklərini öz tarixi vətənlərindən digər ərazilərə sürgün etdilər: «Əslində ilk baxışda adi görünən bu addım düşünülmüş planın tərkib hissəsi idi. Krım tatarlarının yaşadığı Krım yarımadası Sovetlər birliyi üçün strateji əhəmiyyətli idi. Türkiyə ilə ortaq tarixi köklərə və dil qohumluğuna malik krım tatarlarının bu ölkə ilə əlaqələrinin möhkəmlənməsindən ehtiyat edən SSRİ tatarların Krımda yaşamasını özü üçün «təhlükəli» hesab edirdi. Çünki istər istəməz iki türk xalqının əlaqələri onlar üçün əlverişsiz ola bilərdi. Bu baxımdan Stalin rejimi müxtəlif bəhanələrlə ordakı günahsız mülkü əhalini doğma yurdlarından sürgün etdi. Bu gün bu üzücü olaylardan illər keçsə də, hələ də bu bir çox Krım türklərinin həyatında və tarixində ağır bir hadisə kimi xatırlanır. Sevindirici haldır ki, müxtəlif ölkələrə, eləcə də Türkiyəyə pənah gətirmiş Krım tatarları bir çox təşkilatlarda cəmləşib, öz milli varlıqları, ənənələrini və tarixlərini yaşatmaq üçün mübarizə aparırlar. Türk xalqlarının bir çoxunun keçmişinə baxsaq, bu cür acı olayların və tarixi hadisələrin oxşar olduğunu görərik. Bu baxımdan düşünürəm ki, tarixdə türk xalqlarının yaşadıqları bu cür acı olaylar unudulmamalı, türk xalqları arasında müxtəlif formalarda paylaşılmalıdır. Bu barədə ortaq kitablar yazıla, filmlər çəkilə bilər».
Müstəqil ekspert Gülarə Yenisey hesab edir ki, Krım tatarlarının öz doğma ata-baba yurdlarından sürgün edilmələri böyük faciədir: «Ancaq Krım Tatarları ruhdan düşmədilər. Ağıllı, uzaqgörən çalışmaları sonucunda doğma yurda qayıtmaları üçün əllərindən gələn hər şeyi etdilər. Öncəlliklə və ən önəmlisi «Yurda dönüş» qanununu Ukrayna Məclisindən keçirməyi başardılar. Bunun ardından sürətlə Vətənə qayıtmağa başladılar. Yarımadaya sonradan köçürülmüş xristian əhali artıq çoxluq təşkil edirdi. Krım tatarları yenə ruhdan düşmədiler. Ağıllı addımlar atdılar. Qısa zamanda yarımadanın bütün ticarətinin 85 faizini əllərinə keçirdilər. İməcilik üsulu ilə pul, tikinti materialı toplayıb, yeni evlər tikməyə başladılar. Bu evlərə Vətənə qayıdan tatarları yerləşdirdilər. Yabançı dil bilənlər Krım Tatarlarının faciəsini dünya ictimaiyyətinə çatdırmağa başladılar. Bir sözlə, Krım Türkləri son 20 ildə bacarıqlı, sistemli çalışmaları sayəsində Krımda böyük başarılar qazandılar. Bu başarının Axısqa türkləri və yerindən-yurdundan qovulmuş bütün türklər üçün örnək təşkil edəcəyinə ümid edirəm».

 

0 şərh