Bronxial astma xəstəliyi

Bronxial astma – tənəffüs sisteminin xroniki infeksion-allergik mənşəli xəstəliyidir. Xəstəlik zamanı tənəffüs sistemi selikli qişasının müxtəlif qıcıqlara qarşı həssaslığı yüksəlir. Bronxial astma xəstəliyinin əsas kliniki əlamətləri bronxial keçiriciliyin pozulmasıı ilə müşahidə olunan tutma şəkilli təngnəfəslik, öskürək və xırıltıdan ibarətdir.
Bronxial astma tutması qısa və uzun müddətli ola bilər. Xəstəliyin ilkin inkişaf mərhələlərində baş verən tutmalar qısa müddətli olub, öz-özünə keçir, insan hər hansı bir xəstəliyin olmasından şübhə etmir. Vaxt keçdikcə, xəstəlik daha da irəliləyir, tutmaların baş vermə tezliyi, müddəti və xarakteri dəyişilir.
Bronxial astma xəstəliyi infeksion-allergik və qeyri infeksion-allergik olmaqla iki qrupa ayrılır.

  • İnfeksion-allergik mənşəli bronxial astma tənəffüs sisteminin infeksion xəstəliklərinin (pnevmoniya, faringit, bronxit, angina) fonunda inkişaf edir. Bu halda allergen rolunda mikroorqanizmlər çıxış edir. Bronxial astma xəstəliyinin bu növü daha geniş yayılmışdır. Ümumi xəstəliyin 2/3 hissəsi bu formanın payına düşür.
  • Qeyri infeksion-allergik mənşəli bronxial astma xəstəliyində isə allergen rolunda üzvi və qeyri-üzvi olmaqla bir sıra maddələr rol oynaya bilər. Bitki tozları, məişət tozları, lələk, yun, insan və heyvan orqanizminə məxsus epidermal mənşəli kəpək, qida allergenləri (sitrus meyvələri, çiyələk, moruq və s.), dərman maddələri (antibiotiklər, xüsusən penisillin, B1 vitamini, aspirin, piramidon və s.), bir sıra kimyəvi maddələr (əksər hallarda formalin, pestisidlər, sianamidlər, ağır metalların qeyri-üzvi duzları və s.) bronxial astma xəstəliyinin bu formasının inkişaf etməsinə səbəb ola bilər. Xəstəliyin bu formasının inkişaf etməsində irsi faktor da mühüm rol oynayır.

Astma Simptomları


Bronxial astma xəstəliyinin əsas kliniki əlamətləri aşağıakılardır:

  • Nəfəsvermə zamanı fitləyici xırıltılarla müşahidə olunan boğulma tutmaları. Bu zaman insan bu xəstəliyə xas məcburi bir vəziyyət alır. Oturaq vəziyyətdə əlləri ilə dizlərinə təkan edərək gövdəsini önə doğru əyir.
  • Təngnəfəslik, tənəffüsün çətinləşməsi əksər hallarda gecə yuxu vaxtı müşahidə olunur. Xəstə yuxudan hava çatışmazlığı və öskürək ilə ayılır.
  • Fiziki yük, psixo-emosional stress, tənəffüs havası ilə allergenlərin daxil olması və s. bronxial astma tutmasına səbəb ola bilər.
  • Əksər hallarda soyuqdəymə əlamətləri 10 gündən də artıq davam edir və xəstədə öskürəyin daha da dərinləşməsi kimi bir hiss yaranır.
  • Bronxolitiklərin (bronx mənfəzini genişləndirən dərman preparatları) qəbulundan dərhal sonra təngnəfəslik əlamətləri keçir.

Kliniki əlamətlərin bu qədər aşkar şəkildə özünü büruzə verməsinə baxmayaraq əksər hallarda xəstəlik astmatik bronxit, obstruktiv bronxit kimi diaqnozlarla yanlış müalicə olunur. Bir çox hallarda isə xəstəliyə gecikmiş hallarda düzgün diaqnoz qoyulur.

Bronxial astma xəstəliyinin müalicəsi


Son illərdə bronxial astma xəstəliyinə baxış bucağı xeyli dəyişmiş və təkmilləşdirilmişdir. Bu isə tənəffüs yolları selikli qişasının allergik mənşəli iltihabı və bronxların hiperreaktivliyinin (yüksək həssaslığı) xəstəliyin inkişafında mühüm rol oynadığının elmi əsaslara sübuta yetirilməsindən sonra baş vermişdir. Müasir baxışlara görə bronxial astma xəstəliyinin müalicəsi iki əsas komponentdən ibarətdir: bazis (planlı) iltihabəleyhi müalicə və astmatik tutmalar zamanı təcili yardım. Buna görə də istifadə olunan dərman preparatları da 2 qrupa bölünür: tutmalar zamanı simptomları tez bir zamanda aradan qaldırmaq üçün isitfadə olunan preparatlar və xəstəliyə nəzarət etmək üçün planlı bazis terapiya.
Əksər dərman preparatları inhalyator şəklində istifadə edilir. Bu forma ən effektli və təhlükəsiz hesab edilir. Dərman preparatı bronxlara yerli olaraq birbaşa təsir edir. Dərmanın təsir effekti daha tez müşahidə olunur, tənəffüs yollarında maksimum konsentrasiya əldə edilir. Dərman yerli tətbiq olunduğuna görə digər orqan və sistemlərə əlavə təsiri minimuma endirilir.

Təcili yardım zamanı istifadə olunan dərman preparatları


Ən effektli preparatlar qısa müddətli təsirə malik bronxgenəldici beta adrenomimetiklər (salbutamol, berotek və s.) hesab edilir. Bu preparatlar tez bir zamanda daralmış bronx mənfəzini genişləndirə bilmək xüsusiyyətinə malikdirlər. Eyni zamanda göstərilən preparatların uznmüddətli müalicə zamanı istifadə edilməsi məsləhət görülmür. Onlar kifayət qədər qısamüddətli təsirə malikdirlər.
Təcili yardım məqsədilə teofillin, eufillin də istifadə olunur.Lakin inhalyasion preparatlarla müqayisədə onlar daha az effektlidirlər. Nəzərə almaq lazımdır ki, xəstəliyin müalicəsi zamanı iltihabəleyhi preparatlardan mütləq istifadə olunmalıdır.

Bazis terapiya preparatları
Bazis terapiyanın əsas preparatları inhaliyasion kortikosteroidlər hesab edilir. Bronxial astmanın uzunmüddətli müalicəsi zamanı inhaliyasion kortikosteroidlər ən effektli dərman preparatları hesab edilir. Bu preparatların uzun müddət istifadəsi tutmaların baş vermə tezliyini və ağırlıq dərəcəsini getdikcə azaldır.Bu preparatlar yerli təsir edərək bronxolitik və iltihabəleyhi effekt yaradır. Yerli təsir göstərdiklərinə görə sistem təsirləri minimum səviyyədədir.
Tərkibində kortikosteroid və beta adrenomimetik olan kombinəedilmiş inhaliyasion preparatlar pasiyentlər üçün daha əlverişli hesab edilir. Sübut edilmişdir ki, bu preparatların təsir gücü kortikosteroidlərin ikiqat təsirinə bərabərdir.

Yadda saxlayın!

 

  • İnhaliyasion kortikosteroidləri vaxtında təyin etmək lazımdır. Bunun üçün xəstənin vəziyyətinin ağırlaşmasını və ya xəstəliyin proqressivləşməsini gözləmək düzgün deyil!
  • Hormonal inhalyatorlar baş vermiş astmatik tutmanın qarşısını almaq məqsədilə istifadə edilmir. Onlar planlı təyin edilir və təsiri müəyyən müddətdən sonra müşahidə edilir.
  • Müalicəni özbaşına tərk etmək qəti qadağandır. Əgər özünüzü yaxşı hiss edirsinizsə, bu, müalicəni dayandırmağa əsas vermir. Dərmanın dozasının və ya miqdarının azaldılması yalnız həkim təyinatı ilə 3 ay xəstəliyin dinamik müşahidəsindən sonra pilləli şəkildə təyin edilə bilər.
  • Xroniki xəstəliklərdə müalicə kursu deyilən bir anlayış mövcud deyil. Əgər heç bir problem müşahidə olunmazsa hər 3-6 aydan bir aparılan müalicənin həcminin azaldılmasından söhbət gedə bilər. Əgər pisləşmə qeyd olunarsa dərhal həkimə müraciət etmək lazımdır.

2 şərh

Medikamentoz
Allergik xəstəliklər 21 əsrin bəlasıdır.Şiş xəstəlikləri qədər aktual olacaqdır.
Caci
salbutamolun ziyani var??