Əlahəzrət uğur,sən haradasan?

İnsan həyata bir dəfə gəlir. Dünyanın əşrəfi, yaradılmışların ən kamili olan insan bu həyatı ləyaqətlə, şərəflə yaşamağa çalışmalıdır. Geri dönüb baxanda boş keçirdiyi günlər, heçə sərf etdiyi vaxt üçün peşmanlıq hissi keçirməsin deyə insan hər anın qədrini bilməlidir. ”Vaxt puldur — faydalı bir iş tutsan ölmüş vaxtın da dirilər.” (Safruh) Biz nə qədər optimist olsaq da, həyatın çox sərt qaydaları, qanunları var. Bəzən həyat bizi “Birisi uçuruma yuvarlanırsa, ona əlini uzatma, çıxa bilirsə, qoy özü çıxsın” (Nitşe) kimi amansız fəlsəfə ilə qarşı-qarşıya qoyur. İşlərimiz alınmayanda bunu ya taleyin, qismətin ayağına yazırıq, ya da “uğur məndən qaçır” deyirik. Bəs nə etmək lazımdır ki, uğur üzümüzə gülsün? Bəlkə uğursuzluğun səbəbini elə özümüzdə axtaraq?
uğuru özümüz qazanmalıyıqHər şeydən əvvəl,insan, doğrudan da nəyəsə nail olmaq istəyirsə, hərəkət etməlidir, tənbəlliyin, süstlüyün daşını atmalıdır, öz tənbəlliyinin səbəbini kənarda axtarmamalıdır. ”Nə qədər ki, stolüstü lampam yox idi, elə bilirdim, yazıçı olmamağımın səbəbi budur.” (Safruh) Bu cür absurd fikirlərə, təəssüf ki, həyatda çox rast gəlirik. Bir sahəyə yönəldilməyən, istifadə olunmayan bacarığın, ağlın, savadın da heç bir əhəmiyyəti yoxdur.” Fəaliyyət göstərməyəcəksənsə, ağıl dəryası olmağın nə mənası?” (A.M.) İnsan bilik və bacarığını yönəldərək nəsə əldə etməlidir. Daim fəaliyyət göstərməli,çalışmalıdır.” Yaşamaq və azadlıq o kəslərə layiqdir ki, onlar hər gün onun uğrunda mübarizə aparırlar.” (A.M.)
İnsan hər bir şeyin yerini bilməlidir. Vaxtını həm iş üçün, həm də istirahət üçün düzgün bölüşdürməyi bacarmalıdır. Düzgün işləyə bilməyən adam düzgün istirahət etməyi də bacarmaz. ”İstirahət zəhmətindir, göz qapağı gözün olduğu kimi.” (R.Taqor) Həyatda nəyəsə nail olmaq üçün insana kömək edən xüsusiyyətlərdən biri də onun iddialı olmasıdır. ”Bağbanın inadı bağındakından az olarsa, bağ cırlaşar.” (Safruh) İnsan öz işinə qiymət verməyi bacarmalı, öz gücünə güvənməli və səhv etməkdən qorxmamalıdır. Səhv etmək qorxusunu dəf etmədən yeni fəaliyyətə başlamaq mümkün deyil. Sadəcə olaraq köhnə səhvləri unutmamaq, xatırlamaq, nəticə çıxararaq onların bir daha təkrar olunmasına yol verməmək lazımdır.
Sözsüz ki, hər bir işin nəticəsi çətinliklərdən keçir. Nəticə uğurlu olduqda dəf edilən çətinliklər də rahat, şirin və mənalı görünür. Onlardan qorxmaq geri çəkilib təslim olmağa bərabərdir. Lakin çətinliklər insanda həmin çətinlikləri dəf etmək bacarığı yaradır. Əgər işin nəticəsi uğursuz olarsa, insan geri çəkilməməli, mübarizəni davam etdirmək üçün özündə qüvvə tapmalıdır. Lakin kor-koranə risk etmək də düzgün deyil. “Siyasi müdrikliyin birinci əlaməti əldə edə bilməyəcəklərindən qabaqcadan imtina etmək qabiliyyətidir.” (A.M.) İnsanın iddiası ilə imkanı arasında mütənasibliyin olması da uğurun şərtlərindən biridir. Mümkün olmayanın arxasınca qaçmaq da xeyirlə nəticələnməz. “Günəşi görmək arzusu ilə ağlasan heç ulduzları da görə bilməzsən.” (R.Taqor).
Uğur üçün ən vacib şərtlərdən biri də güclü iradədir. “Zəif iradəli adamların işi planda, möhkəm iradəli insanların planı isə işdə ifadə olunur.” (Safruh) Hər bir iş xüsusi məhəbbətlə, həvəslə icra edilməlidir ki, nəticə də uğurlu alınsın.
Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, işimizin nəticəsi bizim xarakterimizlə, özümüzdə tərbiyə etdiyimiz, həyat boyu qazandığımız keyfiyyətlərlə bilavasitə bağlıdır. “Hər kəsin iyməti çalışıb-əlləşdiyi işin qiyməti qədərdir.” (A.M.)
Bir də, o işə uğurlu iş demək olar ki, kamil olsun. İşin yarımçıq olmaması üçün insan bütün gücünü sərf etməlidir. Təsadüfi deyil ki, “maya ilə qazancın mütənasibliyi heç yerdə, heç vaxt pozulmur.” (Safruh)
Kamillik nümunəsi olan insana da yalnız mükəmməl iş yaraşar. ”Dünyada nə qoyub getsək, dünyadan apardığımız da o olacaq.” (Safruh) Çalışmalıyıq ki, işimizlə, əməlimizlə hafizələrdə nurlu xatirəmiz qalsın.
Hər bir işiniz kamil, uğurlu olsun, günləriniz uğurla açılsın!
Müəllif: Nəzakət ƏLƏKBƏROVA
Mənbə: İrfan jurnalı

0 şərh