Uğur Fəlsəfəsi

Uğur qavranılması ən çətin olan anlayışlardan biridir. Çünki uğurun mənası zamandan ,cəmiyyətdən və insanlardan asılı olaraq müxtəlif cür izah edilmişdir. Bəs uğur nəyi ifadə edir? Kimlər uğurlu hesab olunur? Bütün bu sualları cavablandırmaq isə olduqca çətindir.

Bu çətinliyə səbəb olan bir sıra amillər mövcuddur. İlk növbədə bunu qeyd etməliyik ki, keçmiş bir zamanda uğur kimi qəbul olunan bir fəaliyyət indiki vaxt üçün heç bir əhəmiyyət kəsb etməyə bilər. Çünki, öz dəyərini itirmiş ola bilər. İkincisi, uğur hər bir cəmiyyətdə müxtəlif formalarda qəbul oluna bilər. Çünki ictimai dəyərlər ayrı-ayrı cəmiyyətlərdə fərqlidir. Üçüncüsü, uğurun dəyəri müxtəlif şəxslər üçün fərqli mənaları ifadə edir. Bu, uğurun fərdiliyini göstərir.

Uğurun izahı verilərkən bunu xüsusi olaraq qeyd etməliyik ki, burada ümumbəşəri kriteriyalar özünü göstərməkdədir. Əks halda, olimpiadalar da daxil olmaqla heç bir tədbir həyata keçirilməzdi. Ümumilikdə, “ən”lər və “ilk”lər demək olar ki, bütün cəmiyyətlərdə yüsək qiymətləndirilmiş və uğur olaraq qəbul edilmişdir. Bununla yanaşı, “ilk”lər hər zaman sabitdir, keçən zaman müddətində dəyişmir, lakin, “ən”lər dəyişə bilər. Bu isə rəqabətə təkan verən və onu qızışdıran mühim bir faktordur. Məsələn, Olimpia oyunlarının sloqanı kimi qəbul olunmuş “Altius, Sitius, Fortius” “daha yüksək, daha sürətli, daha güclü” olmağı ifadə edərək rəqabəti vurğulayır.

Uğur qazanmaq çox əhəmiyyətlidir. Ona görə də, hər il minlərlə insan müsabiqələrdə iştirak etməklə, Ginnesin Rekordlar kitabına düşə bilmək üçün hətta ölüm riskindən belə qorxmurlar. Bunu həyatların əsas məqsədi hesab edənlər də var- heç vaxt edilməyən bir şeyi etmək və daha yaxşısını etmək.

Uğur barəsində danışarkən diqqət yetirməli olduğumuz ünsürlərdən biri də şəxsin öz hədəfinə necə çatması, bunu necə bacarmasıdır. Yəni, şəxsin başladığı nöqtədən gəldiyi son nöqtə arasındakı məsafə ilə bunu nə qədər bir zaman müddətində gerçəkləşdirdiyi uğurun dəyərini müəyyənləşdirir. Bir qrup insan müəyyən bir hədəfə çatmaq üçün bütün həyatı boyu mübarizə apardığı hlada, digərləri bu hədəfə çatmış olaraq dünyaya gəlirlər.

Uğurun fərdiliyi isə ayrı-ayrı şəxslər üçün müxtəlif cür mənalandırılır. Əldə olunan nəticə kim üçünsə heç bir şey ifadə etmədiyi halda, başqaları üçün böyük bir uğur kimi qəbul oluna bilər.

Bəs bu halda uğurlu bir həyat dedikdə nə nəzərdə tutulur?
Uğur istədiyin həyatı yaşaya bilməkdir.

0 şərh