Daxili intizam

Ağlı başında olan hər bir adamda uğur qazanmaq üçün potensial güc və imkan var. Amma təəssüf ki, hamımız bu potensialdan istifadə edə bilmirik.
Uğur qazanmaq potensialını evin damına bənzətsək, onda bu damı öz üzərilərində saxlayan iki əsas sütun lazımi məlumatlar və əhval-ruhiyyədir. Bu amillərdən biri olmazsa, uğur sözünün sonuna “suz” şəkilçisinin artırılmasının qarşısını ala bilməyəcəyik. Xəyali evimizin bünövrəsini isə daxili intizam təşkil edir. Daxili nizam-intizamı təkmilləşdirmək və bununla da, evin bünövrəsini bərkitmək istəyiriksə, müəyyən məqamlara fikir verməliyik.

  • İstədiyiniz bir şeydən imtina etməyin, onu müəyyən müddətə ertələyin; çünki ondan imtina etsəniz belə, o sizin ağlınızdan çıxmayacaqdır.
  • Özünüzə tam sərbəstlik verməyin, özünüzü bəzi işləri həyata keçirməyə məcbur edin; sırtılmaq, sərbəst olmaq rahatlaşmağa, rahatlıq isə ölümə gətirib çıxarır.
  • Hadisələrə yalnız müsbət yanaşmaqla ruhunuzu həmişə müsbət mövqedə saxlayın; maqnitin əks qütbləri bir-birini çəkdiyi kimi, mənfi amilləri də müsbət mövqeyə çəkərək onları zərərsizləşdirməyə çalışın.
  • Şüar və kredolardan istifadə edin; dərin və mənalı fikirlərin icmalı olan faydalı şüarlar həyat yolunuzu tənzimləyən işıqfor rolunu oynayacaq.
  • Sahilə çıxan kimi geri dönməmək üçün gəmiləri yandırın; Adı Cəbəlüttariqdə əbədiləşmiş Tariq ibn Ziyad kimi: “Qarşımızda dərya kimi bir düşmən, arxamızda isə düşmən kimi bir dərya var”, – deyərək ancaq qələbəyə köklənin.
  • Daxili intizamınızı pozan amillərdən uzaq durmağa çalışın; “yox” deməyi bacarın, bəzi hallarda ən yaxın adamlarınızdan belə sizə ziyan dəyə biləcəyini nəzərə alın.
  • Hər şeyin beyində başladığını və qurtardığını yaddan çıxartmayın; orqanizmin kilo yarımlıq bir hissəsinin əslində super “bio-kompyuter” olduğunu anlayın.
  • Daxili intizamı təmin etmək üçün bir standart seçin; probelmlərlə aşıb-daşan həyatımızı, eləcə də daxili dünyamızı nizamlamaq üçün ən etibarlı vasitə inamdır.
  • Lazımi qədər güc-qüvvət toplamadıqca mübarizəyə girişməyin; gözləmə mövqeyində dayanmaq ağılsız hərəkətlərdən daha faydalı olur.
  • Xəyal etməkdən qorxmayın; qorxmayın, çünki xəyal dənizində gəmi batmır.
  • Əzmkar və məqsədyönlü olun; ümidsizlik elə bataqlıqdır ki, oraya düşən çətin qurtular. Oradan sağ-salamat çıxmaq üçün əzmkar olmaq lazımdır.
  • Konsentrasiyanızı artırın; “uğursuzluq filminin baş rolunu diqqətsizlik ifa edir”.
  • Özünüz üçün bir neçə maddəlik daxili nizam-intizam qaydaları tərtib edin; bu qaydalara riayət etmədiyiniz halda özünüzü cəzalandırın.
  • Bir işi görmək üçün zəruri və kafi şərtlər təmin olunubsa, gecikmədən o işi yerinə yetirin; çünki həyata keçiriləcək bir sıra işlər sizi gözləyir.
  • Bir işi çətinlik çəkmədən görmək istəyirsinizsə, qırx gün fasiləsiz o işi təkrar edin; Çünki az və davamlı bir iş çox sıx, amma fasilələrlə görülən bir işdən daha faydalıdır.

 

Bəli, dostlar, hərəkət etmək, fəal olmaq zəmanəsidir. Hərəkətdə bərəkət var. Adicə su belə hərəkətsiz qaldıqda iy verir. Bəs siz – bədəninin 70%-i sudan ibarət olan insanlar, hələ də hərəkətsiz qalmaqda israr edirsiniz?!

Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR

2 şərh

Leyla
Ən axırda su ilə bənzətmənin yeri var=)
P.S. Saytın ilk postlarının yeri vardı.