Həyatın 90/100 – 10/100 sirri

Kimi yaşadığı bədbəxtliklərdən ötrü qədəri günahkar sayır, kimisi də özündən başqa hər kəsi günahkar görür. Halbuki həyatın yüzdə on qismi başımıza gələnlərdən, yüzdə doxsan qismi isə baş verənlər qarşısında göstərəcəyimiz davranışlardan ibarətdir. Bu məqamda bəlkə də təcrübələrlə sabit olan bir söz çıxır qarşımıza: “Başımıza nə gəldiyi deyil, o anda necə davrandığımız önəmlidir.” Bu sözü dəstəkləyən məşhur bir hekayə var. Burada sizinlə onu paylaşmaq istədik.

Bir səhər ailənizlə süfrə arxasında oturmusunuz. Qızınızın təsadüfən stəkana toxunması nəticəsində üstünüzə çay dağılır, köynəyiniz islanır. Əslində bu hadisənin sizin iradənizlə heç bir əlaqəsi yoxdur. Lakin sonra olacaqlar tamamən sizin hadisəyə necə reaksiya verməyinizdən asılıdır.

Üstünüzə çay dağıldığı üçün lənətlər yağdırır, qızınızı danlayırsınız. Bu mənzərə qarşısında qızınız ağlamağa başlayır. Sonra yoldaşınıza tərəf çevrilərək stəkanı masanın kənarına qoyduğu üçün onunla mübahisə etməyə başlayırsınız. Qısa mübahisədən sonra qəzəblə yataq otağına gedib köynəyinizi dəyişirsiniz. Geri qayıtdıqda qızınızın ağladığı üçün yeməyini yeyib qurtarmadığını və məktəb servisini qaçırdığını görürsünüz. Yoldaşınız da tələsik işə getməlidir. Qızınızı məktəbə aparmaq üçün tələsik maşına qaçırsınız. Tələsdiyiniz üçün şəhərin içində saatda yetmiş kilometr sürətlə gedirsiniz. Sürətə görə yol polisinə ödədiyiniz cərimədən sonra qızınızı 15 dəqiqə gecikmiş halda məktəbə çatdırırsınız.

Qızınız sizə sağ ol demədən məktəbə qaçır. İşlədiyiniz ofisə iyirmi dəqiqə gec gəlirsiniz. Elə bu anda sənədlər çantasını evdə qoyduğunuzu xatırlayrsınız. Günün pis başladığını və getdikcə də pisləşdiyini düşünürsünüz. Evə qayıdacağınız anı səbirsizliklə gözləyirsiniz. Evə gəldikdə də yoldaşınız və qızınızla aranızın dəydiyini düşünürsünüz.
Nə üçün? Pis gün keçirməyinizin səbəbi nədir?
a)      Üstünüzə dağılan çay
b)      Qızınız
c)       Polis
d)      Siz özünüz

Burada doğru cavab “d” bəndidir. Yəni, bütün baş verənlərin səbəbkarı sizsiniz. Düzdür, çayın üstünüzə dağılmasında sizin heç bir iradəniz yoxdu. Lakin günün geri qalan qisminin pis keçməsində çay dağıldıqdan sonrakı beş saniyə içərisində sərgilədiyiniz davranış mühüm rol oynayır.
Halbuki başqa cür davransaydınız nəticə də fərqli olardı.
Üstünüzə çay dağıldı və qızınız ağlayır. Siz nəzakətlə “Eybi yox, qızım. Bundan sonra daha diqqətli ol!” deyərək köynəyinizi dəyişmək üçün otağınıza keçirsiniz. Sonra çantanızı götürüb çıxarkən qızınızın da məktəbin servis avtobusuna mindiyini görürsünüz. Qızınız çevrilib size el edir. Siz də işə beş dəqiqə erkən çatırsınız və ofisdə iş yoldaşlarınıza sevinclə salam verirsiniz.

Eyni başlayan, lakin fərqli qurtaran iki ayrı ssenari. Çox azımızın fərqində olduğu 90/100 – 10/100 sirri. İnsan xəstələnər, maşın xarab olar, təyyarə gecikər, bütün planlar alt-üst olar və s. Bu saydıqlarımız həyatın 10/100 qismidir və tamamən bizim iradəmizin xaricində gerçəkləşir. Lakin geri qalan və ən mühüm xüsus olan həyatın 90/100-lıq qismi isə bizim hadisələrə necə reaksiya verəcəyimizlə bağlıdır.

Yazımızın əvvəlində də dediyimiz kimi: “Başımıza nə gəldiyi deyil, o anda necə davrandığımız önəmlidir.”

İbrahim EROL
[email protected]
Mənbə; İrfan dərgisi
 
loading...

0 şərh