Bizimkilər, sizinkilər...

Axşam yeməyinə hazırlaşırdılar. Zərifə süfrəni düzəldir, Xalid isə qəzetləri nəzərdən keçirirdi. Bir tərəfdən də Zərifə gülə-gülə məktəbdə uşaqların başına gələn gülməli bir hadisədən danışırdı...
Bu vaxt telefon zəng çaldı. Dəstəyi Xalid qaldırdı. Zəng edən bibisi idi. Xeyli söhbət etdilər. Xalid bibisini çox sevirdi. Kəndə gedəndə çox vaxt onun yanında qalırdı. Keçən il bibisi həyat yoldaşını itirmiş, iki övladı ilə tək qalmışdı. Xalid dəstəyi yerə qoyanda bir qədər fikirli idi:
- Bibimin öd kisəsi ağrıyır,- dedi,- sabah bura, həkimə gələcək. Mən də evimizə dəvət etdim. Onsuz da getməyə başqa yeri yoxdur.
Zərifə birdən-birə duruxdu. Süfrəyə oturdu. Yeməyini yeməyə başladı. Xalid Zərifənin üzündəki ifadəni görəndə artıq sözünün arxasını gətirmədi. Əslində Xalid Zərifənin dilucu da olsa, " Nə olar ki, qoy gəlsin ",- deyəcəyini gözləyirdi. Zərifə isə öz-özünə deyinirdi:
- Bir gün bibisi, bir gün dayısı... Evləndiyimiz 6 ay oldu, hələ bir gün də qonaqsız keçirmədik. Yorğan-döşəyimin yunları bir-birinə yapışdı. Daha xəstəxanaya gələn, əsgər yola salan, imtahan verən bizdə lövbər salar. Allah bilir, bu işin sonu harada qurtaracaq.
Səssizliyi Xalid pozdu:
- Zərifə, səhər dərsin var?
- Yoxdur,- dedi qısaca.
- Nə oldu, Zərifə? Narahat oldun deyəsən? Qorxma, bibimin sənə ziyanı toxunmaz. Bilirsən ki, çox qoçaq arvaddır. Bir də bu xəstəliklə zarafat eləmək olmaz.
- Bilirəm, Xalid! Ancaq belə getsə, deyəsən rayondakı qohumların tək dayanacaq yeri biz olacağıq. Evləndiyimiz 6 ay oldu, ancaq bir həftə də olsun rahatlıq görmədik.
- Zərifə, bu nə sözdür? Gələnə necə " gəlmə " demək olar? Onlar bizim canımız, qanımızdır.
- Mənim yox, sənin canın, qanındır.
Xalid daha heç bir söz demədi. Məsələni böyütmək istəmirdi. Ancaq incikliyi üzündən oxunurdu.
Ertəsi gün bibisi gəldi. Xalidin bütün xahişlərinə baxmayaraq, Zərifə bibisinə çox da üz göstərmədi. Bibi isə ağıllı, dünyagörmüş bir qadın idi. O da üzərində çox durmadı. Xəstəliyi o qədər də ağır deyildi. Əməliyyata da ehtiyac yox idi. Ona görə də dərmanlarını alıb rayona qayıtdı.
Bu hadisədən bir ay sonra yenə axşam yeməyinə hazırlaşırdılar. Bu vaxt telefon zəng çaldı. Dəstəyi Zərifə qaldırdı. Zəng edən böyük bacısı idi. O da rayonda yaşayırdı. Uşaqlar tətilə çıxmışdılar. Bir həftəliyə Bakıya gəlmək istəyirdilər. Zərifə çox sevindi. Tələsik:
- Nə olarki, gəlin! Başımın üstündə yeriniz var,- dedi. Doğrusu, o da bacısı uşaqları üçün çox darıxmışdı. Dəstəyi yerinə qoyanda Xalidin gülərək ona baxdığını gördü. Bir ay əvvəlki hadisəni xatırlayıb utandı. Yanaqları qıpqırmızı olmuşdu...
Ancaq Xalid onu utandırmadı. Heç bir kəlmə də danışmadı. Çünki Zərifə dərsini almışdı. Xalid qonaqlarının rahatlığı üçün əlindən gələni etdi. İşlədiyi şirkətin maşınını bir günlüyə götürüb onları meşəyə də apardı. Zərifə hər dəfə yoldaşının evə əlidolu gəldiyini görəndə, onun bibisini xatırladı və xəcalətindən nə edəcəyini bilmədi.
Nəhayət, bacısı getdi. O gedəndən sonra Zərifə Xalidə yaxınlaşıb:
- Xalid, səndən üzr istəyirəm. Həm də sənə minnətdaram- dedi,- bacıma göstərdiyin diqqət üçün, məni utandırmadığın üçün təşəkkür edirəm. Mən səhv etmişdim. Ancaq dərsimi aldım. Bir daha sənin qohumlarını özümünkülərdən ayırmayacağam. Bacıma göstərdiyin qayğını məni sevdiyin üçün etdiyini anladım. Mən də səni sevdiyimi sübut edəcəyəm...
Xalid gülümsədi və:
- Bibim bizi rayona dəvət edir. Gedək bir az da bibim səni utandırsın, - dedi. Zərifə gözlərini yerə dikdi.

Müəllif: Sümeyra Irmak
Mənbə: Xoşbəxt bir yuva üçün
 

5 şərh

Nailə Rzayeva
umud600, bu yazıların müəllifi sizsiniz?
umud600
Mən deyiləm. Yazının sonunda müəllf qeyd olunmalıdır əslində. Xətanı düzəldərik inşallah. Müəllif: Sümeyra Irmak " Xoşbəxt bir yuva üçün "
DrELM

Sümeyra Irmak'ın Zaman Azərbaycan qəzetində maraqlı yazıları olurdu. İndi xəbərim yoxdur.